525.Az

“Münaqişə zonasında sülhməramlıların olmasından danışmaq hələ tezdir”


 

“Münaqişə zonasında sülhməramlıların olmasından danışmaq hələ tezdir”<b style="color:red"></b>

“Bu bənd baza prinsiplərində əks olunub. Lakin biz onu heç vaxt ciddi müzakirə etməmişik. Ona görə ki, sadəcə, biz həmin bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq”.

Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı müxbirin “Hərbi müşahidəçilər, yoxsa sülhməramlılar? Ümumiyyətlə, bu məsələ barədə rəsmi Bakının mövqeyi necədir?” sualını cavablandırarkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, lakin baza prinsiplərində həmin qüvvələrin hansı müddətə göndəriləcəyi, onların hansı ölkələrdən olacağı barədə göstərişlər yox idi “Yəni, sadəcə, ona görə ki, biz o bəndə çatmamışdıq. Biz əvvəlcə sazişin əsas bəndlərini razılaşdırmalı idik. Ermənistanın baş nazirinin münaqişə zonasında sülhməramlılar olmasını istədiyini bəyan etməsinə gəldikdə isə, əvvələn, bu, onun işi deyil. Ona görə ki, biz münaqişə zonası deyəndə başa düşmək lazımdır ki, bu, Azərbaycanın ərazisidir. Əgər biz Azərbaycanla Ermənistanın sərhədində sülhməramlılardan danışırıqsa, bu, başqa məsələdir. Bəli, amma indi, mən belə başa düşürəm ki, Azərbaycan ərazisi haqqında danışırlar. Buna görə də, təbii ki, həlledici sözü biz deməliyik, çünki bu mövzu geniş müzakirə edilməyib. Məncə, bu barədə danışmaq hələ tezdir. Lakin öz tərəfimdən qeyd etmək istərdim ki, bu barədə danışanda, əvvələn, başa düşmək lazımdır ki, ehtimal edilən müşahidəçilərin mandatı necə olacaq, onlar harada dislokasiya ediləcək. Başa düşmək lazımdır ki, təmas xətti yoxdur, buna görə də dislokasiya yerləri harada olacaq”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ pozur, atəşkəsi pozmaqda davam edir, bizim şəhərlərimizi atəşə tutur:
 
“Bu yaxınlarda “Euronews” kanalında bir reportaj verilirdi. Orada raketin necə uçması aydın görünürdü. Özü də raket hərbi mövqelərə deyil, bizim şəhərlərə uçur. Buna görə də sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.

 





29.10.2020    çap et  çap et