525.Az

Amerikasayağı prezident seçkisi - Rafiq Əliyev yazır


 

Amerikasayağı prezident seçkisi - <b style="color:red">Rafiq Əliyev yazır </b>

Bu gün dünyada cərəyan edən hadisələr - koronavirus epidemiyası, Yaxın Şərqdə İraqda, Liviyada, Əfqanıstanda, Suriyada və son bir ayda Cənubi Qafqazda, daha dəqiq desək, Azərbaycanda zəbt olunmuş əraziləri qaytarmaq uğrunda aparılan ədalətli Vətən müharibəsi, Avropa qitəsindəki qeyri-sabit iqtisadi-siyasi vəziyyət, Avropa İttifaqının yenidənqurma siyasətinin iflası və bu İttifaqın dağılacağı əlamətlərinin açıq-aşkar görünməsi, Ukrayna və Belarusda baş verən ciddi siyasi olaylar, böyük ölkələr (ABŞ, Çin, Rusiya) arasında gedən geopolitik mübarizədə ortaya çıxan yeni ölkələr (məsələn, Türkiyə) belə bir nəticəyə gəlməyə imkan verir ki, bəşəriyyət, insan cəmiyyətləri və onların yaratdıqları dövlətlər qlobal xaos içərisində özünü qorumaq, dayanıqlı olmaq uğrunda bütün mümkün variantlardan istifadə edərək ölüm-dirim mübarizəsi aparmaqdadırlar.

Bəlkə də, sadaladığım bir çox konfliktlərin həlli və ya dərinləşməsi bir neçə gündən sonra ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində dəyişə bilər. Dünya mediasında bu fikir ən çox səsləndirilən ehtimallardan biridir. Ola bilsin ki, siyasi təhlilçilərin dediklərində həqiqət var. Lakin Amerikada hakimiyyətə kimin gələcəyindən asılı olan problemlərin əksəriyyəti üçün seçkilərin nəticəsi ikinci dərəcəli əhəmiyyət kəsb edir desək, yanılmarıq.

Birincisi, bu seçkilərdə kimin hakimiyyətə gələcəyi üzərində mübahisə edənlər bir məsələni nəzərdən qaçırırlar ki, bu seçkilərin taleyi artıq həll olunub. Donald Trampın ikinci dəfə prezident seçiləcəyinə şəxsən mənim heç bir şübhəm yoxdur. Oxucularım yəqin xatırlayarlar, mənim dörd il əvvəl iyun və noyabr aylarında Trampın qələbəsi ilə bağlı verdiyim proqnoz özünü tam doğrultmuşdu. Həmin proqnozlarda, yəni seçkilər ərəfəsində vətəndaş qarşıdurmasının mümkünlüyü, hətta qaçılmazlığı da özünə yer almışdı. O vaxt bəzi böyük ixtişaşların federal hakimiyyətə tabesizlik göstərəcəyinə qədər böyüyəcəyi haqda dəqiq fikirlər irəli sürmüşdüm: Koreya yarımadasında sabitliyin bərpa oluncağını, Cənubi Çin körfəzində müharibə təhlükəsinin sovuşacağını da unutmamışdım. Son bir neçə gündür, bəzi yaxın dostlar mənə zəng edib "irad" tuturlar ki, ABŞ-da qarşıda gələn prezident seçkilərinə dair niyə bir məqalə yazıb öz fikirlərimi bildirmirəm. Bəlkə də onlar haqlıdırlar. Bu seçkilərin nəticəsinin bir çox mühüm beynəlxalq məsələlərə təsir göstərəcəyini nəzərə alsaq, gərək mövzuya mütləq münasibət bildirməyə mən də ehtiyac duyuram.

Əvvəla, o vaxt Barak Obamanın prezident seçilməsini yalnız məcburiyyət qarşısında qalaraq demokratların hakimiyyəti saxlaması naminə atılan bir addım kimi qiymətləndirdiyimə görə fikirləşirəm ki, demokratların və respublikaçıların içərisində bu gün ciddi kadr və qeyri-peşəkarlıq problemi mövcuddur ki, bu da ilk növbədə Amerikanın demokratik dövlət imicinin illüziya olmasını açıq-aşkar ortaya qoydu. Amerikasayağı demokratiyanın "məlaikə obrazı"nın  saxta çıxması dünyanı pis mənada titrətdi. 70-75 illik dövründə dünyaya qüsursuz bir mexanizm kimi təqdim olunan demokratik dəyərlər pərdəsi altında nələr baş verdiyi hamıya məlum oldu və əksəriyyəti məyus etdi. İndi "məlaikə obrazı"nı itirmiş bu "xanım"la heç kəs kəbin kəsdirmək istəmir. İndi hamı "dul qadın obrazı"nı oynayan ABŞ demokratiyasının sirlərini açıq-aşkar görür və təəssüflənir ki, bu günə qədər ABŞ-ı bütləşdirənlərə inanmışıq. Sən demə, pərdə arxasında, Məşədi İbad demiş, qızın bir neçə adaxlısı varmış. İndi o adaxlılardan ikisi Ağ evdə oturmaq üçün, az qala, əlbəyaxa savaşa çıxıblar. Nələr baş verdiyini artıq hər kəs görür: xoruz səsi eşitməyən yeni-yeni kompromatlar, ağılagəlməz ailə tragikomediyaları da daxil olmaqla bütün ədəbi janrlardan istifadə edilən bir seçki marafonunun şahidi oluruq. Deyək ki, bu, onların daxili işləridir. Necə deyərlər, qablarındakı budur və səhnədə bacardıqları kimi oynayırlar. ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçiləcək və seçkilərdən sonrakı vətəndaş qarşıdurmasını nizama salmaq Donald Trampın tarixi missiyası ola bilər. Əgər bunu bacarmasa, Amerikanın bütöv və güclü bir dövlət imicini itirməsinə doğru gedən yolu açmaq "şərəf"inə Donald Tramp imza atacaq. Əslində, çox az vaxt qalıb - cəmi bir neçə gün. Amerikalılara uğur və nikbinlik arzulamaq isə bizim bəşəri borcumuzdur. Onu da nəzərə almalıyıq ki, Amerika hələ güclü bir ölkə kimi qalmaqdadır və hətta sərhədlərindən çox uzaqlarda belə, baş verən hadisələrə müsbət və ya mənfi təsir göstərmək imkanlarına malikdir.

 





29.10.2020    çap et  çap et