525.Az

Qardaş ürəyi, qardaş köməyi: var ol, Türkiyə! - Şahanə Müşfiqin yazısı


 

Qardaş ürəyi, qardaş köməyi: var ol, Türkiyə! - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Keçən gün İsmayıllıya gedərkən yolda bir dağda türk şəhidinin məzarını gördüm. Türklərin adətinə görə, əsgər harda şəhid düşsə, orda da dəfn edilərmiş.

Yadıma düşdü ki, bu, Azərbaycanda nə ilk türkiyəli şəhidin qəbridir, nə də son. Hələ bizim paytaxtımızda, Şəhidlər Xiyabanının düz yanında böyük Türk şəhidliyimiz də var. Onlar 1918-ci ildə Azərbaycanın müstəqilliyini qazanmaq üçün yüzlərlə kilometrləri aşıb buraya gələn, bu uğurda canından keçən mərd qardaşlarımızdır.

Nə xoş halımıza ki, bu dostluq və qardaşlıq tarixin tozlu səhifələrində qalmadı, günümüzə qədər artaraq, çoxalaraq, daha da güclənərək davam etdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın 30 ildən sonra işğal altında olan torpaqlarının azadlığı uğrunda başladığı vətən savaşında ən böyük dəstəkçisi məhz Türkiyədir.

"Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla.

Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa, gözümüz görməz!

Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbbim yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik".

Bu sözləri qardaş Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycanın ən yaxın dostu Rəcəb Tayyib Ərdoğan söyləyib. O, bir aydır başlayan və hələ də davam etməkdə olan Vətən Müharibəmizdə bizim ən böyük dəstəkçimiz, yanımızda olan və haqq səsimizi bütün dünyaya çatdırmaq üçün var qüvvəsiylə çalışan liderdir. Onun bu savaşdakı rolunu, ən az bizim qədər çırpınışlarını və digər dünyanın önəmli güc dövlətlərini qarşısına almaq bahasına ədalətin bərpası üçün çalışmaqlarını görməmək olmaz.

Əslində, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu tarixdən su içən, kökünü ən dərinlərdən alan bir dostluqdur.

Əgər fikir versək, dünyada Azərbaycan və Türkiyə qədər yaxın, dost ikinci bir cütlük dövlətlər görmək mümkün deyil. Çünki bu iki dövlətin dostluğu siyasi, iqtisadi, mədəni əlaqələrdən çıxıb, xalqların qardaşlığına, birliyinə çevrilib.

Hələ XX əsrin əvvəllərində Azərbaycanın ən çətin zamanlarında imdadına yetişən Türkiyə ordusu bu müqəddəs bağları hər iki xalqa miras qoyub. Böyük Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir" sözləri bir əsrdən sonra yenidən özünü təsdiqlədi. Siyasi səbəblərdən araya girən 70 illik ayrılığın belə arada soyuqluq yaratmağa gücü yetmədi və bu iki millət ilk fürsətdə yenə də bir-birinə can atdı. 29 il öncə Azərbaycanın müstəqilliyini ilk tanıyan, Azərbaycanda ilk səfirlik quran və 29 il sonra torpaqlarımız uğrundakı mübarizəmizdə yanımızda olan Türkiyə xalqı sübut etdi ki, bu dostluq, qardaşlıq təkcə sözdə deyil, həm də əməldə, canda, ruhdadır.

Türkiyənin dostluğunu, qardaşlığını niyə bu qədər təqdir edirik? Çünki bu, təkcə siyasi dostluq deyil. Bu, hakimiyyətdəki qüvvələrin hansısa yararlar hesabına bir-birini müdafiə etməsi deyil. Türkiyə türkcəsində ifadə etsək, bu münasibətlər "çıxar ilişkisi" deyil. Türkiyə və Azərbaycan qardaşlığı uşağından böyüyünə iki millətin tək-tək fərdlərinin bir-birinə olan sevgisi, məhəbbəti, doğmalığıdır. Bu gün bir daha bunun şahidiyik. Əgər Prezident Ərdoğan başda olmaqla Türkiyənin hakim qüvvələri siyasət meydanında, yüksək kürsülərdən bizə dəstək olurlarsa, Türkiyə sənətçiləri, televiziyaları, verilişləri, idmançıları, serialları, kinoları, internet fenomenləri, adi sıravi vətəndaşları da dillərindən "Azərbaycan", "Qarabağ" sözlərini, ürəklərinin üstündən ölkəmizin bayrağını heç əskik etmirlər. Türkiyəli sənətçilər öz sosial şəbəkə hesablarında səsimizi milyonlarla izləyənlərinə çatdırır, bir çoxu Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edirlər. Dünyanın dörd bir yanında izlənilən Türkiyə seriallarında, verilişlərində Azərbaycan-Qarabağ mövzusu dilləndirilir. Türkiyə telekanallarının jurnalistləri öz həyatlarını təhlükə altına atıb bir aydır cəbhənin ən qaynar nöqtələrindən reportajlar hazırlayaraq, canlı yayımlar edərək həqiqəti dünyanın kor qalan gözlərinə, kar olan qulaqlarına çatdırmağa çalışırlar. Onların arasında düşmənin xain hücumuna məruz qalan da olub, koronavirusa yoluxub xəstəxanaya yerləşdirilən də. Amma yenə də bu müqəddəs vəzifələrindən geri çəkilməyib, ilk fürsətdə cəbhəyə yola düşüblər.

Ulu öndər Heydər Əliyevin hələ illər öncə dediyi "Bir milət, iki dövlət" ifadəsi bu gün Azərbaycan-Türkiyə münasibətlərinin təməl daşıdır. Hər iki ölkə atalarından miras qalan bu doğmalığı qat-qat artıraraq davam etdirir, bir-birinə əsl qardaş kimi sahib çıxırlar.

Bəli, maddi dəstək önəmlidir, amma mənəvi dəstək, çiynindəki qardaş əli, kürəyindəki qardaş nəfəsi ən güclü silahdır. Türkiyə bu gün bizim çiynimizdəki o əl, kürəyimizdəki o nəfəsdir. Bu dostluğun əbədi və əzəli olması, ən qısa zamanda Qarabağ torpaqlarında hər iki ölkənin dostluq şənliklərinin qurulması ümidiylə... Təşəkkürlər, Türkiyəm!

 





29.10.2020    çap et  çap et