525.Az

"Tibb üzrə yüksək səviyyəli mütəxəssis olmaq niyyətindəyəm" - Təhsil


 

BÖYÜK BRİTANİYANIN ESSEX UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN AYGÜN AZADOVA MƏQSƏDİNƏ ÇATMAQ ÜÇÜN VAR QÜVVƏSİLƏ ÇALIŞDIĞINI DEYİR

"Tibb üzrə yüksək səviyyəli mütəxəssis olmaq niyyətindəyəm" - <b style="color:red">Təhsil</b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Proqram çərçivəsində bu il 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanan 34 nəfərdən biri də Aygün Azadovadır. O, "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın Essex Universitetində "Molekulyar tibb"  ixtisası üzrə doktorantura təhsili almaq imkanı əldə edib.

A.Azadova 2007-ci ildə Bakı Dövlət Universitetində "Biologiya" ixtisası üzrə bakalavr təhsilinə qəbul olub, daha sonra həmin ali məktəbdə  "İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsilini davam etdirib. 2013-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya, Elmi-Təcrübi və Tədris Birliyində mütəxəssis vəzifəsində çalışıb. 2016-cı ildə "Hökumətlərarası Təqaüd Proqramı" çərçivəsində keçirilən müsabiqə nəticəsində magistr təhsilini xaricdə davam etdirmək imkanı qazanıb. Macarıstanın Debretsen Universitetində "Molekulyar biologiya" ixtisası üzrə təhsil alıb, 2018-ci ildə həmin ali məktəbi yüksək ortalama ilə bitirib. Macarıstanda təhsil aldığı dövrdə Kliniki Genomika və Şəxsiləşdirilmiş Tibb Mərkəzində "İnsanlarda süd vəzi xərçənginin müalicəsində tətbiq edilən endokrin müalicə" sahəsində tədqiqatlar aparıb və Debretsen Universitetində Tələbə Elmi Assosiasiyası Şurasının həyata keçirdiyi TDK konfransında bu mövzu ilə bağlı çıxış edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Elmi-tədqiqat və Risklərin qiymətləndirilməsi" şöbəsində aparıcı mütəxəssis olaraq fəaliyyətini davam etdirib. Həmin institutda çalışdığı müddətdə beynəlxalq miqyaslı BƏƏ-nin "Alliance Global Labs" şirkətində "NGS-DNT Sekvensləmə" və İsveçrənin Karolinska İnstitutunda "Linux OS" kimi təlimlərdə iştirak edib.

Onun sözlərinə görə, "2019-2023-cü il Dövlət Proqramı"  Təhsil Nazirliyinin təşkil etdiyi xaricdə təhsil istiqamətində qazandığım növbəti nailiyyətdir. Dövlət Proqramı təqaüdçüsü olmaq və yenidən ölkəmizi beynəlxalq sferada təmsil etmək çox qürurverici haldır: "İlkin mərhələdə namizədliyim elektron ərizə sistemi ilə daha sonra dörd nəfərdən ibarət müsahibə komissiyası tərəfindən qiymətləndirildi. Növbəti müsabiqələrdə iştirak edəcək doktorant namizədlər üçün bildirirəm ki, müsabiqənin hər bir mərhələsi şəffaf müstəvidə həyata keçirildi, bununla yanaşı, ünvanladığım bütün suallar, DP İdarəetmə Qrupunun üzvləri və kuratorlar tərəfindən punktual və dolğun şəkildə cavablandırılmışdır".



A.Azadova bildirib ki, Dövlət Proqramı ölkəmizdə təhsilin keyfiyyətini yüksəltmək və elmin davamlı inkişafını təmin etməyi əsas götürərək Azərbaycan gəncliyinin dünyanın aparıcı universitetlərində təhsil alması və beynəlxalq təcrübədən yararlanmasına şərait yaradır: "Proqram Azərbaycanın gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Hazırda elm və texnologiyanın surətlə inkisaf etdiyi, qloballaşmanın geniş yayıldığı, elmin, təhsilin önəm qazandığı bir dövrdə yaşayırıq və artıq uğurlu gələcək təhsilin inkişaf səviyyəsi və müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi ilə müəyyən olunur. Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində doğru addımların atılması və uğurlu siyasətin aparılmasının nəticəsidir ki, bu gün ölkəmizdə qeyri-neft sektorlarında dinamik inkişaf özünü göstərir.  5 ildən çox elmi-tədqiqat  və diaqnostika sahəsində çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, yenilikçi və analitik düşüncəyə və güclü tədqiqat metodologiyasına sahib peşəkar mütəxəssis olaraq formalaşmaqda doktorantura pilləsi təhsilin çox önəmli bir mərhələsini təşkil edir. 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında maliyyə büdcəsinin məhz doktorantura səviyyəsinə ayrılması təhsilin inkişafı üzrə Dövlət Strategiyasında hədəflənən bir çox məsələlərin həlli üçün atılmış çox önəmli bir addımdır və bu layihənin növbəti illərdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafına və modernləşmiş bir cəmiyyətin formalaşmasına təkan verəcəyini düşünürəm".

A.Azadovanın tədqiqat işi insanda süd vəzi xərçənginin formalaşmasına gətirib çıxaran molekulyar mexanizmlərin araşdırılması və xəstəliyin müalicəsi istiqamətində yeni tibbi vasitələrin təkmilləşdirilməsi mövzularını əhatə edir. Tədqiqat zamanı süd vəzi xərçənginin müalicəsində tətbiq edilən hormonoterapiyaya qarşı davamlılığın qazanılması, şəxsiləşdirilmiş müalicə və diaqnostik biomarkerlərin tətbiqinə toxunulacaq. Süd vəzi xərçəngi genetik səviyyədə irsi və ya digər risk faktorlarının təsiri ilə yaranan mutasiyalar və molekulyar siqnal sistemlərinin qarşılıqlı əlaqəsi nəticəsində formalaşan kompleks xəstəlikdir: "Beynəlxalq miqyasda bu sahədə çoxsaylı araşdırmaların aparılmasına baxmayaraq,  dünya statistikasına nəzər salsaq, eləcə də ölkəmizdə süd vəzi xərçəngindən ölən şəxslərin sayı hər il artmaqdadır. Bu da əlbəttə ki, xərçəngin müalicəsinin tapılması istiqamətində yeni araşdırmaların aparılması zərurəti yaradır".

O qeyd edib ki, doktorantura təhsili və aparacağım araşdırmalar müasir laboratoriyaların təşkili, molekulyar tibbi-biologiyanın innovativ texnologiyaları və metodlarına yiyələnmə, kompüter elmi və statistik proqramların praktikada tətbiqi, beynəlxalq akademik təcrübə və bütün bunların sintezində müstəqil elm adamı olaraq formalaşmağıma zəmin yaradacaq: "Bildiyimiz kimi, Xəzər Universitetində tətbiq edilən təhsil layihələri yenilikçi maraqlara və beynəlxalq təcrübəyə əsaslanır. Buna görə  universitetin təlim-tədris sistemi və kurikulumun təşkilinə, beynəlxalq əməkdaşlıqların qurulması və elmi-araşdırmaların keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verəcəyimi düşünürəm".

A.Azadovanın söylədiyinə görə, dünya ölkələri molekulyar tibbi-biologiya sahəsinin inkişafı, həmin sahədə insan kapitalının yetişdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi üçün böyük həcmdə maddi vəsait ayırır. Bunun səbəbi isə molekulyar tibbi-biologiyanın tətbiq sahəsinin çox geniş olmasıdır. Belə ki, mikrobioloji, parazitar və genetik xəstəliklərin diaqnostikasında, məhkəmə ekspertizasında cinayət hadisələrinin aydınlaşdırılması və identifikasiyası məsələlərində, o cümlədən, atalıq və analığın təyinində, bioloji silahların istifadəsinin qarşısını almaq, biotəhlükəsizliyin və biomühafizənin təşkilində, pandemiyanın qarşısının alınmasında, kənd təsərrüfatında xüsusilə heyvan və bitkilərin məhsuldarlığının artırılması, xəstəliklərə qarşı yeni dərman preparatlarının hazırlanması və elmi-tədqiqatların aparılmasında tətbiq edilir. Bu sahədə ixtisaslaşmış bir mütəxəssis olaraq deyə bilərəm ki, bir ölkənin sağlam gələcəyi və təhlükəsizliyinin təmin edilməsi üçün molekulyar tibbi-biologiya sahəsinin inkişaf etdirilməsi zəruridir.

O vurğulayıb ki, son zamanlar gənclərin xarici ölkələrdə təhsil almağa üstünlük verməsi Azərbaycanın beynəlxalq miqyasda daha çox tanınması, diasporun formalaşmasında rolu olduğu kimi, ölkədaxili müxtəlif sektorların inkişafına da optimal şərait yaradır. İxtisas seçiminin önəmini xüsusilə vurğulamaq istərdim. Gələcəyin tələblərini qarşılayacaq, Azərbaycanda hərəkətverici insan kapitalına ehtiyac duyulan sahələrə yönəlmək gənclərin ilkin seçim meyarı olmalıdır. Bu baxımdan mühəndislik, kompüter elmləri və ictimai səhiyyəni qeyd edə bilərəm. Universitet seçərkən ixtisas üzrə tədris planı və təcrübə imkanları ətraflı araşdırılmalıdır, çünki ixtisas sahələri universitetlərdə bərabər keyfiyyətdə tədris edilmir.

A.Azadovanın fikrincə, Azərbaycanın inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə xaricdə təhsil almaq və yüksəkhazırlıqlı mütəxəssis kimi vətənə qayıtmaq bugünkü Azərbaycan gəncinin əsas hədəflərindən birinə çevrilib: "Bu mənada, əsas məqsədim doktorantura təhsilini uğurla başa vurub ölkəmizə qayıtmaq,  Azərbaycanda təhsilin inkişafına töhfə vermək, vətəndaşlıq borcumu layiqincə yerinə yetirməkdir. Tibb sahəsində yüksək səviyyəli mütəxəssis olmaq niyyətindəyəm və  bunun üçün var qüvvəmlə çalışıram. Elmi-tədqiqatçı olaraq, gələcək hədəfim yeni müalicə strategiyalarını inkişaf etdirərək, xərçəng xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq və bu istiqamətdə ölkəmizə Nobel Mükafatı qazandırmaqdır".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





29.10.2020    çap et  çap et