525.Az

Böyük qələbəyə yaxınıq, vətən! - Yazı


 

Böyük qələbəyə yaxınıq, vətən! - <b style="color:red">Yazı </b>

Tarixin dünənləri var ki, ömrünə başlanğıc bilirsən. Bu başlanğıc ruhla bağlıdır. Ruhu yaşadan başlanğıcdır. Bu başlanğıc yaşada-yaşada yaşayır. Yaşaya-yaşaya yaşadır...

Bu başlanğıcda uşaqlıq var, yeniyetməlik var, gənclik var...

Ermənilər Zəngilanı işğal edəndə mənim uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi də işğal etmişdi. 27 ildi o yerlərin harayı xəyallarımı dara çəkirdi: "Hardasınız? Niyə bunca ləngidiniz?" Bu haray onsuz da səksəkəli olan yuxularımızda gecələyib. Hamının Zəngilansız ömrünün 27 ili qarışıq yuxu olub. Hamı xəyalında uğura çıxıb, işğal sərhədində ayaq saxlayıb, nəfəs dərmək istəməyib, o nəfəsi Zəngilana saxlayıb. O suallar bizə ünvanlansa da, tarixə tarixin sualı kimi səslənir. Nə deyəydim? Nə deyəydik?

İşğalla gələn qadağalar Zəngilan adına uğura çıxanların uğurunu yaralayıb, niyyətini paralayıb, ruhunu canından aralayıb. Müdafiə Nazirliyinin Tədris və Sənədli Filmlər Kinostudiyasında bir sənədli film hazırlanmışdı: "Həsrət". Sənədli filmdə Zəngilana xitabən deyilən  "Sənsiz mənə haram olar günüm-anım, Zəngilanım". Bu misra hər birimizin ruhunun göy üzünə pıçıltısıdı. Günümüzü-ayımızı dilə tuta-tuta, ovundura-ovundura yaşadıq 27 ili. 1993-cü ilin 29 oktyabrın yaralarını 2020-ci ilin 20 oktyabrı qaysaqlatdı. "Gedənlərin geri dönəcək, Zəngilanım!"  -  şəhidlərin ruhu belə deyir. Dönənlərin doğma ocağına, isti bucağına qovuşacaq. Dönənlər ocağını ürəyinin közüylə yandıracaq.

Ağır günlərində Zəngilana can yandıranlardan biri olan Rəşid Faxralı yenə Oxçu çayına şeirlər pıçıldayacaq. Bu dəfə yerə-göyə sığmayan qürurla, qalib əsgərlərimizi bayraq əvəzi göy üzünə dikəldənlərin əhatəsində oxuyacaq Böyük Qələbənin misralarını: Gedənləri Zəngilana sən gətirirsən. Qələbəm. Qələbəm. Böyük Qələbəm!..

Nə müddətdi Canbarıma, Pirveysə, Günqışlağa, Aşağı Gəyəliyə, Yuxarı Gəyəliyə, Nəcəflərə, Yusiflərə, Seyidlərə, Keçikliyə,  Rəzdərəyə, Şatarıza, Sobuya, Bartaza, Ağbəndə,Vejnəliyə,Yuxari Yeməzliyə, Quyu Dərə Xəştaba, "Süsən"ə, "Əsgülüm"ə, "Şükürataz"a, Leşkara, Altınlıya, Çuxur yurda ... həsrətəm. 27 ildi Turşsu, Qotursu,  Xanazur, Vənni, Kotanlar, Palidlı, Həsrət, Mehralı, Quş yuvası, Marıl, Kəlbəlayi Ehsan... bulaqları könül qubarımdı.

Dünyada həsrət qədər ağır heç nə yoxdu. Doğmalığın həsrətini çəkmək ölümü dirigözlü görməkdi. Həsrət öldürdüyünü öldürür. Öldürə bilmədiyini için-için əridir. Ölümünə yaxınlaşdırır; həsrətdə can almaq qüdrəti də var,  ruhu diriltmək hökmü də.  

29 oktyabr 1993-cü il. Zəngilanın işğal günü. Zəngilanlıların mənəvi sıxıntılarının başlanğıcı, öz Vətənində qaçqınlıq ağrıları, sıxıntılar...

Rayon mühasirəyə düşsə də, mərdliklə müdafiə olunurdu. Zəngilanı qorumaq, işğalı qıc etmək, yolundan saxlamaq ordu hissələrinin birbaşa vəzifə borcuydu, həmin vaxtlarda əhali də əsgərləşmişdi, əli silah tutanların hamısı əsgərləşmişdi. Ermənistanın ordu hissələrinə qarşı Zəngilan tək döyüşürdü. Çətinliklə də olsa,  hücumların qarşısı alınırdı. Əlverişli yüksəkliklər uğrunda ağır döyüşlər gedirdi. Mərmi, güllə səsləri gecəli-gündüzlü Zəngilanın göylərinin göylüyünə daraşırdı. Döyüşlər bir an olsun belə səngimirdi. Müharibə insanları yeni şəraitə alışdırırdı. Bu alışma torpağın müdafiəsiydi, nəfəsiylə döyüşənləri isitməyiydi, onlara mənəvi dəstək olmağıydı... Gərgin. Çox gərgin günlər yaşanırdı...

Ermənilər Zəngilana həm Mehri, həm də Qafan tərəfdən hücum edirdilər. Qətiyyət, vətənsevərlik düşmənin niyyətini çilikləyirdi.

Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal olunması Zəngilanın müdafiəsini xeyli çətinləşdirmişdi. Müdafiə xətti çox, lap çox genişlənmişdi.

Düşmən həm Mehri, həm Qafan, həm də Cəbrayılın qəsb olunmuş ərazilərindən rayonun mərkəzinə və kəndlərinə qoşun yeritdilər. Rayonun müdafiə olunması mümkünsüz hala gəlmişdi. Koroğlu daşında son döyüşlər əhalinin Araz çayını keçəcəyi müddəti uzadırdı. Yəni müdafiə döyüşləri əhali Arazı keçənə kimi davam edə bilərdi...

Camaat döyüşlərdə olduğu kimi, Arazı keçəndə də ağır anlar, saatlar yaşadı. Qurulu evini atıb getməyə məcbur olanlar özüylə nə apara bilərdi ki?! Eləsi vardı, bütün evindən bir uşaq arabası qədərincə yük götürmüşdü - bu da pal-paltar idi. Naməlumluqda ilkin yaşayışı təmin etmək üçün...

Uşaqlığımda doğma kəndimiz Canbarda gəzib-dolaşdığımız Gülluyala, Marıla, Topallıya, Armudlara, Kotanyalına, Hacilar dərəsinə, Qızıldaşa, Tək palıda, Məhişin biçənəyinə tez-tez getməkdən yorulmazdıq. Bu əsrarəng yerlərdə hər dəfə yeni bir gözəllik kəşf edərdik. Bəzi hallarda başımız bu gözəlliyi seyr etməyə hədsiz dərəcədə qarışanda otardığımız quzuları çaqqallar parçalayar, hinduşkaları isə ya dağ qartalları, ya da tülkülər dərhal oğurlayıb aparardı...

Tələbəlik illərindən Cavanşir Eloğlunun bir şeirinin bir bəndi hələ də yaddaşımdadı. İndi daha kövrəkliklə xatırlayıram o misraları: 

Uşaqlıq illərim harada qaldı,
Gizlənpaç oynarkən bucaqlardamı?
Şirin xatirədə yurd-yuva saldı,
Yoxsa ki, qayğıkeş qucaqlardamı?! 

Gəncliyimdə uşaqlığımı belə anırdım. Ömrün bu yaşında uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi də 27 il sıxıntıda yaşadan işğalı Azərbaycan əsgərinin ayaqları altında can verən görəcəyimiz günə yol gəlirdik. Azərbaycan əsgəri Vətən müharibəsindədi, döyüşə-döyüşə qələbələr qazanır. Döyüşə-döyüşə Şuşaya, Cıdır düzünə yaxınlaşır. İşğal son nəfəsini Cıdır düzündə çəkəcək...

Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətə dözə bilmədi. Ağır dərd onların qəddini əydi, ömrünü əlindən aldı. Yurd həsrəti iyirmi evlik kəndimizdən neçə-neçə cavanın, qocanın ürəyini yandırdı. Yaşlılar Canbarda dəfn olunmaq istəyiylə əzizlərinə vəsiyyətlər etmişdi. Özü qaçqın oldu, qəbri didərgin. Son nəfəsdə də göz torpağı arzuladı çoxusu. Tapılmadı. Camaat ev-eşiyindən çıxanda ağlına da gəlməzdi ki, qaçqınlıq bunca uzanacaq, yaşlılar, Səməd Vurğun demişkən, ölümə doğma yurddan uzaqda can vermək istəməyəcəklər. Son nəfəsini duyanlar əzizlərinə "Məni əmanət dəfn edin, kəndimiz alınanda aparıb orda dəfn edərsiniz. Əl mənimdi, yaxa sizin..."

Təəssüflər olsun ki, belə möhkəm qorunmasına baxmayaraq, o gözəl yerlər soyuq bir payız günündə erməni qəsbkarlarının əlinə keçdi.

Qaçqınlığın nə olduğunu doğma yurdumuzdan çıxdığımız gecə anlamağa başladıq.

Qaçqınlıq ağrı-acıymış, sıxıntıymış, gümanlarıymış, üzülməyən. süzülməyən inamıymış.

Doğma ocaqdan uzaqda kəsilən çörək doğma yurdda yeyilən bir tikə çörəyin tamını vermir; dogma yurdun mehr-ülfəti yaşadır insanı. Bu mehr-ülfətə tanrının verdiyi qüdrət deyərdim. Biz illərlə bu qüdrəti bağrımıza basmaq, gözümüzə sürtmək istəmişik. İstəmişik ki, bizi yaşadanı yaşadaq, özümüzdə yaşadaq, ruhumuzda yaşadaq. Yaşadaq ki, Vətən yaşasın. Yaşadaq ki, Azərbaycanımızı dünyanın göyqurşağı bilənlərə qardaş olaq, qardaş olaq ki, bu qardaşlıq da qüdrətə dönsün!..

"... Arazın sahilinə yaxın kəndlərdən keçəndə uzaqdan da olsa dağlarımız, dərələrimiz sanki bizə əl edirdi. Göz işlədikcə uzanıb gedən çöllərə, düzlərə baxdıqca fikirləşirdim ki, Vətən elə yaxından da, uzaqdan da nə gözəl görünür..." (Vahid Məhərrəmli).

Zəngilana gedən yol Cocuq Mərcanlının həndəvərindən ötüb keçir. İndi bu yol olduqca hamar, rahat və çox genişdir. Zəngilanın işğaldan azad edilməsi bu yolun boyunu da uzadacaq, görkəmini də gözəlləşdirəcək. Bu yolu ruhun cana qayıdışı kimi gedəcəyik. Yolun sağında-solunda düşmənin sıradan çıxa-rılmış döyüş texnikalarını görəndə könlümüz bir az da açılacaq, Azərbaycan əsgərinin qüdrətinin nişanəsi kimi!..

2016-cı ilin Aprel döyüşlərindən sonra Zəngilana aparacaq yollar bir neçə kilometr qısaldığına görə ürəyi Vətən həsrəti ilə döyünən yurdsevər zəngilanlıları əsrarəngiz və təkrarolunmaz təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə, qədim tarixə malik doğma və unudulmaz Zəngilanımıza bir az da yaxınlaşdırdı. "Aprel döyüşlərinin davamı bizi Zəngilanla qovuş duracaq!" inamıyla gecələri gündüz edirdik...

Davamı 2020-ci ilin sentyabrın 27-də oldu. Ermənilərin hücumuna qarşı keçirilən əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam edir. Döyüşlərdə ordumuz neçə-neçə strateji yüksəkliyi, kəndləri, qəsəbələri işğaldan azad etdi. Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı  şəhərləri, Laçının, Kəlbəcərin bir çox kəndləri işğaldan azad edildi, Azərbaycan əsgəri Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırdı.

Və oktyabr ayının 20-si...

Və Zəngilanın işğaldan azad edildiyi o müqəddəs gün...

Və zəngilanlıların ikinci doğum günü...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini, xüsusən o müraciətin sonluğunu -  Zəngilana aid hissəsini axır nəfəsəcən unutmayacam:

- Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində azad edilən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..

... Neçə gündü gözlərimizin yuxusu qaçıb. Hamı tarixin Zəngilanlı gününə uğur üstədi.  Gedəcəyik! Zəngilanın hər daşına, hər qayasına, kəhrizinə, bulağına tələsirik, yaylağına, oylağına tələsirik...

Zəngilana qayıdırıq, ruh cana qayıdan təki qayıdırıq...

Min illərin tarixini
ana-ana
qayıdırıq Zəngilana!

Ata-anaların ruhuna gözaydınlığı kimi qayıdırıq...
Qarşıdan gələn illəri ömürləşdirmək üçün qayıdırıq...
Vətən, gözümüz aydın!..

 





29.10.2020    çap et  çap et