525.Az

"Sərhədsiz reportyorlar" fransız jurnalistlərə qarşı təzyiqləri pislədi


 

BƏS FRANSA HÖKUMƏTİ NİYƏ SUSUR?

"Sərhədsiz reportyorlar" fransız jurnalistlərə qarşı təzyiqləri pislədi<b style="color:red"></b>

Məlum olduğu kimi, bir müddət öncə Fransa televiziya kanalı "TF1"in müxbiri Liseron Boudoulun Dağlıq Qarabağ münaqişəsi üzrə gedən döyüşləri cəbhənin Azərbaycan tərəfindən işıqlandırdığına görə Fransada yaşayan erməni icmasının nümayəndələrinin təzyiqinə məruz qalmışdı. Hətta etiraz olaraq "Sərhədsiz Reportyorlar" təşkilatı bununla bağlı xüsusi bəyanat da yaydı. 

"Sərhədsiz Reportyorlar" TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edir. Oktyabrın 22-də TF 1 kanalında  "Saat 20" verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük reportyor Liseron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib. Eyni zamanda, jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin, sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

"Sərhədsiz reportyorlar"ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir: "Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq".

Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər: "Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər ", mesajlarda yazılıb. Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.

Məsələni  şərh edən politoloq Qabil Hüseynli deyib ki, hər sahədə olduğu kimi, bu məsələdə də ikili standartlardan yanaşan fransızlar eyni həssaslığı digər jurnalistləri üçün də sərgiləyə bilərdilər: 

"Fransızlar 20-ci əsrin əvvəllərindən başlayaraq demokratik, insan və ədalətlə bağlı dəyərlərə sırf siyasi, strateji maraqları prizmasından yanaşırlar. Özü də fransızlar müsbət örnəklərlə yanaşı, tarixə davakar millətçiliyin nümunəsini gətirən bir xalqdır. İkinci Dünya müharibəsindən sonra Avropa dünyəvi dəyərləri yaratmaq və təbliğ etmək, dünyaya yaymaq istiqamətində müsbət addımlar atır. Amma bu addımlarda Fransanın rolunu az görürük. Faşizmin və nasizmin beşiyi olmuş alman xalqı özündə faşizmi lənətləməyə, onu qadağan etməyə cürət tapdı, bu gün də həmin ənənəni qoruyub saxlayır. Dəyər yaratmaq baxımından da Fransa xalqını çox geridə qoyur. Fransızlar heç cürə millətçilikdən, özü də başqa adlarla süslənmiş millətçilikdən azad ola bilmirlər. İndi fransızlardan, xüsusən də onun indiki anormal rəhbərindən demokratik dəyərlərlə bağlı obyektiv mövqe gözləyəcəkdik? Nəinki mən, bir çox siyasi şərhçilər onu güclü lider deyil, anormal bir siyasət adamı hesab edir. Həqiqətən də onun İslam peyğəmbəri haqqında anlayışı yoxdur. Məhəmməd peyğəmbər yeni bir sivilizasiyanın bünövrəsini qoydu, İslam sivilizasiyasının nəzəriyyəsi və praktikasını yaratdı. Barbar ərəbləri sivilizasiyaya dartıb gətirə bildi. Belə bir insan haqqında təhqirlərə yol verənləri var gücü ilə müdafiə etmək  əlbəttə, anormallıqdır. Bu gün İslam dininin xeyli sayda tərəfdarları var. Xristianlıqdan vaz keçib müsəlman olanlar da çoxalıb". 

Politoloq deyir ki, Fransada demokratik dəyərlər zatən ilbəil müəyyən çərçivəyə salınırdı. "Sarı jiletlilər"in aksiyalarını xatırlatsaq görərik ki, azad şəkildə toplaşan iştirakçılar ən sərt formada cəzalandırılırdılar: "Bu gün Makron və onun hökuməti normal fransızlar və dünya xalqları arasında dostluğun, mehribançılığın inkişafı üçün  təhlükəlidir. Onun yürütdüyü "demokratiya" siyasəti şərəfsiz karikaturaçıların çörəyinə yağ sürtdü, obyektivlik göstərib həyatını riskə ataraq döyüş bölgəsindən reportaj hazırlayanları isə arxa plana atdı... Demokratik dəyərlər xəstə təfəkkürlü karikaturaçıları ilhamlandırmaq yox, obyektiv jurnalistikanı inkişaf etdirmək idi. Bu, Fransanın imicinə böyük zərbə sayılmalıdır" .

PƏRVANƏ

 





29.10.2020    çap et  çap et