525.Az

Hamımız Qələbə intizarındayıq - Elxan Yurdoğlu yazır


 

Hamımız Qələbə intizarındayıq - <b style="color:red">Elxan Yurdoğlu yazır </b>

2020-ci il nə qədər də bütün dünyamız üçün xoş olmayan xəbərlərlə, hadisələrlə yadda qalsa da, inanırıq ki, Azərbaycan üçün, Azərbaycan xalqı üçün müstəqillik tariximizin ən yaddaqalan, gözəl və uğurlu illəri kimi şanlı tariximizə həkk olunacaq.

Bunun ən böyük səbəbi isə sentyabrın 27-dən başlayaraq mənfur düşmənin xain hücumundan təngə gələn Azərbaycan ordusunun əks hücuma keçməsi və bir-birinin ardınca 30 ilə yaxındır işğal altında olan rayonlarımızı, bir çox şəhər, qəsəbə və kəndlərimizin düşmən işğalından azad etməsi xəbərləri oldu. Qarabağdakı bu vətən savaşımız qorxmaz və qəhrəman əsgərlərimiz sayəsində öz uğurlu nəticələrini göstərməkdədir. 

Son günlərdəki bu hadisələrin fonunda xalq olaraq yumruq kimi birləşməyin ən gözəl nümunəsini ortaya qoyan Azərbaycan, eyni zamanda dövlətlə xalq həmrəyliyinin də şahidi oldu. Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi hər bir əmr cəbhədə uğurla icra olunursa, arxa cəbhədə də hər kəs tərəfindən rəğbətlə qarşılanır. Xalqın öz Prezidentinə inamı və onun ətrafında sıx birləşməsini biz mətbuat vasitəsi ilə ardı-arası kəsilməyən vətəndaş məktubları sayəsində də görə bilirik. Eyni zamanda Ali Baş Komandanın yerli və beynəlxalq KİV nümayəndələrinə verdiyi müsahibələrdə hər birimiz Prezidentin timsalında dövlətimizin qətiyyətini görürük. Bu qətiyyətdən doğan inam doğma torpaqlarımızın qısa bir zamanda düşmən tapdağından azad ediləcəyini bizə aşılayır.

Nizamlı və qorxmaz ordumuzun hər bir zabitinin, hər bir əsgərinin işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə müstəqillik rəmzimiz olan üçrəngli bayrağımızı taxması anında keçirdikləri qürur və fəxr hisslərini görmək, o anlara şahidlik etmək hər bir Azərbaycan vətəndaşının inamla ordu sıralarına qoşulma istəyini alovlandırır. Həftələrdir həmsöhbət olduğumuz insanların - tələbələrin, müxtəlif sahələrdə işləyənlərin, hətta bu cərgədə yer almaq istəyən qızlarımız və qadınlarımızın vətəndaşlıq məsuliyyətindən doğan vətənpərvərlik duyğuları dövlət və xalq birliyinin ordu və xalq birliyi sahəsində də var olduğunu deməyimiz üçün kifayətdir.

Düzdür, müharibənin qaçılmaz qanunlarından biri də, təəssüf ki, insan itkiləridir. Lakin son günlərdə vətən üçün canını fəda edən igid oğullarımızın şəhidlik zirvəsinə ucaldığını eşidən ana-ataların, qardaş-bacıların dilə gətirdiyi sözlər bizi kövrəltsə də, həm də qürurlandırır. Çünki biz canını vətən yolunda fəda edən oğullarımızı itirmirik, vətən torpağını öz qanlarıyla düşmən tapdağından təmizləyən şəhidlər qazanırıq. O şəhidlər ki, Allah öz kitabında onları ən uca məqamla müjdələmiş, öz qatında ən müqəddəs zirvəyə layiq görmüşdür.

Necə ki, bu şanlı Azərbaycan ordusu gündən-günə vətən torpaqlarını işğaldan azad edir, eləcə də, istər birinci Qarabağ savaşında şəhid olan həmvətənlərimizin, istərsə də minlərlə düşmən gülləsinə tuş gəlmiş mülki vətəndaşlarımızın qanı yerdə qalmayacaq. Biz xalq olaraq bu gün Ali Baş Komandanın qətiyyətli qərarları ətrafında sıx birləşərək, Azərbaycan ordusunun əzmkar gücünə inanaraq Zəfər Gününü həsrətlə gözləyirik. Təkcə həsrətlə deyil, həm də inamla, həyəcanla və sevinclə gözləyirik. Tarixin bir hökmü və diqtəsi var. Qarabağ Azərbaycan torpağıdır. Tarixin faktını yaxın günlərdə əsgərlərimizin silahı odlu imza ilə təsdiqləyəcəkdir. Və hər birimiz ölkə Prezidentinin sözlərinə qoşularaq dünyaya hayqıracağıq: Qarabağ Azərbaycandır!

Bu günlərdə Naxçıvan Dövlət Universitetində Hazırlıq qrupunda dərs dediyim xarici tələbələrdən biri olan Osman Tanın Türkiyə türkçəsində yazdığı şeirini Azərbaycan dilinə çevirərək təqdim edirəm.

Qarabağ Azərbaycandır!

Gündüzümdə Günəşim,
Gecəmdə yol göstərən Ayım,
Ey torpaq sevdalısı igidim,
Sən istəyərsən də biz dayanarıqmı?
Qiblə göstərər yönümü,
silahım yazar haqqın sözünü -
Qarabağ Azərbaycandır!

Uca millətimizdən üstün güc olarmı?
Təkürək olduq, məğlub oldu düşmən.
Zəfər sözləri ilə inlədi, torpağımın dörd bir yanı,
Şanlı bayraq əldən-ələ gedər doğma torpağa.
Yenə bir tarix yazdın, ey şanlı əsgər,
Dünya bunun şahidi.
Şeirlər qəhrəmanlığını yazar qızıl qələmlə -
Qarabağ Azərbaycandır!

İki dövlət, bir millət, ucaldar bizi,
Səninlə eyni növbədədir
Bu iki dövlətin milləti.
Can verdin vətən üçün,
yox bundan sonrası qəti -
Qarabağ Azərbaycandır!

O necə bir ürəkdir - iki dövlət, bir millət...
Əsgərim haqq yolunda savaşarkən,
Və şəhidlər Allah yolunda
Canlarını fəda edərkən,
Çoxdan uzaqlaşdırmışıq
düşməni torpağımızdan,
Və bir nida səslənər hər ağızdan -
Qarabağ Azərbaycandır!

 





30.10.2020    çap et  çap et