525.Az

Balaca qızcığazın Vətən sevgisi dərsi - Natəvan Abdulladan yeni yazı


 

OĞLU CƏBHƏDƏ OLAN QOCADAN, CƏBHƏYƏ GETMƏK İSTƏYƏN DƏLİQANLIDAN VƏ BAYRAĞIMIZI ÖPÜB ALNINA QOYAN QIZCIĞAZDAN ÖYRƏNDİKLƏRİM

Balaca qızcığazın Vətən sevgisi dərsi - <b style="color:red">Natəvan Abdulladan yeni yazı</b>

Dövlətlərin və millətlərin sərhədlərini qoruyan o dövlətlərin və millətlərin yetişdirdiyi əsgərlər, sahib olduqları ideologiyalardır. Mən bugünəcən Vətənimdə gənclərin əsgər olmağa bu qədər can atdıqlarını görməmişdim. Həmişə düşünmüşəm ki, bunun üçün nə yetərincə təhsil, nə təbliğat olub, nə yetərincə mahnılar yazılıb, yetərincə filmlər çəkilib. Amma bu günlər xalqımızın bu müharibəni necə böyük həsrətlə gözlədiyini, İkinci Qarabağ savaşının zəfər arzusunu necə möhtəşəm çılğınlıqla yaşadığının şahidi oluruq. Sanki bura doğulub böyüdüyüm mühit deyil, sanki birdən-birə başqa bir cəmiyyətə düşmüşəm. Və bu duyğularla özümü sorğulayıram. Etiraf edim ki, nə qədər əsərlərdə, yazılarda oxusam da, döşü ordenli-medallı sovet ağsaqqallarının çıxışlarını dinləyərək böyüsəm də, mən həqiqi Vətən sevgisini son otuz gündə öyrəndim.

Bir qocadan öyrəndim ki...

Ötən gün taksi sifariş verdim, sınıq-salxaq bir maşın gəldi. Ağzımı-üzümü büzə-büzə oturdum taksiyə. Sürücü məndən gedəcəyim yeri və ora təxminən hansı yolla gedə biləcəyini soruşdu. Tələsirəm, ənəməmə sadiq qalıb yenə gecikmişəm,  bu sürücü baba da  belə... Əsəbdən dişim bağırsağımı kəsir, susuram. Amma o qədər də suyuşirin insandır, həm də çox yaşlıdır deyə, mehriban olmamaq əlimdə deyil. "Siz şəhəri tanımırsız?" deyə soruşdum. "Bağışla qızım, mən indiyəcən "taksavatlıq" eləməmişəm. Maşın oğlumundur, o gedib cəbhəyə, əvəzinə mən işləyirəm"- dedi. 

Deməli, evə, ailəyə oğlu bu maşınla baxırmış, indi o, cəbhədə döyüşür, ailəyə baxmaq da yenidən bu babanın boynuna düşüb. Di gəl, səsində zərrə qədər də əzilmiş, gileyli adamın danışıq tonu yoxdur. Sanki elə belə də olmalıymış kimi. Bəs necə? Zəfər başqa necə qazanıla bilər ki? Bəli, belə də olmalıdır!..
Bir dəliqanlıdan öyrəndim ki...

Nə təsadüfdürsə, yenə bir taksi ilə evə qayıdanda sürücüylə cəbhədəki hadisələri danışırdıq. "Bizim uşaqları çoxdan aparıblar. Mən qaldım. Onlar orada döyüşür indi, mən şəhərin içində maşınla fırlana-fırlana qalmışam".

Hiss edirsən ki, "bizim uşaqlar" dediyi dostlarının açıq-aşkar paxıllığını çəkir.

Bir az da danışırıq. Danışdıqca sanki oturacaqdan götürülüb maşının açıq aynasından qanadlanaraq uçacaq indicə: "Səfərbərliyi də saxladılar. Gül kimi mən də gedəcəkdim. Uşaqlar indi vuruşurlar. Allah hamısını qorusun, təki sağ-salamat qayıtsınlar. Səhv başa düşməyin e, mənim dərdim nəsə ad-san qazanmaq, qəhrəmanlıq eləmək-zad deyil. Mənə lazım deyil elə şeylər. Bilirəm, getsəm, çox güman ki, şəhid olacağam. Amma qəti vecimə deyil ölmək. Mənə lazımdır cəbhəyə getmək".

Öz-özümə həm qürurlanır, həm də qeyri-ixtiyari öz vətənpərvərliyimi onunku ilə müqayisə edirdəm. Düşünürəm ki, o, mənim hiss etdiyimdən də möhtəşəm duyğular yaşayır və bu duyğular ali bir amal, ali bir məqsəd daşıyır özlüyündə. Radionu açır, aynadan boylanır, gah qaza basır, gah sürəti azaldır. Müşahidə edirəm, görürəm qaynayır, yerində dura bilmir, ruhu cəbhədədir, sadəcə, bədəni dörd təkərli bir dəmir qutunun içində çırpına-çırpına qalıb. Qartal kimi çırpınan ürəyi nə bədəninə sığışır, nə bu maşına, nə də şəhərə. Bu saat "Gəl" desələr, bəlkə  məni də maşından atar, maşınına qanad taxıb sevinə-sevinə, şadlana-şadlana cəbhəyə uçub gedər.

İlahi, biz necə xalqıq imişik! Az qala, bir igidin ömrünü yaşamışam, amma heç tanıya bilməmişəm bu məmləkətin insanlarını. Bir xalq bir yumruq kimi, bir ürək kimi necə birləşə bilərmiş?! Özü də düz iyirmi birinci əsrdə, kapitalizmin bütün hiss və ideologiyaları paketləyib, markalaşdırıb sata bildiyi bir dövrdə. Dünya insanı olmaq ideologiyası altında xalqları beyninin içi boş kütlələrə çevirib, onlara istədiyi fikri, düşüncəni yeridə, sata bilmə gücünün hökm elədiyi bir vaxda. Ötən bu otuz ilin əzginliyini, susunluğunu çiynində daşıyan bu xalq Vətən, torpaq naminə bir yumruq kimi birləşəmək gücünü öz işində necə saxlaya bilib? Necə möhtəşəm bir toplumun kiçik bir parçası olduğumu düşündükcə qürurdan yolboyu gözlərim dolub-boşalırdı...

Bir uşaqdan öyrəndim ki...

Artıq hər yerdə ölkəmizin və Türkiyənin şanlı bayraqları dalğalanır. Hər mağazada, hər üç evdən ikisində, sanki təkcə iki dövlətə aid bayraq festivalı var məmləkətdə. Əlbəttə, yanından keçdikcə, gördükcə qürurlanmamaq adamın öz əlində deyil.

Evin yolunu tutmuşam. Məlum məsələlərə görə, 20 dəqiqəlik yolu marşrut dəyişə-dəyişə 3 saata getməyin yorğunluğu, halsızlığı var üstümdə. Məndən bir neçə addım irəlidə balaca bir qız uşağı gedir - əyin-başı nimdaş, saçları dağınıq, əlində də çörək. Marketlərin önündən keçirik, həm də hər yerdə dalğalanan üçrəngli bayraqlarımızın da altından keçirik - o öndə, mən arxada. Bir bayraq əli çatacaq qədər aşağıdadır. Qızcığaz altından keçəndə bayrağı tutur, körpə əlləriylə o bayrağı üç dəfə öpüb alnına qoyur. Bapbalaca qız uşağı... Marketin önündə dayanan kişilər, "Uşaqdakı qeyrəti gördün?! Halal olsun! Səni yetişdirən valideynə halal olsun!" deyirlər. Qızcığaz isə heç kimə fikir vermir. Elə belə də olmalıymış kimi, yenə ayaqlarını sürüyə-sürüyə yoluna davam edir. Mən edə bilmədim, bir neçə dəqiqə duruxub qaldım. Öz uşaqlığım yadıma düşdü, atamın 20 Yanvar xatirələrini danışması, anamın o faciələrə şahid olması, gecələr yuxuda ermənilərin evimizi basib hamımızı öldürdüyünü görməklərim gözlərimin önünə gəldi.  Nə qədər qorxduğumu, nə qədər qorxaq böyüdüyümü xatırladım. Ermənilərin bizə yaşatdıqlarını o qədər danışmışdılar ki, nifrət və qorxudan başqa heç nə yox idi içimdə. Halbuki, Vətən sevgisi düşmənin əməllərinə baxıb ona nifrət etmək deyildi. İnsanlarda olan, məndə olmayan bu duyğunun səbəbini anladım. Mən qorxaraq böyümüşəm. O qədər qorxurdum ki, dəfələrlə yuxuda gəlib bizə işgəncə verdiklərini, öldürdüklərini görürdüm.

Evə necə çatdığımı bilmədim, ağlımda ancaq bir şey vardı - məndə çatışmayan cəhətləri anlamışdım. Mənim daşlarım səhv düzülmüşdü. Böyüdükcə mütaliə də etsən, iki ölkənin reallıqlarını da bilsən, uşaqlıqdan sənə kodlanan hisslər, təbii ki, bütün varlığına hakim olacaq. Anlamaq, hiss etmək insanı yalnış düşüncələrdən təmizləyirmiş. Deməli, mənə o qızcığaz yaşda olanda Vətən sevgisi adı altında düşmənə nifrət etməyi öyrədiblər. Mən bayrağımı heç vaxt o qızcığaz qədər elə ürəklə öpməmişəm. Həmişə gizlində qorxu hissi ilə yaşayıb, aşkarda düşmənə nifrətimi göstərmişəm. Amma heç vaxt o uşaq kimi vətənimi sevməyi bacarmamışam.




Evə çatıb qaranlıq dəhlizdə açarı axtaranda birdən məyus oldum. Bir-iki addım önümdəydi, yaxınlaşaydım, ünsiyyət quraydım kaş. Həm bu yaşda Vətənini necə sevdiyini öyrənərdim ondan. Həm də bütün sevgilərin ən saf halıyla bədəndə var olduğu bir yaşda o qızcığaz mənə Vətən, Bayraq sevgisindən danışardı. Bir-iki kəlmə də olsa, danışardı. O balaca qızcığazdan əsl saf sevginin necə olduğunu öyrənərdim.

Ümid edirəm, bu yazı ilə özümü tam bir manqurt kimi tanıtmadım oxuculara. Sadəcə, özümə, yazdığım hər sözə, hər sətirə və sizə səmimi olmaq bacardığım ən dəyərli xüsusiyyətimdir, məncə. Bu xalqın bir fərdinin, bir körpəsinin gözüyaşlı qalması ürəyimi dağlayır. Amma çatışmayan tərəfimin - Vətən sevgisinin mənə düzgün aşılanmadığını və bu son dönəmə qədər bunun fərqində belə olmadığımı anlayıram indi. Bütün bu təbəllüadları üstümdən atdıqca hər addımda ürəyim qürur hissi ilə dolur. Ağlımda məni narahat edən yalnız bir fikir var: Nə isə etməliyəm, bu Vətən üçün, o körpə qız üçün nə isə etməliyəm. Bu ölkəyə fayda verəcək nə isə etmədən ölsəm, aldığım hər nəfəsi özüm üçün haram sayacağam. Vətənini sevməyin, əslində, necə bir hiss olduğunu indi-indi anlayıram. İllərlə oxuduğum, öyrəndiyim heç bir əsər, şeir, film mənə real hadisələr, real insanların ən səmimi vətən sevgisi qədər təsir etməyib. Ağrısını-acısını iliklərimə qədər hiss etdiyim ölkəmə, xalqıma olan borcumu da eyni şiddətlə hiss edirəm artıq.


Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


 

 





31.10.2020    çap et  çap et