525.Az

İranlı incəsənət xadimlərinin “sülh çağırışı”na düzəliş!


 

İranlı incəsənət xadimlərinin “sülh çağırışı”na düzəliş!<b style="color:red"></b>

Cəfər Pənahi, Əli Müsəffa, Haniyə Təvəssoli,  Kiyomərs Purəhməd, Əhməd Puri, Məzaher Şəhaməd və  digər 120 nəfərə

İranın hörmətli sənət adamları!

Sizin İİR mətbuatında, müxtəlif qəzet və saytlarda yer almış “sülh məktubu”nuzun məzmunu ilə tanışlığımız noyabr  ayının 8- nə, Azərbaycanın göz bəbəyi olan gözəl Şuşa şəhərinin işğaldan azad olunmasının elan olunduğu vaxta təsadüf elədi. Xatırladıq ki, düz 28 il yarım bundan əvvəl, may ayında, Azərbaycanın o vaxtkı hakimiyyət nümayəndələrinin Ermənistan rəhbərliyi ilə Tehranda sülh sazişi imzaladığı bir zamanda, hətta o saatlarda Şuşa şəhəri işğal olunmuşdu, onda da ayın 8-i idi. Mayı ayının. Və indi bu səkkizlərin əlaqəsi haqqında uzun danışmadan ilk demək istədiyimiz şey budur: sizin məktubunuz acı təəssüf hissi doğurdu. Niyə? Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars  sənət adamlarının (biz imza atmış və ehtimal ki, müraciətinizin mətnini hazırlamış  uzun siyahıdakı təşəbbüskar erməni əsilliləri nəzərdə tutmuruq) sülhü, ədaləti, beynəlxalq hüququ, gərəkdirsə islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqın və məcburi köçkünün haqqlarını müdafiə edən bir bəyanatını görmədik. Bu heç. İndi isə sizin sözügedən müraciətinizin bəzi konkret  məqamlarına toxunmaq istərdik:
 
- Əvvəla, Azərbaycanla Ermənistan Qarabağ uğrunda savaşır demənizdə bir həqiqət varsa da başqa bir həqiqət gözardı edilir. Savaş Azərbaycan torpaqlarında - Azərbaycanın dünya ölkələri, o cümlədən vətəndaşı olduğunuz İİR tərəfindən də tanınmış ərazisində gedir ; eləysə niyə özünüzə sual etmirsiz ki, Ermənistan əsgərinin, siyasətçisinin Azərbaycan ərazisində nə işi var?  Və biləsiniz, bizi heç kim, heç bir fövqəl güc vuruşdurmur, bu düşüncəniz də yalnışdır. Biz 30 ilə yaxındır səbr edirdik. Bu  əsrin üçdə biri deməkdir. Amma görünür bizim səbrimizi sizin kimi səhv yozanlar varmış.

- Bu savaşda Azərbaycan tərəfində bizim öz əsgərimizdən başqa heç kim vuruşmur, nə Suriyadan, nə də başqa yerdən iddia etdiyiniz kimi muzdlu, könüllü, “terrorçu”, “təkfirçi” və ya bir başqası yoxdur. Digər tərəfdən, siz 10 milyonluq Azərbaycan Respublikasının hər baxımdan kiçik Ermənistanla vuruş üçün könüllü gətirməsini necə təsəvvür edirsiniz?  Odur ki, eyhamlarınız yersizdir, doğru deyil, həm də nə qədər ziddiyyətli görünsə də, İİR-in bir xeyli məsələlərdə  əks cəbhələrdə durduğu, Rusiya, ABŞ, Fransa, digər Qərb ölkələrinin qatı millətçi, qərəzli və xrisitian mərkəzçi mətbuatının, yaradıcı adamlarının  dedikləri ilə üst-üstə düşür. Bu necə olur?  Əksinə, indiyə qədər bizim işğal olunmuş ərazilərdə  çoxlu qanunsuz işlər görülüb, narkotik və silah daşınıb, terrorçular baza yaradıb, Azərbaycanın halalı olan yeraltı və yerüstü sərvətləri talanıb. Əlbəttə, ermənilər bunu tək edə bilməzdilər- biz bunu anlayırıq.

- Hiss olunur ki, guya savaşın İrana da yayılmasından əndişələnirsiniz - bunu qeyd edirsiz...  Nəzəri baxımdan  hər şey kimi bu da mümkündür ; amma  İran dövləti və ya ölkənizdəki  hər hansı dairələr ən azı prosesə qarışmasa, tərəfsiz dayansa, heç bir tərəfi qanunsuz silahlandırmada iştirak etməsə, öz ərazisini və hava məkanının bu işlər üçün icazəli görməsə, bu niyə baş versin ki?! Özünüzə sual edin...

- Müraciətinizdə “qafqaz xalqı”, “qafqaz milləti” ifadəsini işlədir, bizi də ermənilərlə  bərabər bura aid edirsiniz. Görünür, siz “millət” və “xalq” anlayışlarının təzə tərifini tapmısız. Bu heç. Amma çox yəqin onu da bilirsiz ki, ermənilərin Qafqaza, Azərbaycan dövlətinin ərazisinə gəlişi 200 ildən də az vaxtın hadisəsidir. Rusiya Çar İmperiyasının Qafqaz siyasəti ilə bağlıdır. Ermənilər gəlmədir. Odur ki,  türkləri, dominantı türk olan 50 milyonluq qədim Azərbaycan xalqını başqaları ilə nahaq qarışdırırsınız.

- Beynəlxalq təşkilatların hadisələrə dərhal qarışmasını istəyir, çağırır, hadisələrin indiki halında dərhal dondurulmasını istəyrisiz... Siz nə istədiyinizin fərqindəsiz? Yəni deyirsiz ki, yenə Azərbaycan əraziləri işğalda qalsın, bunu istəyirsiz?

- Uşaqların, qocaların, qadınların qırılması fikri ilə niyə masqalanırsınız? Niyə gecə vaxtı Gəncəyə, Bərdəyə Ermənistandan ballistik raketlər atılanda, evlər dağılanda səsiniz çıxmırdı? Xəritəyə baxmısınız heç? Bu və başqa şəhərlərin hərbi əməliyyatlar getdiyi ərazidən nə qədər uzaqda olduğunu bilirsiniz? Bir də axı beynəlxalq qurumlara müraciətdə niyə belə gecikmisiniz? Axı, ən ali beynəlxalq qurumun, BMT-nin Azərbaycan və onun ərazisi olan Qarabağla bağlı 4 məlum qətnaməsi var. Bu gün Azərbaycan ordusu həm də bu qətnamələri icra edir.

İndi isə 40 gündür ki, yenidən alovlanmış savaşla bağlı həqiqi qısa tarixçəni diqqətinizə çatdıraq:

- Sentyabr ayının 27-i səhərdən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri bir neçə istiqamətdən və müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək atəşə tutdu. Nəticədə Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında insan tələfatı, itkilər və yaralananlar oldu. Hal-hazırda əks hücum əməliyyatı keçirən Azərbaycan ordusu  düşmənin hərbi mövqelərinə zərbələr endirir, işğal olunmuş Azərbaycan ərazilərini azad edir. Bu dəfə mehriban qonşularını prosesə qarışmasını istəmədən və onların “sülhpərvər rəy”lərini nəzərə almadan.

Ümumiyyətlə, bilin ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Bundan 3 ay əvvəl, avqustda Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin diverisya qrupu aşkarlandı və zərərsizləşdirildi. Araşdırma göstərdi ki, bu təxribatçı diversiya qrupu Azərbaycana planlaşdırılmış terror aktlarını törətmək üçün gəlib və Ermənistan dövlətinin Azərbaycana qarşı davamlı təcavüz planlarının tərkib hissəsidir.

4 ay əvvəl, iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz bölgəsi istiqamətində (Tovuz Azərbaycanın bir rayonudur) yenə də artilleriya hücumu nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu.

2017-ci il iyulun 4-də də Ermənistan silahlı qüvvələri  hücum təşkil edərək Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan, iriçaplı silahlardan atəşə tutdu. Nəticədə nənə və onun 2 yaşlı nəvəsi Zəhra qətl edildi. Dinc əhali arasında xeyli yaralananlar oldu.

4 il əvvəl, 2016-cı ilin aprelində Ermənistanın növbəti genişmiqyaslı hərbi hücumu baş verdi və Azərbaycan ordusunun əks tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri darmadağın edildi.

Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar, çünki demək olar ki, hər gün Ermənistan tərəfindən Azərbaycan istiqamətində güllələr, mərmilər atılır, atəş səsləri eşidilir . Bəs, görəsən məsələ nədir? Ermənistan niyə belə edir? Dünya ictimaiyyəti, BMT, müvafiq strukturlar 30 ildən artıqdır ki, bu məsələyə niyə göz yumurlar?

Yerindəcə qısa bir arayış verək. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının süquta yuvarlandığı, mərkəzi Moskva hakimiyyətinin iradəsizlik və səriştəsizlik, eyni zamanda Azərbaycana qarşı böyük qərəz göstərdiyi bir dövrdə separatçı, millətiçi ermənilər, hüquqi olaraq Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (bu ərazi tarixi Azərbaycan torpağı olan  Qarabağın bir hissəsidir) Ermənistana birləşdirmək qərarı verdilər.  Eyni vaxtda, o zamankı Ermənistan Sovet Sosialist Respublikasının 8 min kvadrat kilometr hissəsindəki 172 yaşayış məntəqəsindən 250 000 Azərbaycanlı türk , habelə 18 000 kürd və 1000 nəfər rus zorla  öz doğma evlərindən, torpaqlarından, daimi yaşayış yerlərindən deportasiyaya edildi, Azərbaycana köcürüldü.

1988-1993-cü illərdə Şuşa, Xankəndi,  Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut kimi şəhər və rayonların daxil olduğu, Azərbaycanın tərkib hissəsi olan Dağlı Qarabağdan, üstəgəl Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayıl kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ümumilikdə 785 000 min nəfər insan, Azərbaycanlı qaçqın düşdü. Ermənistandan və Dağlıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdı; yəni o dövrdə hər 7 Azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistanın və onların havadarlarının təcavüzü  nəticəsində 30 min nəfərə yaxın Azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.

Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) Azərbaycanlı itkin düşdü, 1368 nəfər (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilsə də 783 nəfər (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca)  bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsi o insanlardan 439 nəfərinin  əsirlikdə öldüyünü bildirir.

Bu münaqişə zamanı ermənilər Qarabağın qədim yaşayış məntəqəsi olan  Xocalıda soyqırımı törətdi. Fevralın 25-dən 26-a keçən gecə, 1992-ci ildə erməni hərbi birşləşmələri  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakinini xüsusi amansızlıqla qətlə yetirdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər yaralandı, 275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu illər ərzində bir çox dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə cəhd etsələr də bir nəticə hasil olmadı. Xüsusən, 1992-ci ildə əsası qoyulan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Azərbaycana, onun işğalda olan tərkib hissəsi Qarabağa, eləcə də Ermənistana çoxsaylı “turistik səfərlər” gerçəkləşdirdi. Yaxşı heç nə vəd etməyən, demək olar hər gün Ermənistan silahlı qüvvələri tərəfindən pozulan kövrək və yalançı sülh qorunmağa çalışıldı, hər dəfə də tərəflərə sülhün vacibliyi ilə bağlı növbətçi tövsiyyələr verildi. Eynən sizin bəyanatda olduğu kimi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul elədi ki, hər bir qətnamədə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhal geri çəkilməsi tələb olunurdu. Hərçənd ki,  öz böyük havadarlarına arxalanan Ermənistan dövləti bu beynəlxalq hüquqi sənədlərə heç bir əhəmiyyət vermədi, beynəlxaq güclər isə öz qətnaməsinin icrasında tələsmədi, ikili standart nümayiş etdirdi.
Və budur, nəticə göz qabağındadır. 30 ildir ki, müvəqqəti sülhü torpaqları öz əlində saxlamaq üçün oyuncaq, vasitə olaraq istifadə edən Ermənistan yeni hərbi əməliyyatlara başlayıb. Biz əks hücuma keçmişik, daha 30 il gözləmək niyyətimiz yoxdur.

Bilin: Azərbaycan xalqı hal-hazırda öz torpaqlarını hərb yolu ilə azad edir, haqq və hüquq onun tərəfindədir. 

Unutmayın: Azərbaycan monomilli və monokonfessional Ermənistandan fərqli olaraq bütün din və konfessiyaların, eləcə də çoxsalylı millət və etnik qrup nümayəndələrinin əmin-amanlıq içərisində yaşadığı sülhpərvər, qonaqpərvər bir ölkədir.  Amma bizim bu  həm uzaq tarixi, həm də otuz illik sülhpərvərliyimiz riyakar və işğalçı Ermənistanın tərs  yozumuyla qarışdırılmamalıdır. Özünüzə sual edin: evinizə girən, yaxınlarınızı qətl edən, malınıza, canınıza qəsd edən soyğunçuya nə edərdiniz? Biz otuz ildir ki, (bəlkə də sadəlövhcəsinə)  onun əlindəki silahı yerə qoyub gedəcəyinə inanırdıq.

Biz hamımız sənət adamıyıq. Sənət isə sülh hadisəsidir. Amma sizin təklif etdiyiniz “sülh çağırışı” yersizdir, qeyri-səmimidir, əslində Azərbaycan torpaqlarının işğalda qalmasını arzulayır.  Bizdən atırqmı sülh istəyəcəksiz? Əgər səmimisizsə, sizin hər birinizi ərazisi işğal olunmuş, günahsiz əhalisi qətl edilmiş, kəndləri yandırılmış, insanları əsir götürülmüş, işğal edilmiş torpaqlarındakı maddi və mənəvi, tarixi isrsi ardıcıl şəkildə yox edilən – məhz əzilən, ədalətsizliklə üzləşən Azərbaycanlıların haqq səsini eşidəcək , həm öz ölkələrinizdə yaşayan erməni həmkarlarınızla bu haqda danışacaq, onların vasitəsi ilə, eyni zamanda təmsil olunduğunuz yaradıcı və media qurumlar vasitəsilə Ermənistanın sayıqlığını itirmiş rəhbərliyinə öz xalqını niyə uçuruma sürüklədiyini sorğulayacaqsınız. Öz ölkənizdəki hansısa dairələrin sepataçı, işğalçı Ermənistan dövlətinin silahlanmasında hər hansı cürə iştirakına bacardığınız qədər yox deyəcəksiniz.
Yəni doğrudanmı bilmirsiz ki, sülhün damarlarından ədalətin qanı axmadıqca o sülh olmur.

Sizin müraciətinizə çoxlu iradlar tutmaq olardı.  Və həmin iradlar çox ola bilsin ki, mətni hazırlayanların niyyəti ilə bağlıdır və o da ola bilər ki, bir çoxunuz  mətni oxumadan imzalamısız. Təəssüf edirik ki, sizin müraciətə imza qoyanların sırasında tanıdığımız, Azərbaycanda da olmuş insanlar var. Axı  sizin istiqanlı, dostpərvər, sülhpərvər və qonaqpərvər Azərbaycanlılarla ünsiyyət qurmusunuz. Bəs, müraciətinizdə yazdıqlarınızı özünüzə necə rəva bilirsiniz?

Azərbaycanda çox məşhur və sevilən bir mahnı var. Sözləri XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Nəbi Xəzriyə aiddir. Orda bir bənd belədir:

“Bilir ərlər, ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır...”

Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair

Sayman Aruz
Azərbaycan Yazıçılar Birliyi Cənubi Azərbaycan Komissiyasının rəhbəri, şair

 





09.11.2020    çap et  çap et