525.Az

Üçqat əziz - Rafael Hüseynov yazır


 

Üçqat əziz - <b style="color:red">Rafael Hüseynov yazır</b>

Şuşa bütün azərbaycanlılar üçün həmişə əziz olub.

Əslində, hər şəhərimizin öz hüsnü, öz cazibəsi, öz məftunediciliyi, öz düşündürücü tarixçələri var.

Ərdəbil də sevimlidir, Marağa da doğmadır, Zəncan da, Xoy da, Mərənd də həmişə könlümüzdədir. Amma Təbrizin yeri bir başqadır axı! Həm də yalnız ona görə yox ki, paytaxt olub, böyük olub, get-gəli daha çox olub.

Təbrizi şəhərlər şəhərinə çevirən, övladlar arasında daha sevimli balaya döndərən elə cəhətlər var ki, sözə gəlməz. Təbriz bütün tarix boyu Azərbaycanın açar şəhərlərindən sayılıb. Bir şəhər olduğu halda bütöv Azərbaycanın rəmzi kimi qavranılıb.

Qazaxmı, Lənkəranmı, Qubamı, Salyanmı sevimli deyil? Əlbəttə, hərəsi qəlbimizə bir cür yaxındır. Amma Gəncənin yeri ayrıdır!

Gəncə tarix boyu da, indi də insanlarımıza Azərbaycanın mənəviyyat paytaxtlarından biri kimi gəlib və gəlməkdədir.

Elə Qarabağda məgər Ağdamı, Laçını, Bərdəni, Zəngilanı, ya o bölgədəki digər şəhərlərimizin birini digərindən azmı istəyirik? Əlbəttə yox! Lakin hamı təsdiqləyər ki, Şuşanın yeri tam başqadır.

Özü də təkcə indi belə deyil, ta əskilərdən həmişə bu cür olub.

Niyəsini anlatmaqçün saatlarla danışsan da, səhifə-səhifə yazsan da, nə ürək soyuyacaq, nə də sonacan dəqiq cavab tapa gələcək.

Böyük sevgilərin səbəbləri həmişə həm üzdə, həm də çox dərində olur və üzdəkini asanca ifadə edib qurtarsan da, gizlin qatdakıların hər çalarını heç vaxt axıradək açıb əyan edə bilmirsən.

Şuşanı həmişə sevmişdik, amma 28 ilin acı həsrətindən sonra indi ona ikiqat artıq məhəbbət bəsləyirik.

Şuşa bir şəhər olaraq 1752-ci ildə doğulmuşdu, 2020-nin 8 noyabrı onun daha bir doğum tarixinə çevrildi.

İnsan itirdiyinin nə qədər əvəsiz, necə qiymətəsığmaz olduğunu adətən həmin əziz olanı qeyb edəndən sonra daha kəskinliyi ilə dərk edir.

Şuşa itkisiylə bu kədərli təcrübəyə yenidən şahid kəsildik.

Ancaq nə bəxtiyarıq ki, bizə hər halda Şuşanın qayıdışını da görmək, ömrümüz içində bu səadəti də yaşamaq nəsib oldu.

Şuşanın müstəsnalığını və ona olan sevgimizin bütün başqa şəhərlərimizə olan məhəbbətdən fərqliliyini Şuşanın azad edilməsi xəbəri millətə çatınca bir daha hər kəs duydu.

2020-nin oktyabr günlərində Azərbaycan Ordusu irəlilədikcə, işğaldan azad edilən kəndlərimizin, şəhərlərimizin adı bir-bir elan edildikcə, təbii ki, elliklə sevinirdik, bu toy-bayram bütün Azərbaycanda yaşanırdı. Fəqət Şuşa sevinci onların hamısından seçildi. Şuşanın xilası Azərbaycan insanına elə bir ruh yüksəkliyi bağışladı ki, bu, bütün Qarabağın azad edilməsi sevincinə bərabər oldu. Hələ düşmən əlində torpaqlarımız qalsa da, Şuşa alınınca insanlarımızda sadəcə ümid yox, qəti bir inam yarandı ki, o yerlər də bu gün-sabahlıqdır. Çünki ən çətini elə Şuşa idi. Şuşa axı bir çox digər məziyyətləri ilə yanaşı, həm də daim alınmazlığın rəmzi hesab edilib.

Orta əsrlərdə yalnız bizdə deyil, sərhədlərimizdən çox uzaqlarda da şəhərlər ən azı bir cəhətdən oxşar idi. Girişində-çıxışında iri darvazaları olan şəhərləri hündür hasarlar əhatələyirdi və onlar hamısı qala şəhərlər sayılırdı.

Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin (1693-1763) də ilk əsas işlərindən biri özünə elə iqamətgah sayılacaq bir qala-şəhər qurmaq oldu. Əvvəlcə Bayat qalasını salsa da, toxtamadı, daha münasib məkan aradı və nəhayətdə Şuşanı seçdi.

Şuşanı isə artıq Allah Özü elə qala kimi 1600 metr hündürlükdə yaratmışdı. İnsan nə qədər istehkamlar qurur-qursun, Pərvərdigarın yaratdığı qüdrət və əzəmətdə olanını ərsəyə gətirə bilərmi, insan saldığı şəhərin dövrəsinə nə yüksəklikdə qala ucaldır-ucaltsın, Tanrının qayalardan yapdığı 400 metr yüksəklikli hasar kimi təbii qalxan doğura bilərmi?

Pənahəli xanın üstünlüyü və dəyəri ondadır ki, əsərinə - inşa edərək rövnəq verdiyi şəhərə sonsuz diqqət, sevgi və nəvazişlə yanaşdı. Qurucu xan harada bir yaxşı sənətkarın, mahir ustanın, avazı məlahətli xanəndənin, barmaqları qıvraq sazəndənin, qabil nəqqaş və xəttatın, bilgin adamın sorağını aldısa, onu öz Qalasına gətizdirdi. Belə-belə, şəhərin özünəməxsus mədəni mühiti də yarandı, seçmə nəsillərdən, mərifətli, istedadlı, qabiliyyətli insanlardan ibarət əhalisi, onların cəmləşdiyi və hərəsi bir özəlliyi ilə seçilən məhəllələri əmələ gəldi.

Təbiət bura verdiyini vermişdi, Pənahəli xan kimi müdrik el başçısının uzaqgörənliyi də ondan ibarət oldu ki, həmin ilahi töhfəni daha mükəmməl edəcək işlər gördü, qurduğu şəhəri yalnız hakimiyyəti üçün deyil, mədəniyyət, mənəviyyatdan ötrü də mərkəzə, paytaxta çevirdi, oradan da bütün Qarabağa, Azərbaycana, Qafqaza, İrana, Anadoluya gur işıq yayılmağa başladı.

Molla Vəli Vidadi (1708-1809) sadə misralarında, əslində, yetərincə vacib bir tarixi həqiqəti ifadə etmişdi:

Külli Qarabağın ab-i həyatı
Nərm ü nazik bayatıdır, bayatı!

Bir bayatıya bənzərlik, elm, söz və mədəniyyət ziyası ilə parlamaq Şuşaya və Qarabağa həmişə xas oldu. Qoynunda yurd salmış insanlar da, ellik qarabağlılar da, bütün azərbaycanlılar da Şuşaya heç vaxt sadəcə torpaq, məskən kimi baxmayıb.

Şuşa bütövlüyü ilə bir yaşam, düşüncə, duyğu tərzinə dönüb. Elə yorğun Vidadinin sətirləri kimi, Seyid Əzim Şirvaninin (1835-1888) də misraları Şuşanın adicə təsviri deyil, Qalanın mahiyyəti ilə bağlı başlıca mətləbin ifadəsidir:

Şəhr-i Qarabağə ki Şişə qoymuşlar ad,
Bu şəhr pərilərdən olubdur abad.

Şair Şuşanı gözəllərin abad qıldığı şəhər adlandıranda, əlbəttə ki, yalnız yaraşıqlı xanımları deyil, Şuşaya Şuşalılığı bəxş edən və onu gözəllər gözəlinə çevirən bütün insanları və hər şeyi nəzərdə tuturdu.

Məgər təsadüfdürmü ki, Azərbaycan xalçaçılığının ən aparıcı məktəbi burada təşəkkül tapdı, XIX-XX yüzillərdə Azərbaycan xanəndəliyinin, muğamımızın əsas dayaqlarına çevriləcək Hacı Hüsü də, Məşədi İsi də, Sadıqcan da, Cabbar Qaryağdı oğlu da, Qurban Pirimov da, Məşədi Cəmil Əmirov da, Məcid Behbudov da, Seyid və Xan Şuşinskilər... də buradan çıxdı, ustad şair Qasım bəy Zakir də, Mir Möhsün Nəvvab kimi özü ayrılıqda bir dastan olan, musiqişünaslığı, rəssamlığı, alimliyi, təzkirəçiliyindən savayı mədəniyyət, maarif təşkilatçısı kimi şöhrətlənən şəxsiyyət də burada yetişdi, Xurşidbanu Natəvan kimi çoxcəhətli istedad sahibi də şuşalı oldu, milli düşüncəmizin və çağdaş mədəni zövqümüzün başqa cür yox, məhz bu cür alınmasının əsas səbəbkarları və təməlçiləri Nəcəf bəy Vəzirov da, Əbdürrəhim bəy Haqverdiyev də, Firidun bəy Köçərli də, Ağalar bəy Əliverdibəyov da, Üzeyir Hacıbəyli də, Yusif Vəzir Çəmənzəminli də, Bülbül də, Əfrasiyab Bədəlbəyli də... və onlarca, yüzlərcə dəyərlimiz, təbərrük ziyalımız da Şuşanın suyunu içib böyüdülər?

Şuşa tək Qarabağın deyil, ümumən Azərbaycan ruhunun döyünən nəbzi, vuran ürəyi olduğundan insanımıza bunca məhrəm, bu qədər doğmadır.

Şuşanı hətta həyatında bircə dəfə görməmiş azərbaycanlı da elə doğulub boya-başa çatdığı öz şəhəri qədər simsar, əziz bilirsə, bunun səbəbi hər birimizin içərisində həmin Şuşa ruhunun bir parçasının olmasıdır.

Şuşanı itirdiyimiz 28 il uzaqlıqlı 1992-ci ilin həmin müdhiş 8 mayından sonra dünyaya gəlmiş gənclər belə bu şəhərin azad olunmasına sevincin ifratından için-için ağlayan köhnə şuşalılar və elə həmin ovqatda olan bütün yaşlı azərbaycanlılar kimi şadlanırsa, söz yox, bu hissin kökünü artıq qanda aramaq gərəkdir.

Qana qarışaraq damarından axan bir sevgidən 28 illik məcburən ayrı qalmağın necə dəhşətli olduğunu indi həmin ayrılıq başa çatandan sonra daha aydın qavramağa başlayırsan.

Şuşa zəfərinin qazanılmasının önündə gedən Azərbaycan Prezidenti İlham Əliyev milləti qarşısında həyatının ən xoşbəxt günlərindən birində o əziz şəhərə, o incidilmiş göyçək şəhərə, o 28 il gözləri bizdən ötrü yol çəkən şəhərə, nəhayət ki, başı üzərində istiqlalımızın bayrağı dikələn şəhərə canlı insan kimi müraciət edir, "Əziz Şuşa! Sən azadsan!" - deyir.

Şuşa necə kövrəlməsin, bütün Azərbaycan necə qəhərlənməsin bu məqamda?

28 illik bitməz kimi görünən həsrətdən sonra yenidən qovuşduğumuz əziz Şuşanın qədrini də əvvəlkindən ikiqat artıq biləcəyik, ona məhəbbətimiz də keçmişdəkindən ikiqat çox olacaq.

Şuşaya "Kiçik Paris" də deyiblər, "Qafqazın konservatoriyası" da, "Azərbaycan musiqisinin beşiyi" də. Azərbaycanın ən məşhur xanəndələri, müğənniləri Şuşadan çıxıb.

Fərz edirlər ki, bu, Şuşanın havasındandır, suyundandır.

Cabbar Qaryağdı oğlu söyləyirmiş və yerini də nişan verirmiş ki, o gədikdə səhərlər dan yeri çırtlamamış kim dayanıb nəfəs alarsa, yaxşı səsi olar.

Həmin gədik yenə Şuşada, Turşsu yaylaqları yerində, Səkilli bulağı, İsa bulağı, Şəmilin bulağı və neçə-neçə çeşmələr elə bu arxada qalan 28 il boyunca axıb getməkdə, havalar da həmin havalar.

Əgər yalnız sudan, havadan, o mənzərələri gözlərin görməsindən olsaydı, bu 28 ilə oraları işğal altında saxlayanların hamısının səsi açılmalı idi, məşhur oxuyanların sədası dünyaya yayılmalı idi. Bircəsi də yoxdur! Niyə? Çünki o havanın, o suyun, o təbiət gözəlliklərinin üstündə gərək qana işləmiş həmin Şuşa ruhu da ola. Bu ruh yoxsa, o havanı da gəlmə kimi udursan, o suyu da qonaq kimi içirsən, ətrafdakı gözəllikləri də bir gün gəlib-bir gün gedəcək kənar adam kimi seyr edirsən.

İndi siz qarşıdakı illəri gözləyin. Görün təzədən doğma Şuşasına qovuşmuş ailələrdən səsi adamı mat qoyan nə qədər xanəndələr, parlaq vokalçılar çıxacaq, görün ən yaxın 10-15 ildə dünya səhnələrini neçə şuşalı fəth edəcək.

Unudulmaz bəstəkarımız, rəhmətlik Süleyman Ələsgərov (1924-2000) hər yay gəlcəyin köçürdü Şuşadakı evinə və sentyabrda oradan təzə bir operettaylamı, bir neçə yeni mahnı və romanslamı, növbəti simfonik əsəriyləmi əlidolu qayıdırdı.

Şuşasını itirdi, içəridən sındı, elə bil işdən də soyudu. Daha əvvəlki kimi yazıb-yarada bilmədi və heç ondan sonra çox yaşamadı da.

Və neçə başqaları da belə.

Gözləyin və çox da gözləməli olmayacaqsınız. Görün Şuşalı günlərimiz Azərbaycana hansı yeni gözəllikləri bəxş edəcək!..

Şuşa həm də Qarabağın kəlağayısı idi. Ellərimizdə qədimlərdən kəlağayı həm də ar-namus nişanəsi olub. Qarabağda köhnənin adətidir ki, qadın baş örtüyünü bir-birinin canına qəsd eləməyə hazır olan iki qanlının arasına atanda ara sakitləşib, ən qızmış beyinlər də diksinib ayılıb, barışığa gəliblər.

Qarabağın kəlağayısı timsallı Şuşa həm də bu xanlığın namusu, Azərbaycanın ismətidir.

Əlləri Azərbaycan insanının qanına batmış canilərlə bir yerdə Ermənistan dövlətinin başçısı Cıdır düzündə yallı gedəndə bütün Azərbaycanı təhqir edirdi, atılıb-düşən başı dumanlı bu cinayət çətəsi millətin heysiyyətini tapdalayırdı.  

Şuşaya "Şuşi" deyib hər yerdə belə də yazanda, Şuşanı qucaqlayan qala divarlarının üstünə kobud dillərinin ilan-qurbağa hərfləriylə təşkil etdikləri turist marşrutlarını nişan verən, bizim dədə-babadan gələn qəşəng yer adlarımızın əvəzinə uydurduqları  qondarma adları cızan təcavüzkar erməni artıq bu millətin namusuna toxunurdu.

Bütün bunları bağışlamaq olardımı?

"Quduran qırx gün çəkər" deyiblər. Elə aşağı-yuxarı qırx gün ərzində bu azğınlıqların, bu harınlıqların ən sarsıdıcı cavabı kimi Azərbaycanın dəmir yumruğu onların başında çatladı.

Nə oldu o xülyalarınız, saf Şuşanı kirli varlığınızın murdarına daha çox bulaşdırmaq, əldəqayırma quldur hakimiyyətinizə buranı paytaxt eləmək azğınlığınızın axırı?

Prezident İlham Əliyev demiş, "Getdi cəhənnəmə"!

Və Azərbaycan dövlətinin başçısı bir doğması kimi illərlə həsrətini çəkdiyimiz, həsrətimizi çəkmiş Şuşaya azadlığa çıxmasının, qara caynaqlardan qurtulmasının ilk günündə bir əziziylə danışırmış kimi təsəlli verir, vəd edir: "Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Amma bu gün Şuşanı bizə sadəcə əziz yox, ikiqat əziz deyil, ÜÇQAT ƏZİZ edən mühümdən-mühüm bir səbəb də var.

Şuşanın qurucusu Pənahəli xanın "Gülləbatmaz" deyilən köynəyi qalır. Bu köynəyin üzərində başdan-başa zərif nəstəliq xətti ilə "Quran" ayələri nəqş edilib. Belə bir inam varmış ki, məhz həmin müqəddəs sətirlər o köynəyi geyəni atəşlərdən də, hər bəladan da hifz edəcək.

Əslində, qoruyub da, gülləbatmazlığını isbat da eləyib. Çünki o köynək əynində olduğu vaxtlarda Pənahəli xana heç bir zərər toxunmayıb.

Şuşanın şüşə kimi hamar yalçın qayalarına dırmana-dırmana qəsbkar düşmənlə çarpışan igid Azərbaycan əsgərlərininsə əynində Pənahəli xanın "Gülləbatmaz"ı deyil, sadəcə müasir qoruyucu jiletlər - canlıqlar vardı.

Şuşanın azad edilməsi döyüşlərində savaş məkanı elə idi ki, orada daha nə ağır texnikadan istifadə imkanı vardı, nə hansısa dronlar köməyə gəlirdi. Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanıın təmizlənmə əməliyyatının həlledici qəhrəmanı qətiyyəti, cəsarəti, təpəri ilə Azərbaycan əsgəri idi.

Şuşa zəfəri əsnasında döyüşlərdə xəsarət alaraq Xankəndiyə gətirilən erməni əsgərlərini görmüş Fransanın məşhur "Le Monde" qəzetinin müxbirinin müşahidələri həqiqəti çılpaqlığı ilə ortaya qoyur. Yazır ki, gətirilənlərin əksəriyyəti ya tapança ilə vurulmuş, ya bıçaq yarası almışdı: "Şuşa praktiki olaraq əlbəyaxa döyüşlər nəticəsində, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan nəzarət altına alındı. Üstəlik, azərbaycanlılar öz yaralılarını və həlak olanlarını  da döyüş meydanında qoymurdular".

Nə hansısa mərmi, qumbara qəlpələrinin, nə pulemyotdan, avtomatdan, hətta nə də tüfəngdən açılmış atəşlərin deyil, məhz pistoletdən, yaxın məsafədən atılan  güllələrin yarası və bilavasitə üz-üzə, təkbətək döyüşdə istifadə edilmiş döyüş bıçaqlarının izləri, əlbəttə ki, Şuşa uğrunda necə qızğın, amansız çarpışmaların getdiyinə ən etibarlı şahiddir.

Həm də unudulmasın ki, düşmən bu gedişatda Azərbaycan əsgərindən daha əlverişli mövqedə olub, daha üstdə qərar tutub, xeyli qabaqcadan tədarük etdiyi hücum və müdafiə qurğularından, sığınacaqlarından yararlanıb.

Əsgərimiz çarpışa-çarpışa o həddəcən irəliləyib ki, yağı ilə bilavasitə tam qarşı-qarşıya dayanıb. Arada metrlərlə məsafə, sonra isə heç o metrlər də yox.

Beləcə, mərd Azərbaycan əsgəri Şuşamızı dişi-dırnağı ilə, addım-addım təmizləyə-təmizləyə fəth edib.

Hələ bunun üstünə gəlin oradakı hava şəraitini, dağın başında adamı qılınc kimi kəsən soyuğu, ayazı.

Ətrafda çox yerlər alınsa da, Şuşa uğrunda döyüşlərin niyə uzandığı, qələbə xəbərlərinə adət etmiş insanlarımızın "niyə Qaladan şad soraq yoxdur" nigaranlığını çəkənlər indi bildilərmi Şuşa zəfərinə aparan yol necə ağır, necə sınaqlı, necə çətin döyüşlü imiş?!.

Xatırlayıram 1970-ci illərdə, tələbə vaxtlarımda mənə köhnə şuşalı və Qarabağın sadiq təəssübkeşlərindən olan Nəsir bəy Cavanşirin göstərdiyi Qarabağ gerbini. Söyləyirdi ki, 1843-cü ildə qəbul edilmiş həmin gerbin döş nişanı ölçüsündə bir zərgərə hədiyyəlik hazırlatdırdığı surətini ona XX əsrin ilk onillərinin tanınmış şuşalılarından, Azərbaycanın ilk fizioloqlarından olan Azad bəy Əmirov (1883-1939) bağışlayıb. Gerbin qalxan kimi qabarıq yuxarı hissəsində bir yanda od dilimləri vardı, bir yanda pələng təsviri.

Bax, Azərbaycan igidləri də Şuşa uğrunda dağlarda məhz od-alov olmuşdular, bir pələng kimi çarpışmışdılar ki, bu uğura yetməyə müvəffəq oldular.

Özü də yaralı, özü də qanı axan, amma cəbhə yoldaşını atıb getməyən, onu da çiyninə alıb sıldırıma dırmanan, qələbəyə, son hədəfə can atan əsgəri olan millət yenilərmi?!

Sənin belə mərdlər mərdi oğulların var, Azərbaycan!

Sənə Şuşanı ölümün gözünə baxa-baxa onlar qaytarıblar, əziz millətim!

Göz gəzdirirəm bu son günlər ərzində ermənilərin Şuşanın boşaldılması ilə bağlı bir-birindən riyakar yazdıqlarına. Onlara xas mənfurluqla biri öyünür ki, çox da azərbaycanlılar Şuşanı alıblar, əvəzində biz də onlardan neçəsini qırmışıq.

Müharibədir, neyləməli, itkisiz keçinmək olmur. Şəhid düşənlər də olur, yaralananlar da. Amma vacibi odur ki, biləsən nəyin uğrunda güllə qarşısındasan.

Qanı axa-axa da irəli şığıyan Azərbaycan əsgərinə qüvvət verən onun içərisindəki eşqdir, qəsb edilmiş Vətən torpağını xilas etmək əzmidir.

İşğalçıda, ya kənardan gətirilib işğalçıya dəstək duran muzdlularda belə mətanət ola bilərmi? Heç vaxt! Olmadığından da hər işğalçı, geci-tezi var, mütləq iflasa, məğlubiyyətə məhkumdur.        

Sabah Şuşanın əvvəlki kimi, bəlkə əvvəlkindən də bəxtiyar çağları başlayanda, yenə baharda, yayda o füsunkar məkana gəzməyə, dincəlməyə gedəndə, duman örpəyi əskik olmayan dağların ciyər dolusu təmiz, şəfalı havasını udaraq sıx meşələrin, sərt qayaların, yalın sıldırımların, dərin yarğanların, keçilməz kimi görünən dar zirvə yollarının lacivərd-boz-qonur gözəlliyinə dalanda unutmayın.

Əziz bacılar, qardaşlar, lütfən, o sevincli, fərəhli, içərinizin ən xoş duyğularla daşdığı həmin anlarda hökmən xatırlayın ki, bunları təzədən bizə qaytaran oğullar olub, bu gözəlliklərin arasında onların neçəsinin həyatının son anı yetişib, bu qayaların hansılarınınsa üstündə onların qızıl qanının damlaları donub qalıb.

Onlar bu gözəlliklər yenə sizin olsun deyə, siz yenə qürurlu millət olaraq yaşamaqda davam edə biləsiniz deyə buralarda "ölüm, ya qalım" əhdi edərək sadəcə vuruşmayıblar - can qoyublar!

Səbəbsiz deyildi ki, Prezident İlham Əliyev də Şuşa zəfərinin xəbərini bizə yurdun ən müqəddəs məkanlarından birindən, Şəhidlər xiyabanından, hamımızın həmişə borclu olacağımız o məsum oğullarımızın ruhları qarşısında baş əyərək çatdırdı.

İftixar edirdi ki, bu qələbənin altında onun imzası var, məmnun idi ki, ata vəsiyyətini yerinə yetirməyi bacardı, qürrələnirdi ki, onun Azərbaycanı ali məqsədinə döyüş meydanında nail olub: "Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq.

Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik".

Milli təqvimimizdə bizim Qələbə Bayramımız yox idi. Bu xalqa bu bayramı ərməğan etmək də Prezident İlham Əliyevin alın yazısı imiş!

Noyabrın 8-də, tariximizdə əbədi bayramlarımızdan biri kimi qalacaq, bütün Azərbaycanı hədsiz sevincə qərq edən Şuşanın xilası günü doğmalarla, dost-tanışla şadlıq bölüşəndən, dünyanın dördbir tərəfindən gələn təbrik zənglərini qəbul edəndən sonra bu qələbəni bizə nəsib etmək yolunda fəda olmuş şəhidlərimiz haqqında gecə saatlarında çox düşündüm. Həm aslan kimi oğullar itirdiyimizə qüssələndim, qüssələndim, o cəsurları rəhmətlə andım və həm Şuşa şəhidlərimizə, həm də Vətən yolunda ömrünü qurban vermiş bütün ölməzlərimizə ünvanlanan bu şeiri yazdım. 

Getdiyin yol əbədi, dönməyəcəksən geri sən,
Nə qədər var bu Vətən, ölməyəcəksən, dirisən.
Millətin qeyrətisən, qibləsisən, and yerisən,
Ey şəhid qardaşımız, sən dilimin əzbərisən.

Düşmənin gözlərinə dik baxaraq dönməzsən,
Hansı tufanları sən əzmin ilə yenməzsən?!
Bir çıraqsan, əsə yüz yel, daha sən sönməzsən,
Elə bir zirvəyə qalxdın, oradan enməzsən.
 

Halalındır Vətənin haqqı-sayı, duz-çörəyi,
Yüksələr bayrağımız varsa sənintək dirəyi.
Söykənər ərlərə bir dağ kimi yurdun kürəyi,
Döyünər sən kimi mərdlərlə bu xalqın ürəyi. 

Halal et sən bizə öz nurunu, öz şəfqətini,
Gözləri yolda qalan sevgilinin həsrətini.
Halal et sən ananın bitməyəcək möhnətini,
Yerişin görmədiyin övladının xiffətini.
 

Ey şəhid qardaşımız, sən ki deyilsən çox uzaq,
O müqəddəs ucadan sevgi ilə yurduna bax.
Bu ocaqlar ki yanır yurd boyu, daim yanacaq,
Sən qığılcımdan od almış alışan hər bir ocaq.
 

Köksünü sən elədin yurduna qalxan, şəhidim,
Xalqımın tacı da sən, səndə şərəf-şan, şəhidim.
Sən Vətən dərsliyinin baş sözüsən, can şəhidim!
Sən elin qurbanı! Millət sənə qurban, şəhidim!
 

Vətənin varlığını məğrur oğullar yaradır,
Qara torpaq - uyusa orda şəhid, - zərxaradır.
Harda varsa o məzar, Yerdəki cənnət oradır
Təzim et, öp o məzarı, de ki, Məkkəm buradır.
 

Ölümü məğlub edən əsgərimiz, sən ibrət!
O mübarək adını qəlbinə yazmış millət,
Bu şəhid rütbəni göylərdə veribdir Qüdrət.
Məqbərin saçmada yurddaşlarına qüdsiyyət.
 

Elə paksan, adını heç unudarmı bu Vətən?
Sən Vətən ordusunun ən əbədi əsgərisən.
Hər yeni əsgər oğulla qayıdarsan təzədən,
Gül açar düzdə-yamacda, doğularsan yenə sən.
 

Nurunu səndən alar bayrağa qonmuş bu hilal,
Qoşulub bayrağımın ulduzuna parla, ucal.
Sənə alqış deyəcək millətimiz, istiqbal.
Yaşayarsan yaşadıqca Vətənim, istiqlal!

... Ötən əsrlərdə Qarabağımızın dünənindən gələcək nəsillər də gərəyincə agah olsun deyə xeyli salnamələr qələmə alınıb. Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin, Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, Məhəmməd ağa Müctəhidzadənin bu diyarın tarixi haqqında yazdığı əsərlərin hərəsi bir başqa cür adlansa da, onların hamısını qovuşdura bilən bir ünvan var: "Qarabağnamə".

Geridə buraxdığımız 30 illik keşməkeşli tarixin bir dərsi də bu olsun ki, keçmişi yaxşı bilək, yaxın və uzaq dünənlərdə baş vermişləri heç zaman unutmayaq, o "Qarabağnamə"ləri də dönə-dönə oxuyaq, öyrənək ki, mötəbər bələdçilərin nəsihətləri bizə sabahkı yanılmalardan nicat versin.

Amma bu gün vaxtın yeni "Qarabağnamə"si cəbhələrdə yazılır. O "Qarabağnamə"ni Azərbaycan əsgəri qanı ilə yazır. Və bu yeni "Qarabağnamə"nin əks-sədası Azərbaycanın bütün gələcəyindən yüksələcək, yeni nəsillər bu mərdlik kitabından Vətəni məcnuncasına sevmək, Vətən yolunda canından keçməyi xoşbəxtlik saya bilməyin dərslərini alacaq.

2020-ci ilin payız günlərində Azərbaycan bir başqa Azərbaycandır. Milyonlarla könüldə vulkan kimi püskürən Vətən eşqi coğrafi təsəvvürləri büsbütün dəyişib. Kağızlar üzərindəki xəritələri bir kənara qoyun, ürəklərdəki xəritələrə baxın.

Bu günlər içində Qarabağ Azərbaycandır!

Bu günlər Qarabağ özü boyda deyil, Azərbaycan boydadır. Bu gün Qarabağın 50 milyon əhalisi var!

Bu gün Şuşa keçmişlərdən tanınıb-bilinən Şuşa deyil. Bu gün Şuşa Azərbaycandır. Bu günlər Şuşa Azərbaycan boydadır. Bu günlərdə şuşalıların sayı 50 milyondur.

Bu gün Ağdam o qədimdən tanıdığınız Ağdam deyil, bu gün Ağdam Azərbaycandır, bu gün Ağdam Azərbaycan boydadır, bu gün Ağdamın 50 milyon sakini var.

Bu gün Füzuli sizə əskidən bəlli həmin Füzuli deyil. Bu gün Füzuli Azərbaycandır, bu gün Füzuli Azərbaycan boydadır, bu gün Füzuli əhalisinin sayı bütün azərbaycanlılarımızın sayı qədərdir.

Bu gün Cəbrayıl əvvəlki Cəbrayıl deyil. Bu gün Cəbrayıl Azərbaycandır, bu gün Cəbrayıl Azərbaycan boydadır, bu gün cəbrayıllıların miqdarı  bütün dünyadakı azərbaycanlılar qədərdir.

Bu gün Zəngilan bildiyiniz Zəngilan deyil. Bu gün Zəngilan Azərbaycandır, bu gün Zəngilan Azərbaycan boydadır, bu gün azərbaycanlıların hamısı zəngilanlı olub.

Bu gün Laçın dünənlərdəki Laçın deyil. Bu gün Laçın Azərbaycandır, bu gün  Azərbaycanın hər qarışı Laçındır, bu gün laçınlıların sayı elə 50 milyondur ki, var.

Bu gün Kəlbəcər Azərbaycandır, bu gün Kəlbəcər Azərbaycan boydadır, bu gün Azərbaycanda və azərbaycanlılar arasında kəlbəcərli olmayan yoxdur, demək, onların sayı 50 milyondur.

Bu gün Qubadlı yaddaşınızdakı o keçmiş Qubadlı deyil. Bu gün Qubadlı Azərbaycandır, bu gün Qubadlı ərazisi Azərbaycan boydadır, bu gün qubadlılıların sayı nə qədər azərbaycanlımız varsa, o qədərdir.

Bu gün Xankəndi əvvəlki Xankəndi deyil. Bu gün Xankəndi Azərbaycandır, bu gün Xankəndi Azərbaycan boydadır, bu gün 50 milyon azərbaycanlının hamısı xankəndilidir.

Bu gün Vətənin Qarabağda başlayıb Qarabağda bitdiyi gündür.

Hər bir azərbaycanlının Qarabağ boyda olduğu bu günləriniz mübarək!

Hər bir azərbaycanlının Azərbaycan boyda olduğu günləriniz mübarək!

Bu gün hər bir sadiq, vətənsevər azərbaycanlının ürəyi Qarabağ boydadır.

Bu gün millətinə yanan, yurduna bağlı hər bir azərbaycanlı sadəcə vətəndaş deyil, bütün varlığıyla Azərbaycandır.

İkinci Qarabağ müharibəsində bizim ən böyük qazancımız yalnız işğaldan azad olunmuş torpaqlarımız deyil.

Bu birliyimiz elə savaşdakı qələbə qədər əziz, qiymətli deyilmi?

9 noyabr, 2020

 





11.11.2020    çap et  çap et