525.Az

Fermerlər azad olunan ərazilərdə aqrar istehsalı dirçəltmək istəyirlər


 

AMMA BECƏRİLƏCƏK TORPAQLARIN TƏRKİBİNİN TƏHLÜKƏSİZLİYİNİN YOXLANILMASI ZƏRURİDİR

Fermerlər azad olunan ərazilərdə aqrar istehsalı dirçəltmək istəyirlər<b style="color:red"></b>

Azərbaycanın kənd təsərrüfatı baxımından ən məhsuldar ərazilərindən olan doğma Qarabağımızın üç onillik ərzində davam edən işğaldan azad olunması aqrar istehsalçılarımızda bu bərəkətli torpağı dirçəltmək üçün çalışmaq imkanı yaradır. Qarabağa yaxın olan Qərb bölgəmizin fermerləri də bu işə öz töhfələrini vermək istəyirlər. Elə Şəmkir rayonunda aqrar sektorun müxtəlif sahələrində çalışan fermerlər də bu məramla Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək istədiklərini bildiriblər. Onların qənaətincə, yaxın bölgənin təcrübəli aqrar istehsalçıların  işğaldan azad edilən ərazilərdə yeni təsərrüfatlar yaratması öz səmərəsini daha tez verə bilər.

Əsasən bağçılıq, kartofçuluq və taxılçılıqla məşğul olan şəmkirli fermerlər  işğaldan azad olunan torpaqlarda bu növ istehsal üçün münbit şəraitin olduğunu qeyd edirlər.

"Düşünürəm ki, bağçılıq, tərəvəzçilik sahələri üzrə öz uzun illərin təcrübəsi bizə qısa müddətdə bu işə öz töhfəmizi verməyi mümkün edər. Bizim nəyə imkanımız çatırsa, onu  əsirgəməyəcəyik. Təmannasız şəkildə biz orada təsərrüfatlar yaratmalıyıq. Qoy insanlar ora tezliklə qayıtsın və o yerlərdə həyat bərpa olunsun", - deyə fermer Tahir Hüseynov arzusunu bildirir.

"Məlumdur ki, şəmkirli fermerlərin  istixana təsərrüfatı üzrə olduqca böyük təcrübələri var. Bu təsərrüfatların məhsulları  əsasən Rusiya bazarlarında rellaşdırılır.  İşğaldan azad olunan torpaqlarda istixanalar yaratmaq üçün də imkanlar genişdir. Bu təsərrüfat növü də az bir zamanda yaxşı nəticələr əldə etməyə imkan verir", - deyə daha bir şəmkirli fermer Zəkulla Abbasov fikrini bildirir.

İşğaldan azad olunmuş torpaqlarda təsərrüfatların səmərəli dirçəldilməsi məsələləri ilə bağlı müraciət etdiyimiz bioloq-alim, Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümbətov oluqca vacib məsələlərə də diqqət çəkdi.

"Əlbəttə, o torpaqlarımızın böyük qismi onilliklər ərzində istifadəsiz qalıb. Bu baxımdan həmin torpaqların mineral-üzvi tərkibi də yüksək, onun qidalılıq gücünü göstərən "humus" maddəsinin çox olacağı da məntiqlidir. Fermerlərimizin də bu torpaqları dirçəltmək arzuları olduqca nəcib bir təşəbbüsdür. Amma bu işlərə başlamamışdan əvvəl torpaq sahələri bioloji, tokskoloji və radioloji cəhətdən əsaslı şəkildə yoxlanılmalıdır. Çünki torpaqlarımızı zəbt etmiş düşmən çox məkrli, heç bir alçaqlıqdan çəkinməyən bir toplumdur. Onların Qarabağda ekoloji terror tətbiq etməkdə da böyük "təcrübələri" var. Bir millətin ki deputatı, ictimai-siyasi xadimləri açıq-aşkar terrora, boşaldılan torpaqları zəhərləməyə, meşələri yandırmağa, su hövzələrini partlatmağa səsləyə, onlardan nə desən gözləmək mümkündür. Digər tərəfdən, neçə illərdir ki, mətbuatda Ermənistandakı Metsamor atom elektrik stansiyasının radioaktiv tullantılarının işğal ərazilərində basdırıldığı haqda yazılar da gedib. Odur ki, olduqca ehtiyatlı olmalıyıq, əkiləcək ərazilərin torpağının tərkibinin bu söylənilənlər baxımından təhlükəsizlik göstəriciləri müvafiq laboratoriyalarda köklü analiz olunmalıdır", - deyə Z.Hümbətov bildirdi.

Zakir MURADOV,

Şəmkir-Gəncə

 





15.11.2020    çap et  çap et