525.Az

Acı taleli qız - Telman Orucovdan yeni silsilə


 

Acı taleli qız - <b style="color:red">Telman Orucovdan yeni silsilə </b>

"Bizi özümüzdən başqa heç kəs xilas etmir. Heç kəs bunu bacarmaz və bunu edə bilməz".

Qautama Budda

"Unexamined life is not worth living" - "Sınaq görməmiş həyat yaşanmağa layiq deyil"  

Sokrat

"Mən düşünmürəm ki, bütün adamları bir-birini sevməyə məcbur etmək olar. Lakin mən istərdim ki, insanlar arasında nifrət məhv edilsin".

Ayzek Azimov "The Gods themselves" - "Allahların özləri" romanı 

Südabə Səfərlinin nöqsanlara qarşı dözümsüzlüyü və insanpərvərliyi

Südabə xanım elmi-pedaqoji işi ilə yanaşı, son vaxtlar real hadisələrin təsvirinə həsr olunmuş "Acı taleli qız" adlı yeni romanının üzərində işləyirdi. Göründüyü kimi, bu əsər onun qu nəğməsinə çevrildi. Buna qədər onun bir neçə bədii əsəri populyarlıq qazanmışdı. Lakin o, bədii yaradıcılığına o qədər də ciddi fikir vermirdi, ona elmi fəaliyyətinə mane olan bir iş kimi baxırdı. Ona görə də özünün yazıçı adlandırılmağını da heç cür qəbul etmirdi. Çünki o, daha çox elm adamı idi, ölkənin ən tanınmış filoloq alimlərindən biri hesab olunurdu. Bir ədəbiyyatşünas kimi o, böyük nüfuza malik idi, elmi əsərləri, əsasən, İngiltərədə və digər Avropa ölkələrində tərcümə edilərək çap edilmişdi. Şekspirşünaslıqda onun mövqeyinə və tədqiqatlarına hörmətlə yanaşılırdı.

Vaxtilə o, qadınlar arasında ən gənc elmlər doktoru olmuşdu, hələ 30 yaşı olmayanda bu ada yiyələnmişdi, təhsil aldığı dövlət universitetində nüfuzlu professora çevrilmişdi.

Kənd orta məktəbini bitirdikdən sonra o, paytaxta gəlmiş, buna qədər, ümumiyyətlə, kənddən kənara çıxmamışdı, yüksək qiymətlərlə ali məktəbə daxil olmuşdu. Hələ ikinci kursda oxuyarkən tələbə elmi şurasındakı məruzəsi ilə diqqəti cəlb etmişdi. Məruzə ingilis ədəbiyyatına həsr olunmuşdu, bu sahə ilə məşğul olan mütəxəssislərin diqqətini cəlb etmişdi. Daha dərin tədqiqat aparmaq naminə o, sərbəst qaydada ingilis dilini öyrənmiş, bu dildə mütaliəyə daha çox vaxt ayırmışdı. Həmin dildə ilk dəfə "Bibliya"nı, sonra Şekspirin pyeslərini və sonetlərini əsaslı qaydada oxumuşdu. Sonralar isə digər tarixi, bədii, fəlsəfi əsərlərin mütaliəsinə keçmişdi, ingilislərin tərcümə sahəsindəki dəqiqlikdən xəbər verən nailiyyətlərinə heyran qalmışdı. Uinston Çörçillin "İkinci Dünya müharibəsi" adlı altı cildlik, "İngilis dilli xalqların tarixi" adlı dörd cildlik əsərlərini oxumuşdu.  Böyük mütaliə həvəskarı olan və milli nəsrə yeni janr gətirmiş bir yaxın dostu ona 1970-ci illərdə çapdan çıxmış 30 cildlik "Encyclopedia Britannica"nı - "Britannika Ensiklopediyası"nı bağışlamışdı, bu qiymətli hədiyyəyə görə həmin alicənab insanı daim minnətdarlıqla yad edirdi. Ona 1900-cü ildə Londonda çapdan çıxmış "The İnternational Library of Famous Literature" adı altındakı 20 cildik antologiya xüsusən xoş gəlmişdi. Bu kitablar dünyanın qədim dövrlərdəki, orta əsrlərdəki və XX əsrin başlanğıcına yaxın illərdəki böyük mütəfəkkirlərin, yazıçıların əsərlərindən seçilib, tərtib edilmişdi və SSRİ-də sonralar buraxılan 200 cildlik "Biblioteka Vsemirnoy Literaturı" - "Ümumdünya Ədəbiyyat Kitabxanası"na daxil olan və həm də ənənəvi ideoloji prinsip əsasında seçilmiş əsərlərdən daha uğurlu külliyat olmaqla, xeyli böyük elmi dəyərə malik idi. Kitablardakı tərcümələr yüksək səviyyəsinə görə Südabə xanımı çox təəccübləndirirdi. Siseronun Milonun müdafiəsindəki vəkil kimi çıxışı da, N.V.Qoqolun "Müfəttiş"indən götürülmüş bir səhnə də elə bil ki, orijinaldakı latın və rus dillərində deyil, məhz ingilis dilində yazılmışdı. Qədim Roma mütəfəkkirinin lakonik dilinin tərcümədə mənanın düzgün anlaşılması üçün daha çox sözdən istifadə edilmiş, rus yazıçısının əsərində isə incə yumor, satirik sarkazm bütünlüklə saxlanmışdı. Latın dilindən ingilis dilinə tərcümə edilmiş Eloiza və Abelyarın məktubları (XII əsr) ona olduqca böyük təsir göstərmişdi. Amerikanların çap etdikləri "Vestern Sivilization" - "Qərb Sivilizasiyası" adlı irihəcmli tarixi əsər isə onun stolüstü kitabına çevrilmişdi.

Südabə xanım mühazirələrində pedantlıqdan qaçırdı, tələbələrinə daha geniş bilik vermək üçün bəzən mövzudan kənara da çıxırdı. İstedadlı tələbələrə bu, çox xoş gəlirdi, professor onları sərbəst düşünməyə və mülahizə yürütməyə səsləyirdi. O, bu tələbələri bir ana nəvazişi ilə sevirdi. Onun ən zəif cəhəti isə tələbə qızlara qayğı göstərməsi, onları izləyəcək bəlalardan çəkindirməyə can atması idi. Vurğulayırdı ki, indi Yudif, Ester və ya Janna d`Ark olmaq mümkün deyildir. Əvvəlki iki qız Yerusəlimi və yəhudi xalqını işğaldan və məhv olmaqdan böyük fədakarlıq hesabına xilas etmişdilər. Janna isə fransızları ingilis təcavüzkarları ilə apardıqları Yüzillik müharibədə qəhrəmanlığa çağırmaqla, son mərhələdə milli ruha böyük təkan vermişdi.

İndi dövr başqadır, min illər, əsrlər əvvəl baş vermiş qəhrəmanlıqları təkrar etmək, yenidən səhnəyə gətirmək mümkün deyildir. Qızlara müraciət edərək deyirdi ki, sizin vətənə, xalqa xidmət üçün başqa bir vəzifəniz vardır. Bu, hər şeydən əvvəl dünyaya yeni nəsil gətirməyinizdir. Adəm və Həvvanın vaxtından öləri insanlar, adətən, övlad, nəsil yaratmaqla məşğul olmuş, cəmiyyətin formalaşması prosesində fəal iştirak etmişlər. Siz elə oğullar həyata gətirə bilərsiniz ki, onlar öz biliyi və fədakarlığı ilə istənilən real və potensial düşməni məğlub səviyyəsinə sala bilərlər. O oğullar sözdə yox, həqiqi qaydada vətənə xidmət nümunəsi olmalıdırlar. Azərbaycanın onlara böyük ehtiyacı vardır. İtalyan inqilabçısı Cüzeppe Madzini yalnız bir hüququ tanıyırdı: "Fədakarlıq və özünü qurban vermək, yalnız vətənə xidmət etmək və  onun yolunda sevinclə ölmək" hüququnu. Aleksandr Düma-ata isə yazırdı ki, "Vətən uğrunda ölmək - bu, ən gözəl, ən arzuolunan püşkdür". Qoy ölkəmiz, xalqımız məhz belə oğullarla öyünsün və fəxr etsin. Ölkəmiz bütünlüklə həyat, zəka və alicənab istəklərin əsl məkanı olmalıdır, bunu isə onun vətəndaşları yaradırlar. Siz gələcək analar yeni nəslin meydana gəlməsində, tərbiyə olunmasında fəal iştirak etməlisiniz.

Qadın həqiqətən böyük qüvvədir, hətta müharibəni yatıra, sülhü bərpa edə bilir. O, qədim yunan dramaturqu Aristofanın "Lesistra" pyesindən misal çəkirdi. Baş qəhrəman Afina qadınlarına təlqin edirdi ki, ərlərini spartalılara qarşı müharibədən çəkindirsinlər. Bunun üçün asan yol da tapmışdı, qadınlar ərlərini vuruşmaqdan çəkindirmək üçün onlarla intim yaxınlıqdan imtina etməyə and içməli idilər. Qadınların bu mövqeyi öz işini gördü və yunanların bir-birləri ilə apardıqları savaş dayandırıldı. İşğala susayan xalqların qadınları da ən azı Lesistranın tədbirindən istifadə etsələr, yəqin ki, ağıllarını itirmiş, vəhşiləşmiş ərlərini qan tökməkdən çəkindirə bilərlər.

Qızlara məsləhət görürdü ki, vaxtında ailə qurun, uşaq doğub böyüdün. Qadının ana olması ona təbiət tərəfindən verilən böyük xoşbəxtlikdir. Bəziləri hansısa səbəbdən bundan məhrum olur. Qadının da reproduksiya dövrü vardır. Bu dövrdən səmərəli istifadə edilməlidir. Bütün dişi məməlilər, o cümlədən, qadın yalnız müəyyən yaş dövründə doğub törəmə qabiliyyətinə malik olur, bu dövr ötdükdən sonra istənilən cəhd heç bir fayda vermir. Yeganə istisna torpaqdır ki, o, heç bir yaş həddi tanımır, azacıq qulluq göstərildikdə bəhrə verir. Beş min il əvvəl Mesopotamiyada, Misirdə, Çinin Xuanxe çayı vadisində torpaqlardan məhsul götürürdülər, indi də o ərazilər əsasən bolluq mənbələrindən biri hesab olunur. Təsadüfi deyildir ki, Yeri insanlar Ana Torpaq adlandırırlar. Mən torpağın az qala əbədi ana olması mülahizəsini qədim Roma müəllifi Kolumellanın əsərindən oxumuşam. Həm də torpaq onu özünün alın təri ilə suvaran, öz zəhməti hesabına ondan bəhrə götürən xalqa məxsusdur. Ona göz dikən yadellilər hökmən tutarlı cavablarını alırlar və axıra qədər alacaqlar.

Torpaq təkcə bizi qidalandırmır, üstündə yaşadığımız torpağın altında bizim əcdadlarımız, ata-babalarımız, valideynlərimiz uyuyur, orada onlar özlərinə əbədi məskən tapmışlar. Bu yolla torpaq bizi keçmişimizi unutmağa qoymur, həmin keçmişlə müasir dövrümüz arasında qırılmaz əlaqə yaradır. Ölən əzizlərinin yatdığı bir  torpaqla əlaqənin itirilməsi insan üçün böyük faciədir. Ona görə də xalqın özünə məxsus torpaq düşmən tapdağı altında qalmamalıdır. Köçəri xalqlar yaşayış məkanlarını, adətən, tez-tez dəyişdiklərindən, əcdadlarından uzaqlaşır və onları unutmalı olurdular. Ona görə də onlar başqa xalqlara paxıllıq bəslədiklərindən, özgə torpaqlarını ələ keçirməyə cəhd edirlər və bir qayda olaraq onlarla qonşu olan xalqlara düşmən kəsilirlər. Onlara elə tutarlı dərs verilməlidir ki, bir də belə azğın istəklərlə yaşamasınlar.

Sonra Südabə xanım erkən ərə gedən tələbə qızları təqdir edərək, deyirdi ki, qızın tənha qalması, ailə qura bilməməsi onun bədbəxt həyat sürməsinə yol aça bilər. Ailə qurduqda isə o, əsl xoşbəxtliyini tapır, təəssüf ki, tez dağılan ailələr də az deyildir. Tənhalıq hər bir insan üçün, xüsusən qadın üçün ağır cəzadır. Allaha xəyanət edən mələk İblis də yerə yıxılmaqla, tənhalığa düçar oldu, çünki Allaha sədaqət bəsləyən mələklərə tək yaşamaq yaddır. Lakin tənhalıqdan istənilən vasitə ilə qaçmaq da düzgün deyildir. İnsan, xüsusən qızlar hissə, sentimentallığa qapılmamalıdır. Ciddi məsələyə ciddi də yanaşmaq lazımdır.

Qızlar unutmamalıdır ki, namus, vicdan hər şeydən yüksəkdir; ilk ağır səhvə yol verən qızın hərəkəti Adəmlə Həvvanın günahına bənzəməklə özündə ən yaxşı olan nəyi varsa, mən bəkarəti nəzərdə tuturam, onu xərcləyir, yalnız pis olanları özündə saxlayır. Nikahdan əvvəl defloratsiya, bəkarətin itirilməsi qızın gələcəyini korlayır. Heç kəs güman etməsin ki, ümumi yoldan ayrı düşməklə özünə "büllur saray" tikəcəkdir. Həyat olduqca mürəkkəbdir, bu yarmarkada adamı reallığın təhlükəli dəyişiklikləri gözləyir. O da bir həqiqətdir ki, məhəbbət və xoşbəxtlik açıq ürəklə yaşayan adamın daxilində mövcud olur.

(Ardı var)

 





16.11.2020    çap et  çap et