525.Az

Gün işığına çıxan xatirələr - Zemfira Məhərrəmli yazır


 

Gün işığına çıxan xatirələr - <b style="color:red">Zemfira Məhərrəmli yazır</b>

Elçin Hüseynbəylinin Qarabağ hekayələrini oxuyarkən

"Elə bilirsən, o əclafları boş buraxdım?.. Yaman gülləyə gəlirdi dığa köpək uşaqları. Elə bilirlər hər şey belə qalacaq? O torpağın yiyələri gələcək! Gələcək o oğullar! Görərlər!.."

Çağdaş günümüzlə səsləşən bu fikirlər tanınmış nasir, yazıçı-dramaturq Elçin Hüseynbəylinin (ədəbi təxəllüsü Qaraçuxa) ilk qələm nümunələrindən olan "Küləkli çöl" hekayəsindəndir. Tarixi ədalətsizlik nəticəsində bizim əzəli torpaqlarımız hesabına yaradılmış Ermənistanda - Qərbi Azərbaycanda, öz dədə-baba yurdunda yaşamış soydaşlarımızın erməni vandalları tərəfindən zülmlə, amansızlıqla qovulub çıxarılması bu bədii nümunədə yaşlı bir kişinin timsalında qələmə alınmışdı. Hələ 1989-cu ildə yazılmış bu hekayə həyatın, gerçəkliyin özüydü. Mübaliğəsiz-filansız, sadə və kövrək dillə yazılmış, ən əsası isə həqiqəti söyləyən, itirilmiş yurd yerlərinin nisgilini, qaçqın-köçkün taleyinin ağrı-acısını çatdıran həyat hekayəsi idi. Gənc yazıçı düşmənlə üz-üzə, göz-gözə qalan, kütləvi şəkildə, həm də təzyiq və işgəncələrlə qovulan, ev-eşiyini tərk edən azərbaycanlı köçkünlərin məşəqqətli günlərini həmin hekayədə özü haqqında "didərginlərdənəm" deyən qəhrəmanının dili ilə nəql etmişdi.

Bir neçə il sonra isə mənfur erməni qonşunun qoluzorlu havadarlarının köməyi ilə Birinci Qarabağ savaşı alovlananda Elçin Hüseynbəyli qələmə sarılıb yeni nəsr nümunələrini ərsəyə gətirdi. Bu dəfə digər əsərlərlə yanaşı, Qarabağ hekayələrini.

Artıq elə bil dövr idi ki, yazıçının ilk hekayəsinin qəhrəmanları - doğulduğu torpaqlardan deportasiya olunmuş soydaşlarımız onlara yer verən, qucaq açan Azərbaycan adlı məmləkətin müxtəlif guşələrində, o cümlədən, Qarabağ bölgəsində məskunlaşmışdı. Hələ heç kəs bilmirdi ki, zorla cəlb edildiyimiz bu hərb qovğası hansı fəlakətlərə gətirib çıxaracaq. Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar sırasına az sonra doğma yurd yerlərindən didərgin düşən 1 milyon soydaşımız da əlavə olundu.

Qara buludlar başımızın üstünü almışdı. O zaman ordumuz indiki kimi güclü deyildi və cəbhədə vahid komandanlıq yox idi. Erməni-rus hərbi birləşmələri əzəli torpaqlarımızda qətliamlar törədir, yurd yerlərimiz ard-arda işğal edilirdi. Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər və Ağdərədən sonra digər bölgələrimiz də zəbt olunmuşdu.

E.Hüseynbəylinin nəsr yaradıcılığında, onun ümumən ədəbi taleyində mühüm yer tutan Qarabağ hekayələrində birbaşa müharibədən, uğurlu-uğursuz döyüş əməliyyatlarından danışılmasa da, bu qanlı savaşın qəlblərə vurduğu yaralardan, yurd yerlərimizin itirilməsindən dolayı ruhumuzu saran göynərtidən, öz Vətənində qaçqına, məcburi köçkünə çevrilmiş toplumun sıxıntılı həyatından bəhs olunur. Yazıçı dünyaya göz açdığı doğma Cəbrayılın da süqutundan, düşmən caynağına keçməsindən yaranan dərin iztirabı öz taleyində yaşamışdı. Elə bu səbəbdən həmin hekayələr çox canlı və həyati  alınıb. Axı, belə bir məsəl var, deyirlər: "Dərdi çəkəndən soruş".

Yazıçı "Kəndə gün çıxanda qayıdacağıq" adlı hekayəsində boya-başa çatdığı mahalın yamacını-yalını, büllur bulaqların zümzüməsini, yeniyetməlik çağında ot biçdiyi Ada yerini, quzu otardığı kövşəni, selliyin qırağında durub balıq tutduğu günləri, palıd qozasından muncuq düzəldib bacılarına bağışladığını, həyətlərindəki daş armud ağacını, onun soyuqlar düşəndə qızıla çalan yarpaqlarını, kəndlərinə gedən qatarın təkərlərinin sanki nəğmə oxuyan səsini xatırlayırdı. Küdrüyə qalxıb sərhədi seyr etməsini, təpəliyin aşağısındakı "subasar"ı, yazda Araz çayının məcrasından çıxıb yaşıl çəmənlikləri su altında qoymasını, payız yağmurlarını, evlərinin damı üstündəki ildırım şaqqıltısını, atasının kənddə kimsəsiz qalan məzarını... da unutmamışdı Elçin Hüseynbəyli. Doğma yurd yerinə, isti ocağa sevgiylə, həsrətlə xatırlayırdı.

Unudulmaz günlər keçmişdə qalsa da, söz adamının hafizəsində əvvəlki kimi aydın və diriydi. O zaman azyaşlı oğlu Orxan atasının yaddaşa yazılan bu yanıqlı xatirələrini dinləyib soruşmuşdu: "Bəs indi bunlar niyə yoxdur ki? "Düşmənlərdədir" cavabını eşidəndə Orxan uşaq sadəlövhlüyü ilə atasına demişdi: "Mən böyüyəndə düşmənləri oradan qovacam!"     

Yazıçı "Gözünə gün düşür", "Qocanın axdığı gün", "Atəş səsləri qulağımda", "Çıxılmazlıq", "Firuzə qaşlı xəncər", "Ağsaqqal", "Ölən gözlərdə də ümid var", "Sevgiylə döyüşmək", "Qurdun şərqisi" və digər qələm nümunələrində həmin dövrün gerçək mənzərəsini yaratmışdı. Bütün çılpaqlığı, məşəqqəti, ağrı-acısıyla. Bu hekayələrin hər birinin baş qəhrəmanı düşmən əsarətində qalmış yurd yerlərimizin xiffəti, nisgili ürəyindən daş kimi asılmış, elini-obasını sevən, Vətən təəssübü çəkən insanların bitkin ədəbi obrazlarıdır. Bu fikirləri "Gözünə gün düşür", "Qocanın axdığı gün" və "Firuzə qaşlı xəncər" hekayələrinin əsas surətlərinə də şamil etmək olar.

Yurd həsrəti qəlbini qanadan, daim öz dədə-baba torpağına dönmək istəyən insanın - sağalmaz xərçəng xəstəliyinə tutulan, ölümünü işğal atındakı kəndlərində qarşılamağı, doğma torpağa qarışmağı arzulayan həkimin yaşantıları təbii və inandırıcı təsvir olunub. O, ömür-gün yoldaşına məktubunda məqsədini, istəyini belə ifadə etmişdi. "Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim... ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, orada ölmək istəyirəm. Qoy bu ağac dünyadakı münaqişələrə etiraz əlaməti, sülh rəmzi olsun". Bu, ata ocağının itirilməsinə dözməyən insanın dünyanın mizan-tərəzisini əyən, haqsızlığa, rəzalətə rəvac verən erməni vandalizminə üsyanıdır. Qəlbi titrədən, həm də ictimai təsir gücünə malik olan bu hekayə mükəmməl süjet xətti, üslubu, sadə, anlaşıqli dili ilə diqqəti çəkir.

"Qocanın axdığı gün" hekayəsinin qəhrəmanı da nankor qonşunun xəyanətiylə başlamış Qarabağ savaşının qurbanlarındandır. Qanlı müharibə bu ahıl insanın da taleyindən yan keçməyib.  Ermənilər onun kəndini qəfil haqlayanda, yurdunun elatı köç edəndə yaxınlıqdakı Araz çayı bu Qocanın da ümid yeri olub. Şələsini çiyninə atıb neçə-neçə müsibətin, ayrılığın şahidi olan bu nisgilli çayın köpüklü dalğalarından keçərək canını qurtarıb. Arazın o tayına pənah gətirsə də, üzü gülməyib, içindəki boşluq, ürəyinin kədəri heç vaxt azalmayıb. Malı-mülkü, hər şeyi yurd-yuvasında qalıb. Qaçaqaç düşəndə qoyun-quzusunu adlatmağa belə macal tapmayıb. Onun yaşantıları, başına gələnlər özünün nəql etdiyi həyat həqiqətlərinin timsalında ön plana çəkilib.

Hekayədə qəhrəmanın iztirabları, doğma eldən aralı düşməyin nə qədər ağrılı olması çox təsirli əks etdirilib. Qocanın tez-tez təpəyə çıxıb durbinlə doğma kəndlərinə, onu həyatda saxlayan, nə vaxtsa qayıdacağına inandığı həyət-bacasına, əkdiyi ağaclara baxması, yaşıllıqların su üzünə həsrət qalmasından yana narahatlığı və bir gün həmin meyvə ağaclarının yoxa çıxmasından, kəsilib aparılmasından keçirdiyi sarsıntı ilə bağlı təsvirlər düşündürücüdür, sirayətedicidir. Saldığı bağdan yalnız bircə körpə armud ağacının salamat qalmasına sevinən Qocanın bu ağacı nəvəsi ilə birgə əkdiyini söyləyərkən necə qürurlanması və bir an susub: "Onlar hamısı mərmi düşən evdə yatmışdılar", - deyərək qəhərlənməsi onun saf, təmiz iç dünyasından xəbər verir. Ailəsini bütünlüklə itirmiş, tənha qalmış insanın faciəsi, onun dağ boyda həsrəti, kədəri, qüssəsi bu qısa cümlə ilə dilə gətirilib. O qədər də uzaq olmayan keçmişin ilıq bir guşəsinə sığınmış Qoca əsirlikdə qalan kəndinə əziz sirdaşı - durbiniylə hər dəfə  baxmaqla sanki önəmli bir xəbər gözləyirdi. Qayıtmaq, yurda dönmək xəbərini.

Yazıçı hadisələrə münasibətini fərqli prizmadan, baxış bucağından təqdim edir. Yurd-yuvasından köç edən elatın düşdüyü fəlakətdən sarsıntı keçirən yazıçının sətirlər arasından duyulan əndişəsi, narahatlığı başadüşüləndir.

E.Hüseynbəylinin qadın qəhrəmanları sırasında öz cəsarəti, yurd sevgisi ilə fərqlənən, Vətənin şərəfini, öz namusunu, qeyrətini hər şeydən üstün tutan Zeynəb obrazını xüsusi qeyd etməyə dəyər. "Firuzə qaşlı xəncər" hekayəsinin qəhrəmanının şücaəti Xocalı faciəsinin baş verdiyi günlərdə döyüşçülərimizin göstərdiyi hünərdən heç də geri qalmır. Həyat yoldaşı Xocalıda keşikçi postunda növbə çəkən Zeynəb, o məşum gecədə körpə qızı Gülərlə birgə evdən çıxarkən vaxtilə nənəsinin ona bağışladığı firuzə qaşlı xəncəri özü ilə götürür. Xocalılıların nicat tapmaq ümidiylə səpələndiyi qarlı meşə cığırları ilə Ağdama doğru gedərkən erməni yaraqlısı ilə üz-üzə gəlir. Azğınlaşmış erməni dığası onun üstünə şığıyanda gənc qadın nə qədər müqavimət göstərsə də, bu vəhşi yalquzağın pəncəsindən qurtulmaq elə də asan olmur. Son məqamda Zeynəb şalın altından belinə bağladığı xəncəri çıxararaq düşmənin boynuna zərbələr endirir. Fəvvarətək fışqıran qan qadının üst-başına sıçrasa da, özünü itirmir, namusunu, heysiyyətini qoruya bilməsindən, heç olmasa bir düşməni məhv etməsindən qürur duyur. Bu, xarakterində ali məziyyətləri cəmləşdirən cəsur Azərbaycan qadınının doğma yurdunu yağmalayan, talan edən işğalçı düşmənə olan sonsuz nifrəti, qisas yanğısıdır.  

Qarabağ savaşı ədəbiyyatımızda qələm adamlarının ürək ağrısı ilə yazdığı mövzulardandır. Bu qanlı müharibə ilə bağlı xeyli sayda publisistika, nəsr və nəzm əsərləri yazılmışdır. Elçin Hüseynbəyli çox haqlı olaraq, haqqında bəhs etdiyimiz nəsr nümunələrini "Qarabağla bağlı heç nə yazılmır, yaxud tutarlı heç nə yazılmır" deyənlərə elə tutarlı bir cavab hesab edir. Bu əsərlərdə müəlliflərin həm də qələbəmizə olan ümidləri də öz əksini tapıb. Şükürlər olsun ki, intizarında olduğumuz böyük  Zəfər günümüzə qovuşduq! İndi söz həm də ədəbi cameəmizin, qələm əhlinindir. Sevimli yazıçımız, doğma yurd yeri işğaldan azad edilmiş Elçin Hüseynbəylinin də böyük Zəfərimizdən bəhs edən qələm nümunələrini gözləyirik.

 





16.11.2020    çap et  çap et