525.Az

Rəqəmlərin fövqündə "525" - Yazı


 

Rəqəmlərin fövqündə "525" - <b style="color:red">Yazı </b>

Pifaqor rəqəmlərin sehrinə və onların taleyi müəyyənləşdirən magik gücünə inanırdı.

Bir anlıq özümüzü bu bol rəqəmli  inanca qapdırıb numerologiyaya inansaq, yazılanlara görə, "525" sayının numeroloji anlamı özündə "uşaqlıq, dostluq, şans, optimizm, uğur, romantika, ünsiyyət və yaradıcılıq" anlayışlarını  ehtiva edir. Təsadüfdürmü? Bəlkə də yox... Əlbəttə, "525"in daimi oxucuları sevimli qəzetimizin dövlət qeydiyyatına alınarkən sıra sayını özünə ad seçməsinin əhvalatını yaxşı xatırlayır. Amma bununla belə,  düşünürəm ki, numeroloji aləmdə  "525" sayına yüklənən anlam bütün məna çalarları ilə elə bizim "525-ci qəzet"in boyuna biçilib:

1992-ci ildən bəri sonsuzluğa gedən yolda kirlənmədən, zamanın səmt küləklərinə əyilmədən, yönünü dəyişməyən bir uşaq saflığı, duruluğu  ilə gələcəyə addımlamaq desən - "525";

Kiçikdən böyüyə Azərbaycanda hər kəsin dostu olan mətbu orqan desən - "525";

28 ildir usanmadan, yorulmadan cəmiyyətə müsbət enerji  ötürən optimizm desən - "525", 

Səhifələrində balanslaşdırılmış şəkildə yer verdiyi  gənclərin ilk uğur ünvanı desən - "525";

Neytrallığını qoruyan ictimai-siyasi yazılarla yanaşı, daimi oxucuların yaddaşında yer edən dadı-duzu yerində esselərin, romantik ovqata köklənən duyğu yazılarının tribunası desən - "525";

Azərbaycanda mübaliğəsiz kiçikdən böyüyə hər kəsin tanıdığı, ən azından adını eşitdiyi, müxtəlif səbəblə bütün evlərə daxil olmağı bacaran ünsiyyətcilliyin simvolu desən - "525";

Və nəhayət, 28 ildə  keçdiyi çətin və şərəfli yolun sonunda hamımızın sevimlisinə çevrilən bütöv bir yaradıcılıq nümunəsi  desən - yenə də "525"!

"525-ci qəzet" baş(da) redaktoru, şəxsiyyətinə  böyük hörmət bəslədiyim, "xasiyyət xoşbəxti" adlandırdığım Rəşad Məcid olmaqla, bütün yaradıcı kollektivin, eyni zamanda, bu illər ərzində hər zaman bu dövri nəşrlə əməkdaşlığı, yazılarla çıxış etməyi özünə fəxarət  bilən müəlliflərin  illər ərzində birgə ərsəyə gətirdiyi  möhtəşəm bir əsərdir. Ona görə də növbəti yaşı, ehtirama layiq  Milli Dirçəliş Gününə,  ehtişamlı zəfər zamanımıza təsadüf edən "525"in 28 illiyi münasibətilə ünvanlanan təbriklərdən hamıya pay düşür. Zənnimcə, "hamının qəzeti"nin fəaliyyətinə, növbəti böyümə tarixinə hər kəsin ürəkdən sevinməsi də "525"i "525" edən əsas amildir.

Əlbəttə ki, uğurun, nailiyyətin hansısa rəqəmlərə, adlara bağlanması şərtidir. Uzun illərdir "525"in daimi oxucusu, bəzən də xüsusilə sevdiyim şənbə saylarında yazılarla çıxış edən müəllif kimi bu qəzetin yaradıcı kollektivinin  zaman-zaman hansı çətinliklərdən keçdiyinin, amma buna baxmayaraq,  böyük əməklər, ağır zəhmətlər hesabına  hər dəfə qəzeti  ayaqda, dipdiri saxlayıb ən yüksək səviyyədə oxucuların qarşısına çıxartdığının şahidi olmuşam. Bu mənada "525-ci qəzet" rəqəmlərin də, sıralamanın da fövqündədir. "525"in milli mətbuat brendinə çevrilməsi yolunda əməyi olan, zəhməti keçən "525"ciləri və eləcə də bu amala xidmət edən hər kəsi ürəkdən təbrik edirəm! Elə bu adla, bu amalla illərə deyil, əsrlərə yol yoldaşı olman diləyilə çox yaşa, "525"!

 





17.11.2020    çap et  çap et