525.Az

Alternativin alternativi yoxdur - Loğman Rəşidzadə yazır


 

Alternativin alternativi yoxdur - <b style="color:red">Loğman Rəşidzadə yazır</b>

"Qarabağ Azərbaycandır!" Bir dua kimi, saf istək, arzu kimi, real düşüncənin məhsulu kimi bu nida altında, bu xoşməramlı çağırış ruhunda Azərbaycan əsgəri müqəddəs torpaqlarımızı rəzil düşməndən azad edir.

Cəbrayıl bizimdir!

Zəngilan bizimdir!

Füzuli bizimdir!

Qubadlı bizimdir!

Şuşa bizimdir!

Bu ünvanlara yeni torpaqlar, yeni kəndlər, yeni şəhərlər, qəsəbələr qovuşur. Cənab Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı hər dəfə yeni azad edilmiş yaşayış məntəqələrimizi elan edəndə hansı hissləri, həyəcanları yaşayır, hamıya məlumdur. Siz ona diqqətlə baxın, gülüş çağlayan gözlərini görün, riqqətdən titrəyən səsini dinləyin, həyəcandan bərkimiş yumruğunu seyr edin. Qalib komandanın bu jestləri, qələbə əzmi xalq qarşısında başıucalığının təntənəsidir.

Ötən illər əksəriyyətdə pessimist ruh formalaşdırmış, torpaqlarımızın geri qaytarılmasını, sanki ümidsiz etmişdi. 30 illik zaman kəsiyi öz sözünü deyib qurtara bilmədi. Azərbaycan oyanışı hələ qabaqda idi. Bu illər ərzində yeni gənclər formalaşmış, sovet ideologiyasından qurtulmuş, yeni milli-mənəvi dəyərlərlə yoğrulmuş bir nəsil yetişmişdi. Cəsarət, döyüş ruhu, torpaq, el-oba məhəbbəti bu nəslin milli keyfiyyəti kimi üzə çıxırdı. Həm mənəvi, həm döyüş mentalitetinin dəyişməsi, ideoloji basqılardan xilas olmaq, manqurtlaşdırıcı təsirlərdən uzaqlaşmaq yeni nəsli yaradır, möhkəmləndirir və mübarizəyə hazırlayırdı. Son 30 ildə yetişən gənc nəsil türkçülük, islamçılıq ruhunda formalaşır, millətçilik, milli qürur duyğularıyla böyüyürdü. Torpaqlarımızı məhz bu nəslin qaytaracağı şübhə doğurmamalıydı. Necə ki, doğurmur. Onlar kütləvi şəkildə cənab Prezidentin iradəsi ətrafında sıx birləşib qələbəni təmin edirlər.

Erməni-azərbaycanlı problemi əsrlər boyu mövcud olmuş, bu və ya digər şəkildə özünü göstərmişdir. Zaman keçdikcə hadisələr səngimiş, yaralar qaysaqlanmış, düşmənçilik unudulmuş, hətta dostluğa, qardaşlığa çevrilmişdir. Xüsusən sovet təbliğat maşını xalqlar arasında əsrlərlə, qərinələrlə gedən bu düşmənçiliyə beynəlmiləlçilik donu geyindirmiş, iki milləti bir-biri ilə eyni qazanda qaynatmağa çalışmışdır. Bu vətən müharibəsindən sonra erməni ilə dostluq çətin baş tutsun. Bu müharibənin əsas aparıcı qüvvəsi olan gənclik, qeyd etdiyimiz kimi ayrı əhval-ruhiyyədədir, fərqli ovqatdadır. Onlar ermənini heç vaxt bağışlamazlar. Formalaşmış yeni nəsil erməni düşmənçiliyi ilə heç vaxt barışmayacaq.

Müharibə zərurət idi. Güclə alınan güc yolu ilə də geri qaytarılmalıdır. Başqa cür mümkün də deyil. Uşağın əlindən oyuncağını xoşluqla almaq olmur. Qalmışdı ki, erməni ola. İllər boyu beynəlxalq hüququn dişsizliyindən, beynəlxalq qurumların fəaliyyətsizliyindən (və yaxud ermənipərəstliyindən) manipulyasiya edib, işğalla aldığı torpaqlarda günü-gündən möhkəmlənməyə çalışır, son anda danışıqlardan belə faktiki imtina edir. Belədə bu cür pak səltənət - Qarabağ torpaqları nə qədər əsarətdə inləməlidir? Odur ki, vaxt yetişdi, Prezident xalqı dövlət ətrafında sıx yumruq kimi birləşdirdi. Birlik yüksək tamlıq üçün yalnız bir pillədir, həyatın mütləq gedişi üçünsə bir hazırlıqdır. Bu gediş edildi, özü də tam zamanında. Cənab Prezident hər şeyi qabaqcan əla hesabladı. Hər şey vaxtında həyata keçirildi, sərrast siyasi iradə ortaya qoyuldu. Düşmənin strategiyası da, zəif nöqtələri də nəzərə alındı, ordu quruculuğu vaxtında başa çatdırıldı, xalqın əhval-ruhiyyəsi dəqiq ölçülüb-biçildi, beynəlxalq əməkdaşlıq məsələləri, dünya güc mərkəzləri ilə əlaqələr də vaxtında nizamlandı. Hətta ordumuzun və xalqımızın əhval-ruhiyyəsinin, döyüş ovqatının yüksək olduğu aprel (2016-cı il) döyüşləri zamanı da hələ vaxt indiki kimi yetişməmişdi. Müqəddəs müharibəmiz, pak torpaqlarımızın azadlığı uğrunda döyüşlər vaxtında başladı. Sentyabrın 27-si, məxməri payızın yumşaq günlərinin birində gurlayan atəş sədaları qələbə marşı kimi səsləndi.

Qeyd etdiyim kimi torpaqların qaytarılmasının diplomatik həlli yolu 30 ilə yaxın bir dövrdə davam edib, amma dalana dirənib. Nə yaxşı ki, o torpaqlar danışıq prosesində qaytarılmadı. Nə yaxşı ki, zəbt edilmiş ərazilərimiz bizə minnətlə, başıqaxınclıqla verilmədi. Biz onları kişi kimi, mərd-mərdanə döyüş meydanlarında aldıq. Bu döyüşlər Azərbaycan xalqının minillik qürur hissini, milli-mənlik qeyrətini, şərəf və ləyaqətini geri qaytardı. Biz bundan sonra heç vaxt gözüqıpıq, qulağısallaq, üzüqara gəzməyəcəyik. Bu, vüqar və qürur işidir. Düzdür, müharibə qan-qadasız olmur. Şəhid və itkilərimiz də vardır. Lakin onlar da bizim qürur, fəxr yerimizdir. Torpaq şəhid qanıyla müqəddəsdir. Atatürk bu xüsusda deyir: "Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə suvarmadıqda azad oluna bilməz".

İllər boyu azadlığa təşnə olan xalq, öz torpaqlarını müstəbiddən xilas etmək istəyilə çırpınan millət hər cür şəxsi dərd-bəlanı, faciəni təmkinlə qarşılayır, ağrıya-acıya mətanətlə dözür, hər bir fərd özünü müsəlləh əsgər hesab edir. İlahi, bu qədər şəhid verəsən, bəlalarla üzləşəsən, ev-eşiyini mərmi apara, gecə yatdığın yerdə başına bombalar yağa, yuxudan ayılıb yanındakı ciyərparanı ölü görəsən, amma ruhdan düşməyəsən, düşmənə nifrət hissilə yaşayasan?.. Bu qədər şəhidlər verilir, nə qədər acı olsa da, atalar, analar fəxr edir. Hardan gəlir bu güc, hardan qaynaqlanır bu qeyrət hissi?.. Oğlu şəhid olmuş ata gülə-gülə danışır: "Bir oğuldur, böyütmüşdüm, xalqıma qurban getdi. Biri də var, lazım gəlsə, o da gedəcək". Evi başına uçulmuş bir başqası heç nə olmayıbmış kimi, Prezidentimiz var olsun, Ordumuz yaşasın, - deyir. Bax, Azərbaycan xalqı budur! Hər şeyini verməyə hazırdır, hər şeydən keçmək amacındadır, təki torpaq qayıtsın, xalqın, millətin ölməz ruhu, qeyrəti, namusu yaşasın. Belələrinin qarşısında diz çökmək, baş əymək də azdır. Azərbaycan xalqı bütünlükdə bu şəhid ailələrinə, bu başı müsibət çəkmiş cəfakeşlərə əbədi borcludur. İllər keçsə də, məncə onların bu rəşadəti, bu dönməzliyi, bu mərdliyi və cəsarəti unudulmayacaqdır. Hamılıqla əbədi onların xidmətində olmalıyıq, onlara hər yerdə yol verməliyik, məclislərin başında oturtmalıyıq.

Bilgə xaqan "Türk, özünə qayıt, sən özünə dönəndə güclü olursan", - deyə hayqırırdı. Bu günlər azəri türkünün özünəqayıdış, özünütanıma, özünüdərketmə zamanıdır. Bu an, bu zaman yetişdi. Səbrlə, inadla, ruhi təlaşla gözlədiyimiz gün gəlib çatdı. Bu günün müəllifi isə Ali Baş Komandan İlham Əliyevdir! Bu tarix onun əliylə, onun qələmiylə, onun cahanşümul siyasi iradəsi, dönməz, sarsılmaz qeyrətilə yazılır. Azad olunmuş Qarabağ torpağı İlham Əliyevin şah əsəridir. O, bu əsəri səbrlə, hövsələylə, təmkinlə yazmışdır. Bəzi üzdəniraqların tənəli istehzaları, "lazım gəlmədi", ironiyalarına dözə-dözə yazmışdır. Ölkənin iqtisadi gücünü artırmış, milli birliyə, vətəndaş həmrəyliyinə nail olmuş, bacarıqlı, istedadlı siyasi rəhbər kimi xalqı öz ətrafında birləşdirmişdir. Əsas da odur ki, 17 il ərzində, Prezidentliyi dövründə müasir ordu quruculuğu ilə intensiv məşğul olmuş, ordunu müasir texnologiya, silah-sursatla təmin etmiş, əsl müasir, XXI əsrin döyüşkən ordusunu formalaşdırmışdır. Təsadüfi deyil ki, Pentaqonun bir generalı Azərbaycan ordusunun Qarabağ torpaqlarındakı hərbi əməliyyatlarından heyrətə gələrək onların döyüş-taktiki manevrlərini ən müasir üslublu taktiki gedişlər adlandırıb və bu üsullardan Amerika ordusunu yararlanmağa çağırıb. Bütün bunlar ordumuzun nə qədər hazırlıqlı, müasir döyüş üsullarına yiyələndiyini, əsl XXI əsr ordusu olduğunu bir daha sübut edir.

Bu uzun illər ərzində ən əsas məsələlərdən biri diplomatik-siyasi gedişlərin yüksək səviyyədə qurulması oldu. Beynəlxalq aləm tədricən hər şeydən, murdar erməni siyasətinin mahiyyətindən xəbər tutdu, Azərbaycanın haqq səsini eşitməyə başladı. Qonşu dövlətlər - Rusiya ilə, İranla diplomatik əlaqələr səhmana salındı. Onlar Azərbaycanın haqq işini tanıdılar. Pakistan bütün resursları ilə Azərbaycana kömək etməyə hazır olduğunu bəyan etdi. (Doğrudan da heç nə yaddan çıxmır, unudulmur. Azərbaycan mesenantı Hacı Zeynalabdin Tağıyevin vaxtilə Pakistana vəba xəstəliyilə bağlı yardımı, dava-dərman, həkim briqadası göndərməsi, indi öz bəhrəsini verir). Türkiyə ilə münasibətlər isə tamam başqa mənzərə ortaya qoydu, fərqli düşüncəyə dayandı. Bu strateji tərəfdaşlıqdan, dostluqdan daha çox qardaşlıq münasibəti idi. Qardaş qardaşçün ölümə getməyə hazır olduğu kimi Türkiyə də Azərbaycan üçün hər şeyə getməyə amadə olduğunu ortaya qoydu. Türkiyə Cümhurbaşkanı R.T.Ərdoğanın çıxışları, əməli addımları, Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlunun gerçək çabaları, ümumiyyətlə, Türkiyə xalqının dürlü köməyi Azərbaycana böyük mənəvi dəstək oldu. Xüsusən, cənab Rəcəb Tayyib Ərdoğanın sinəsini irəli verərək Azərbaycan xalqının daim yanında olduğunu bəyan etməsi, cənab Prezidentimiz İlham Əliyevə "qardaşım", - deyə müraciət etməsi, hər bir addımda Azərbaycan xalqı ilə birgə olduğunu açıqlaması qələbəmizin təminatçısı kimi çıxış etməsini qərarlaşdırmışdır. Türkiyə-Azərbaycan birliyi bu qələbənin rəhni kimi çıxış etmişdir.

Biz 28-30 il gözlədik. Əslində gözləmədik. Bugünkü döyüşlər göstərir ki, biz bu illərdə hazırlaşmışıq, iqtisadiyyatımızı möhkəmləndirmişik, xalqımızın milli-mənəvi müqavimət gücünü ortaya qoymuşuq, ən nəhayət, ordumuzu sivil, müasir tələblər səviyyəsində formalaşdırmış, ordu quruculuğumuzu günün tələbləri səviyyəsində normal hala gətirmişik. Bununla bərabər cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı daxildə gözə görünən və gözə görünməyən, gizli, sirli qüvvələrlə mübarizə aparmış, onları neytrallaşdırmışdır. Bu müharibə bizə dostu-düşməni də yaxşı tanıtdı. İllər boyu İsrail dövlətini düşmən obrazında görənlər tamam əksinin şahidi oldular. Radikal müsəlmanlar İsrail dövlətini düşmən sifətində təqdim edirdilər. Amma Azərbaycanın haqq savaşında bizimlə bir cərgədə dayanan, bizim ədalətli mübarizəmizi dəstəkləyənlərdən biri İsrail oldu. İran barədə danışmağa dəyməz. Həmişə hadisələrə loyal və mütəhərrik münasibət sərgiləyən İran İslam Respublikası bu dəfə də üzdə bir cür özünü göstərirdi, batində isə başqa cür hərəkət etdi.

Ermənilər müharibənin gedişi boyunca xislətlərini göstərir, öz faşist niyyətlərini ortaya qoyurlar. 1949-cu il Cenevrə Konvensiyasına görə müharibə dövründə mülki şəxslərin hədəf seçilməsi qəti qadağan edilir. Ermənilər isə, əksinə olaraq, dinc əhalini hədəf seçir, onları raket, top atəşinə məruz qoyur. Onların hədəfi olmuş 100-ə yaxın dinc əhali həyatını itirib, 400-dən çox adam isə müxtəlif dərəcəli yaralanıbdır. Müharibədə döyüş qanunları təsbit olunub. Döyüş əlahiddə ordu ilə aparılmalıdır. Amma ermənilər bütün beynəlxalq qanunların əleyhinə olaraq dinc əhaliyə qarşı aqressiya nümayiş etdirir. Dünyəvi, planetar qanunlarda bu, yolverilməzdir. Tarixi planda bu, ancaq Hitler təcrübəsində özünü göstərmişdir. Uduzduğunu gördükcə quduzlaşan Fürer dinc əhalini gülləbaran etməyi göstəriş verirdi. İndi ermənilər həmin təcrübəni sınaqdan çıxarır.

Bu müharibə başqa bir yöndən də Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının uğurlarını aşkarladı: siyasi və diplomatik sahədə. Cənab Prezident İlham Əliyev çoxsaylı beynəlxalq media nümayəndələrinə, müxtəlif jurnalistlərə müsahibələrində siyasi-diplomatik hazırlığını açıb göstərdi, dolaşıq, çalpaşıq suallara təmkinli, məntiqli, aydın və birmənalı cavabları ilə bütün beynəlxalq aləmi (o cümlədən, onu dolaşdırmaq istəyən jurnalistləri də) heyrətə saldı, özünün vətənpərvərliyi, xoşməramlılığı, hər cür söhbətə açıqlığı və professionallığı ilə hamını fakt qarşısında qoydu. Bundan başqa, Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici Məsələlər üzrə şöbəsinin müdiri Hikmət Hacıyev öz çıxışları, suallara verdikləri cavablarla yetkin səviyyələrini sübut etdilər. Müharibə öz diplomatik qəhrəmanlarını da yetişdirdi.

Vətənin hər qarışı toxunulmaz və müqəddəsdir. Bu gün Azərbaycan ordusu tarixin sinəsində yeni bir tarix yazır. İşğal olunmuş torpaqlarımız addım-addım, kənd-kənd, qəsəbə-qəsəbə alınır. Şərəf işidir. Şanlı ordumuz şöhrət zirvəsinə öz adını yazır. Ermənilər Azərbaycan torpaqlarını üç ilə, pərakəndə şəkildə, ölüm-zülmlə almışdı. Yenicə müstəqilliyinə qovuşmuş xalq daxili problemlərlə məşğul olduğu bir dövrdə namərd erməni millətçiləri özünümüdafiə dəstələri ilə döyüşdə torpaqlarımızı ələ keçirmişdir. Nizami ordunun olmadığı, döyüş-sursatın yoxluğu, əliyalın xalqın düşmənlə üz-üzə gəldiyi bir dövrdə Azərbaycan torpaqları işğal edilmişdi. İndi isə, illərdən sonra müzəffər Azərbaycan Ordusu zəbt olunmuş torpaqlarını təxminən bir ay müddətinə ekspansiyadan azad edib. Bu, xalqın ruh yüksəkliyi, ordunun professionallığı və Ali Baş Komandanın iradəsi hesabına başa gəlmişdir.

Müharibə qanunlarına uyğun arxa cəbhədə nizam-intizamın qorunması, ictimai hərəkəti idarəetmə zərurəti  də unudulmamalıdır. Bunu Azərbaycan polisi şərəflə, ləyaqətlə, səliqəli, səriştəli şəkildə həyata keçirdi. Arxa cəbhə ön cəbhəyə dayaq oldu. Hərbi vəziyyətin idarə olunması, komendant saatının tələblərinə riayət edilməsi Azərbaycan polisi tərəfindən peşəkarcasına icra olundu. Bundan başqa, Daxili Qoşunların nümayəndələri ön cəbhədə əsgər və zabitlərlə çiyin-çiyinə düşmənə qarşı qəhrəmanlıqla döyüşdülər.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Azərbaycan tarixində hələ heç bir sərkərdə zəbt olunmuş torpaqları işğaldan azad edib geri qaytara bilməyib. Bu alnıaçıqlıq, üzüağlıq və fəxarət cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ünvanına yazılmış tarixi aktdır. İlham Əliyev yeganə sərkərdədir ki, onun başçılığı ilə ordumuz işğal olunmuş ərazilərimizi işğaldan azad etməkdədir. Bu tarixi fakt cənab İlham Əliyevin şəxsi və dövləti rekvizitinə yazılan şərəf işidir.

Noyabrın 8-də Şuşa mənfur düşmənin işğalından azad edildi. Azərbaycanlıların ruhi rahatlığı təmin edildi, xalqın mənəviyyat simvolu azadlığa çıxdı. Bu münasibətlə İlham Əliyev Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi. Xəbəri isə Şəhidlər Xiyabanından hesabat kimi elan etdi. Və "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim", - deyə bildirdi. Bəli, bu, Ulu öndərin vəsiyyəti idi, bu onun göstərişiydi. O, vaxtında söyləmişdi ki, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur". Ruhun şad olsun, Ulu öndər, vəsiyyətin çin oldu, xələfin İlham Əliyev sənin ən böyük arzunu yerinə yetirdi.

Fikrimi Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərilə bölüşmək istəyirəm. O yazır: "Döyüş əməliyyatları artıq dağ şəraitində aparılır. Azərbaycanın hərbi komandanlığı səliqəli və eyni zamanda savadlı fəaliyyət göstərir. Beləliklə, işlərin gedişatı elə olmalıdır ki, ya erməni silahlı birləşmələri bütün Azərbaycan ərazisini tərk edəcək, ya da hərbi əməliyyatları zamanı orada məhv ediləcəklər. Alternativ belədir".

Bəli, alternativ artıq göz qabağındadır. Alternativin isə alternativi yoxdur. Necə ki, olmadı. Ermənilər kapitulyasiya bəyanatını imzaladılar.

 





18.11.2020    çap et  çap et