525.Az

Adın şölə saçdı Ay dodağında... - Qəşəm Nəcəfzadədən yeni yazı


 

Adın şölə saçdı Ay dodağında... - <b style="color:red">Qəşəm Nəcəfzadədən yeni yazı </b>

28 il Qarabağ-Ağdam həsrətli ilə ömür sürən, bu gün isə Qarabağ-Ağdam sevinci ilə yaşayan Ağdamın şair qızı Tükəzban Vəliqızı növbəti kitabı ilə oxucuların görüşünə gəlir.

Kitabda toplanan şeirlərin əsas mövzusu vətən və bu vətənin təbiəti, gözəlliyi, insanların daxili-psixoloji gərginlikləridir. Şair insanların düşüncələrini olduğu kimi əks etdirir. Bu düşüncələrdə kədər hissi də var, sevinc hissi də. Şair bu hissləri nə artırır, nə azaldır. Olduğu kimi hər şeyi qədərində təqdim edir. Aşağıdakı misraya fikir verək:

Əvvəl qəlbdə bitir, gözdə bitənlər...

Hamının bildiyi və heç vaxt poetik şəkildə deyə bilmədiyi bir ifadəni şair orijinal bir şəkildə ortaya qoyur. Qəlbdə yeri olmayan heç vaxt gözdə yuva qura bilməz, yəni onun qayğısı, kədəri, sevinci gözdə əks olunmaz. Başqa bir misal:

Adını gecəyə pıçıldadım mən,
Adın şölə saçdı Ay dodağında.

Bu iki misrada adamın gözü qabağında yeni poetik bir lövhə açılır. Sanki sevgilinin adı çəkiləndə Ay daha da işıqlanır. Amma vaxtı ilə Xalq şairi Nəbi Xəzrinin bir şeirində sevgi əhdinə şahid olan Ay sevgililər ayrılanda qaçıb buludların arxasında gizlənirdi. Müəllifin digər bir şeirində:

Gecələr buludlar şimşək gözüylə,
Tələsik, tələsik yerlərə baxır.

Şair yenə gözəl bir təbiət lövhəsi yaradır. Qaranlıq gecədə, yağış yağanda sanki göylər şimşəkləri alışqan kimi yandırır, yerə baxır, yer üçün darıxır. Həmin şeirin sonluğu poetik bir ovqatla bitir.

Yağış damcıları dəysin budağa,
Tökülsün torpağa yağış almalar.

"Yağış almalar" ifadəsi çox xoşuma gəldi. Əslində almaların əmələ gəlməsində və yetişməsində yağışın mühüm rolu var. Ancaq bunu bədii şəkildə ifadə etmək şairin uğurudur.

Şairin "Kəlağayı" şeiri də çox maraqlı gəldi mənə. "Yelənli" sözü şeirin dil ərazisini daha da genişləndirir.



Kəlağayım yelənlidi...

Tükəzban xanım "Qarabağsız Azərbaycan yoxdur, yox" kitabında Qarabağ sevgisindən tutmuş, xəstəlik, sevgi, ayrılıq, həsrət, Təbriz, Xocalı, Borçalı mövzularına öz təbinin gücü çatdığı qədər toxunur və şeirlərinin ümumi cəmində gələcəyə ümid, vüsal duyğuları ərsəyə gəlir. Bu yolda Tükəzban xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 





18.11.2020    çap et  çap et