525.Az

Rusiya sülhməramlıları üçün son şans - Xaqani Cəfərli yazır


 

Rusiya sülhməramlıları üçün son şans - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında bəyanat imzalndıqdan dərhal sonra bölgəyə sülhməramlı kontingenti yeridildi.

Bəyanatın 3-cü maddəsinə uyğun olaraq, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfər hərbi qulluqçusundan, eləcə də 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin yerləşdirilməsi müəyyən edilib. Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki necə adlandırılmasından asılı olmayaraq Rusiya ordusu ilə bağlı Azərbaycan cəmiyyətində ciddi etimadsızlıq mövcuddur. Bu etimadsızlığın tarixi kökləri isə çox dərindir və XIX əsrin əvvəllərinə qədər uzanır. Qarabağ xanı İbrahim xanın aldadılaraq ailəsi ilə birlikdə qonaq dəvət edildiyi Şuşa yaxınlığındakı Xanbağında rus mayoru Lisaneviçin dəstəsi tərəfindən 12 iyun 1806-cı ildə qətlə yetirilməsi ilə rus ordusuna etimadsızlığın təməlini qoydu. Bu olayla bağlı xatirələrin unudulmağa başladığı zamanda isə Sovet ordusunun 20 yanvar 1990-cı ildə Bakıda törətdiyi kütləvi qətl hadisəsi baş verdi. Bunun ardınca isə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdiyi soyqırımda Xankəndində yerləşən 366-cı qvardiya motoatıcı alayının bir qrup hərbçisinin də iştirak etməsi haqqında məlumatlar Azərbaycanda rus hərbçiləri ilə bağlı dərin etimadsızlıq yaranmasına səbəb oldu. Belə bir şəraitdə yenidən Dağlıq Qarabağa Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsi narahatlıqla qarşılanıb. Xüsusilə ən yeni silah sistemlərinin Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi suallar doğurur. Məsələn, RB-341V "Leer-3" elektron mübarizə və elektron kəşfiyyat kompleksinin hansı məqsədlər üçün Dağlıq Qarabağa gətirildiyi məlum deyil. Bu kompleks mobil rabitənin boğulması, abunəçi nöqtələrinin aşkarlanması və artilleriya zərbələri endirmək üçün yerləri haqqında məlumatı rəqəmsal xəritəyə ötürmək qabiliyyətinə malikdir. Bu kompleksdən Suriyada hansı məqsədlər üçün istifadə edildiyi aydın olsa da, həmin texnikadan Dağlıq Qarabağda hansı məqsədlər üçün istifadə olunacağı aydın deyil.

Üstəlik, onu da nəzərə almalıyıq ki, Rusiya sülhməramlıları ilə bağlı dünyada, xüsusilə postsovet məkanında dərin etimadsızlıq mövcuddur. Bu etimadsızlığın əsas səbəblərindən biri ondan ibarətdir ki, Rusiya sülhməramlıları Kosova istisna olmaqla, bu günə kimi getdikləri bölgələri tərk etməyiblər. Rusiya sülhməramlılarının Kosovanı tərk etməsi isə bu regionda sülhyaratma əməliyyatının NATO-nun rəhbərliyi altında aparılması ilə izah edilir. Yəni, Rusiya sülhməramlıları Kosovadan çıxmayıb, çıxarılıb.

Postsovet məkanında isə Qarabağdan başqa Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada, eləcədə Moldovadan ayrılmağa cəhd edən qondarma Dnestryanı Respublikasında da Rusiya sülhməramlıları mövcuddur. Öncə Rusiya Cənubi Osetiyaya özünün sülhməramlılarını yerləşdirib. 1992-ci il Soçi anlaşmasına görə bölgədə 500 nəfər hərbçi Rusiyadan, 500 nəfər Şimali Osetiyadan və 500 nəfər isə  Gürcüstandan olmaq şərti ilə birgə sülhməramlı qüvvə yaradılmışdı. Şimali Osetiya Rusiyanın bir bölgəsi olduğu üçün əslində, həmin 500 nəfər hərbçinin Moskvanın əmri ilə hərəkət etdiyi şübhəsizdir.

Rusiya separatçı Abxaziyaya sülhməramlıları "Atəşkəs və qüvvələrin ayrılması haqqında" 1994-cü il Moskva sazişinə əsasən yerləşdirib. Halbuki, əslində, həmin sülhməramlılar Müstəqil Dövlətlər Birliyini təmsil etməli idi. Çünki 1994-cü ilin mayında Moskvada imzalanmış sazişdə sülhməramlıların MDB ölkələri tərəfindən formalaşdırılması nəzərdə tutulurdu. Həmin sazişdən sui-istifadə edən Rusiyaya Abxaziyada 3 min nəfərlik hərbi qüvvə yerləşdirmək imkanı qazandı.



Gürcüstan dəfələrlə Rusiyanın sülhməramlılarını ərazidən çıxarmağa çalışsa da, Moskva bunun üçün tərəflərinin hamısının razılığının zəruriliyini irəli sürərək Tbilisinin rəsmi qərarlarını nəzərə almayıb. Sonradan isə bu separatçı bölgələr Rusiya sülhməramlılarının müdafiəsinə güvənərək özlərinin müstəqilliklərini elan ediblər. Eyni zamanda, rəsmi Tbilisi bir neçə dəfə Rusiya sülhməramlılarının Abxaziya və Cənubi Osetiyanın inzibati ərazisinə aid olmayan torpaqların da tədricən işğalını həyata keçirməsi haqqında beynəlxalq təşkilatlara müraciət edib. Lakin Rusiya bu etirazları da nəzərə almır və hətta mövqe də bildirmir.

Moldovanın separatçı bölgəsi Dnestryanı Respublikada Rusiya sülhməramlıları 21 iyul 1992-ci il anlaşması ilə təmsil olunur. ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində Rusiya özünün sülhməramlılarını 2002-ci ilin sonuna kimi çıxarmaq haqqında öhdəlik götürsə də, bu günə kimi əməl etməyib.

Bütün bunlara görə Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsindən narahatdır. Bu narahatlıq nə qədər əsaslı olsa da, indiki vəziyyətin fərqli olması nikbinlik yaradır. İlk öncə Azərbaycan Ordusunun kifayət qədər güclü olması, eyni zamanda Türkiyənin birmənalı dəstəyi Gürcüstan ssenarisinin təkrarlanma ehtimalını aradan qaldırır.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 10-da əldə etdikləri razılaşmanın yerinə yetirilməsinin monitorinqini aparmaq üçün Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir. Bu isə Rusiya sülhməramlılarının öz mandatlarına uyğun fəaliyyət göstərməkdən başqa yolu olmadığını diqtə edir. Eyni zamanda, Rusiya sülhməramlıları üçün özlərinin korlanmış imiclərini düzəltmək üçün bu, son şansdır. Əgər Rusiya sülhməramlıları bu şansı doğru qiymətləndirməsələr, bundan sonra onların bir daha bu mandata sahib olmaları sual altına düşəcək. Xüsusilə də Moskva bəzi rusiyalı təhlilçilərin Qarabağa sülhməramlı kontingent yerləşdirməyin əleyhinə çıxışlarını diqqətə almalı, bu addımın Rusiya üçün ən qorxulu tələ olması haqqında çağırışlara laqeyd qalmamalıdır.

 





18.11.2020    çap et  çap et