525.Az

Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq - "Bir rəsmin dedikləri"


 

SALVADOR DALİNİN SİRLİ-SEHİRLİ TABLOSU

Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq - <b style="color:red">"Bir rəsmin dedikləri" </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlidir.

Günel xanımla
Salvador Dalinin öz mistik mesajları ilə bu gün də böyük marağa səbəb olan "Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq" əsəri haqqında danışmışıq. 

***

- Günel xanım, öncə əsərin yaranma səbəbindən danışaq. Bu səbəb hansı hadisələrlə bağlı idi?

- Tarixə sirli, mistik, mesaj ötürücü əsər kimi düşən "Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq" tablosu məşhur ispan rəssamı, sürrealist cərəyanın görkəmli nümayəndəsi Salvador Dali tərəfindən 1943-cü ildə kətan üzərində yağlı boya texnikasında işlənib. İkinci Dünya müharibəsi dövründə yaranan əsər ilk dəfə Nyu-Yorkdakı Mark Naudlerin qalereyasında sərgilənib. Əsərin məna və məzmunu dərin maraq doğurduğundan onun haqqında bir çox siyasətçilər, sənətşünaslar maraqlı və fərqli şərhlər veriblər.

Yeri gəlmişkən, Salvador Dalinin başqa bir əsəri - "Amerika poeziyası" həm tematika, həm də üslubi baxımından bu əsərlə səsləşir və rəssam onu da təxminən bu rəsmlə eyni dövrdə çəkib. O dövrlər Amerika Birləşmiş Ştatlarına sığınan sənətkarın həmin əsərini onun bu dövlətə qarşı istedadlı bir övgüsü, tərifi kimi də qəbul edə bilərik.

Salvador Dalinin o dövrdə dünyada baş verən hadisələrlə bağlı dərin bədbinliyini əks etdirən və 3 il ərzində çəkdiyi "Axşam hörümçəyi" tablosundan fərqli olaraq "Geosiyasi uşaq" əsəri daha nikbindir. Buna səbəb isə rəssamın ABŞ-dakı müvəffəqiyyəti idi. Eyni zamanda, əsər özündə İkinci Dünya müharibəsindən sonra dünyanın aqibəti haqqında simvolik məlumatları əks etdirir.

- Əsərdə mövcud olan gizli və sirli məqamlar haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Salvador Dali əsərlərində gizli mesaj ötürməyi sevir. Onu dahi rəssam edən həssas məqamlardan biri də elə bu bacarığıdır ki, tamaşaçı tabloya baxır və anlamağa çalışır. Anlamadıqda isə axtarışa çıxır və rəssamın nə demək istədiyini çözmədikcə əsərdən əl çəkmir. Onun heç bir əsəri asan anlaşılan deyil. Sirr və mesajlar rəssamın çəkdiyi hər bir detalda, hər bir jestdə gizlənir.

Rəssamın özünün bu rəsm əsəri haqqında sadaladığı "açar sözlər" maraq doğurur: "Paraşut, intibah, günbəz, müdafiə, katoliklik, yumurta, bioloji ellips, yer dəyişikliyi. Bu qeydlər əsərin adı da daxil olmaqla çox şey izah edir. Coğrafiya tarixdə böyüyür və onun gedişatını təyin edir. Elə o dövrdə geopolitika anlayışı yenicə ortaya çıxır və bu səbəbdən bir elm olaraq uşaq kimi təsvir olunub.

Kompozisiyada yumurtadan, bioloji ellipsdən çıxan - yeni doğulan insan təsvir olunub. Başqa bir yarımkürədə, Birləşmiş Ştatlar adlanan heyrətamiz bir ölkədə düşünülmüş yeni insan yetişib və doğulmaq üzrədir. Yeni insan, yeni sivilizasiya, yeni dünya nizamı... Doğulmaq - yenilik gətirməklə reallığı dəyişdirməkdir. O, yerləşdiyi məkanı sındıraraq dünyaya gəlir. Necə ki, bütün canlılar və fikirlər dünyaya bu yolla gəlir. Bu bir bioloji prosesdir: hər canlı varlıq doğur, böyüyür, güc və firavanlığın qızıl dövrünə çatır və sonra qaçılmaz olaraq qocalır və ölür.

Yumurtanın üzərində isə yer kürəsinin təsviri var. Burada geopolitika həm də metafizika və beynəlxaq münasibətlərin formalaşması konteksində təqdim olunub. Əsərdə yeni insanın doğuluşu yeni dünyanın, yeni cəmiyyətin doğuluşunu izah edir və bu proses Şimali Amerikadan müşahidə olunur. Yeni insan sanki əvvəlcədən özünü müqavimətə hazırlayaraq atlet kimi doğulur. Yeni insanının əli bütünlükə Böyük Britaniyanı ovuclayıb, ayağı isə Hindistana qədər uzanıb. Politoloji nöqteyi-nəzərdən məhz bu nöqtələr Şimali Amerikanın əsas dayaq nöqtələridir.

Rəssam gözəl rənglənmiş günbəz yumurtanın altındakı təbəqə ilə birlikdə yeni bir həyatı simvolizə edərək, mərkəzdə dayanan yumurtanı bəşəriyyətin incisi kimi təqdim edib.

- Salvador Dalinin Qafqaz və NATO ilə əlaqəli mesajlarını harda görə bilərik?

- Əsərin sağ hissəsində sağ qolunun şəhadət barmağı ilə Qafqazı, bəzi versiyalara görə Gürcüstanı, bəzi versiyalara görə Bakını işarə edən Hermofraditin təsvirini görə bilərik. Onun yumruğu şeytanın gülüş cizgisini özündə əks etdirir. Kürən hermofraditin kölgəsinə fikir versək, Qafqaza uzanan qolun kölgəsinin olmaması maraq doğurur. Con Kennedi əsər haqqında öz fikirlərini paylaşanda mövcud olmayan kölgə barəsində vaxtilə bizi xəbərdar etmişdi.



Hermofraditin ayaqlarına sarılan geosiyasi körpənin boyu kiçik, bədəni isə əzələli kişinin bədənini xatırladır. Körpənin kölgəsi də öz forması ilə vəhdətdə deyil, kölgə körpənin bədənindən 3 dəfə büyükdür. Bu, körpənin ideoloji tutumunun böyüklüyünə işarədir. Körpənin arxasında isə İsa Məsihin cizgilərini xatırladır təsvir görürük.

Əsərdə yumurtanı nəzərə almasaq, Hermofradit və körpə Şərqi, əsərin sol hissəsində arxa planda söhbət edən iki nəfər Qərbi tərənnüm edir. Onların birinin baş geyimində ulduzlar təsvir olunub. Təsvir olunan həmin insan texnologiyanın və yeni maliyyə dövriyyəsinin kahini hesab olunur. Şərq hissədə Günəşi və onun şüalarını özündə əks etdirən qülləni görürük. Bu qüllə tanrının, Günəşin və işığın evi olan Qafqaz qülləsi ilə eynilik təşkil edir.

NATO-nun Brüssel şəhərindəki Baş qərargahında Salvador Dalinin "Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq" əsərinin surətinin asılması səbəbsiz deyil. Əsərdə NATO-nu simvolizə edən bir çox detalları görmək olar ki, bu da NATO üçün əhəmiyyətlidir.

Yumurtanın üzərində xilaskar İsa Məsihi və onun 12 apostolunu tərənnüm edən 13 tərəfli çətir görürük. NATO ilk yarananda da onun 13 üzvü var idi. Bu o deməkdir ki, yeni doğulan insana NATO himayədarlıq edir. Yeni yaranan geopolitik uşağa isə Qafqaz mane olur. Qafqazda hətta arqonaftların belə axtardığı qədim müdriklik, mənəviyyat gizlənir. Bu isə Antixristin (Dəccal) yaranmasına mane olur.

- Əsərdə mistik simvollar özünü necə göstərir?

- Əsər demək olar ki, bütünlüklə gözlə görünə və ya təxmin edilə biləcək mistik simvollardan ibarətdir. Bu səbəbdən əsərə ezoterik yanaşma da mümkündür. Məsələn, yeni doğulan insanın İsa Məsih olması versiyası maraqlıdır. İsa Məsih iki dəfə doğula bilməz deyə əsərdə təsvir olunan insan Antixristdir. Bunu göstərən elementlərdən biri də yeni doğulan insanın sol qolunun üçbucaq formasında bükülməsi və onun bədənin üç dəfə 6 rəqəmini təkrarlamasıdır. 6 rəqəmini həm yumurtanın kəsiyində, həm qolun bükülməsində, həm də qolun kölgəsində görürük.

İnsanlar İsa Məsihi qəbul etmədilər, amma Antixristi qəbul edəcəklər. Antixrit solaxay olacaq, çünki yeni insan yumurtadan sol əli ilə çıxır.  Yeni insanın vətəndaşların milliyyəti olmayan ABŞ da doğulması, Qafqazın Avrasiyanın geopolitik mərkəzi sayılması, Afrikanın altındakı damlaya bənzəyən tək gözlü ağlayan afroamerikalı və digər bu kimi gözə tez dəyməyən bir çox detallar bəlkə də, hələ tam dolğun izahını tapmayıb...

Aytac SAHƏD

 





18.11.2020    çap et  çap et