525.Az

"Jurnalistika təkcə təfəkkür yaradıcılığı deyil" - Müsahibə


 

ƏLİSAFA MEHDİ: "MƏMUR BİLMİR Kİ, JURNALİSTLƏ NECƏ DANIŞMALIDIR, ONA GÖRƏ DƏ ÖLKƏDƏ REKET JURNALİSTİKA BAŞ ALIB GEDİR"

"Jurnalistika təkcə təfəkkür yaradıcılığı deyil" - <b style="color:red">Müsahibə</b>

Artıq bir müddətdir, Konflikt Jurnalistikası Məktəbinin yaradıcısı, "Dinc dünya" Araşdırma Mərkəzinin sədri, Birinci Qarabağ savaşının iştirakçısı, jurnalist Əlisafa Mehdi ilə konflikt jurnalistikası və ekstremal jurnalistikanın günümüzdəki durumu haqqında müsahibələr edirik.

Bu günlərdə Əlisafa Mehdinin "Məmur və jurnalist" kitabı işıq üzü görüb.

Kitabda ekstremal, konfliktli hallarda mass-media prinsiplərinə, insanların qanunla informasiya alma hüquqlarına əməl edərək jurnalistlərlə davranma, özünün və qarşı tərəfin ləyaqətini qoruma, bununla da, peşə vəzifəsini şərəflə yerinə yetirmə barədə təcrübələr, tövsiyələr toplanıb.

Ə.Mehdi ilə növbəti söhbətimiz də elə bu məsələlərlə bağlıdır.
 

***

- Əlisafa müəllim, bu günlərdə yeni kitabınız işıq üzü görüb. Bildiyimiz kimi, hər bir kitabın ərsəyə gəlməsində bir zərurət olur. Bu mövzuda kitab yazmaq nədən qaynaqlandı?

- Bu mövzu indiyəcən işlənməyib, bu sahədə ciddi boşluq var. Ümumiyyətlə, bizdə məmurların əksəriyyəti jurnalistikanı gördüyü qədər, istehlakçı qədər bilir. İstehsalçı isə jurnalistika məhsulunun ortaya gəlmə prosesini görmür. Bilmirlər ki, bunlar hansı məşəqqətlərdən, əziyyətlərdən, yaradıcılıqdan, qanun-qaydalardan keçir. Üstəlik, jurnalistika təkcə təfəkkür yaradıcılığı deyil axı, bu həm də bir texnologiyadır, prosesdir. İstədim ki, bu proseslə məmurları tanış edim. Jurnalist məmurla rastlaşanda hər ikisinin qarşılıqlı hüquqi statusları ortaya çıxır. Məmurların əksəriyyəti bu situasiyada öz statusunu bilmir, KİV haqqında qanundan xəbərləri yoxdur, o cümlədən, bilmirlər ki, jurnalist hara qədər hüquqludur, qırmızı xətti haradadır. Eyni zamanda, informasiyanın verilməsi haqqında qanunda məmur hara qədər hüquqludur, nəyi deməyə borcludur, nəyi deməməlidir kimi məsələləri bilmirlər. Bu çərçivə onlar üçün anlaşıqsız ölçüdədir. Elə buna görə də, ölkədə reket jurnalistika baş alıb gedir. Çünki məmur bilmir ki, jurnalistlə necə danışmalıdır ki, qanunlara sosial normalara əməl etmiş olsun. Həmişə bu barədə danışmışam, yenə də deyirəm, ölkədə qonzo jurnalistika baş alıb gedir. Jurnalist elə bilir ki, hər şeyi deyə bilər, həmişə öz adından danışa bilər və hökm çıxarda bilər, rəy verə bilər. Bunları məmurların çoxu bilmir. Həmkarlarımla bu barədə söhbətləşdim və gördüm ki, bu sahə boşdur. Həm də bu, mənim elmi işimdir: "Media hərbi-siyasi konfliktlərin tənzimlənməsi prosesində - Azərbaycan və dünya təcrübəsi". Bəs yaxşı, biz məmur deyəndə kimi nəzərdə tuturuq, münaqişə daha çox hansı məmurlarla olur? Əlbəttə ki, konfliktli-ekstremal situasiyalara cavabdeh olanlarla - polis, prokuror, FHN-in zabiti, hakim və s. Bu kitab onların dediyim sahələri bilmələri üçün yazılıb.

- Kitabda məmurla jurnalist arasında yaranan narazılıqların səbəblərini və həll yollarını təhlil etmisiniz. Bu problemin ciddiliyi haqqında danışaq...

- Birinci növbədə, hər iki tərəfin - məmur zümrəsinin də, jurnalist heyətinin də bəzi nümayəndələrinin hüquqi savadsızlığı və psixoloji zəifliyi məsələni ortaya qoyur. Yaxud, hüququn aliliyini qəbul etmək istəmirlər. Cəmiyyətdaxili prosesə baxaq. Vətəndaş rüşvət verir, məmur alır, cinayətkar, xəta törədən rüşvət vermək istəyir, məmur da almaq istəyir. Vətəndaş özününkünü hansısa əyri yollarla işlə təmin etmək istəyir, yerlibazlıq istəyir, cəzadan qaçmaq istəyir, məmur da bu durumdan sui-istifadə edir. Bu prosesdə həmin məmurlar üçün cəmiyyət istifadə mənbəyidir ki, rüşvət alsın, yerlibazlıq eləsin, monopoliya cəhdi eləsin. Nəticədə nə olur? Dövlət qurulmur, kütlə xalqlaşa bilmir. Bu xalqlaşmanı reallaşdıran ən böyük güclərdən biri də, təbii ki, jurnalistikadır. Bu qüsurların hamısı informasiya mənbəyidir - jurnalist alır, hazırlayır, ötürür. Bu prosesdə məmurun nə üçün belə etdiyi kitabda açıqlanıb. Eyni zamanda, jurnalistlə məmur arasında münaqişənin yaranması səbəbləri, bu sayaq münasibətlərin tənzimlənməsi yolları kitabda açıqlanır, ortaya qoyulur. Kitabda hər iki tərəfin nöqsanlarının 8 arqumentini sadalamışam.

- Kitabda ekstremal situasiyalarda məmurların jurnalistlərlə necə davranmalı olduqları haqqında nəzəri, təcrübi tövsiyələr əksini tapıb. Sizcə bu, məmurla jurnalist arasında münasibətləri sahmana salmaqda yetərli bazadırmı? Kitabda bu nəzəri məsələlərə uyğun hansısa praktiki tədbirlər nəzərdə tutulurmu?

- Kitabın sonunda konseptual təklif vermişəm. Ekstremal situasiyalara cavabdeh olan məmurlarla, yəni zabitlərlə jurnalistlər arasında qarşılıqlı münasibətləri son məqamına qədər qanunlarımız tənzimləyir. Hətta terror, epidemiya hallarında, texnogen hadisələrdə məmur jurnalist üçün hansı şəraiti yaratmalıdır - bütün bunlar haqqında qanunlar yetərincədir. Amma konkret olaraq, belə bir təcrübənin qaydalaşdırılması üçün Çevik Media Klubunun yaradılması vacibdir. Konkret situasiya baş verən vaxt hadisə yerinə axışan jurnalistlərin bir qərargahda toplanması, həmin ekstremal vəziyyətdə jurnalistlərin necə davranmalı olmaları barədə nə Müdafiə Nazirliyinin, nə Daxili İşlər Nazirliyinin, nə Hərbi Prokuraturanın, nə Fövqəladə Hallar Nazirliyinin, nə Ədliyyə Nazirliyinin, nə Sərhəd Xidmətinin... və digər uyğun qurumların təcrübələri formalaşmayıb. Halbuki, bunu qurmaq çox asandır. Bir situasiyanı izah edim. Ermənilər məğlub olsalar da, bu 44 günlük döyüşlərdən yetərincə görüntülər yaydılar. Döyüşün içində konkret olaraq dünyanın başqa-başqa ölkələrindən də stringer jurnalistlər var idi. Ermənilərin qırılmasını, geri çəkilməsini, ac-susuz qalmasını, köçmə, yerdəyişmə şəraitini, hamısını lentə aldılar. Bunlar həmin gün göstərilməsə də, mövqe dəyişiləndən sonra göstərilə bilər.

Həmin görüntülər bu savaşın mahiyyətini, xronologiyasını ortaya qoymaq üçün sənəddir. Bizdə isə, bunu heç kim etmədi və 44 günlük şərəf tariximizin yazıldığı proses sənədləşmədi. Bizim jurnalistlər yalnız arxadan qorxa-qorxa, gizlənə-gizlənə dağılmış evləri göstərməklə məşğul oldular. Konkret döyüş prosesi arxivləşmədi. Ona görə ki, biz ekstremal situasiyalarda davranmaq vərdişlərini və vacibliyini mənimsəmişik.

Eyni zamanda, Azərbaycandakı jurnalistika qurumları da bununla maraqlanmır. Belə olan halda nə etmək gərəkdir? Başda Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi, ölkədəki jurnalistika fakültələri, mütəxəssisləri olmaqla, yığışıb bu mövzunu müəyyən etməlidirlər, bizim verdiyimiz konsepsiyanı redaktə etməlidirlər. Ondan sonra, həmin ekstremal vəziyyətlərə cavabdeh olan nazirliklərlə jurnalistlər arasında qarşılıqlı münasibətləri tənzimləməyin konkret platformasını ortaya qoymalıdırlar.

- Bu yaxınlarda bir neçə xarici jurnalistin Prezident İlham Əliyevə ünvanladığı qərəzli suallardan yəqin ki, xəbərdarsınız. Sizcə, çox yüksək inkişaf edildiyi deyilən Qərb jurnalistikası məmur və jurnalist münasibətlərində etik qaydaları niyə pozdu? Bu, yolverilən haldırmı? Sualların qoyuluşunda edilən təhriflər bizə nədən xəbər verir?

- Hə, alman, ingilis, kanadalı jurnalistlərin suallarında xeyli qərəz var idi. Paralellər aparılmadan, ermənilərin törətdiklərini nəzərə almadan, həm də müsahibə alan redaksiyanın aid olduğu dövlətin indiki siyasi-sosial durumda hadisəyə loyallığını ortaya qoymadan, konkret olaraq, məqsədli şəkildə suallar verirdilər.

İnternet şəbəkəsi yaranandan bəri xüsusi olaraq, çox ciddi şəkildə informasiya savaşı gedir. Bu savaşda qızğın, yüksək səviyyəli informasiya döyüşü aparan Ali Baş Komandan İlham Əliyev verilən sualların məqsədini də izah etdi. Bir növ o, qərəzləri faş etdi. Üstəlik də gerçək durumu ustalıqla ortaya qoydu. Hətta "Fox News"un reportyoruna açıq şəkildə dedi ki, bir güzgüyə baxın, sonra bu sualı verin.

İnformasiya savaşı aparılan prosesdə heç kim güzgüyə baxmır, özünü qıraqdan görmək istəmir. Bu bir qabiliyyətdir, əxlaqdır. Dəfələrlə dediyim bir söz var, kim söyürsə, özününkünü unudur. Yəni informasiya savaşı aparan tərəf də eyni zamanda özünü ortaya qoymalıdır, sonra bu savaşı aparmalıdır. Əks halda, jurnalistlərin dilində məşhur olan bir termin - "fake" yaranır. Ermənilərin maraqlarını güdən dünya mediasının məhsullarında "fake" ayaq tutub yeriyir.

Cənab Prezident 44 gün ərzində 30 dəfədən çox müsahibə verdi. Bu müsahibələrdə jurnalist əxlaqına yetərincə əməl edənlər də oldu. Sizin nəzərdə tutduğunuz Almaniya, Fransa, İngiltərə reportyorları idi ki, Qarabağ məsələsi onların dövlətinin mənafeyinə uyğun olaraq hansı bucaqdan görünürdüsə, o bucaqdan da sual verirdilər. Bu cür münasibətin də ənənəsi var. Yüz illərdir ki, Yer kürəsinin bu coğrafiyasına Avropanın baxışı budur. Bu da səbəbsiz deyil. Rusiya, Ermənistan, Fransa, İran... mediasının Azərbaycana qarşı informasiya hücumları, demək olar, elansız savaşdır. İnformasiyanın dağıdıcı, yaxud qoruyucu mahiyyətini uzun illərin təcrübələrindən çıxmış, güclü ideoloji silahlanma ilə cilalanmış jurnalist ordusu yetirə bilir. Bəşər həyatının yetərincə həssas olan bu məqamını balanslaşdırmaq üçün Azərbaycan jurnalistikasının xeyli geridə qaldığını təəssüflə qeyd etmək lazımdır.

Dünyanın ədalətli rəyini özümüzə yönəldə biləcəyimiz istiqamətdə işləyə bilmirik. Dezinformasiya basqılarına cavab və yaxud əks həmlə strategiyası çağdaş dünyada yetərincə işlək üsul olsa da, o ölkələrin mediası ilə işləmək taktikaları bizdə yox həddindədir. Azərbaycanın jurnalistika mənsubları, qeyri-hökumət təşkilatları, ölkə ictimaiyyəti bu işə öz dəstəyini verməlidir. QHT-lərin və redaksiyaların xarici mətbuat və informasiya vasitələrinə çıxış imkanları və mövqeləri güclənməlidir. Artıq bu sahədə işləyən jurnalistlər üçün bilgi bazası yaratmağın vaxtı çatıb.

Nadir RZALI

 





18.11.2020    çap et  çap et