525.Az

"Bizimlə Ol" region gəncliyinin inkişafında müsbət rol oynayır"


 

"Bizimlə Ol" region gəncliyinin inkişafında müsbət rol oynayır" <b style="color:red"></b>

İnkişaf edən Azərbaycanımızda son zamanlar gənclərin adı az qala bütün mədəni, sosial, ictimai sahələrdə ən ön sırada hallanmaqdadır.
 
Dövlətimizin illərdir apardığı uğurlu gənclər siyasəti yüzlərlə, minlərlə istedadlı, bacarıqlı, bilikli gənclərin üzə çıxmasına və cəmiyyətdə önəmli yer tutmasına səbəb olub. Həmin gənclərdən biri də Aliyə Məmmədhəsənzadədir.
 
O, 1998-ci ildə anadan olub. 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasını bitirib.

Bir sıra beynəlxalq layihələrdə menecer, mentor, təlimçi və araşdırmacı olaraq çalışıb. Eyni zamanda, Amerikanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə  Mingəçevir, Bərdə, Ağdam, Beyləqan və Tərtər regionlarında həyata keçirilən "Bizimlə Ol" layihəsinin meneceridir.

Onunla söhbətimiz də məhz bu layihə haqqında oldu.

***

- Aliyə xanım, "Bizimlə Ol" layihəsinin ideyası necə yarandı?

- 2018-ci ildə Bərdə rayonunda həyata keçirilən layihədə mentor və təlimçi olaraq çalışırdım. O zaman mentor olduğum komandanın çəkdiyi sənədli film əlilliyi olan şəxs ilə bağlı idi. Bundan sonra mütləq cəbhə bölgəsində inklüziv mühitlə bağlı layihə həyata keçirməyə qərar verdim. Beləcə "Bizimlə Ol" layihəsinin ideyası yaranmış oldu.

- Adı çəkilən 5 bölgə hansı meyarlar əsasında seçildi?

- Ümumiyyətlə, həmişə regionlarda həyata keçirilən layihələrdə çalışmağa üstünlük verirəm.Müşahidələrə əsasən deyə bilərəm ki, regionlardakı insanların davamlı inkişafı birbaşa həmin bölgələrin ümumi inkişafına təsir göstərir.Bakıda təlimlər kifayət qədər çoxdur və gənclər istədikləri zaman istədiyi mövzuda təlimlərdə iştirak edə bilirlər. Lakin çox təəssüf ki, regionlarda təlimlər kifayət qədər deyil. Məhz Mingəçevir, Ağdam, Bərdə, Tərtər və Beyləqan regionlarında yaşayan tipik və əlilliyi olan gənclərin inkişafını prioritet tutaraq, bu layihə orada keçirildi. Təlimlər zamanı, gənclərin bir qisminin ilk dəfə təlimdə olmasını qeyd etməsi, əlilliyi olan şəxslərin ilk dəfə tipik şəxslərlə birlikdə fəaliyyət həyata keçirməsi, əlilliyi olan şəxslərin bacarıqlarını inkişaf etdirməsi seçimimizin doğru olduğunu dəfələrlə ortaya qoydu. Bu baxımdan, "Bizimlə Ol" layihəsi region gəncliyinin inkişafında müsbət rol oynayır.



- Orda yerli idarələrin sizə dəstəyi necə oldu?

- Bəli, dəstək oldu. "Bizimlə Ol" layihəsinin təlimlər hissəsini həyata keçirdiyimiz müddətdə Mingəçevir, Bərdə, Tərtər, Ağdam və Beyləqan rayonlarının yerli icra hakimiyyəti orqanları, Mingəçevir və Tərtər Gənclər Evi, Bərdə Regional Asan Xidmət Mərkəzi, Ağdam rayon Gənclər və İdman İdarəsi, Beyləqan rayon Peşə Məktəbi ilə əməkdaşlıq etmişik və onlar tərəfindən bizə lazımi dəstək göstərildi. Bu qurumlar əsasən, regiondakı gənclərə çatmağımızda xüsusi dəstək verdilər. Eyni zamanda, bu qurumdakı əməkdaşlar inklüzivlik mövzusunda gənclər tərəfindən hazırlanmış və nümayiş etdirilmiş Sosial Teatr Təqdimatlarında iştirak etdilər və layihəni yüksək qiymətləndirdilər.

- Gənclərə təlimlər kimlər tərəfindən keçirildi?

- Ümumiyyətlə, təlimlər layihənin təlim və mentorluq proqramında həyata keçirilib. Hər bir rayonda beş tam gün həyata keçirilmiş təlimlərin əsas mövzusu inklüzivlik və sosial teatr idi. İnklüzivlik mövzusunda mənim tərəfimdən gənclərə əlilliyin tipləri, əlilliyin terminalogiyası, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik, stiqmalar, əlilliyi olan şəxslər ilə etik davranış qaydaları, qanunvericilik, inklüziv mühit və təhsil kimi mövzularda interaktiv sessiyalar həyata keçirilirdi. Sosial teatr hissəsində isə teatr təlimçisi Aynur Zərrintac tərəfindən sosial teatrın mahiyyəti, ilkin teatr texnikları, obrazlı yeriş, obrazın yaradılması mövzularında interaktiv sessiyalar keçirildi. Layihənin digər əsas hissələrindən biri də mentorluq proqramı idi. Mentorluq proqramının əsas məqsədi təlimlərdə iştirak edən 50 tipik və 20 məhdudiyyətli gəncin bilik və bacarıqlarının artırılması, onların daxili potensiallarının gücləndirilməsi idi. Məhz buna görə də gənclərə mütəxəssislər tərəfindən gənclərin iştirakçılığı, psixologiya, sosial teatr, gender, kouçinq, karyera planlaşdırılması, CV yazılması, müsahibəyə hazırlıq, motivasiya, sosial sahibkarlıq, sosial inkluzivlik, emosional intellekt, natiqlik və sair kimi mövzularda iki saatlıq informativ və interaktiv onlayn təlimlər keçirildi.

-Hazırlanan sosial tamaşaların əsas mövzusu nə idi? Ümumiyyətlə mövzu məhdudiyyəti vardımı?

- Hazırlanmış və nümayiş etdirilmiş 16 sosial teatr məhdudiyyətli şəxslərin problemini göstərirdi. Onların hər birində inklüziv cəmiyyətin, məhdudiyyətli şəxslər ilə tipik şəxslər arasında sosial inklüzivliyin əhəmiyyəti vurğulanmışdı.

- Layihəyə məhdudiyyətli gənclər və ailələrinin münasibəti necə oldu? Adətən, onlar cəmiyyətə qarışmağa çəkinirlər. Belə hallarla qarşılaşdınızmı?

- Bəli, layihəni həyata keçirən zaman bu cür çətinliklərlə qarşılaşdıq. Bu problemin həlli üçün davamlı olaraq şəxslərin valideynləri ilə əlaqə saxlayır və proses barədə məlumatlandırırdıq. Hətta sosial teatrların təqdimatlarında valideynlər xüsusi iştirak edirdi və öz fikirlərini bildirirdilər. Eyni zamanda, bu problemi həll etmək məqsədilə beş regionda inklüzivlik mövzusunda ictimai-müzakirələr təşkil etmişik. İctimai-müzakirələrdə iştirak edənlərin çox hissəsi əlilliyi olan şəxslərin valideynləri idi və müzakirə zamanı onların sualları davamlı olaraq cavablandırılır, çətinliklərin həlli üçün istiqamət verilirdi.



- Komandanızda kimlər yer alıb?

- Layihə çoxşaxəli və geniş olmasına baxmayaraq, komandamız o qədər də geniş deyil. Komandamız, əsasən, təşkilati işləri həyata keçirən koordinatorlardan, layihənin ictimaiyyətlə əlaqələrini təmin edən piar menecerdən ibarətdir. Komandamızda fəaliyyət göstərən hər kəs gənc və bölgələrdə gənclər üçün faydalı işlər həyata keçirməyə maraqlı olan, davamlı müxtəlif sosial layihələri həyata keçirən şəxslərdir. Məhz güclü və peşəkar komanda sayəsində bu qədər fəaliyyət keyfiyyətli şəkildə həyata keçirilir, İnşallah keçirilməyə də davam ediləcək.

- Azərbaycanda "Əsa" inklüziv teatrı fəaliyyət göstərir. Bu layihədə onların təcrübəsindən faydalanmaq fikriniz oldumu? Ya da gələcəkdə onlarla ortaq iş ola bilərmi?

- Bəli, ƏSA teatrı barədə məlumatım var. Bu layihə çərçivəsində onların təcrübəsindən istifadə etməmişik. Səbəb isə layihənin formatının ƏSA teatrından fərqli olmasıdır. Bu layihəni fərqləndirən ən önəmli faktor sosial-teatrların yalnız inklüziv mövzuda olması və gənclər tərəfindən hazırlanmasıdır. Hətta Bakıda nümayiş etdiriləcək yekun sosial-teatrda gənclərin ideyası ilə hazırlanıb və yalnız inklüzivlik mövzusuna həsr edilmişdi.

- Bu cür sosial-ictimai əhəmiyyətli layihəyə mətbuatın, cəmiyyətin reaksiyası necə oldu?

- Düşünürəm ki, layihə cəmiyyətdə və mətbuatda kifayət qədər yayıldı. Hər bir fəaliyyətdən sonra müxtəlif media qurumları, hətta rayonlarda həyata keçirilmiş sosial-teatr təqdimatları AzTV, ARB TV, "Azad Azərbaycan TV" tərəfindən işıqlandırıldı. Eyni zamanda layihə barədə "Müasir Azərbaycan Gənci" verilişində danışılıb və yaxın zamanda yayımlanacaq. Həmçinin, layihənin sosial-teatrla bağlı yekun videosu sosial şəbəkədə mindən çox gənc tərəfindən baxılıb və layihənin digər regionlarda keçirilməsi barədə bizə hədsiz müraciətlər edilib.

- Gələcəkdə layihəni davam etdirmək və ya fərqli layihələr keçirmək fikriniz varmı?

- Bəli, gələcəkdə bu layihəni davam etdirmək fikrimiz var və bunun üçün artıq danışıqlar həyata keçirilir. Eyni zamanda, dekabrdan etibarən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı da digər araşdırma və layihə həyata keçirməyi planlaşdırıram.

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





18.11.2020    çap et  çap et