525.Az

Taysonun qəzəbi - Abid Tahirli yazır


 

Taysonun qəzəbi - <b style="color:red">Abid Tahirli yazır </b>

Tayson Bakıya gələndə də, buradan gedəndə də çox qəzəbli idi. Niyə? Gəlin əvvəlcə sizə Taysonu bir qədər ətraflı tanıdım.

Ötən əsrin 80-ci illərinin sonları 90-cı illərin əvvəllərində himayədarlarının maddi və mənəvi dəstəyi ilə mənfur və nankor erməni qonşularımız yeni torpaq iddiaları ilə Dağlıq Qarabağda seperatçı, fitnəkar çıxışlara başlayanda ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan sözün tam mənasında informasiya blokadasına alınmışdı. Onun haqq səsi nəinki, Qərb ölkələrində, heç qonşuluqda - Moskvada, Orta Asiyada, Yaxın Şərqdə eşidilmirdi. Bu bir yana, əksinə, ermənilərin və ermənipərəst qüvvələrin yalan, böhtan, iftira ilə dolu saxta və qərəzli materiallarının kütləvi informasiya vasitələrində verilməsi az qala qaydaya çevrilmişdi. Respublikamızın belə bir mürəkkəb, təbəddülatlı və böhranlı dövründə Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin - "Vətən" Cəmiyyətinin sədri, "ən böyük müttəfiqimiz həqiqətdir"- fikrini özünə fəaliyyət kredosu seçmiş Xalq yazıçısı Elçinin təşəbbüsü ilə Danimarkadan tanınmış publisist Suen Tayson Bakıya dəvət edildi.

Yuxarıda yazdığım kimi, Tayson Bakıya gələndə qəzəbli idi. Mən tərcüməçi Sevinc xanımdan ehtiyatla bunun səbəbini öyrənməyi, qonağımızın bir probleminin olub-olmadığını aydınlaşdırmağı xahiş etdim. Tərcüməçi qonaqdan istəyi, ehtiyacı barədə soruşdu, o hər şeyin normal olduğunu bildirdi və üzünü mənə tutdu, qəzəbinin mənbəyini gizlədə bilmədi, ürəyini boşaltdı:

- Bakıya gələndən insanlarınızı mehriban, gülərüz və diqqətli görürəm. İnana bilmirəm ki, sizin xalq günahsız erməniləri niyə əzir, sıxışdırır, axı nəyə görə belə edirsiniz, bu xalqdan nə istəyirsiniz?

Mən danimarkalı qonağın Qərbdə formalaşmış ictimai rəyin təsiri ilə Bakıya təşrif gətirdiyini bilirdim, odur ki, sakit tərzdə Suenə dedim:

- Siz burada 10 gün qalacaqsınız. Bu günlər ərzində sualın cavabını özünüz tapacaqsınız. Yola düşəndə, hava limanında sualınıza cavab tapıb-tapmadığınızı soruşacağam.

Beləliklə, Suenin şəhərimizlə, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə, bu gün və tarix boyu ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlər, terror hadisələri, məkrli niyyətləri ilə tanış olmağa başladı. Onunla Qəbələdə, Şəkidə olduq, yerli sakinlərlə, qaçqın və məcburi köçkünlərlə görüşdük. Öz doğma yurdundan, yuvasından didərgin salınmış qaçqınları dinlədikcə Suenin gözləri yaşarır, nitqi tutulurdu. Bir gün tərcüməçi, Sueni şama dəvət edəndə o: "Sevinc xanım, boğazımdan heç su da keçməz, bu ermənilər vəhşi imiş, biz Avropada yatmışıq, Avropanın gözü kor, dili lal, qulağı kar imiş!"- deyə hönkürtü ilə ağlamışdı.

Suenin Bakıda gecələcəyi sonuncu günün axşamı onunla "Azərbaycan" otelində görüşdük. Kövrəlmişdi:



- Sizin xalqa heyran oldum, bütün qəlbimlə ona vuruldum. Tam səmimiyyətlə deyirəm, məndən soruşsalar ki, həyat tərzinə görə dünyada birinci yerdə duran, heç bir problemi olmayan Danimarkada, yoxsa, ətin, yağın talonla satıldığı Azərbaycanda yaşayarsan, mən fikirləşmədən ikincini seçərdim. Bilirsiniz niyə? İstiqanlısınız, həssassınız, biz soyuq və biganəyik. Siz çox mehriban, alicənab, qonaqpərvərsiniz.

Mən Suendən soruşdum:

- Siz bundan sonra erməni yalanlarına, yoxsa gözünüzlə gördüklərinizə, şahidi olduqlarınıza inanacaqsınız?

Suen çox ayıq insan idi, dərhal bildi ki, on gün əvvəlki söhbətə işarə vururam. Qaşları çatıldı, dodaqlarını bir-birinə sıxdı, qəzəblə dilləndi:

- Lənət olsun ermənilərə, onlar yazıq yox, zalım və qəddardırlar, nankordurlar.

O, əlini çiynimə qoyub:

- Siz məni bağışlayın...

Suen erməni təbliğatına inanıb Bakıya qəzəblə gəlmişdi, erməni xisləti, məkri və vəhşiliyini gözləri ilə görüb Bakıdan da bu dəfə onlara qarşı qəzəblə qayıdırdı...

Bu söbətin üstündən bir müddət keçdikdən sonra Kopenhagendən "Vətən" Cəmiyyətinə bir zərf daxil oldu, onu Suen Tayson göndərmişdi. Zərfin içində S. Taysonun "Mənim dostum Azərbaycan" adlı kitabçası vardı...

 





18.11.2020    çap et  çap et