525.Az

Vətən insanın varlıq meyarıdır - Rafiq Əliyevin məqaləsi


 

Vətən insanın varlıq meyarıdır - <b style="color:red">Rafiq Əliyevin məqaləsi </b>

Ətrafımızda canlı və ya cansız nə varsa, hər birinin qiymətini, bizim və digərləri üçün dəyərini Yer üzündəki insanlar müəyyənləşdirir. Torpağı da, onun üstündə qurulan Vətəni də müqəddəsləşdirən insanlardır.

İnsan və torpaq münasibəti bütöv və tam qarşılıqlı məhəbbət nümunəsidir. Bu sevgi İlahinin hər bir Vətən övladına bəxş etdiyi ən qiymətli, ən yüksək məqamı olan nemətdir. Hər kəs, əlbəttə, doğulduğu yerin - torpağın övladıdıdr. O yer insanın əbədi yaşadığı (mən ölümdən sonranı da nəzərə alıram) məkanın vəhdəti, valideyn-övlad münasibətlərində zirvəsidir. Dünyasını dəyişərkən hər kəs öz doğmasını, yaxınını yalnız torpağa tapşırır, torpağa əmanət edir. "Torpağa tapşırmaq" ifadəsinin mənasının mahiyyətinə biz çox vaxt varmırıq, nə qədər vacib olduğunu düşünmürük. Əslində bu, dünyanın sonunu tamamlayan bir adətdir, ənənədir.

Vətəndən kənarda olanlar üçün bir ovuc Vətən torpağının dünyalar qədər dəyəri, qiyməti var. Bəzən qürbətdə olanlar çətin anlarda Vətən torpağının olduğu şüşə qaba yanaşıb, onunla danışır, dərdləşir və təsəlli tapıb rahatlaşır, sanki ondan yeni enerji alırlar (mən bunu öz gözümlə görmüşəm).

Odur ki, torpaq uğrunda ölənlər birmənalı olaraq şəhidlik zirvəsinə, ən ali məqama yüksəlirlər. Biz min illər boyu belə bilmişik və məsələyə məhz bu cür yanaşmışıq. Bizim üçün namus, şərəf, qeyrət və Vətən hər zaman bir sırada durub. Torpağa əmanət etdiyimiz hər bir şəhidi Vətən adlanan ölçülərlə qiymətləndiririk. 30 ildir bizsiz yetim qalmış Vətən torpağı uğrunda axıdılan hər damcı qan torpağa qarışaraq ona ilk müjdəni verir. Bəlkə də o qan torpaq üçün yeni mənalı yaşam anıdır. Şəhid qanı ilə qarışmış torpağın müqəddəsliyi həyatda ən yüksək ölçü vahididir. Bu nöqteyi-nəzərdən 44 gün davam edən Vətən müharibəsi tarixə böyük hərflərlə yazılmalıdır.

"Vətən uğrunda ölmək həsrəti ilə yaşayıram" sözlərini eşidəndə hər birimizin ürəyi dağa dönür, əlimiz-ayağımız əsir. Canlı insan "ölüm həsrəti"ilə yaşayır və o günü səbirsizliklə gözləyir. Məgər bunu insan ağlı həzm edə bilərmi? Bunu şüur dərk edə bilərmi?! Hər birimiz yaşamaq, yaratmaq üçün doğulmuşuq. Deməli, bunun alternativi, obyektiv əvəzi yalnız Vətən üçün ölüm ola bilər. Razılaşaq ki, çox güclü, əvəzolunmaz məntiqdir. Sevginin müqəddəslik ölçüsüdür. Bunu əvəz edəcək ikinci bir anlamın olduğu haqda mən eşitməmişəm. Əvəzolunmaz sözünü bu istəyə tam şəkildə aid etmək olar. 44 günlük müharibədə biz bunun şahidi olduq və hər kəs özü üçün qətiləşdirdi ki, sevginin bu zirvəsinə çatmaq hər birimiz üçün eyni dərəcədə şərəflidir, əlçatan və imtina edilməsi mümkün olmayan bir yolun mövcudluğudur.

Yəqin ki, müsəlmanların bir deyimi - "İman Vətənə sevgidəndir" məhz elə bu yazdıqlarımı ön plana çəkmək üçün axtardığımız motivdir. Belə bir güclü motiv olmasaydı, Vətən oğulları  Şuşanı azad edərkən sıldırım qayalarla yüksəkliyə qalxıb qəsbkarı məhv etmək üçün özündə cəsarət, güc, qətiyyət tapmazdı. Öndə gedən əsgər düşmən gülləsinə  tuş gəldiyi halda yaralı vəziyyətdə düşməni mövqeyindən qova, Azərbaycan mədəni incisini, Şuşa qalasını yenidən fəth edə bilməzdi. Bu gücün mənbəyi heç şübhəsiz ki, tükənməz Vətən sevgisi, Vətən sevdasıdır. Mən əbəs yerə Vətən sevgisini imanla müqayisə etmədim. Onların bir-birini tamamlamasına əminliyimi bildirdim. Onların hər ikisinin təmənnasız olduğunu dilə gətirdim. Əslində tarixə düşən 44 günlük vətən savaşının hər günü, hər saatı haqqında  çox kitablar yazılacaq, fikirlər söyləniləcək, təhlillər aparılacaq. Çünki bu, adi müharibə deyildi. Bu, bizim milli şüurumuzun formalaşmasında ciddi dönüş nöqtəsi yaradan, birliyin, vəhdətin nə olduğunu anlamağımızda mühüm rol oynayan bir savaş oldu. Xeyli vaxtdır axtarışında olduğumuz milli ideologiyanın təməlini birə yüz möhkəmlətdi, onun varlığına şübhə yeri qoymadı. Biz birləşdik. Bu, azərbaycançılığın formalaşmasında dönüş mərhələsi oldu desəm, yanılmaram. On illərin edə bilmədiyini 44 gün etdi. Deməli, Vətən uğrunda savaş təkcə qələbə gətirmədi, o, bizə mənlik məfhumunun sirrini açdı, şüurumuzda ciddi şəkildə müsbət dəyişikliklərə səbəb oldu, ruhumuzu yenilədi, qürur mənbəyini öz içərimizdə axtarmağın vacibliyini anlatdı, bir-birimizi sevməyi öyrətdi. Ana Vətən  öz övladlarını ətrafına yığıb birləşdirdi, mətinləşdirdi, onları özünə və bir-birinə möhkəm sevgi telləri ilə bağladı. Etiraf edək ki, tarixdə hər bir müharibə dönüş nöqtəsi ola bilmir.  Biz bunu İraq, Liviya, Suriya kimi dövlətlərin timsalında görmüşük. Amma bizim Vətən müharibəmiz, qazandığımız qələbə xalqın həyatında dönüş nöqtəsi kimi uzun əsrlər boyu tarixdə qalacaq. Bu savaş bizim bir-birimizi qiymətləndirməyi öyrədən tarixi dərs oldu.

Əminəm ki, bir-birimizlə münasibətlərdə bu dərs müsbət, pozitiv, faydalı rol oynayacaq, xalqımızı bütövləşdirəcək. Əsas nəticə təkcə torpaqları yox, həm də xalqı birləşdirmək kimi fundamental birlik nümunəsinin mövcudluğunu əyani şəkildə göstərdi. Əlbəttə, yazdıqlarım son günlərin hadisələrini şərh etmək üçün çox qısadır. Amma tezis xarakterli olsa da, hər fikrin bir mövzu kimi qəbul edilib açıqlanmasına ehtiyac var. İnanıram ki, bu sevdanın mənbəyi Vətən olduğu üçün mövzu qıtlığı olmayacaq.

 





18.11.2020    çap et  çap et