525.Az

Bəhram xan Naxçıvanski: görkəmli ictimai-siyasi xadim, diplomat və maarifçi


 

Bəhram xan Naxçıvanski: <b style="color:red">görkəmli ictimai-siyasi xadim, diplomat və maarifçi </b>

1918-ci il, 16 dekabr. Naxçıvan şəhərində böyük izdiham var. Hamı şəhərin mərkəzində Bəhram xan Naxçıvanskinin imarətinin qarşısına tələsir...
 

Yaxşı olar ki, həmin tarixi günü Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" gündəliyində olan kimi təsvir edək: "1918-ci il dekabr ayının 16-da Şərur nahiyəsində erməni qoşununun qarşısına çıxıb müdafiədə bulunmaq üçün lazım olan Naxçıvan qəza komandanı Kalbalı xan cənabları I və II bölmələr və zabitlər ilə axşam saat beşin yarısında şəhərə varid oldu. Yeni əsgərlər milli nəğmələr oxuya-oxuya gəlib mətanət və şəhər bazarlarından keçib tabor komandanı Bəhram xan cənabının imarətinin qarşısında nizam ilə düzüldü. Bəhram xan isə əsgərlərə düşmənə çaldıqları zərbələrdən və göstərdikləri bu müvəffəqiyətlər üçün təbrik yetirdi. Sonra Mirzə Nəsrulla Əmirov (müsəlman milli komitəsinin sədri) həzrətləri əsgərlərin göstərdiyi rəşadət və müvəffəqiyyət barəsində gözəl bir nitq söyləyib, "Yaşasın qəhrəman əsgərlərimiz" sözləri ilə nitqinə xitam verdi. Sonra Bəhram xan və zabitlərin istirahət etməsi üçün getmələrinə icazə verdi".

Həmin hadisələrdən bizi 102 il ayırır. Və indi o tarixi imarət də yoxdur. 1984-cü ildə söküblər. Yerində bağ salınıb.

1918-1920-ci illərdə yaşanan hərbi problemlərin içində Naxçıvan Araz-Türk Cümhuriyyətinin fəaliyyəti də əhəmiyyətli yer tutur. Naxçıvanda gözü olan çox dövlətlərin nümayəndələri və hərbçiləri ilə bu imarətin böyük salonunda da gərgin danışıqlar gedib. Zamanlar ötüşüb keçib. Amma naxçıvanlılar o dəhşətli və qəhrəmanlıqla dolu günləri, illəri unutmayıblar. Həmişə xatırlayıblar və nəsildən-nəsilə ötürüblər. O illərin qəhrəman döyüşçülərinin hər biri bizə doğmadır, əzizdir. Və bu baxımdan bizim iki nəfərə - Bəhram xan Naxçıvanski ilə general-mayor, məşhur sərkərdə III Kalbalı xan Naxçıvanskiyə mənəvi borcumuz var. Bu borcun ən ümdəsi bütün yüzilliklərdə qədim və qəhrəman Naxçıvanın müqəddəs torpaqlarını azğın düşmənlərdən qorumaqdır! Onlar kimi ölümün gözünə qorxmadan baxıb düşmənlə döyüşmək və onu məğlub etmək!

Adını çəkdiyimiz Bəhram xan qədim oğuz-türk tayfası kəngərlilərin Bilici qoluna mənsubdur. Onun əcdadları məşhur sərkərdələr olublar və hələ səlcuqlardan da əvvəl Naxçıvanda yaşayıblar. Azərbaycanın dövlətçilik və milli dövlətçiliyinin yaranmasında, qorunmasında əvəzsiz xidmətləri olub. Dövlət idarə etmək və sərkərdə olmaq! Bu, o qədər də asan məsələ deyil. Bəhram xanın ulu babaları bu məsələnin öhdəsindən bacarıqla gəliblər. Aparılan diplomatik danışıqlar və qəhrəmanlıqla dolu döyüşlər Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi saxlayıb. Bu çətin və vacib məsələdə Bəhram xan Naxçıvanskinin də çiyinlərinə ağır yük düşüb.

Bəhram xan Əmanulla (Aman xan) xan Naxçıvanskinin ailəsində, 1874-cü ildə Naxçıvan şəhərində anadan olub. O, məşhur süvari generalı İsmayıl xan Naxçıvanskinin oğul nəvəsidir. Onun anası Xanbikə (Fatmabikə) Qarabağ xanı Mehdiqulu xan Cavanşirin nəvəsidir. Xanbikə unudulmaz şairə Xurşidbanu Natəvanın və knyaz Xasay xan Usmiyevin (milliyyətcə qumuq) qızıdır. Bəhram xan uşaqlıq illərini Qarabağda, nənəsi Xurşidbanu Natəvanın yanında yaşamışdı.

Şairə nənəsi, onun dövrünə görə zəruri olan rus dilini də yaxşı öyrənməsi üçün, qarabağlı barışdırıcı hakim Lunyankinin ailəsində də qalmasını məsləhət bilmişdi. Sonralar nənəsi bir müddət Tiflisdə yaşamalı olmuşdu. O, nəvəsi Bəhram xanı da Tiflisə aparmış və təhsil alması üçün realnı  məktəbə qoymuşdu.

1888-ci ildə Aman xan Naxçıvanski və ailəsi Şimali Qafqazın  mərkəzi olan Vladiqafqazdan, hərbi xidmətdən Naxçıvana qayıdarkən Bəhram xanı da Naxçıvana gətirirlər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində Bəhram xanın formulyar siyahısı saxlanılır. Oradakı qeydlərdən məlum olur ki, İrəvan quberniya idarəçiliyinin 18 mart 1894-cü il tarixli qərarı ilə Bəhram xana I dərəcəli dəftərxana xidmətçisi adı verilib və müvəqqəti olaraq Naxçıvan qəza polis idarəsinə IX dərəcəli məmur təyin edilib.

Bəhram xan Naxçıvanski 29 oktyabr 1896-cı ilə kimi qəza polis idarəsində işləyir. Özünün nümunəviliyi və bacarığı ilə diqqəti cəlb edir. Onu bacarıqlı bir işçi kimi əməyini qiymətləndirirlər. Bəhram xan 26 fevral 1896-cı ildə III Aleksandr çarlığından xatirə "gümüş medalı ilə" təltif olunmuşdu. Həmin ilin 29 oktyabrında o, vətəndaşlıq idarəçiliyi üzrə əmrlə kollej reqistratoru vəzifəsinə təyin olunur. Kollej reqistratoru vəzifəsində işləyərkən çar hökumətinin Naxçıvan qəzasında əhalinin ilk dəfə siyahıya almasında fəal iştirak edir. Bu mühüm işdə göstərdiyi fəallığa görə Bəhram xan 1897-ci ildə "Tünd-bürünc" medalla mükafatlandırılıb. 13 avqust 1899-cu il tarixdə Vətəndaş İdarəçiliyi üzrə 60 nömrəli əmrlə İrəvan quberniyasının katibi vəzifəsinə təyin olunub.

1899-cu ildə Bəhram xan, Rusiya şəhərlərinə getmək üçün, Naxçıvan qəza rəisinə raport (yazılı məlumat) göndərir. Naxçıvan qəza rəisi ştabs-kapitan Enkel 2 sentyabr 1899-cu il tarixli məktubunda  İrəvan qubernatoruna yazırdı: "Naxçıvan qəza polis idarəsinin  X sinif məmuru Bəhram xan Naxçıvanskinin Rusiya şəhərlərinə getməsi üçün iki aylıq məzuniyyət verilməsi haqda raportunu Sizə təqdim edərək bildirirəm ki, onun xahişinin yerinə yetirilməsinə mənim heç bir etirazım yoxdur. Qəza rəisi: ştaps-kapitan Enkel". Vətəndaş idarəçiliyi üzrə 18 yanvar 1903-cü il 7 nömrəli əmrlə Bəhram xan Naxçıvanski kollej katibi vəzifəsinə təyin olunub. 1 iyul 1903-cü il tarixdə yaxşı xidmətinə görə 3-cü dərəcəli "Şir və Günəş" ordeni ilə təltif edilib. İrəvan qubernatorunun 30 mart 1905-ci il tarixli 41 nömrəli əmri ilə Bəhram xan Naxçıvanski İrəvan qubernatoru yanında xüsusi tapşırıqlar üçün kiçik məmur, 3 fevral 1906-cı il tarixli əmri ilə (№ 7) titulyar müşavir vəzifəsində işləyib.

Bəhram xan Naxçıvanski 23 iyun 1907-ci ildə Naxçıvan şəhər müvəkillərinin iclasında 4 il müddətinə Naxçıvan şəhər başçısı (ştarosta) seçilir. Müvəkkillərin bu seçimini İrəvan qubernatoru da təsdiqləmişdi.

Qeyd edək ki, Naxçıvan şəhər başçısı və şəhər başçısının köməkçisi vəzifəsinə keçirilən seçkilərə dair seçki vərəqəsində şəhər başçısına iki nəfər Bəhram xan Naxçıvanski və Eynəli bəy Sultanov, şəhər başçısının köməkçisi vəzifəsinə isə 4 nəfərin namizədliyi verilib: Novruz ağa Kəngərli (bu məşhur Novruz ağa Kəngərli deyil), Mirzə Əliqulu Novruzov, Əyyub ağa Kəngərli və Nikolay Deykarxanov.

Arxivdə saxlanılan sənəddən - seçkinin iclas protokolundan görünür ki, səs çoxluğu ilə Bəhram xan Naxçıvanski dörd il müddətinə Naxçıvan şəhər başçısı və Əyyub ağa Kəngərli isə şəhər başçısının köməkçisi vəzifəsinə seçiliblər.

1828-ci ildə Naxçıvana İrandan köçürülən ermənilərin müvəkkilləri seçkidən razı qalmayaraq İrəvan qubernatoruna şikayət yazırlar. Arxiv fondunda saxlanılan sənəddən aydın olur ki, müsəlman müvəkkillər doğru hərəkət edərək erməni müvəkkillərin köməkçi olmalarına da imkan yaratmayıblar.

İrəvan quberniya idarəsində qraf V.F.Tizenqauzenin sədrliyi ilə erməni müvəkkillərin şikayət ərizəsinə baxılır, müzakirə edilir və aşağıdakı qərar çıxarılır: "Deyilənləri nəzərə alaraq şəhər işləri üzrə İrəvan quberniya idarəsi hesab edir:

1. Şəhər başçısı vəzifəsinə Bəhram xan Naxçıvanskinin seçilməsi tam qanunidir.

2. Əyyub ağa Kəngərlinskiyə gəldikdə isə quberniya idarəsi onu ləkələyən heç bir hadisə görmür.

3. Şikayətçilərin etirazının heç bir qanuni əsası yoxdur. Buna görə də quberniya idarəsi qərara alır ki, iyunun 28-də şəhər müvəkkillərinin keçirdiyi seçkilər tam qanuna uyğundur.

Sədr   (imza)

Üzvlər  (imzalar)"    

İrəvan qubernatoru 21 avqust 1907-ci il tarixdə İrəvan quberniya idarəsinə Bəhram xan Naxçıvanskinin və Əyyub ağa Kəngərlinin təsdiq olunması ilə bağlı məktub göndərir. Bu məktub bir daha şikayətçi olan ermənilərin planlarını alt-üst edir. Məktubda yazılıb: "Quberniya idarəsinə bildirirəm ki, "Şəhər qanunlarının" 22 və 118-ci maddəsinin 9-cu bəndinə əsasən 28 iyun tarixdən mənim tərəfimdən Naxçıvan şəhər başçısı vəzifəsinə yanında xüsusi təlimatlar üçün kiçik məmur vəzifəsində işləyən Bəhram xan Naxçıvanski, köməkçi vəzifəsinə isə Əyyub ağa Kəngərli dörd il müddətinə təyin edilib. Təklif edirəm Bəhram xan Naxçıvanskinin xidmət siyahısını şəhər işləri üzrə quberniya idarəsinə təhvil verəsiniz.

Qubernator (imza)".

Bəhram xan Naxçıvanski dörd il müddətində Naxçıvan şəhər başçısı işlədiyi dövrdə maariflə bağlı məsələlərin həll edilməsində əsl vətənpərvərlik göstərmişdi. Onun Naxçıvanda təhsilin inkişafında, qız məktəbinin binasının tikilməsi üçün ianələrin toplanmasında və qız məktəbinin açılmasında, onların məktəbə cəlb olunmalarında, vətəndaşlardan daxil olan ərizə və xahişnamələrdə göstərilən problemlərin həll edilməsində böyük xidmətləri olmuşdu. Maraq üçün deyək ki, 1908-ci ildə İrəvan qubernatoru qraf Tizenquazen tərəfindən icazə verilmiş rus-tatar (Azərbaycan) qız məktəbinin Naxçıvan şəhərində binasının tikilib istifadəyə verilməsində pul ianəsi siyahısında Bəhram xan Naxçıvanskinin qohumları daha çox fəallıq göstərmişlər. Məsələn, Naxçıvanskilərdən İsmayıl xan - 300 manat, Cəfərqulu xan - 100 manat, Rəhim xan - 100 manat, Bəhram xan - 100 manat, Əkbər xan - 50 manat, Kamran xan - 100 manat,  Xaqan xan - 25 manat, Süleyman xan - 20 manat, Feyzəli xan - 20 manat, Məhəmmədəli xan - 20 manat Naxçıvan şəhərinin digər imkanlı mənsəb sahibləri də qız məktəbinin tikintisinə köməklik göstəriblər və onların da adları ianə siyahısında qeyd edilib.

(Ardı var)

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





19.11.2020    çap et  çap et