525.Az

Mahnı yoxsa şüuraltımıza yeridilən gizli ismarıclar? – ARAŞDIRMA


 

Mahnı yoxsa şüuraltımıza yeridilən gizli ismarıclar? – <b style="color:red">ARAŞDIRMA</b>

İnsan şüuru doğulduğu andan yetkinlik dövrünə qədər, xüsusilə uşaqlıq və yeniyetməlik vaxtı ağ kağız kimi olur. Şüura təsir etmək olduqca çətindir, həmçinin o,  dayanmadan hər yerdən müxtəlif yeniliklər əldə edir.

Artıq vizual kommunikasiyanın meydana çıxdığı XX əsrdən etibarən insanların şüuruna radio, televiziya, internet vasitəsilə təsir etmə metodları yaranmağa başladı. Bunların əksəriyyəti biznes xarakteri daşıyan və məqsədyönlü şəkildə atılan addımlardır. Belə təsir vasitəsi bir çox hallarda uşaqlar və böyüklərə təsir olmaqla iki kateqoriyaya ayrılırlar. Hazırda aşağı yaş qrupunun şüuruna təsir vasitəsi kimi əsasən cizgi filmləri və uşaqlar üçün hazırlanan reklamlardan istifadə olunsa da, böyüklərdə bu halqaya filmlər, reklamlar, şou proqramlar, talk-şou, seriallar və bu kimi bir çox təsir vasitələrini aid etmək olar.

Bununla belə, müasir dövrdə istənilən yaş kateqoriyasına məxsus insanlara təsir etmək üçün daha yaxşı təsir vasitəsi mövcuddur. Bu, mahnılardır. Mahnılarda olan təsir vasitəsi həm onun musiqisində, həm də sözlərində gizlənə bilər. Mahnıların sözlərində olan subliminal (şüuraltı) mesajlar bir çox məsələ ilə əlaqəli ola bilər: din, cinayət, psixologiya, müharibə və s. Hər il qeyd olunan müxtəlif mövzularla bağlı mesajların yer aldığı mahnılar ortaya çıxır, təhlil olunur. Subliminal mesajların olması ilə bağlı təsdiqini tapan və özlüyündə qəribə əhvalatların cəmləşdiyi mahnıların bir neçəsinə nəzər salaq:

1. Tul (Tool) -  Intension

Mahnı 1990-ci ildə ABŞ-da yaranan “Tool” rok qrupunun repertuarında 2006-cı ildə ifa olunub. Mahnının sözlərində qəribə olan məqam var. Belə ki, əgər sözləri geriyə doğru ifa olunmağa başlasaq, belə bir mətn ortaya çıxır: “Anana qulaq as, atan haqlıdır. Məktəbdə qal, anan qulaq as. Atan haqlıdır”.

Mahnının sözləri həmin dövr Amerika ailəsində olan vəziyyəti əks etdirir. Yəni ABŞ-da ağlını itirən sosial təlqinə daha çox ittiham olaraq məna kəsb etdiyi iddia olunur.

2. Pink Floyd- Empty Spaces

Qrupun “The Wall” albomunda yer alan mahnının solist Rocer Uoters tərəfindən ifa edilən hissəsini geriyə doğru dinləsək albomda sirli mesaj olduğu ortaya çıxır: “Təbriklər, gizli mesajı kəşf etdiniz. Zəhmət olmasa cavabınızı Old Pinkə göndərin, sevgilərlə Funny Farm, Çarmont”.

3. Pantera – Avoid the Light

Daha bir rok qrupunda olan mahnının sözlərini geriyə doğru dinləsəniz, qrupun satanizmə xidməti dəstəkləyən sözlərinə qulaq şahidi olacaqsınız: “Şeytana xidmət yeganə çıxış yoludur. Onun ölü doğmuş ordusu qüsursuzdur”. Sözlərdən məlum olur ki, mahnı gizli şəkildə də olsa, satanizmi təbliğ etməyə çalışır.

4. Judas Priest – Better by you Better than me

Mahnı və ifaçı ətrafında qalmaqal 1985-ci ildə iki nəfər fanat -20 yaşlı Ceyms Vens və 18 yaşlı Rey Belknapın mahnını dinlədikdən sonra intihar etməsi ilə başladı. Hadisə nəticəsində Rey dünyasını dəyişsə də Ceyms əməliyyatla sağ qaldı, amma sifəti tanınmaz hala düşüb. Üç ildən sonra o da öldü. 1990-cı ildə ölən şəxslərin ailəsi uşaqların özlərini öldürməsinə səbəb kimi mahnının ifaçısını günahkar bilib  və Judas Pristi məhkəməyə verib. Ceyms müsahibəsində mahnı tərəfindən idarə olunduğunu və sözlərin arasında “Bunu et” ifadəsinin yer aldığını bildirib. Bunun nəticəsində  gənclər öz üzlərinə tüfənglə atəş açdılar.

Lakin, ABŞ-da keçirilən məhkəmədə hakim J.Pristdən “mahnıda “bunu et” sözləri subliminal mesaj olaraq istifadə edilib?” sualına ifaçı “Təbii ki, xeyr” deyə cavab verib.

5- Qrim Riper (Grim Raeper) – Final Scream

Rok mahnısı olan və o qədər də çox baxış sayına malik olmayan bu mahnıda yeganə mesaj son saniyələrdə eşidilən “Gecən xeyrə, ata” sözləridir. Qeyd edilən cümlə mahnıda geriyə doğru dinlənildikdə “Cəhənnəmdə görüşərik” ifadəsi aydın şəkildə eşidilir. Bir çox rok ifalarında yer alan şeytanı təbliğ edən mesajları bu mahnıda da eşidə bilirik. Bunun kimi musiqilər sadə göründüyündən istənilən yaş qrupu dinləyə bilir. Sözlərin bir çoxu ingilis dilində olduğundan ifaçılar həm bütün yaş qrupuna, həm də bütün dünya ölkələrində olan dinləyicilərə təsir edərək təbliğat aparmağa çalışır.

6- Ledi Qaqa (Lady Gaga) – 911

Dünya şöhrətli sənətçinin ötən ay işıq üzü görən klipi mediada böyük səs-küyə səbəb olub. Belə ki, klipdə istifadə olunan detallar müxtəlif şəxslər tərəfindən analiz olunur. Ancaq hər bir şey detallara diqqətlə nəzər salmaqla yekunlaşmır. Klipdə olan hər bir səhnənin filmdən götürüldüyü sonda üstüörtülü də olsa göstərilir. Bu,1969-cu ildə Sovet dövründə çəkilən və rejissoru Sergey Parajanov olan “Narın rəngi” (The Colour of Pomegranate) filmidir. Filmin heyətində ermənilərin yer alması klipin bir hissəsində də öz əksini tapıb. Klipdəki bütün geyimlər və detalların əksəriyyəti filmlə birə-bir uyğunluq təşkil edir.

Azad NURİYEV

 

 





20.11.2020    çap et  çap et