525.Az

Araza qovuşduq... - Esse


 

Araza qovuşduq... - <b style="color:red">Esse </b>

Bu hekayəni bir il əvvəl yazmışdım. Onda yazdığım hər sətir bir xəyal idi. Düz bir il sonra həqiqətə qovuşmaq möhtəşəm bir hissdir. Hər kəsin bir-birinə gözaydınlığı verdiyi bu gözəl günlərdə mən də hekayəmin qəhrəmanına gözaydınlığı verirəm. Biz Araza qovuşduq.

Bilmirəm, sizi necə inandırım, amma dərsin ilk dəqiqələrinə qədər fikrim həqiqətən müəllimdə idi. Mühazirəni yazır,  müəllimin verdiyi sualları cavablandırmağa çalışırdım. Dəstə ilə köç edən quşları görəndən sonra ağlım onların uçub getdikləri və qayıdacaqları səmada ilişib qaldı. Fikrimi dərsə cəmləyə bilmədim, elə ona görə də, çox vaxt yanımda daşıdığım Qriqori Petrovun "Bəyaz zambaqlar ölkəsində" adlı kitabını əfləcini qoyduğum yerdən oxumağa başladım:

"Xalqların tarixinin yaradıcısı kimdir? Dövlətlərin və bütün insanlığın taleyində həyati önəmə sahib olan böyük hadisələri kimlər hərəkətə keçirib, yönləndirir? İngilis fikir adamı Karlaylın dediyi kimi, böyük şəxsiyyətlər və qəhrəmanlar? Yoxsa bütün xalqın ortaq səyi, xalq kütlələrinin sahib olduğu ruh yüksəkliyi və ya passiv ruh halı?

Karlayl "Qəhrəmanlar" adlı önəmli kitabında qəhrəmanlıq mədəniyyətini vəsf edir. Onun fikrinə görə, xalq kütlələri cansız bir palçıq yığınıdır, heykəltəraş əli dəymədiyi müddətcə elə də qalacaq. Lakin sonunda bir sənətkar, böyük bir şəxsiyyət və ya qəhrəman ortaya çıxıb bu palçıq yığınını əlinə alaraq, ona müxtəlif formalar verər, insanlar və kütlələrdən istədiyini yaradar.

Lev Toltsoy fərqli yanaşaraq bunları bildirir: "Dənizdə üzən böyük bir gəmi xəyal edin. Hərəkət halında olan gəmi qarşısında güclü bir axıntı yaradır. "Bu axıntı gəmini arxasınca sürükləyir" deyəcək biri varmı? Hər kəs bu axıntını gəminin yaratdığını və irəliyə hərəkət etdirdiyini bilir. Burada aparıcı güc gəmidir, axıntı isə üzən gəminin gücünü əks etdirən nəticədir. Xalqların inkişafı da buna bənzəyir. İçində hərəkət etmək gücünün ortaya çıxaraq, artmağa başladığını hiss etdiyi an xalq, irəliyə doğru canlanaraq özü yeriyəcək, önündəki axıntını da hərəkətə keçirəcək. Xalq öz içindən istək və duyğuların ifadəçisi olacaq rəhbərlər çıxaracaq".

Zəng vuruldu. Oxuduğum kitabın təsiri ilə Fəxri xiyabana baş çəkmək qərarı aldım. Bayaq səmada bərq vuran quşlar skamyada əyləşən qoca kişinin ətrafına toplaşmışdı. Mən də onun əyləşdiyi skamyada əyləşdim. Kişi mənə baxaraq gülümsədi və dedi:

- Göyərçinləri sevirsiz?

- Hə, əlbəttə... Mənə azadlığı xatırladır.

- Elədir.

Bir neçə dəqiqəlik sükutdan sonra qoca yenə dilləndi:

- Tələbəsiz?

- Bəli, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm.

- Mən də Bakı Dövlət Universitetinin məzunuyam. Biz təhsil alanda, yəni 1950-ci illərdə Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Universiteti adlanırdı. Mən 1957-ci ildə həmin universitetin "Tarix" fakültəsindən məzun olmuşam. O vaxt hər şey belə gözəl deyildi. Yəqin ki, bilərsiz, siyasi vəziyyət, gərginlik və sair. Amma indi danışacağım əhvalat lap yerinə düşəcək. Ona görə mənə diqqətlə qulaq as!

Qocanın sözünü yerə salmayaraq diqqətlə fikrimi ona cəmlədim. O, sözünə davam etdi:

- Deməli, 1958-ci il idi. Artıq universiteti bitirmişdik, hərəmiz bir yerdə işləyirdik. Bir gün görüşmək qərarına gəldik. Gün təyin etdik və görüşdük. Görüşə özümlə bərabər dəftər aparmışdım. Dəftərin yuxarısına tələbə yoldaşlarımın adlarını yazmış, hər biri üçün boş vərəq ayırmışdım. Dəftərin ilk vərəqini ona ayırmışdım.  O, bizim qrupun ağsaqqalı, başbiləni idi. Hamının gözü onu axtarırdı. Gələndə sayımız qədər qəzet almışdı. Qəzetin adı "Şəki" idi.  O, bizə bildirdi ki, qəzetin 1-ci səhifəsini açaq.  Qəzetdə  Bəxtiyar Vahabzadənin məşhur "Gülüstan" poeması dərc edilmişdi. Poema Azərbaycanın Sovet imperiyası tərkibində olmasına sərt bədii etiraz idi. Poemanı biz həm sevinclə, həm də böyük ağrıyla oxuduq. Sonra dəftəri bir-bir hamıya ötürdüm, bəziləri öz düşüncələrindən, bəziləri öz xəyallarından, bəziləri də universitet xatirələrindən bir-iki sətirlik yazı yazdı. Sıra gəlib ona çatdı. "Gülüstan" poemasından işarələdiyi hissəni dəftərə köçürməyə başladı.

Qoca kişinin bu yerdə səsinin titrədiyni hiss elədim. Paltosunun döş cibindən köhnə bir dəftər çıxararaq mənə verdi və dedi:

- Birinci səhifəni aç oxu!

Dəftəri açdım "onun" adını oxudum. Və ardıyca qocanın təlimatı ilə oxumağa başladım:

"İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüş qüdrətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün. 

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun".
"Amma bunu da unutma, vərəq,
biz bir gün müstəqil olacağıq"

14.12.1958

İmzasını görəndə anladım ki, mən böyük bir tarixlə qarşı-qarşıyayam. Qocadan xahiş etdim ki, dəftərə mənim də bir-iki söz yazmağıma icazə versin. O, təsdiq əlaməti olaraq əlini çiynimə qoydu. Çantamdan qələmimi çıxardım və qəhrəmanımın iziylə gedərək "Gülüstan" poemasından bir bənd də mən yazdım:

"Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Və ardınca qeyd etdim:

" Biz artıq müstəqilik!
Bəs...
Bəs nə vaxt Araza qovuşacağıq?"

14.12.2019

Yaşlı kişiyə təşəkkürümü bildirərək dəftəri ona qaytardım. Ayağa qalxdım addımlarım məni ona aparırdı. Qarşımda gülümsəyən heykələ baxdım, mən də gülümsədim. Axı qəhrəman necədirsə, onun xalqı da elə olmalıdı. Sonra  onun ruhuna azadlıq toxumları səpən göyərçinlərə baxdım.

 





20.11.2020    çap et  çap et