525.Az

Tanıyaq və tanıdaq: Həkimə Babakişizadə Nəğmə


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Həkimə Babakişizadə Nəğmə</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular! 
 
Rubrikamızda bu dəfə dəyişiklik etdik. İşğal olunmuş torpaqlarımızdan erməni quldurlarının qovulması, xüsusən müqəddəs Şuşamızın azad edilməsi günlərində, igid əsgərlərimizin, qəhrəman oğullarımızın və xalqımızın yeni tarix yazdığı bir dönəmdə Güneyli yazarlarımızdan bir neçəsinin həmin olaylara həsr etdiyi şeirlərdən örnəkləri diqqətinizə çatdırırıq.      



Esmira Fuad,
Filologiya elmləri doktoru

Həkimə Babakişizadə Nəğmə

1981-ci ildə Ərdəbilin Ziyavın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dili və ədəbiyyatı üzrə təhsil alıb. Çoxlu sayda şeir və hekayə müəllifidir. Öz yaradıcılığı haqda belə deyir: "Yadıma gələndən, yaşamın dərdini, kədərini, sevincini, sevgisini düşünəndən və əlimə qələm alandan içimdə baş verən olayların təsiri altında, həm də duyğulandığım vaxtlarda yazmışam və bu gün də yazıram.

Arada yaşamımda durğunluqlar da olub və mən istər-istəməz yazıb-yaratmaqdan uzaq qalmışam. Ancaq yenə çəkilib ədəbiyyat aləminə sığınmışam. Üsyançı ruhlar gördüyümüz dünyaya sığmayanda ədəbiyyat evində bir xəyal adlı künc var, mənim də hər özündən köçən şair kimi, əski və yeni ünvanımı axtarsanız, oradayam".

Yazar-şair hazırda Ərdəbil şəhərində yaşayır.

Səni unutmağa başladım bir gün,  
Unutdum hər nəyi, səni yox amma.
Özlüyümdən keçdim, unutmaq üçün,
Unutdum hər nəyi, səni yox amma.

Unut deyirdim mən, unut özümə,
Ağlayıb gülürdüm yalan sözümə,
Hara döndüm baxdı gözün gözümə,
Unutdum hər nəyi, səni yox amma.

Ruhum nəşimdə yad olmuşa döndü,
Dalda qoyduğum yol getdiyim öndü,
Hər səs qulağımda səsinə çöndü,
Unutdum hər nəyi, səni yox amma.

Əlləşdim vuruşdum, ayrılmadı can,
Birləşdirdi bizi, güzgü tək hər yan,
Əl-ələ verdilər, ürəklə zaman,
Unutdum hər nəyi, səni yox amma.

Yaxamı çəkərkən yaxam cırıldı,
Yardım əllərindən, əlim qırıldı,
Kölgən kölgəm olub mənə sırıldı,
Unutdum hər nəyi, səni yox amma.

***

Ürəyim quş kimi həsrətdə ölür,
Sən tək gülü hər an bağlarda görür,
Həsrətlə gün çıxır həsrətlə dönür,
Güdürəm, bir xəbər yetişmir mənə.

Döndü qışa sənsiz ömür baharı,
Solub çiçəkləri, əridi qarı,
Yıxaydı fələk kaş belə hasarı,
Güdürəm, bir xəbər yetişmir mənə.

Qürbətdi vətənim, sənsiz vətən yox,
İntizar yoruldu qəmlərlə mən yox,
Yollarda külək yox, dağlarda çən yox,
Güdürəm, bir xəbər yetişmir mənə.

Göynəyir ürəyim, sancır ürəyim,
Zəhərləndi sənsiz duzum, çörəyim,
Döndü həsrətlərə bir-bir diləyim,
Güdürəm, bir xəbər yetişmir mənə.

Qayıt! Sənsiz yatır, ələmim yatır,
Solur gülüş gülü, tikanlar batır,
Bu qəmli intizar məndə kök atır,
Güdürəm, bir xəbər yetişmir mənə.

***

Ovcumu açmağa əlləşmə, ürəyim!
Soyuq dəyər sənə qış baxışlardan,
şəpə bağlar gözümüzdən keçən yollar.
Ovcumu açmağa əlləşmə,
dilə, dişə gələr
sirrimizin ağbirçəkliyi,
açılar, tökülər
ürəyimizin bağlı buxçası
köhnə palanlar kimi.
Söz seçilər söz içindən
ayrılığımıza höküm sözü.
Sus sözlərini,
sus ürəyim,
sus gözüm,
susmaq haqqınıza
verəcəyəm ömrümü...

***

Yaraların köhnə yeri,
Öncə-öncə, geri-geri,
Zolaq-zolaq qan verəcək.
Araz boyda cızıqlarım
Vətən deyib can alacaq,
Vətən deyib can verəcək...
Anam saçı, bacım saçı
Hörük-hörük qayçılanıb.
Dönərgənin namərd əli
İp toxuyub dar boyuna.
Göydən asıb anasının
döşdən ayrılmaz balasın.
Kimdi indi kitman edə?!
Dar ağacından yenə də
Tifil yara süd əməcək
Köhnə yara qan verəcək!!!

 





20.11.2020    çap et  çap et