525.Az

"Tərbiyəsiz təhsil" anlayışı cəmiyyəti xaosa aparar" - Müsahibə


 

"Tərbiyəsiz təhsil" anlayışı cəmiyyəti xaosa aparar" - <b style="color:red">Müsahibə </b>

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin, həmçinin, Bakı Qızlar Universiteti Tarix kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılovla söhbət 

- İntiqam müəllim, elm aləminə gəlişiniz, ali məktəbdə müəllim olmaq qərarınız ilk növbədə nədən qaynaqlandı?

- Müstəqillik illərimizin əvvəllərində respublikamızda özəl ali məktəblər açılırdı və 1992-ci ildə Bakı Qızlar Universiteti yarandı, o vaxt Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı. Bu ali təhsil ocağının təsisçisi bizim institutda işləyən professor Ağarəhim Rəhimov idi. O, müəllim kontingentini formalaşdırırdı, dəvət aldım və qəbul etdim. Apardığım tədqiqatlara uyğun olaraq gənclərdə milli mənlik şüurunun formalaşdırılması ilə bağlı elmi nəticələrin tətbiqi də mənim üçün çox maraq doğururdu. Eyni zamanda, aspiranturanın sonuncu kursunda oxuyurdum. Əvvəlcə saathesabı işə götürüldüm, tədricən münasibətlər genişləndi, işim yüksək dəyərləndirildi, dərs saatlarım artdı...

- Kafedranın təşkili və ilk uğurlarınızı xatırlayanda nələrin üzərində dayanmağı lazım bilirsiniz?

- Kafedra təhsil müəssisəsinin elə bir qurumudur ki, burda təkcə tədris deyil, eyni zamanda, müvafiq elmi istiqamətlərə uyğun, məsələn, elmi-tarixi, elmi-pedaqoji, metodik və digər tədqiqat işi aparılmalıdır. 1996-cı ildə bu ali təhsil ocağına tarix müəllimliyi hazırlığı icazəsi veriləndə bununla bağlı tarix kafedrasının təşkili, tədris planlarının hazırlanması mənə həvalə edildi. Respublikanın tanınmış alimləri bura dəvət olundu, onu deyim ki, bu ənənə indi də davam etdirilir. Təhsilin məzmunu barəsində də söz deməyin yeridir, bu ali təhsil ocağı spesifik xarakterə malikdir, Azərbaycanda yalnız qızlardan ibarət olan tələbə kontingentinin təhsil aldığı yeganə universitetdir. Burda əsasən müəllim kadrları hazırlanır. Bir nüans da maraqlıdır, o da qızların ailə həyatına hazırlanmasına xüsusi əhəmiyyət verilməsidir. Tədris prosesində nə kimi boşluqlar olur, onları öyrənə-öyrənə, tədqiq edərək nəinki özəl təhsil ocaqlarında, eləcə də dövlət ali məktəbləri arasında da bir imic formalaşdı, reytinqi yüksəldi, bu da qəbula öz müsbət təsirini göstərməyə bilməzdi.

- Təhsil İnstitutunun fəaliyyətini, bu sahədə gördüyü işləri necə dəyərləndirmək olar?

-Təhsil İnstitutunun əməkdaşları hər zaman ölkəmizin təhsil müəssisələri ilə əməkdaşlıq etmiş, təhsilimizin inkişafı üçün nəzəri və praktik baxımdan köməyini əsirgəməmişlər. İnstitutun elmi məhsulları təkcə monoqrafik məzmunda deyil, eyni zamanda, vəsaitlər, tövsiyələr formasında hazırlanır, bu isə daha çox praktik mahiyyət kəsb edir. Təhsilin bütün problemlərini, bütün pillə və səviyyələrini əhatə edən bu məhsullar innovasiyalara əsaslanır, təhsildə keyfiyyət göstəricilərini yüksəltmək imkanları və yollarını əks etdirir.

Təhsil İnstitutunda işləyə-işləyə Dövlət Tələbə qəbulu Komissiyası, indiki Dövlət İmtahan Mərkəzi (DİM) ilə sıx əlaqələrimiz, yetərli əməkdaşlığımız olub. Orda uzun müddət tarix fənni üzrə ekspert kimi çalışmışam, iki dəfə qəbulda həmin fənn üzrə ekspert qrupunun rəhbəri olmuşam. Bu, çox məsuliyyət tələb edən fəaliyyətdir, xeyli sayda tövsiyələrimiz, tədqiqatlarımız, vəsaitlərimiz işin praktik cəhətdən tənzimlənməsinə bir kömək idi. Bütün bunları İnstitut əməkdaşları ilə birgə görürdük, sualınıza birmənalı olaraq cavab verim ki, bu məsələdə bizim İnstitutun xidməti əvəzsizdir. Tələbələrin, doktorant və dissertantların ümumrespublika elmi konfranslarında iştirakı bunu bir daha sübut edir, bu da çox müsbət keyfiyyət göstəricisidir.

- Tədris planı və dərslikləri bu günün tələbləri baxımından qaneedicidirmi?

- Tədris planları müəyyən müddət üçün hazırlanır və növbəti mərhələdə onun yenilənməsi, təkmilləşdirilməsi imkanları olur. Biz hər zaman buna diqqət yetirir və tələbələrimizin gələcək müəllim kimi, peşəkar mütəxəssis kimi hazırlanması məqsədilə əsas fənlərlə yanaşı, bu gün üçün aktual olan, həm də əsas fənlərin daha dərindən öyrənilməsinə xidmət edən seçmə fənlərin də plana daxil edilməsini vacib hesab edirik. Məsələn, ötən dərs ilində biz "Azərbaycanlıların soyqırımı" adlı fənn proqramı hazırladıq. Onun universitetdə müstəqil fənn kimi tədrisini nəzərdə tuturuq. Hesab edirəm ki, xüsusilə Vətən tarixi, Azərbaycan tarixi fənni hər zaman diqqət mərkəzində olmalıdır. Məhz bu fənnin tədrisi tələbələrdə milli mənlik şüurunun, Azərbaycan dövlətçilik tarixinə, mədəni, mənəvi dəyərlərimizə hörmət hissinin formalaşdırılmasında geniş imkanlara malikdir.

İndi elə bir dövrdə yaşayırıq ki, dərsliklərlə bərabər, zəngin tədris resurları, internet vasitəsi, milli kitabxana, elektron kitabxana, AMEA-nın kitabxanası tələbələrin istifadəsindədir.

- Kafedrada müəllimlərinizlə çox səmimi bir münasibətin şahidi oldum, bu ənənələr necə qorunub saxlanıb - bir qədər də bu barədə danışaq.

- Bizim kafedrada respublikanın adlı-sanlı alimləri təmsil olunublar. Xatırlayıram, tarix elmlər doktorları, professorlar: AMEA-nın müxbir üzvü mərhum Vəli Əliyev, mərhum Mehdi Salahov, Tofiq Mustafazadə, Oqtay Sultanov, Tarix Dostiyev, dosentlər Bahadur Bəxtiyarov, mərhum Adilxan Nəbiyev kafedranın həm də elmi mərkəz kimi inkişafında böyük rol oynamışlar. Bu gün də respublikamızın tanınmış tarixçi və coğrafiyaçı alimləri, professor-doktorları (hazırda kafedrada tarix müəllimliyi ilə bərabər, coğrafiya müəllimliyi ixtisası üzrə də pedaqoji kadrlar hazırlanır) Nərgiz Quliyeva, Qafar Cəbiyev, Məhəmməd Abduyev, Əzizağa Ələkbərov, Dadaş Ələsgərov, Elçin Qarayev, Polad Xəlilov, Sübhan Talıblı və başqaları kafedrada çalışır və milli ruhlu müəllimlərin hazırlanmasında böyük səylər göstərirlər. Bu alimlər öz elmi araşdırmalarını tədrislərinə gətirdiklərindən tələbələr tərəfindən daha maraqla qarşılanır. Tez-tez bir yerə yığışıb nəyinsə müzakirəsini aparırıq, bu cür canlı diskussiya, polemika həm tədrisin keyfiyyətinə, həm də elmi yaradıcılığa bir stimul verir. Tarixin, coğrafiyanın müəyyən problemləri ilə bağlı seminarlar təşkil edirik, bura tələbələri də dəvət edirik, onları da müzakirələrə cəlb olunurlar - əsl "subyekt-subyekt" münasibətlərinin yaranmasında bunlar da bir vasitədir.

- Rəhbərlik etdiyiniz şöbənin elmi-tədqiqat sahələrindən biri də tam orta məktəbdir. Yəni bu yandan da sabahın müəllimlərinin hazırlığında iştirakçısınız, həm də məzun olacaq müəllimlər sabahkı cəmiyyətdə aparıcı qüvvə iddiasında olan qadın-məmur, ailə xanımı, nəhayət, övlad anasıdır...

- Müəllim olacaq məzunlarımıza bizim ali məktəbin adını həmişə uca tutmağı arzu edirəm, yalnız yaxşı müəllim olmaqla buna nail olmaq mümkündür. Müəllimlikdən savayı, onlardan elmi-tədqiqat institutlarında, tam orta məktəblərdə rəhbərlikdə təmsil olunanlar da az deyil. Bizi sevindirən odur ki, bu təhsil ocağında verdiyimiz təlim və tərbiyənin nəticəsidir ki, gəlib bu səviyyəyə çatıblar. Elmi konfranslara qatılırlar - əgər yaradıcı müəllim olmasaydılar, bu, mümkün olmazdı, hansısa rayonda ən qabaqcıl müəllimlər cərgəsində adları çəkilir, bu, bizi nə qədər sevindirir, bunu sözlə ifadə etmək belə mümkün deyil - bir müəllim üçün bundan da fəxr, qürur duyğusu nə ola bilər?

- Elmi yaradıcılığınızda tərbiyə, milli-mənəvi dəyərlər, şəxsiyyətyönümlü təhsil əsas xətt kimi nəzər-diqqəti çəkir. Bir tərəfdən də ali məktəbdə pedaqoji subyekt qismində qızlar, bu da ikiqat məsuliyyət tələb edir, belə deyilmi?

- Əlbəttə, çox məsuliyyətlidir. Eyni zamanda, bu işlə məşğul olmaq - həm tədqiqatçılıq, həm də praktik fəaliyyət baxımından şərəflidir. Yeri gəlmişkən tərbiyə anlayışı barədə bəzi düşüncələrimi sizinlə bölüşmək istərdim. Müstəqillik dövrümüzün ilk çağlarında xaricdə təhsil məsələsi gündəmdə olanda bizə təlqin olunurdu ki, Qərbdə təhsil anlayışı var, tərbiyə yalnız ailəyə məxsusdur, tərbiyəyə əhəmiyyətsiz bir məsələ kimi yanaşılırdı. Pedaqogika elmində tərbiyə xüsusi bir anlayışdır, "tərbiyəsiz təhsil" anlayışı nə deməkdir? Bu, cəmiyyəti xaosa aparar. Necə ola bilər ki, istedad olsun, yaxşı təhsil alsın, amma tərbiyəsi, əxlaqı gölgədə qalsın? İnsan yaranışından üzü bu yana tərbiyə olub. İndi buna daha böyük ehtiyac var, elə bilirəm. Bu istiqamətdə yeni aspektdə tədqiqatlar aparılır. Təcrübə göstərdi ki, tərbiyədən kənarda cəmiyyət ola bilməz. İstənilən pedaqoji tədqiqatda tərbiyə məsələsi qırmızı xətt kimi keçir. Bu istiqamətdə xeyli araşdırmalar aparmış, kitablar nəşr etdirmişəm, qənaətim də budur ki, təhsilin iki tərəfi-təlim və tərbiyə bir vəhdətdə olmalı, bir-birindən ayrılmamalıdır. Şəxsiyyət amili, şəxsiyyətyönlü təhsil, milli ruhun aşılanması, milli-mənəvi, əxlaqi dəyərlərə malik vətəndaş yetişdirilməsi məktəblər qarşısında qoyulan ali məqsəd, ali amaldır...

- 60 yaşınızın təxminən yarısı elmi fəaliyyətlə paralel olaraq  müəllimliyinizlə bağlıdır. Zəngin təcrübəyə malik mütəxəssis kimi təhsil pillələri arasında əlaqənin zəif olmasının səbəbləri barədə nə düşünürsünüz? Bu barədə fikrinizi bilmək istərdik.

- Bilirsiniz, sovet dövrü ilə müqayisədə indiki əlaqələr genişlənib. Amma bu əlaqələrin inkişaf etdirilməsinə, dərinləşdirilməsinə ehtiyac var. Sizcə, bağça, məktəb, lisey, kollec və ali məktəb bir qurumda olanda təhsilin effekti güclü olar, ya ayrı-ayrılıqda? Hansı ali məktəbin nəzdində bunlar fəaliyyət göstərirsə, orda təhsilin keyfiyyəti yüksəkdir, yaxud bağça-məktəb-lisey kompleksi, ya da elə məktəb-liseylərdə. Çox güman ki, status məsələsi gələcək elmi-pedaqoji tədqiqatların da mövzusu olacaq, təhsil sisteminin daha da modernləşdirilməsinin şahidi olacağıq.

Nəcibə İLKİN
İslam ƏSGƏRLİ

 





20.11.2020    çap et  çap et