525.Az

"Məsihin qapısı"ndakı gizlinlər - Şahanə Müşfiqin yazısı


 

"Məsihin qapısı"ndakı gizlinlər - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Əsasən, triller və detektiv romanlar müəllifi kimi tanınan dünya şöhrətli fransız yazıçı Filip Le Royun "Məsihin qapısı" romanını oxumağım qəribə zamana təsadüf etdi.

Həmin vaxt ölkəmdə müharibə gedir və Azərbaycan (dövlətimiz, ordumuz, Prezidentimiz və xalqımız) otuz ilə yaxın zamandır erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızın azadlıq mücadiləsini verirdi. Gözümüzün və qulağımızın cəbhədən gələn xəbərlərə dikildiyi, qarmaqarışıq informasiyaların, duyğuların içərisində az qala başımızı itirdiyimiz zamanda bu kitabla birgə həyatıma növbəti qarışıqlığı daxil etmişdim. Necə bir təsadüfdür ki, bu əsərdə də hadisələr otuz il öncəyə gedib çıxır və illərdir gizli, səssiz gedən mübarizə otuz ildən sonra aşkara çıxır, böyük əraziləri və çoxsaylı insanları əhatə etməyə başlayır. Eynən Qarabağ müharibəsi kimi...

Dini triller janrında yazılmış kitab "TEAS Press" nəşriyyatı tərəfindən nəfis tərtibatda çap olunub. Əsərin məzmununa keçməzdən öncə fransız dilindən tərcümə edən Şain Sinaria və İlahə Əliyevanın peşəkarlığını qeyd etməliyik. Fikrimcə, çətin və qarışıq mövzunu əhatə edən, terminlərlə dolu əsəri tərcüməçilər Azərbaycan dilinə doğmalaşdıra biliblər.

***

Roman hələ "Müəllifdən" və "Ön söz" yazılarıyla oxucunun diqqətini öz üzərinə çəkməyi bacarır. Müəllif romanın yazılma və meydana çıxmağını maraqlı, eyni zamanda, qəribə hadisəylə əlaqələndirir. Onun yazdığına görə, 2013-cü ildə Porto-Vekko şəhərində keçirilən kitab sərgisində çadralı bir qadın Filip Le Roya yaxınlaşıb ona bir çanta verir və deyir ki, bu çantanın içində İslam dininin tarixi və Quranın yaranması ilə bağlı bütün dünyanı lərzəyə salacaq həddən artıq maraqlı materiallar var. Müəllif naməum qadının ona verdiyi çantadakı materialları ilahiyyatçı dostu Qiyyom Erviyö ilə birlikdə düz bir il boyunca araşdırıb və bu araşdırmaların nəticəsində "Məsihin qapısı" romanı meydana çıxıb. Düzü, bu məlumatları oxuyarkən böyük ehtimalla İslamdan bəhs edən bir əsərin adındakı "Məsih" sözü diqqətimi çəkdi. Bildiyimiz kimi, Məsih İsa peyğəmbərdir. O isə Xristianlıq dininin peyğəmbəri. Bəs İslamla nə əlaqəsi?

"Məsihin qapısı", yaxud "Qızıl qapı" qədim Qüdsün qala divarlarında olan 8 qapıdan biridir. Əvvəllər bu qapı birbaşa Məscidlər meydanına açılıb. 1541-ci ildə Sultan Süleyman bu qapını hördürüb. Xristian inancına görə, İsa peyğəmbər Qüdsə məhz bu qapıdan daxil olacaq. Yəhudilər də öz Məsihlərinin məhz bu qapıdan gələcəyini iddia edirlər. Ona görə də müsəlmanlar bu qapını hörərək bağlayıb, qarşısında öz qəbiristanlıqlarını salıblar ki, xristianların və yəhudilərin Məsihi bu qapıdan girsə belə, müsəlman qəbirlərini basıb keçməmək üçün məcbur olub geri qayıdacaq. Deyilənə görə, həmin qapı ancaq qiyamət günü açılacaq.

Kəskin və mürəkkəb sujet xəttinə malik əsər son dövrlərdə dünya, xüsusən Qərb ədəbiyyatını daha çox maraqlandıran monoteist dinlər, onların yaranması, yayılması, müqəddəs kitabları, eləcə də din pərdəsi altında təşəkkül tapmış siyasi improvizasiyalardan bəhs edir. Mərkəz isə İslam dini və Qurandır.

***

Roman 1983-cü ildə Beyrutdakı restoranların birində iki yaşlı övladlarıyla birgə evliliklərinin dördüncü ilini qeyd edən jurnalist Henri Lombardi ilə onun xanımı Leylanın qarmonçalan cildindəki terroristin törətdiyi partlayışa qurban getməkləri ilə başlayır.



Sonrakı səhnədə biz əsərin baş qəhrəmanı Simonla tanış oluruq. 2012-ci ildə ta və anasını avtomobil qəzasında itirən Simonun 30 yaşı var. Onun diplomat atası Pol Lanq ölümündən öncə oğluna yazdığı məktubda dəhşətli bir həqiqəti açır: Simon onunla Aminənin doğma övladları deyil, onu 30 il öncə övladlığa götürüblər. Bununla əslində, 32 yaşında olduğunu da öyrənmiş olan Simonun əsl ailəsi haqqındakı məlumatlar isə Qüdsdəki otelin seyfindədir. Simon atasının dostu kimi tanış olduğu Marküslə birlikdə həmin seyfi tapsa da, içindəkiləri tapa bilmir. Bir neçə günün içərisində həyatı tamamilə dəyişən Simon Marküslə birgə çoxlu içir və sərxoş olur. İki dost sərxoş halda Qüdsün küçələrini gəzərkən gəlib "Məsihin qapısı" deyilən yerə çatırlar. İçkinin təsirində olan Simon Marküslə mərcə girir ki, o, qalınlığı 5 metrdən çox olan bu divardan keçə bilər. Və Marküslə bələdçinin gözləri önündə özünü divara çırpıb divardan keçir. Onun bu möcüzəvi keçidin Marküs telefonunun videosuna çəkir. Səhəri gün gözlərini polis idarəsində açan Simon həmin gecəyə aid heç nəyi xatırlamır. Yanındakı tək şahidi Marküs isə ortalıqda yoxdur. Simonun Marküsü axtarması ilə romanın əsas süjet xətti və hadisələr başlayır. Yəni hər şey "Məsihin qapısı"nda başlayır...

***

Sonrakı prosesdə Simonun əsl ailəsi və Marküslə bağlı axtarışları gedib İslamın və hətta monoteist dinlərin yaradılış tarixinə qədər çıxır. Simon öyrənir ki, onun əsl atası Henri ögey atası Pol Lanqın ən yaxın dostu olub və İslamın tarixini araşdırıb. Əlində bütün dünya sivilizasiyasını kökündən sarsıdacaq mühüm bilgilər də toplaya bilib və məhz bu səbəbdən islamçılar tərəfindən həyat yoldaşıyla birgə terror qurbanı olub. Onun möcüzə nəticəsində sağ qalan oğlunu övladlığa götürən Pol isə dostunun başladığı araşdırmanı otuz il boyunca davam etdirib. Nəticədə o da arvadıyla birgə yenə eyni qüvvələr tərəfindən cinayət qurbanı olub.

Onun bu axtarışlarının coğrafiyası olduqca geniş əraziləri və müxtəlif insanları əhatə edir. Paris, Berlin, London, Nürnberq, Qüds, Beyrut, Kipr, dağlar, qayalıqlar, mağaralar, sinaqoqlar, kilsələr məscidlər... hamısı Simona yeni bir gizlinin üzərindəki pərdəni aralayır. Açılan hər sirr pərdəsiylə birlikdə işlər daha da dolaşığa düşür, hadisələr daha qəribə rəng alır. Simon isə başına gələn bütün təhlükələrə, onu öldürmək istəyən qüvvələrə rəğmən davam edir, İslamın müqəddəs kitabı olan "Quran"ın köklərinin hara gedib çıxdığını böyük inadkarlıqla araşdırır və hər səhifədə oxucunu bir az da heyrətə salacaq yeni faktlarla qarşılaşır.

Simonla birgə biz də addım-addım, səhifə-səhifə ən keçmişə, dünyanın, sivilizasiyanın yarandığı ilk zamanlara doğru gedirik. Məlumdur ki, bəşər tarixinin ilk dini çoxallahlılıq olub. Sonralar insan sitayiş etdiyi tanrıları bir yerə cəmləyib vahid Tanrı inancını qəbul etdi. Allahın təkliyinə şəhadət verən kitablar - "Tövrat", "İncil" və "Quran" nazil oldu. Və bu kitabların bir-birindən qaynaqlandığı kimsəyə sirr deyil. "Məsihin romanı" kitabının müəllifi isə qəhrəmanlarının diliylə bu həqiqəti başqa cür izah edir. Onun dediyinə görə, İslam Xristianlığın bir qoludur. Xristianlıq isə öz növbəsində iudaizmdən, daha doğrusu, onun bir qolu olan essenizmdən qaynaqlanıb. İudaizm də Şumer mədəniyyətindən ilham alıb. Şumerlər isə başqa planetdən yerə gəlib, burda mədəniyyəti yaradıb, sonra yenidən öz planetlərinə qayıdıblar. Yəni hər şeyin başlanğıcı olan Şumer mədəniyyəti göydən gəlib. Hər üç monoteist din də Allahın göydə olduğunu, müqəddəs kitabların da göydən Yerə endiyini iddia etmirmi?! Deməli, bütün hallarda başlanğıc göydür.

Romanda mövzuyla bağlı çox şeylər iddia olunur. İslam dininin kökündəki əsl məqsəd, nəsranilərin kimliyi və diplomatik məktubları, onların xristianlıq və İslamla bağlılığı, Xəlifə Ömərin İslam dinindəki rolu, Məhəmməd peyğəmbərin kimliyi, "Quran"ın mənbəyi və müəllifi, Suriyanın gizli xəritəsi, Səudiyyə Ərəbistanının sirri, Məkkənin həqiqi ünvanı, Hitlerin İslam diniylə bağlı fikirləri, Qübbət Əs-Səkra günbəzinin divarlarındakı yazılar, "Kodeks Koranikum" və sair. Bütün bunların mənası kitabda böyük ustalıqla qələmə alınıb.

***

Maraqlıdır ki, roman bu qədər sirrin içərisində sonda gözlənilməz və saf bir nəticəylə yekunlaşır. Məlum olur ki, bir neçə il öncə Qüdsdə baş vermiş zəlzələ çox qəribə şəkildə dünyanı animasiya filminə çevirə bilərmiş. Və məhz o təsadüfi (ya da zəruri) zəlzələ və onun "Məsihin qapısı"nda yaratdığı çat nəticəsində İslam dininə atılmaq istənilən bütün qarayaxmalar bir toz zərrəciyi kimi uçub havada yox olur. Bütün dünyanın, xristian aləminin və gizli güclərin İslamın təməlini laxlatmaq, onun heç olduğunu sübut etmək çabaları iflasa uğrayır. Belə demək mümkündürsə, Allah öz dinini insanların şərindən sona kimi qoruyur. Nəticə etibariylə "Məsihin qapısı"nda başlanan sirlər elə "Məsihin qapısı"nda da yekunlaşır.

Simon bu axtarışlarını təkbaşına aparmır. Onun "təsadüfən" tanış olduğu əslən suriyalı olan gözəl Sabbah ona bütün bu prosesdə yaxından köməkçi olur. Sonlara doğru isə YUNESKO-da işləyən bu gənc qızın Simonun həyatına təsadüfi girmədiyi, İslamı araşdıran böyük bir qrupun Simonu qorumaq vəzifəsi həvalə edilmiş əməkdaşı olduğu ortaya çıxır. Onunla Simon arasında getdikcə artmaqda olan eşq isə romanın rəngli və bədii tərəfidir. Nəticədə Sabbah Simonun bütün bu axtarışlardan sonra ən böyük tapıntısına çevrilir. Buna görədir ki, Simon Sabbahdan ayrılmamaq üçün İslamla bağlı aylarca axtardığı və sonda çətinliklə yetdiyi bütün sübutları qurban etməyi gözə alır. Yəni dünyadakı ən gözəl din sevgidir!

 





21.11.2020    çap et  çap et