525.Az

"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik"


 

"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik"<b style="color:red"></b>

"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar".

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

XİN başçısı qeyd edib ki, bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil:

“Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq”.

S.Lavrov qeyd edib ki, buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir:

“Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 10 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”.

 





21.11.2020    çap et  çap et