525.Az

Şəhid ömrü - Aytac Sahədin yazısı


 

Şəhid ömrü - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Ağlayanım tapılsa,
Nə var ölməkdən gözəl?!.
Nə var şəhid qanına
Batan köynəkdən gözəl?!.

Ramiz Rövşən

Deyirlər ki, can şirin şeydir. Hər dəfə qəhrəmanlıqla döyüş meydanına atılıb canını vətən uğrunda gözünü qırpmadan fəda edən igidlərimiz haqqında eşitdikcə bu sözü xatırlayıram. Vətən, yurd sevgisi üçün şirin canından keçən bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur.

Bu yazımda şəhidlik zirvəsinə ucalan Bəhruz Hüseynov haqqında danışacağam.

Bəhruz Hüseynov 1994-cü il yanvar ayının 17-də Salyan rayonunun Birinci Varlı kəndində anadan olub. Orta təhsilini Yolüstü kənd məktəbində başa vuran qəhrəmanımız 2011-ci ildə Azərbaycan Texniki Universitetinin mexanika mühəndisliyi fakültəsinə daxil olub. 2015-ci ildə hərbi xidmətə yollanan Bəhruz Hüseynov tank taborunda tuşlayıcı mexanik vəzifəsini icra edib.

Hələ 2016-cı ildə Aprel döyüşləri başlanan ilk günlərdən Tərtər rayonu istiqamətindəki ağır döyüşlərdə bölük yoldaşları ilə birlikdə iştirak edir. Döyüşlərdə göstərdiyi şücaətinə görə öz komandirləri arasında böyük hörmət və ehtiram qazanır. 2016-cı ildə hərbi xidmətini başa vuraraq ordudan təxris olunur. Lakin Qarabağ uğrunda döyüşlər başlayanda  orduya çağırılır və döyüş bölgəsinə göndərilir. Füzuli rayonu istiqamətində başlanan ağır döyüşlərdə iştirak edərək irəliləyən Bəhruz düşmənin hərbi texnikalarının, canlı qüvvələrinin məhv edilməsinə fəal iştirak edir. Tankçı və tuşlayıcı mexanik olduğu üçün düşmən mövqelərinin dəqiq təyin edilməsində xüsusi bacarıq göstərir. Oktyabr ayının 19-da Zəngilan rayonu istiqamətində gedən ağır döyüşlər zamanı bir neçə yoldaşı ilə qrad zərbəsi nəticəsində qəhrəmancasına şəhid olur.



Şəhidimizin qardaşı Abbas Hüseynov qardaşının xaraktercə sakit və  çox qürurlu bir insan olduğunu bildirir: "Heç vaxt "mümkün deyil" sözü ilə razılaşmazdı. Çox mərhəmətli, kömək etməyi sevən adam idi. Uşaqlıq illərimizin hər gününü birlikdə keçirmişik. Hələ uşaq ikən biz rəsm dərslərində gül-çiçək  çəkəndə o, 20 yanvar şəhidləri haqqında  rəsmlər çəkərdi. Təəssüflər olsun ki,  o şəkillər indi məndə deyil. Bəhruz vətənə, bayrağa bağlı biri idi.

Mən qardaşımdan yaşca böyük olsam da, çox vaxt uzaqgörənliyinə arxalanıb ondan məsləhətlər almışam. Çox səbirli və təmkinli idi mənim qardaşım. Dinə bağlı olduğu üçün həmişə deyirdi ki, Allah insana nə məsləhətdirsə, onu da qismət edər, gedəcəyin yola o yönləndirir. Dünya malında zərrə də olsa, gözü yox idi. Sadə yaşamağı sevirdi. Ali təhsil aldıqdan sonra ən böyük arzusu işləmək idi ki, ona da nail oldu. Qısa bir müddət olsa da, şirkətlərdən birində neftli tullantıların emalı üzrə mexanik vəzifəsində çalışdı.



Belə bir nur üzlü,  pak qəlbli qardaşı itirməyin nə dərəcədə ağır olduğunu yəqin ki, sizə heç cürə izah edə bilmərəm.  Vətən uğrunda qorxmadan, çəkinmədən döyüşlərə qatıldı. Bəhruz həm də  2016-cı il Aprel döyüşlərinin iştirakçısı idi.  Vətən müharibəsində xeyli qəhrəmanlıqlar edib. O, xaraktercə güclü idi, qorxaq deyildi. Məhz bu xarakteri onu döyüşlərdə  öndə aparırdı. Fəxr edirəm ki, belə mərd, igid qardaşım var".

Məni indi incidən tək şey onu cismən görməməyimdir. Ruhən isə  onsuz da qəlbimdə əbədi olaraq yaşayacaq.

Vətən sevgisi onu döyüş meydanına səslədiyi üçün o, bu döyüşlərə sanki sevinərək qatıldı. Göstərdiyi şücaəti sayəsində öz komandirləri arasında böyük hörmət və ehtiram qazanmışdı. Vətənin bu ağır günlərində canından, qanından keçən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirik. Bizim canımız da, qanımız da bu vətənə fəda olsun. Təki üçrəngli bayrağımız əbədi dalğalansın. Təki Vətən sağ olsun!..

 





21.11.2020    çap et  çap et