525.Az

İkinci Qarabağ müharibəsi: Hərbi sənayenin sınaq meydanı


 

İkinci Qarabağ müharibəsi: <b style="color:red">Hərbi sənayenin sınaq meydanı</b>

Müharibə meydanları həm də həmişə texnologiyaların sınaqdan keçirildiyi, reklam edildiyi məkan olub. Dünya hərb sənayesi özünün ən yeni, mükəmməl texnologiyalarını müharibələrdə yaradıblar. Bu baxımdan ölkəmizin qalib çıxdığı İkinci Qarabağ müharibəsi bitsə də, dünya hərb sənayesi baxımından müharibədə istifadə olunan yeni nəsil silahlar və yeni taktikalar hələ də müzakirə obyektidir.

"525"ə açıqlama verən hərbi ekspert Rəşad Süleymanov bildirib ki, İkinci Qarabağ müharibəsi həm regionda, həm də dünya hərb tarixində yeniliklərə imza atıb.

Onun sözlərinə görə, bu vətən müharibəsidə önəmli hadisələrdən biri də pilotsuz uçuş aparatlarının sistemli şəkildə tətbiqi olub:

"Bu müharibədə müxtəlif təyinatlı dronların - kəşfiyyat-müşahidə, kəşfiyyat-zərbə və kamikadze pilotsuz uçuş aparatlarının sistematik şəkildə, sürü halında tətbiqi həyata keçirildi. Dronların planlaşdırılmış sistematik tətbiqi və əraziyə uyğun olaraq digər silahlarla inteqrasiya olunaraq istifadəsi ilə qısa bir zamanda düşmənin nəinki ön xətti, eləcə də cəbhənin hava hücumundan müdafiə sistemi də sıradan çıxarıldı. Bunun sayəsində qısa bir vaxtda Azərbaycanın pilotsuz hava uçuşları aviasiyası artıq böyük bir ərazi üzərində hava üstünlüyünü ələ keçirdi. Bu isə sonrakı mərhələlərdə artıq heç bir maneəyə rast gəlmədən, düşmən hədəfinə çevrilmədən hərbi aviasiyanın Qarabağ ərazisində uçuşlarına imkan yaratdı. Hətta ötən gün, Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Moses Akopyan da müsahibəsində maraqlı bir nüansa toxunub. O, etiraf edib ki, Azərbaycanın "Bayraktar TB2" dronlarına qarşı ən müasir elektron mübarizə sistemini tətbiq etsələr də, qısa müddətdə dronlar bu sistemi sıradan çıxarıb. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə müharibələrdə dronların, pilotsuz hərbi hava qüvvələrinin yeri daha da artacaq".

Ekspert bu müharibəni Azərbaycan tərəfindən yüksək texnologiyalı müharibə kimi qiymətləndirib. Onun sözlərinə görə, beşinci nəsil texnologiyalara malik Azərbaycan ordusu ikinci nəsil hərbi texnologiyalara sahib Ermənistan ordusu ilə müharibə aparıb. O, Azərbaycan ordusunda ən çox diqqətçəkən məqamın ağıllı silahlar sistemindən istifadə etməsi olduğunu qeyd edib: "Bir qrup dronlar havadan çəkir, digər dronlar ona havada istiqamətləndirir və yaxınlıqda kamikadze varsa, o, çırpılmaqla və talan etməklə hədəfi məhv edir, yaxud üzərində raket daşıyan dronlar varsa, onlar məsafədən həmin o idarə olunan raketləri hədəfə göndərir. Yəni artıq raketin bölgəyə yaxınlaşıb bombaları buraxması texnikası keçmişdə qaldı. Artıq bu raketlər bir dron tərəfindən işarələnmiş hədəfə başqa bir dron tərəfindən göndərilir. Bu nümunələr dünyada bundan sonra şəbəkələşmiş mühariblərə geniş diqqət ayrılacağını deməyə əsas verir".

Ekspertin sözlərinə görə, müharibədə dünyaya nümayiş olunan ikinci əsas yeni texnoloji vasitə sensor texnologiyaları olub:

"İngiltərə mərkəzləri tərəfindən artıq bu müharibələr sensor müharibələri kimi xarakterizə edilir. Dronların üzərində müxtəlif sensorlar var. Bunlar radarlar, optik kameralar, termal kameralar, lazer texnologiyalardır. Onlar gizlədilmiş hədəflərin tapılmasında müstəsna rol oynayır. Azərbaycan ordusu bu müharibədə həm bu pilotsuz aparatların üzərində olan müxtəlif sensorlardan, həm də yerüstü nəqliyyat vasitələrinə yerləşdirilmiş, uzaq məsafələrə artilleriya atışını təsdiqləyən sensorlardan mütəşəkkil şəkildə istifadə edib. Bunlar dronların uça bilmədiyi, canlı qüvvələrin keçə bilmədiyi yerləri uzaqdan təyin edən, bu məlumatları zərbə dronlarına göndərən, hədəf ala bilən sistemlərdir. Dronlar kimi, bu sensorlara da dünyada artıq xüsusi diqqət yetiriləcəyini demək mümkündür".

Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsində istifadə edilən yeni hərbi texnologiyalar, keçmiş sovet istehsalı olan texnologiyaların tarixə qovuşmasını da sürətləndirib. Artıq tankların, piyada döyüş maşınlarının, hava hücumundan müdafiə sistemlərinin mövcud şəraitdə heç bir işə yaramadığı əyani sübutunu tapıb:

"Bir drondan atılan 20-30 minlik raketlə 2 milyon yarımlıq tank vurulubsa, artıq bu tank heç nəyə lazım deyil. Artıq bu tankların ya təkmilləşdirilməsi məsələsi ortaya çıxır, ya da bu kimi texnologiyaların hansısa yeni texnologiyalarla əvəz edilə biləcəyi məsələsi yaranır".

R.Süleymanov müharibədə əsas aparıcı qüvvələrindən biri olan insan faktoru anlayışının da dəyişdiyini, müharibələrdə yüksək hazırlıqlı qüvvələrin bundan sonra daha çox əhəmiyyət kəsb edəcəyini vurğulayıb:

"Müharibəni bir ət maşını kimi təsvir etsək, deyə bilərik ki, indi müharibələrdə ət maşınının içinə düşən canlı qüvvə yox, o ət maşınının çarxını fırlatmağı bacaran bacarıqlı, peşakar kadrlar lazımdır. İnsan faktoru bütün müharibələrdə önəmli yer tutub, amma bu müharibə göstərdi ki, artıq xüsusi hazırlıq görmüş qüvvələrə üstünlük verilməsi lazımdır. Bu baxımdan, düşünürəm ki, dünya ölkələri bu sahədə artıq müəyyən qədər bizim də təcrübəmizi öyrənməyə çalışacaq. Çünki Şuşa kimi coğrafi mövqedə yerləşən bir ərazinin düşməndən azad edilməsi zamanı məhz belə hazırlıqlı xüsusi təyinatlılar xüsusi rol oynadılar. Dünya ölkələri də artıq anlayır ki, indiki müharibələr II Dünya müharibəsi deyil ki, komandirlər silahı çəkib, "İrəli" deyib, əsgəri apara. Döyüş meydanları üçün savadlı kadrlar lazımdır və görünür, gələcək müharibələr də beyin müharibləri olacaq. Yəni artıq bir otaqda oturan bir operator onlarla dronu idarə edərək düşmənə zərbə endirə biləcək. Bu baxımdan, yüksək texnoloji bilikləri olan kadrların hazırlanması olduqca vacib məsələdir".

Natəvan ABDULLAYEVA

 





21.11.2020    çap et  çap et