525.Az

Azərbaycanın haqlı mövqeyi dünyanın diqqətinə çatdırılır - Məqalə


 

Azərbaycanın haqlı mövqeyi dünyanın diqqətinə çatdırılır - <b style="color:red">Məqalə </b>

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Builki bayram ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbə qazanması və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması dövrünə təsadüf edir.

Müharibə təkcə döyüş meydanında deyil, həm də getdikcə savaş meydanına çevrilən informasiya məkanında da aparılmışdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq uzun illər beynəlxalq ictimaiyyətə dezinformasiya, həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olmuş və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışmışdır.

Azərbaycan həqiqətlərini dünyaya sübut etmək və beynəlxalq aləmin diqqətinə çatdırmaq olduqca vacib məsələdir. Bu dövrdə ölkə Prezidentinin nüfuzlu xarici televiziya kanallarına və mətbuat orqanlarına verdiyi 30-a yaxın müsahibəsi dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın edərək Azərbaycanın haqq işinin bir daha dünya xalqlarının diqqətinə çatdırılmasına səbəb olmuşdur.

Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi tərəfindən də informasiya müharibəsində fəal iştirak edilərək bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Nazir və nazirlik tərəfindən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına və hakimlərinə, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, fəal əməkdaşlıq etdiyimiz Dünya Bankı, UNİCEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətlərinə, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara müraciətlər ünvanlanmış, ərazilərimizin 20 faizinin işğalı, azərbaycanlıların etnik təmizləməyə məruz qalaraq dədə-baba yurdlarından didərgin salınması və xalqımıza qarşı törədilmiş müharibə cinayətləri barədə məlumat verilmişdir.

Müraciətlərdə Ermənistanın münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə yalnız imitasiya etməsi, silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların sənədlərinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi, xarici ölkələrdən hərbi muzdluları cəlb və istifadə etməsi, 1944-cü il tarixli Çikaqo Konvensiyasının tələblərini pozaraq humanitar yardım bəhanəsi ilə mülki aviasiyadan istifadə etməklə ölkəsinə qanunsuz silah daşınması ilə məşğul olması, Azərbaycana qarşı terrora çağırışlar etməsi, tarixi, mədəni və dini abidələrimizin dağıdılması və məscidlərimizin təhqir olunması xüsusilə vurğulanmışdır. Bildirilmişdir ki, çoxsaylı dinc insanların, o cümlədən, uşaq, qadın və ahılların həlak olması, yaralanması, minlərlə mülki infrastruktura, həmçinin, ədliyyə və məhkəmə binalarına ciddi ziyan dəyməsi ilə nəticələnən Ermənistanın qeyri-insani əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobudcasına pozulması deməkdir.  Bununla əlaqədar, dünya dövlətləri və beynəlxalq təşkilatlar səylərini əsirgəməməyə və səslərini ucaltmağa çağırılmış və qeyd edilmişdir ki, bütün bunlar insanlıq əleyhinə və müharibə cinayətləridir və Ermənistan bu əməllərinə görə beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumlar bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidirlər.

Bu günlərdə Avropa Şurası Ədliyyə nazirlərinin, Avropa Şurası Baş katibinin, AŞPA-nın, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin iştirakı ilə "Ədliyyənin müstəqilliyi və qanunun aliliyi" mövzusunda keçirilmiş videokonfransda bütün bu faktlar ölkəmizin Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iştirakçıların diqqətinə çatdırılmışdır.

Həmçinin, bu dövrdə Ədliyyə naziri F.Məmmədovun görüşdüyü xarici dövlətlərin səfirlərinə və yüksək səviyyəli nümayəndələrinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən yaradılmış "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması da bu məqsədə xidmət edir.

Üç dildə (Azərbaycan, ingilis və rus) olan və daim yenilənən platformada ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, Azərbaycan Ordusunun işğaldan azad etdikləri ərazilərimiz barədə rəsmi xəbərlər, həmin torpaqlarda Azərbaycan Bayrağının ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya yerləşdirilmişdir.

Bununla yanaşı, müharibə dövründə sosial şəbəkələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi, eləcə də düşmənin mülki əhaliyə və obyektlərə edilən hücum və təxribatlar barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün ədliyyə işçiləri tərəfindən sosial şəbəkələrdə aktivlik göstərilərək çoxsaylı müxtəlif paylaşımlar edilmiş, Azərbaycana dəstək petisiyalarının sosial şəbəkələrdə yayılması və imzalanmasında iştirak olunmuş, həmçinin, xarici diplomatlar üçün keçirilmiş mühazirədə məlumatlar verilmişdir.

Ölkədə hərbi vəziyyətin elan olunmasına, bununla yanaşı, COVİD-19 qlobal pandemiyasının davam etməsinə baxmayaraq, Ədliyyə Nazirliyi tərəfindən hüquqi əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan tədbirlər sırasında bilavasitə nazirliyin fəaliyyət istiqamətlərindən biri olan ekstradisiya sahəsində görülən işləri qeyd etmək lazımdır. Cari ildə də heç bir cinayətkarın cəzasız qalmaması prinsipinə sadiqlik nümayiş etdirilərək bir sıra cinayət törətmiş şəxslərin ölkəmizə təslim edilməsinə nail olunmuşdur. Qeyd olunmalıdır ki, ekstradisiya sorğularının icrası zamanı əsas məsələlərdən biri də odur ki, belə sorğuların və aidiyyəti sənədlərin rəsmi qaydada əsli təqdim edilməlidir.

COVİD-19 pandemiyasının dünyada geniş yayılmasına, ölkələrə  giriş-çıxışa tətbiq edilən məhdudiyyətlərə, xarici dövlətlərdə də aidiyyəti qurumların əməkdaşlarının distant çalışmalarına, diplomatik və sifarişli poçtun iş rejiminin pozulmasına baxmayaraq, xarici həmkarlarımızla aparılmış məsləhətləşmələr nəticəsində ekstradisiya sorğularının elektron qaydada təqdim edilməsi barədə razılığa gəlinmiş və belə əməkdaşlıq çərçivəsində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə və Əlcəzairdən ölkəmizə ekstradisiya edilməsi təmin olunmuşdur.

Bununla yanaşı, birbaşa təyyarə reysi olmadığından bu şəxslərin tranzit olaraq Türkiyə və Fransa ərazisi vasitəsilə gətirilməsi qısa müddətdə razılaşdırılmışdır.

Ümumiyyətlə isə ötən 5 il ərzində 200 nəfərə yaxın cinayətkarın ölkəmizə ekstradisiyasına nail olunmuşdur.

Qeyd olunmalıdır ki, COVİD-19 pandemiyası İKT-lərin də geniş tətbiqini stimullaşdırmışdır. Buna görə də ölkəmiz tərəfindən sənədlərin elektron qaydada göndərilməsini və videokonfrans vasitəsilə dindirilmənin aparılmasını özündə ehtiva edən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol"a və "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol"a qoşulması qərara alınmışdır. Hazırda ölkəmizin hər iki beynəlxalq sənədə qoşulması üzrə müvafiq dövlətdaxili prosedurlar həyata keçirilir.

Nəzərə alınmalıdır ki, nazirliyin beynəlxalq əməkdaşlığı yalnız çoxtərəfli çərçivədə deyil, həmçinin, ikitərəfli münasibətlər çərçivəsində də inkişaf etməkdədir. Xarici ölkələrlə hüquqi əməkdaşlığın dərinləşdirilməsi, ədliyyə orqanları və hüquqşünaslar arasında dostluq əlaqələrinin inkişafı məqsədilə Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən Avropa, Asiya və Afrika qitələrindən olan 33 dövlətin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.

COVİD-19 pandemiyasına baxmayaraq, xüsusi karantin rejimi şəraitində sentyabr ayında Bakı şəhərində, oktyabr ayında isə Hanoy şəhərində diplomatik kanallar vasitəsilə Azərbaycan və Vyetnam Ədliyyə nazirlikləri arasında ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin tətbiqinin videokonfranslara üstünlük verilməklə öyrənilməsi və bu kimi digər konkret tədbirləri nəzərdə tutan Əməkdaşlıq Proqramı imzalanmışdır.

Sənədin qüvvəyə minməsi münasibətilə Ədliyyə naziri Fikrət Məmmədovun Vyetnamın Ədliyyə nazirinə ünvanladığı məktubda ölkəmizin sədri olduğu Qoşulmama Hərəkatının üzvü olan Vyetnamın BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərilərək dəstəyinə görə minnətdarlığını ifadə etmişdir.

Belə bir şərəfli tarixi günlərdə peşə bayramı gününü böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri doğma Vətənimizin hərtərəfli tərəqqisi, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və xalqımızın sülh və əmin-amanlıq şəraitində rifahı naminə dövlət başçısının ətrafında sıx birləşərək Azərbaycan ədliyyəsinin davamlı inkişafı istiqamətində var qüvvələri ilə çalışmaq əzmindədirlər. Həmçinin, ölkə Prezidentinin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın tezliklə dirçələcəyinə, bütün infrastrukturun, o cümlədən, ədliyyə fəaliyyətinin bərpa olunaraq orada firavan həyat yaşanacağına qəti əmindirlər.

Adil ƏBİLOV
Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri

 





23.11.2020    çap et  çap et