525.Az

Distant təhsil nə vəd edir? - Müsahibə


 

"VALİDEYN MƏKTƏBİ"Nİ YARATMAQDA MƏQSƏDİMİZ ÖVLADLARI İLƏ DÜZGÜN MÜNASİBƏT QURA BİLƏN VALİDEYN MODELİ YETİŞDİRMƏKDİR"

Distant təhsil nə vəd edir? - <b style="color:red">Müsahibə  </b>

Koronavirus səbəbiylə uzun müddətdir yaşadığımız çətinliklərə alışmağa başlamışıq.

Pandemiyanın ikinci dalğası səbəbiylə dünyanın yenidən qapanmaya doğru getdiyi müşahidə olunur. Bu dönəmdə yaranan yeni alışqanlıqlarımızdan biri də distant təhsil sisteminə keçid oldu.

Distant təhsil valideyn-övlad münasibətlərinin daha da sıxlaşmasına, birlikdə keçirilən vaxtın çoxalmasına da zəmin yaradır.

"Green Start" akademiyanın rəhbəri, "Sevgi pedaqogikası: Valideyn məktəbi" layihəsinin yaradıcısı Aysel Rəsulzadə  ilə valideyn-övlad münasibətlərinin və distant təhsilin görünməyən yanlarını müzakirə etdik.

Aysel Rəsulzadə ilə müsahibəni təqdim edirik: 

***

- Aysel xanım, pandemiyanın ikinci dalğası gəldi. Bu dönəmdə məcburi distant təhsilə keçdik. Bəs distant təhsil bizə nə vəd edir?

- Məcburiyyət qarşısında bu sistemə keçmiş olsaq da, buna yaxşı tərəfdən baxmaq lazımdır. Bu, əslində, təhsil sistemimizdə tətbiq edə bilməyimiz müsbət haldır. Çünki dünya bu sistemə keçib və biz də buna çoxdan keçməliydik. Düzdür, biz, COVİD-19 səbəbiylə məcbur qaldıq bu sistemə keçməyə. Amma indi yolda, tıxacda və sair səbəbdən itirdiyimiz vaxtı ailəmizlə birlikdə keçirə biləcəyik. Digər tərəfdən, beləcə, valideyn övladının üzərindəki nəzarəti daha da gücləndirmiş oldu. Çünki xüsusilə bu dönəmdə məktəblilərin valideynləri onların sağlamlığı ilə bağlı çox narahatçılıq keçirirdilər.

Təbii ki, burda valideynin də üzərinə məsuliyyət düşür. Əvvəl uşağın dərslərində geriləməsində müəllimləri günahkar hesab edən valideynlər, artıq bu mərhələdə müəllimdən gözlədikləri o nəzarəti özləri evdə uşaqlarına tətbiq etməlidirlər. Müəllim şagirdi dərsə nə qədər həvəsləndirirsə, valideyn də bunu etməlidir ki, distant təhsil öz effektini verə bilsin.

Digər tərəfdən, internet bizim işlərimizi vaxt itirmədən həll edə bilməyimizdə, informasiya əldə etməyimizdə, eləcə də digər məsələlərdə işimizi asanlaşdıran vasitədir. Buna görə, əgər bu mərhələdə də valideyn övladını düzgün istiqamətləndirə bilərsə, övlad da internetdən düzgün istifadə edə biləcək. Bununla da internetin istiqamətləndirdiyi yox, internetdən düzgün istifadə edən gənclərin yetişməsi üçün daha yaxşı zəmin yaranmış olar. Burada bütün məsuliyət valideynin üzərinə düşür.

- Siz həm də, "Valideyn məktəbi" layihəsinin yaradıcısısınız. Yəni siz həm də düzgün valideyn yetişdirmək işi ilə məşğulsunuz. Doğru anladımmı?

- "Valideyn məktəbi"ni yaratmaqda məqsədimiz məhz övladı ilə düzgün münasibət qura bilən valideyn modeli yetişdirmək, bu sahədə ortaya çıxan problemlərin həllində valideynlərə yardımçı olmaqdır.  Ümumiyyətlə, valideynlik sənəti dünyada bütün sənətlərdən, peşələrdən ən vacibidir. Valideynlər - atalar və analar da bu sənəti icra edən sənətkarlardır. Bu işdə onların əsas məqsədi övlad yetişdirmək, onları gələcəyə hazırlamaqdır. Valideynlərin həyatda ən birinci vəzifəsi budur. Təəssüf ki, bu gün biz bəzən valideyn olandan sonra bunun nə qədər məsuliyyətli və çətin bir sənət olduğunu başa düşürük. Ona görə də, ailədə övladımızla bir çox problemlər ortaya çıxır. Bütün bu problemlər də cəmiyyətə, ətraf mühitə öz təsirini göstərir və çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Hər bir məsələnin, cəmiyyətin problemlərinin kökündə həm də ailədə övladın düzgün tərbiyə edilməməsi məsələsi dayanır. Bu baxımdan, valideynlər həm davranışlarında, həm danışıqlarında, ən xırda detalda belə, diqqətli olmalıdırlar.



Çox yaxşı bir deyim var, əgər sən övladını tərbiyə etmək istəyirsənsə, əvvəlcə özünü tərbiyə elə. Özün tərbiyələnəndən sonra övladın da düzgün tərbiyə olunacaq. Demək ki, hər bir məsələdə əvvəlcə biz özümüz diqqətli olmalıyıq. Biz övladımıza hər mənada düzgün nümunə olmalıyıq. Bizim hər bir hərəkətimiz, davranışımız, fərqində olmadan övladın təhsilinə və tərbiyəsinə sirayət edir. Ana və atasının yalan danışdığını görən uşaq, heç vaxt düzgünlüyün nə olduğunu bilməz. Ana-atası tərəfindən döyülən və cəza görən uşaq, heç vaxt mərhəmətin nə olduğunu bilməz. Ana və atasında ciddilik görməyən uşaq yüksək xarakterin nə olduğunu bilməz. Ana və atasından pis söz, söyüş eşidən uşaq, heç vaxt xoş sözün nə olduğunu bilməz. Ona görə də, burada əsl nümunə məhz elə biz valideynlər olmalıyıq. Uşaqların tərbiyəsi məsələsində hər zaman ana-atanın fikri bir olmalıdır. Bu baxımdan, hətta müəyyən səbəblərdən arada münasibətlər düzgün qurulmasa belə, biz valideynlik məsuliyyətini dərk edərək ata və ana kimi bu həmrəyliyimizi həm sözdə, həm də əməldə nümayiş etdirməliyik. Bir sözlə, ailədə şərtlər nə qədər çətin olur-olsun, valideynlər hər zaman bir-birinə dəstək olmalı, qərarlarında hər zaman birlik nümayiş etdirməli, uşaqlarını ən yaxşı formada yetişdirməyin yollarını axtarmalıdır.

- "Valideyn məktəbi"ndə siz həm valideynlər, həm də uşaqlarla ünsiyyət qurursunuz. Valideynlər uşaqları ilə bağlı ən çox nədən şikayət edirlər?

- Valideyn şikayət edir ki, övladlarımızın mütaliə etməyə həvəsi yoxdur. Soruşuram ki, siz özünüz gün ərzində nə qədər mütaliə ilə məşğul olursuz? Deyir ki, o qədər işim olur ki,  vaxt tapmırıq. Deyirəm, bəs gün ərzində telefonda nə qədər vaxt keçirir, sosial şəbəkələrə nə qədər vaxt ayırırsınız? Deyir, istər-istəməz o, günün tələbidir. Deyirəm, bəs öz əlinizə kitabı almırsınızsa, bunu övladınızdan niyə tələb edirsiniz, niyə gözləyirsiniz? Əgər sən əlinə kitab alsan, qəzet alsan, sosial şəbəkədə faydalı məlumatları izləsən, təbii ki övladın da səndən nümunə götürəcək. Unutmamalıyıq ki, uşaq ağ kağız parçasıdır, gördüyü hər şeyi öz üzərinə köçürür. Buna görə də valideyn, müəllim uşaq üçün ən birinci nümunədir.

- Bəs bu dialoqlar zamanı uşaqların valideynlərilə bağlı iradları, narazılıqları, umduqları nə olur?

- Övladın valideyndən ən çox istədiyi ona zaman ayrılmasıdır. Bununla bağlı biz valideyn-övlad həmrəyliyi yaratmaq məqsədilə onların birlikdə faydalı və eyni zamanda, səmərəli vaxt keçirməsini düzgün təşkil etməyə çalışırıq. Bu istiqamətdə əsas addımımız akademik gəzintilər təşkil etməkdir. Pandemiyaya görə bu il həmin gəzintilərimiz baş tutmadı. Amma keçən il, bütün yay fəsli boyunca hər həftə bir bölgələrimizə üz tutaraq valideyn və uşaqlarla gəzintilər təşkil etmişdik. Bu gəzintilər zamanı yaşıl çəmənlikdə təlimlərimizi, seminarlarımızı təşkil edirdik. Orada həm övlad valideyni ilə birlikdə maraqlı vaxt keçirirdi, həm də açıq havada deyilən fikirlər, keçirilən təlimlər onların zehninə daha rahat şəkildə həkk olunurdu. Bundan əlavə, biz bölgələrimizdəki tarixi abidələri gəzir, onlarla bağlı uşaqları və valideynləri məlumatlandırırdıq.

- Aysel xanım, son olaraq, şanlı qələbəmiz haqqında danışmağımızı istəyirəm. 44 günlük şərəfli bir müharibə yazıldı tariximizə. Bu dönəm vətən sevgisi, birlik və bərabərliyi hamımız hiss etdik və yaşadıq. Bunu təmin edən milli mənlik şüurumuz idi. Bundan sonra da bu ruhu qoruyub saxlamaq üçün uşaqlara nələri təbliğ etmək lazımdır?

- Bu günlər bizə çox şey öyrətdi. Biz bu günlərdə öyrəndik ki, vətən sevgisi bizim üçün qalan bütün sevgilərdən öndə olmalıdır. Biz, bu gün öz ailəmizə, övladımıza necə sahib çıxırıqsa, vətənimizin hər qarış torpağına da o cür sahib çıxmalıyıq. Bu dönəmdə şahid olduq ki, bu sadaladığım xüsusiyyətə sahib yüzlərlə igidlərimiz yetişib bu torpaqlarda. İkinci Qarabağ müharibəsi vətənin bizə nə qədər müqəddəs olduğunu bir daha sübut etdi. Bu baş verənlər təbii ki, bütün bir nəslə nümunə oldu. Budan sonra da, biz vətənpərvərliklə bağlı məsələləri hər zaman aktual olaraq saxlamağı bacarmalıyıq. Bizim övladlarımıza, şagirdlərimizə birinci öyrədəcəyimiz mövzu vətənpərvərlik olmalıdır. Bu 44 gülük müharibə dövründə vətən bizi birləşdirən ən böyük dəyər oldu. İşğaldan azad olunan torpaqların sevincini birlikdə yaşadıq, şəhidlərin, qazilərin can ağrısını birlikdə hiss etdik. Vətən bizi birləşdirən ən böyük dəyər oldu. Biz, bu torpaqlar üstündə rahat gəziriksə, bunlar igidlərimizin, şəhidlərimizin sayəsindədir. Buna görə də övladlarımıza bu fikri aşılamalıyıq ki, bizim birinci gedəcəyimiz məkanlar məhz şəhidlərimizin uyuduqları xiyabanlar olmalıdır. "Green Start" akademiyası olaraq biz də bu vəzifəmizi gənclərimizə, uşaqlara təbliğ etməyə çalışırıq. Bu yaxınlarda uşaqlarımızla Şəhidlər xiyabanını, Fəxri xiyananı ziyarət etdik. Biz bunu vərdiş halına gətirməliyik, şəhidlərimizi övladlarımızla birlikdə yad etməyi özümüzə borc bilməliyik.

Bir gözəl deyim var, "Xalq - millət üçün xammaldır. Millət isə, xalqın özünü dərk etmiş hissəsidir". Arzu edirəm ki, biz millət olaraq mətinliyimizi və qürurluluğumuzu nəsildən-nəsilə ötürməyi bacaraq.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





23.11.2020    çap et  çap et