525.Az

"İnanıram ki, Ağdam çox böyük və möhtəşəm şəhər olacaq" - Rəşad Məcid


 

"İnanıram ki, Ağdam çox böyük və möhtəşəm şəhər olacaq" - <b style="color:red">Rəşad Məcid </b>

"Xəbəri eşidəndən göz yaşlarıma hakim ola bilmirəm. Şuşa işğaldan azad olunanda da üç gün ağladım".

Bu sözləri "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.

"Ağdamın dağıdıldığını illərdir bilirdik, görürdük şəkillərdə. Amma məscidin yayılan videosuna görə dünəndən bəri çox kövrəlmişəm, danışa bilmirəm. Mənim uşaqlıq illərim həmin məscidin yanında keçib. O məscidin yaxınlığında dördmərtəbəli binada evimiz olub. On iki yaşıma kimi orda yaşamışam. Orta məktəbi də Sədrəddin Bayramov adına 1 nömrəli orta məktəbdə oxumuşam. Ağdamın bir çox tanınmış simaları, ziyalıları o məktəbin məzunları olub. Professor Rafiq Əliyev həmişə deyir ki, biz hamımız bir məktəbi bitirmişik. Mən əvvəllər də demişəm, bu problemin həlli kimi Ağdam azad olunsun və orda 500 minlik, bir milyonluq bir şəhər salınsın. Ağdamın buna böyük potensialı var. Ağdamdan hər sahədə düşüncəli, istedadlı, bacarıqlı insanlar olub - həm elm sahəsində, həm də mədəniyyət və incəsənət sahəsində. Bundan başqa, hələ sovet dövründə elə bir yer yox idi ki, oranın ticarət adamları Ağdamla əlaqə saxlamasınlar. Ağdam həm Azərbaycan dövlətinin, həm ağdamlıların özlərinin gücü sayəsində böyük bir şəhərə çevriləcək. Bununla da nə Xankəndində, nə də Qarabağın başqa bölgələrində erməni duruş gətirə biləcək", - R.Məcid bildirib.

"Bir neçə il bundan əvvəl Kanadadan bir ağdamlı gəlmişdi. Dedi Ağdamdakı evlərin damlarının, darvazalarının rəngi mənim yadımdadır, Ağdam azad olunsun, mən Ağdamın necə var, elə də dizaynını verərəm. İndi Ağdamda hamı üçün iş var. İnanıram ki, Ağdam çox böyük və möhtəşəm bir şəhər olacaq və bizim bu günə qədər yaşadığımız ağrı-acılar keçib gedəcək", - deyə, baş redaktor əlavə edib.

Kulis.az

 





23.11.2020    çap et  çap et