525.Az

"Mən zabit anasıyam!" - Nəzakət Məmmədlinin şeirləri


 

"Mən zabit anasıyam!" - <b style="color:red">Nəzakət Məmmədlinin şeirləri </b>

MƏN ZABİT ANASIYAM!

Milli Ordumuzun zabiti oğlum Ramilə

Beşiyini asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyimə, laylama, övladıma bağlıyam,
Mən zabit anasıyam!

Şükür, sənin yanında alnım açıqdır, Vətən.
Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!

Rahat yuxu yatmıram, çünki düşmən yatmayıb.
Hələ çox "arzusu" var, arzusuna çatmayıb.
Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.
Düşmənin arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!

Dağlarımın başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni bu intiqama, bu qisasa səsləyən
Zabit anasıyam mən!

Düşmənə "göz dağı"san, gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin "dar günü"ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!

BU TORPAQ

Yurd dediyim bu torpaq
Alnımın yazısıdır.
Babamın əmanəti,
Anamın laylasıdır.

Yurd dediyim bu torpaq
Yenilməyən qalamdı.
Təkcə anam deyil ki,
Həm də mənim balamdı.

Yurd dediyim bu torpaq
Ovxarlı qeyrətimdi.
Dünyanı heyran qoyan
Əbədi şöhrətimdi.

Yurd dediyim bu torpaq
Odum, közümdü mənim.
Kimliyimi tanıdan
Ulu sözümdü mənim.

Yurd dediyim bu torpaq
Ağır-ağır elimdi.
Qəlbləri ovsunlayan
Şirin ana dilimdi.

Yurd dediyim bu torpaq
Bükülməyən dizimdi.
Dünyanın sinəsində,
Ləpirimdi, izimdi.

Yurd dediyim bu torpaq
Xalqımın qismətidi.
Əzəldən hər qarışı
Millətin ismətidi.

Yurd dediyim bu torpaq
Keçmişdi, gələcəkdir.
Sinəsində millətin
Arzusu güləcəkdir.

Yurd dediyim bu torpaq
Haqq ünvanlı səsimdi.
Zamanın yollarında
Tükənməz həvəsimdi.

Yurd dediyim bu torpaq
Əbədi harayımdı.
Sədaqətlə süslənmiş
Məhəbbət sarayımdı.

Yurd dediyim bu torpaq
Dinimdi, imanımdı.
Tarixin dəryasında
Əzəli limanımdı.

Yurd dediyim bu torpaq
Millətimin səsidir.
Milyon-milyon ürəyi
Hərarəti isidir.

Yurd dediyim bu torpaq
Babaların məzarı.
Ümidlərin baharı,
Arzuların gülzarı.

Yurd dediyim bu torpaq
Ünvanımdı, adımdı.
Babama, övladıma
Ulu hesabatımdı.

Yurd dediyim bu torpaq
Qanımla suvanıbdı.
Ürəyimin oduyla
Ocağı qalanıbdı.

Yurd dediyim bu torpaq
Qədim Odlar diyarı.
Babəkin arzusudu,
Xətainin vüqarı.

Yurd dediyim bu torpaq
Əmanətdir, əmanət.
Hər qayası, hər daşı,
Dəyanətdir, dəyanət.

Yurd dediyim bu torpaq
Barım, bərəkətimdir.
Tanrının bəxş etdiyi
Haqqım, həqiqətimdir.

Yurd dediyim bu torpaq
Tarixin sübh çağıdır.
Həniri sozalmayan
Ərənlər ocağıdır.

Yurd dediyim bu torpaq
Qəhrəmanlar yurdudur.
Xırdaca bir daşı da
Yenilməyən ordudur.

Yurd dediyim bu torpaq
Ən ulu hikmətimdi.
Dağı, daşı, ağacı
Tanrıyla ülfətimdi.

Yurd dediyim bu torpaq
Səsimdi, sorağımdı.
Arzular çiçək açmış
Bir bağçamdı, bağımdı.

Yurd dediyim bu torpaq
Əbədi libasımdı.
Burda yaşanan ömür
Baharımdı, yazımdı.

Yurd dediyim bu torpaq
Döyüş qərargahımdı.
Hər çınqılı, hər daşı,
Ulu səcdəgahımdı.

VƏTƏN

Dünyaya açılan qapımsan mənim,
Ruhumun, könlümün gözüsən, Vətən.
Mayası səndədir müqəddəsliyin,
İlahi qüdrətin özüsən, Vətən.

Qəlbimin işığı, gözümün nuru,
Uludan ulusan, ucadan uca.
Salım qollarımı boynuna, Vətən,
Səni misra-misra öpüm doyunca.

Zirvələr söz açır ucalığından,
Dərələr şahiddir dərinliyinə.
Sənin bərəkətli, barlı torpağın,
Geniş sərhədləri geyib əyninə.

Hünər dünyasına güzgüdü sanki.
Ömür kitabının hər səhifəsi.
Hər bir qarışında duyulur, Vətən.
Zamanın addımı, tarixin səsi.

Ulu əcdadların daşlaşan ömrü,
Boylanır Laçının qayalarından.
Hər daşda bir igid nərəsi yatır,
Qan damır tarixin yaralarından.

Ellərin arzusu qanadlanaraq,
Süzəcək səmada bir gün quş təkin.
Şərəflə qorunan yurd yerlərində,
Ruhu gülümsəyir ulu Babəkin.

Taleyindən keçən qərinələrin,
Alnını bəzəyir ərən imzası.
Sənin qüdrətinə qoşa qanaddır,
Xətai qılıncı, Ələsgər sazı.

Ana laylasından hənir alıbdı,
Ürəkdə alışan qeyrət ocağı.
Doğmalıq ətirli hər qarış torpaq,
Ana qucağıdır, ana qucağı.

Oğul qeyrətini əyninə geyən
Canlı səngərlərin mübarək, Vətən.
İlahi sevgiylə yoğrulubdusa,
Hər duyğu Vətəndi, hər ürək Vətən.

Dərbənd qalasından Təbrizə qədər,
Uzanan bu yurdun səsi içimdə.
Mənim Şah babamın, Şah Xətainin,
Əbədi harayı, ərzi içimdə.

Hər bahar gələndə sızıldayacaq
Qırılmış budağın qönçə ağrısı.
Bilirəm qəlbində heç uyumadı
Zəngəzur həsrəti, Göyçə ağrısı.

Ana laylasına hopan məhəbbət
Sənin təravətin, ətrindi, Vətən.
Millətin ruhunda, elin dilində,
Daim əzizlənən xətrindi, Vətən.

Ömrünə güzgüdür oğul qeyrəti,
Cürət qanad açıb hər qarışında.
Vətən əsgərinin məhəbbətindən,
Üzündə sevgi var dağın, daşın da.

Sənin qeyrətini çəkən oğullar
Ulu qüdrətini duyur dərindən.
Durub keşiyində igid ərənlər,
Qeyrət ətri gəlir səngərlərindən.

ƏSGƏR BAXIŞLARI, ƏSGƏR SƏSLƏRİ

Çırağa bənzəyir Vətən torpağı,
Hər əsgər ürəyi pərvanəsidir.
Bu doğma yurdumun qeyrət nəğməsi,
Vətən əsgərinin addım səsidir.

Əsgər baxışları sevgiylə öpür
Vətən torpağını təbərrük kimi.
Yurdu bədnəzərdən qorusun deyə
Dolanır başına üzərrik kimi.

Əsgərin gözündə güzgülənir, bax,
Meşə də, dəniz də, dərə də, düz də.
Sərib gözlərinin yuxusunu o
Körpələr uyuyan beşiklər üstə.

Qartal baxışından hənir alıbdır
Quşqonmaz qayalar, mamırlı daşlar.
Torpağın, ağacın, otun içindən
Hər gün bir əsgərin çığırı başlar.

Böyük məhəbbətlə səngərdə durub,
Qəhrəmanlıq axır damarlarında.
Vətən qeyrətini əyninə geyib
Yayın bürküsündə, qışın qarında.

Onun qətiyyətli addım səsinə
Açıb yaxasını hünər yolları,
Qəlbində alışan Vətən sevgisi
Əridir üstünə ələnən qarı.

Vətən əsgərinin kirpiklərindən
Gecə ulduz-ulduz asır özünü.
Tətikdə dayanan barmağı üstə
Alagöz səhərlər açır gözünü.

Ömrünün-gününün hər məqamında
O, yurdu düşündü, Vətəni andı.
Qəlbində şərəflə dalğalanır, bax,
Vətən torpağına sədaqət andı.

Böyük dastanlara sığışan deyil
Vətən əsgərinin Vətən alqışı.
Hər daşı, qayanı çiçək sanaraq
Kəpənəklər kimi qonur baxışı.

Durub keşiyində müqəddəsliyin,
Böyük amalıyla müqəddəsdir O.
Ulu babaların ruhundan qopan
Canlı bir haraydır, ulu səsdir O.

Bu səs qanımızın səsidi, qardaş,
Haqqın dan yerindən yol gəlir bu səs.
Hünər bayrağıtək, qeyrət himnitək,
Vətən göylərinə yüksəlir bu səs.

Bu səsin işığı, bu səsin nuru,
Gün kimi ələnir yurdun başına.
Bu səs bir qılıncdı, ovxarlı qılınc,
Qurşa, yurd uğrunda, yurd savaşına.

Bu səslə durulur Vətən suları,
Bu səsdən ər oğlu bir Mən görünür.
Bu səs gündoğanım, günbatanımdır,
Bu səsdən bir böyük Vətən görünür.

Hər əsgər Vətənin bir məğrur səsi,
Hər səsin müqəddəs bir sərhədi var.
Vətənin sərhədsiz səsidir, dostum,
Vətən qeyrətini çəkən oğullar.

Əsgərdən başlanır Vətən duyğusu,
Harda əsgər varsa, orda Vətən var.
Əsgər addımını laylatək duyur,
Torpağın altında şəhid yatanlar.

SƏNGƏR

Haqqın dərgahında ulu mizandı,
Haqq ilə nahaqqın arası - səngər.
Vətən, yurd uğrunda döyüşənlərin
Köksündən aldığı yarası - səngər.

Qopuzu bağrına basmış Dədənin,
Torpaq ətri verən sözüdü - səngər.
Qələbə nəfəsli ümidlərimin
Ürəkdə alışan közüdü - səngər.

Ana namusudur, bacı isməti,
Ərən babaların papağı - səngər.
Savaşda gözünü yuman şəhidin,
Sonuncu mənzili, otağı - səngər.

Söykən bu qarşı dağlara,
Burda hər daş, qaya - səngər.
Şəhid qanı axan yurdda,
Hər pıçıltı, qıyya - səngər.

Yoldu dərdin ayazında,
Teldi Ələsgər sazında.
Ərən ömrün qapısında
Bənzər ilə, aya səngər.

Həm bacıdı, həm də ana,
Qolu boynuna dolana.
Vətənə səngər olana,
Dönüb haqqı-saya səngər.

 





23.11.2020    çap et  çap et