525.Az

2 il 40 gün erməni əsirliyində - Müsahibə


 

ATİLLA YUMAK: "ERMƏNİLƏR BAŞIMI KÖTÜYÜN ÜSTÜNƏ QOYUB MİŞARI BOYNUMA DİRƏDİLƏR"

2 il 40 gün erməni əsirliyində - <b style="color:red">Müsahibə</b>

44 günlük Vətən savaşımızın qələbə ilə müjdələnməsi xalqımızın taleyində dönüş nöqtəsi oldu. Bu qələbə günlərində Birinci Qarabağ müharibəsi qazisi, 2 il 40 gün erməni əsirliyində qalıb işgəncələr səbəbindən görmə qabiliyyətini itirmiş Atilla Yumakla söhbətləşdik.

Atilla bəy 1992-ci ildə Türkiyədən Azərbaycana gəlib və Azərbaycan vətəndaşlığını qəbul edərək könüllü şəkildə döyüşlərə qatılıb. Hazırda müalicə alır.

Atilla bəyi müalicə edən həkim-oftalmoloq Paşa Qəlbinurun sözlərinə görə, onun səhhəti yaxşılığa doğru gedir:

"Atilla Yumak erməni əsirliyində olduğu dövrdə işgəncələrə məruz qalıb, görmə qabiliyyətini itirmişdi. Səhhəti çox təhlükəli vəziyyətdə idi. Əsirlikdən xilas olduqdan sonra biz onu mərhələ-mərhələ müalicə etdik. İndi gözləri açılıb, gəzə, hərəkət edə bilir. Atilla bəyin müalicəsində ən müasir imkanlardan istifadə olundu. Vətənə döndüyü gündən ildə iki dəfə olmaqla müalicəsi davam etdirilir, səhhətində müsbətə doğru irəliləyişlər var".  

***

- Atilla bəy, özünüzü necə hiss edirsiz, səhhətiniz nə yerdədir?

- Səhhətim əvvəl heç yaxşı deyildi, amma Azərbaycanımız qələbə qazanandan, müzəffər olandan sonra mənim əyilmiş belim düzəldi. İndi əhval-ruhiyyəm çox yüksəkdir. Sağ olsun, Prezidentimiz və Azərbaycan Ordusu bu uğuru əldə etdi və dünyaya yenilməz bir güc olduğumuzu isbatladı. Azərbaycanımız son 300 ildə ilk dəfə itirmiş olduğu torpaqları geri aldı. Azərbaycanımız özünü göstərdi. Və mənim kimi minlərlə insan döyüşmək üçün konsulluqlara müraciət edib. Hazırda Ali Baş komandan hansı əmri versə, biz onun yanındayıq və əlimizdən gələni etməyə hazırıq.

Mən və mənim kimi insanlar Azərbaycana gələndə ilk olaraq Azərbaycan vətəndaşlığını qəbul etdik. Daha sonra döyüşlərə qatılmaq üçün Müdafiə Nazirliyinə müraciət edib bizə verilən vəzifəni əlimizdən gəldiyi qədər yerinə yetirməyə çalışdıq.

Mən sonuncu dəfə 2003-cü ildə müsahibə vermişəm. Ondan bu günə qədər heç bir qəzetə, televiziyaya müsahibə vermədim. Çünki o vaxta qədər biz məğlub idik. İndi isə müzəffərik. Və mən Azərbaycanın şanlı, müzəffər ordusundan hər yerdə danışmaq istəyirəm. Mənim 50 nəfərdən çox əsgərim vardı, onların hər birində cəsarət gördüm. Bizim 90-cı illərdəki məğlubiyyətimiz vahid olmamağımızdan irəli gəlirdi. Bunlar əsgərdən asılı deyil, əsgərlər, zabitlər yenə də öz vəzifələrini yerinə yetirdilər. Qələbəyə gedən yol nizami ordudan keçir. Bizim dövrümüzdə nə indiki kimi silahlar, nə də belə bir birlik var idi. Amma əsgərimiz eyni əsgər, cəsarəti eyni cəsarətdir. Azərbaycan əsgərində görülən cəsarət türk dünyasından başqa heç bir yerdə yoxdur. Yalnız bizim əsgər "ölsəm, şəhidəm, qalsam qazi" deyib döyüşə girir.

- Siz həm də erməni əsirliyində olmusunuz. Orada sizə münasibət necə idi?

- Müharibədə 3 şərt var: biri şəhidlik, biri qazilik, biri də əsirlik. Mənə əsirlik nəsib oldu. Təsəvvür edin, mən torpağımı almaq üçün düşməni öldürməyə getmişəm, indi onun mənə necə davranacağını siz təsəvvür edin. Orada olan bir hadisəni danışım. Mən 6 ay Şuşa həbsxanasındakı ölüm düşərgəsində qaldım. Orada əsirlərə odun doğratdırırdılar. Mən də orada odun doğrayırdım. İki erməni gəlib soruşdu ki, burada türk kimdir? Məni göstərdilər. Ermənilər dedilər ki, səni doğrayacağıq. Mən də öz içimdə sevindim ki, öləcəm, canım bu işgəncədən qurtulacaq. Başımı kötüyə qoyub böyük odun mişarını boynuma dirədilər. Mişarın dişləri yavaş-yavaş boynuma batırdı, amma hələ kəsmirdilər. Birdən başqa bir erməni bağırıb nəsə dedi. Ondan sonra mişarı boynumdan çəkdilər, kəsmədilər. Sonra orada erməni dili bilən əsirlərdən onların nə danışdığını soruşdum. Dedilər ki, səni Andronikin məzarında doğrayacaqlar, ona görə indi buraxdılar. Belə bir vəziyyət yaranmışdı, amma Allah onlara bunu qismət etmədi. Sonra məni məhkəməyə verdilər və haqqımda edam qərarı çıxarıldı. Amma xəstə olduğuma görə, ölüm hökmünü icra edə bilmədilər. Mən Azərbaycana qayıdanda 36 kiloqram idim.

- Əsirlikdə nə qədər qaldınız?

- 2 il 40 gün erməni əsirliyində oldum. 6 ay Şuşada ölüm düşərgəsində, 19 ay isə Xankəndidəki xəstəxanda oldum.

- Əsirlikdən qurtulacağınıza ümidinizi itirməmişdiniz ki?

- Orada olanda bir ara dedilər ki, əsirlərdən bir neçəsini götürüb, qalanını güllələyəcəyik. O vaxt bizim əsgərlərin Xankəndiyə çatmasına 8 kilometr qalmışdı. Onda mənim heç bir ümidim qalmamışdı. Fikirləşdim ki, məni öldürəcəklər - ya Şuşa türməsində öldürəcəklər, ya da Xankəndidə güllələyəcəklər. Amma Allahın qismətidir. Rəhmətlik Heydər Əliyevin səyi ilə əsirlikdən qurtuldum. Bir də Türkiyədən jurnalistlər gələcəkdi, məni o vəziyyətdə görməsinlər deyə, verdilər. Məni yaşayan ölü kimi qaytarmışdılar. Mən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə qaytarılanda yeriyə bilmirdim, məni xərəkdə qaytardılar. Vətənə qayıtdıqdan sonra mənə səhərə qədər sistem qoşuldu, ondan sonra ayağa qalxa bildim. İndi də yaşamım xəstəxanalarda, müalicə ilə davam edir. Sağ olsun, doktor Paşa Qəlbinur mənim müalicəm üçün əlindən gələni edir, hətta dərmanlarımı da pulsuz verir. O vaxt 36 kiloqram idim, indi 72. Həyatdır, yaşayacaq ömrüm varmış, yaşayıram. Bir şeyi də deyim, mənim kimi insanlar var, 92-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib könüllü şəkildə döyüşlərə gediblər. Məsələn, İsmayıl Tunc, Antepli Mehmet və başqaları.

- 1992-ci ildə ailənizi Türkiyədə qoyub buraya gəlmək sizin üçün çətin deyildi ki?

- Mən Azərbaycana gəlməzdən əvvəl Kiprdə idim. O vaxt mənim fikrim qazanc əldə etmək üçün Avropaya getmək idi. Xocalı soyqırımından sonra gördüyüm yuxu Azərbaycan Ordusuna yazılana qədər məni rahat buraxmadı. Yuxuda mənə deyirdilər ki, sənin azərbaycanlı qardaşlarını doğrayırlar, sən burada necə rahat yatırsan, necə dayana bilirsən? Bax bu sözlər Azərbaycan Ordusuna yazılana qədər məni rahat buraxmadı. Çünki canımız eyni can, qanımız eyni qan, soyumuz eyni soy, boyumuz eyni boydur. Oğuz boyunun insanlarıyıq biz. Dırnağa tikan batsa, beyin ağrıyar. Bir bədənin qollarıyıq biz. Ona görə, buraya gəldik və Allah bizə qazilik nəsib etdi.

- Hansı bölgədə döyüşmüsünüz?

- Füzuli və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm. Əvvəlcə Füzulidə idim. Sonra Qubadlıya yardıma getdik. Qubadlı çox xoşuma gəldi, oranı çox sevdim və Müdafiə Nazirliyindən əmrimi Qubadlıya verməsini istədim. Qubadlıda 2-ci batalyona daxil oldum. Orada 1-2 ay qalandan sonra məni 6-cı batalyonunun kəşfiyyat qrupuna daxil etdilər. Orada əsgərlərə təlim keçən bir komandir var idi, onun yanına köməkçi kimi göndərdilər. Sonradan həmin komandir şəhid oldu. Biz də orada əlimizdən gəldiyincə vəzifəmizi icra etməyə çalışdıq. İndi Azərbaycanda mənim haralı olduğumu soruşanda deyirəm ki, Qubadlıdanam. Çünki mən sonradan ikinci dəfə Qubadlıda doğuldum.

Rəhman MİRZƏLİZADƏ

 





23.11.2020    çap et  çap et