525.Az

Ağdam azadlıqda - Şərh


 

PREZİDENTİN PRAQMATİK SİYASƏTİ NƏTİCƏSİNDƏ AĞDAM HƏRBİ ƏMƏLİYYATSIZ AZAD OLUNDU

Ağdam azadlıqda - <b style="color:red">Şərh</b>

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.

Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

Xatırlatmaq lazımdır ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib, bir neçə müdafiə xəttindən ibarət olub və müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.

Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Məlumat üçün bildirək ki, Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir. Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada "Ağdam" - nurlanmış işıqlı, ağ ev anlamındadır.

"Pənahəli xanın imarəti" adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.

1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb.

Xalq artisti Mənsum İbrahimov Ağdam məscidində azan oxuyacağını deyir. O bildirib ki, Ağdamın hər qarışı bizim üçün Məkkə, qibləgahdır: "Ağdamın azad olunması ilə 27 illik həsrətə son qoyuldu. Sevincimizin həddi yoxdur. 27 ildir ki, həsrətini çəkdiyim, səsimi qazandığım o torpağa qovuşuram. Orada doğulmuşam, böyümüşəm, canım, qanım ilə Ağdamın zərrəsiyəm. Əlbəttə ki, böyük bir qələbədir. Düşmən üzərində elə zəfər çalmışıq ki, dünyada tayı-bərabəri yoxdur. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuz hərb tarixində sözün əsl mənasında bir dastan yazdı. Özümüz öz gücümüzə torpaqlarımızı mənfur düşməndən azad etdik. Xalqımızı, Ali Baş Komandanımızı təbrik edirəm, gözümüz aydın olsun. Ordumuz, şəhidlərimiz qarşısında baş əyirəm. Mənim ailəmdə iki şəhid oldu. Qardaşımın oğlu və xalamın nəvəsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldular. Onların ruhu bu gün çox şaddır.

Ağdam məscidində azan oxuyacağam. Oranın hər qarışı bir Məkkədir, qibləgahdır. Parkında gəzəcəyəm, çay evində oturacağam. Havası, suyu, hər şeyi üçün burnumun ucu göynəyir".

Politoloq Şəbnəm Həsənova deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verəcək. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgərin belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. Bəyanata uyğun olaraq bu gün gözəl diyar Ağdam artıq Azərbaycandadır. Bütün siyasi təzyiqlərə, hədyana fikirlərə sinə gərərək adını Azərbaycanın yeni tarixinə yazdıran ölkə başçımız Azərbaycanı hər keçən gün dünyaya qürurlu, mərd xalq kimi tanıdır. Məhz cənab Prezidentin siyasi iradəsi nəticəsində Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə öz hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Bu gün də məhz qürur və fərəhlə deyə bilirik ki, "kiçik qala" adlandırılan Ağdam bizimdir, Ağdam Azərbaycandır!"

PƏRVANƏ

 





23.11.2020    çap et  çap et