525.Az

"Oyan, şəhərim, oyan!" - Təranə Arifqızıdan iki şeir


 

"Oyan, şəhərim, oyan!" - <b style="color:red">Təranə Arifqızıdan iki şeir </b>

OYAN, ŞƏHƏRİM, OYAN!

Otuz illik həsrətdən
özünü asan şəhər.
Oyan, nəfəsin gəlib,
Daş olub, susan şəhər...

Qoynunda böyütduyun
Şahların diriləcək.
Sənsiz nəfəs almayan
Ruhların diriləcək.

Qəlbini əsir edib,
Şux qəddini əyiblər.
Daşın düşmən başına,
Xatirinə dəyiblər.

Bəzəksız otaqların
Yenidən bəzənəcək.
Xan qızı Nətavanın
Türbəsi diriləcək.

Qədirin,Səxavətin
Ruhu göydə süzəcək.
“Sona bülbüllər”min
Cəh-cəhi diriləcək.

Şahmarın misrasında
Tənlər bütöv oyanır.
Kərpic-kərpic ovulan
Ürəyində od yanır.

Sübh azanı niyyətim,
Üzü göyə duamsan.
Bəxtinə ag gün doğan
Ağ çiçəkli Ağdamsan!

Azadlığın mübarək! -
Etdi Sərkərdəm bəyan!
Hər ürəkdən səs gəlir,
Oyan, şəhərim, oyan!

QARABAĞI ÜRƏYİMDƏ GƏTİRMİŞƏM

Zaman çatıb, deyən kimi,
Sərkərdəmin -Qalx!-səsinə
oyanmışam, səs vermişəm.
Yetər artıq, ay qəsbkar,
ay zülmkar, bəs demişəm!
Qanişənin yaddaşına yazılacaq,
Məzarını qazdıracaq dərs vermişəm.
Xudafərin nəfəsini Xan Arazın küləyində
Gətirmişəm, Vətən sənə!

Nifrətimi top ağzında yağdırmışam yağış kimi,
Sıldırımlar üzərində, meşəlikdə, cəngəllikdə
əlbəyaxa döyüşlərdə
susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub,
haqq uğrunda savaş kimin?
Mən haqqımı Allahımda, mələyimdə
Gətirmişəm, Vətən sənə!

Hər addımda bir kəndimi,
Hər nəfəsdə bir daşımı,
 bir zirvəmi, bir bəndimi,
Hər atəşdə əl qoyduğum
 Quranımı, pir andımı,
Hər ocağa bərəkəti çörəyimdə
 gətirmişəm, Vətən sənə!

Otuz ilin ağrısını, acısını,
Həsrətini, sancısını
Qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
Gözlərimi, ayağımı,
əllərimi, qollarımı,bədənimi itirmişəm.
Əvəzində...əvəzində
Bütövləşıb böyümüşəm.
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!

Bir çiynimdə odlu silah,
bir çiynimdə dost yaralı,
Bir gözümdə düşmən adı,
bir gözümdə vaxt daralır,
Sal daşları əllərimlə didə-didə,
Hər anımda ölüm qoxan o yolları gedə-gedə,
Şəhidimi qucaqlayıb kürəyimdə
gətirmişəm, Vətən sənə!

Düşmənin talan etdiyi
uçuq-sökük divar olub səngərimiz,
yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,
içimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?
hər oğulun qisasını
yumruq kimi biləyimdə
gətirmişəm, Vətən sənə!

Məzar-məzar, şəhid-şəhid
Çoxaltmışam, qaytarmışam,
Yağı düşməndən almışam
Mən bu Vətən torpağını.
Iti qovan tək qovmuşam
Doğma yurddan şər, yağını.
Birdəfəlik bu zillətə, xəyanətə
Son qoymuşam.
Kəsmişəm ağ yollarımdan
Onun qara ayağını.
Tarıx deyə yazılacaq bu dastanı
söhbətimdə gətirmişəm, Vətən sənə!

Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!

 





24.11.2020    çap et  çap et