525.Az

“Hərbi xidmət, döyüş şəraiti mənə çox şey öyrətdi” - Müsahibə


 

KƏŞFİYYATÇI ƏSGƏR ELVİN HÜSEYN: “MÜHARİBƏDƏ YAXŞILIĞIN ƏN YAXŞISINI DA, PİSLİYİN ƏN PİSİNİ DƏ GÖRDÜM”

“Hərbi xidmət, döyüş şəraiti mənə çox şey öyrətdi” - <b style="color:red">Müsahibə  </b>

Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycan xalqının yumruq kimi bir olduqdan sonra hər şeyin öhdəsindən uğurla gələ biləcəyini bütün dünyaya sübut etdi.

Bizə qələbə sevincini yaşadan və haqq davamızda mənfur düşmənə qarşı qəhrəmancasına döyüşənlərin hər biri bütün Azərbaycanın doğmasına, ən əziz insanına çevrilib.

Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın döyüş xatirələrini öz dillərindən dinləyə bilməsək də, çox şanslıyıq ki, canlı qəhrəmanlarımız olan qazilərimizin dilindən müharibəni dinləyə, oxuculara çatdıra bilirik.

Həmsöhbətimiz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətində döyüşmüş kəşfiyyatçı əsgər Elvin Hüseyndir. Onunla hazırda müalicə olunduğu hərbi hospitalda görüşdük. 

***

- Mən müharibəyə əsgər olaraq getmişdim. Döyüş əmri veriləndə çox sevinirdim. Bunu tam səmimi deyirəm. Əgər hərbi xidmətdə olmasaydım və bu müharibə başlasaydı, cəbhəyə könüllü kimi gedərdim. Döyüş zamanı yaralansam da, döyüşləri yarımçıq qoyub gəlmədim, hospitala döyüşlər bitəndən sonra gəldim.

- Döyüşün ən qızğın anlarında ağlınıza ilk nələr gəlirdi, nə hisslər keçirirdiniz?

- Dəfələrlə əcəllə burun-buruna gəlmişəm, bir anlıq hər şeyin bitdiyini fikirləşirdim. Həmin vaxtlarda gözümün qarşısına yolumu gözləyən ailəm və nişanlım gəlirdi...

- Siz ön cəbhədə döyüşəndə xalq da arxa cəbhədə dəstək olmağa çalışırdı. Göndərilən yardımlar və məktublar sizə gəlib çatırdımı? Xalqımızın qayğıkeşliyi sizə nə təəssürat bağışlayırdı?

- Bu müharibədə millətimi daha çox sevdim. Göndərdikləri şeylər gəlib çıxırdı və bunlar bizə mənəvi cəhətdən güc verirdi. Allah hamısının ürəyinə görə versin.

- Döyüş yoldaşlarınızdan yanınızda şəhid olanlar, yaralananlar oldumu? Onlar haqqında nə deyə bilərsiniz?

- Öncəliklə, şəhid olan yoldaşlarıma Allah rəhmət etsin, yaralananlara da Allah şəfa versin. Pis xatirələr haqqında danışmaq istəmirəm, onsuz da yaddaşıma həkk olub. Gözümün önündən getmir. Ancaq sözsüz, döyüşdə maraqlı hadisələrimiz də olub. Məsələn, ilk dəfə düşmən aviasiyasını görəndə elə bilmişdik ki, öz hava hücumumuzdur. Sonra üstümüzə mərmilər yağanda çox gülmüşdük. Pilotun da, deyəsən, ilk praktikasi idi, bizə atandan sonra dağa çırpılıb partladı. Xoşbəxtlikdən heç kimə bir şey olmadi. Hər dəfə yeni bir rayonumuzu alanda yaşadığım o sevinci başqa heç vaxt yaşamamışam.

- Yaralandığınız anı necə xatırlayırsınız?

- Zəngilan şəhərində düşmənə səssiz hücum edərkən əlbəyaxa döyüşdə çənə və ayaq nahiyəmdən yaralanmışam. Həmin an bilirdim ki, bu, son deyil, çünki yanımda qardaşlarım var idi. Çiyin-çiyinə döyüşərək məni ordan salamat çıxardılar. Həkimlərimiz də çox sağ olsunlar, bizimlə öz övladları kimi davranırlar. Hər gün özümü daha da yaxşı hiss edirəm.

- Müharibədə olmaq sizə nələri qazandırdı?

- Əslində, bu suala veriləcək çox cavabım var. Əsgərliyə getməzdən əvvəl geniş ətrafım var idi, insanları yaxşı tanıdığımı sanırdım. Amma hərbi xidmət, ən çox da döyüş şəraiti mənə çox şey öyrətdi. Orda yaxşılığın ən yaxşısını da, pisliyin ən pisini də gördüm. Daha da geniş düşüncəyə sahib oldum deyə bilərəm. Ən çox da səngərin içində 1-2 saatlıq yuxu yatıb, oyananda səhər şehinin damcılarını üstümdə görəndə... Sözlə başa salmaq olmur, incəsənət kimi bir şeydir.

- Qələbə xəbərini aldıqdan sonra, yəni indi nə hisslər keçirirsiniz?

- Qələbə xəbərini alanda birinci inanmadıq, təxribat-filan olduğunu fikirləşdik. Sonradan biz də sevincdən atlanıb düşürdük. Bütün olanlar indi mənə yuxu kimi gəlir.


Aytac ASLAN

 





24.11.2020    çap et  çap et