525.Az

“Yumruğuna qurban olum, cənab Prezident!” - Müsahibə


 

VƏTƏN MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏMİZ ƏSLƏN CƏBRAYILDAN OLAN DƏYƏRLİ SƏNƏTKARA DA BÖYÜK SEVİNC VƏ QÜRUR YAŞADIB

“Yumruğuna qurban olum, cənab Prezident!” - <b style="color:red">Müsahibə</b>

Tanınmış sənətkar, Almaniyada yaşayan dəyərli xanəndəmiz Zahid Quliyevlə aylar öncəki müsahibəmizdə o demişdi: “Qorxuram ki, Qarabağ dərdi, doğma yurd həsrətilə dünyadan köçəm. Ancaq ümidimi itirməmişəm. Yenə də inanıram ki, xalqımızla dövlətimizin birliyi, ordumuzun qüdrəti və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik”.

Çox keçmədən onun bu arzusu yerinə yetdi. İndi isə, əslən Cəbrayıldan olan xanəndənin məhz qələbə sevincini bölüşdük:

- Zahid müəllim, bu tarixi qələbəmiz münasibətilə sizi təbrik edirəm. Nələr hiss edir, nələr düşünürsünüz?

- Öncə, mənə yaratdığınız bu şərait üçün təşəkkür edirəm. Özümü yenidən doğulmuş kimi hiss edirəm. Amma bu dəfə hiss edirəm ki, anam mənə başqa cür tərbiyə verir. Elə bil ki, anam məni bələyə bükə-bükə fərqli lay-lay deyir, bir az həzin, bir az sərt. Məsələn, həzin deyəndə:

Əzizinəm gül balam,
Bülbül balam, gül balam,
Vətənin xoş günüdür,
Səndə danış, gül balam,

- deyir. 

Sərt deyəndə isə: 

Əzizinəm Vətəndə,
Qələbədir Vətəndə.
Vətəndə çal-çağırdır,
Gəl, yaşa sən Vətəndə.

Özümü dünyanın ən xoşbəxt millətinin övladı kimi hiss edirəm. Bizim Vətən sevgimiz bambaşqadır. Ola bilər, başqa sahələrdə mövqelərimiz fərqlidir, amma Vətən, torpaq, qeyrət, namus adı gələndə, birləşməyi bacaran millətik. 30 ilə yaxın müddətdə üzümüz gülsə də, süni görünürdü, ürəyimizdəki böyük dərd bizə imkan vermirdi, təbii gülək, başımızı uca tutaq, “biz qeyrətli millətik” deyək. İndi dünya eşitdi, gördü ki, Azərbaycan adında güclü dövlət var, ordusunda dünyanı heyrətləndirən yeni üsullar, Vətən yolunda sinəsi güllələrə sipər olan cəngavər, qəhrəman, qorxu bilməyən igid əsgərlər var. Neçə illərdir, başımızı danışıqlar yolu ilə qatmağa çalışanlar, zamanı uzatmaqla Qarabağı bizlərə unutdurmağa səy göstərənlər hörmətli Prezidentimizin humanistliyindən sui-istifadə edərək, utanmadan, usanmadan yenə də məkrli niyyətlərini həyata keçirməklə məşğul idilər. Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bütün bunlara son qoyub, böyük qətiyyətlə sentyabrın 27-də Vətənin azadlığı uğrunda savaş əmri verdi. Bu ili Azərbaycan tarixinə milli qeyrət, namus, birlik, dirilik ili kimi qeyd etməyi bacardı. O, 17 illik prezidentlik dövründə səbrlə, təmkinlə, böyük siyasətlə, həm xarici, həm də içimizdə olan bəzi “vətənpərvər”lərin təzyiqlərinə tab gətirərək, millətimizin dərdini uzun illər içində yaşadaraq, xalqımızın birliyinə nail olaraq bu günə, bu qələbəyə hazırlaşdı. Nəticədə noyabrın 10-da qələbə müjdəsini verən cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu haqq işimizdə bizə hər cürə dəstək verən qardaş Türkiyəyə, hörmətli Cumhurbaşqanı Ərdoğana təşəkkürümü ünvanlayıram. Allah Prezidentimizi, millətimizi, şanlı Ordumuzu qorusun.Vətən yolunda Şəhid olan oğullarımıza rəhmət diləyirəm.

- Doğulduğunuz Cəbrayıl ilk azad olunan rayon oldu. Bu günlərdə Prezidentimiz də oraya səfər elədi. Bu xəbərləri necə qarşıladınız?

- Cəbrayıla qədər bir neçə kəndlərimiz işğaldan azad olunmuşdu. Əlbəttə, hər birinə sevinirdim. Amma oktyabrın 4-də cənab Prezident yumruğunu göyə qaldıraraq: “Cəbrayıl işğaldan azad olundu” - deyəndə, keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Bu hisslərin ən qiymətlisi olaraq, öncə bunu dedim: “Yumruğuna qurban olum, cənab Prezident!” Sonra atamla anamın şəklini divardan götürüb üzümə sürtərək doyunca ağladım, dedim: “Ruhunuz şad olsun, əziz atam, anam, bu gün Cəbrayıl işğaldan azad olundu, bir az da səbr edin, ömür vəfa etsə, gəlib namərdlər tərəfindən dağıdılmış məzarınızı yenidən quracam”.  Bütün Azərbaycan mənim üçün əzizdir. Amma desəm ki, Cəbrayıl rayonu mənə daha çox əzizdir, güman edirəm, məni yerlipərəstlikdə qınamazsınız. Çünki mən orda doğulmuşam, gözümü dünyaya açanda ilk olaraq orada anamı, atamı  görmüşəm. Bu mənada Cəbrayıl rayonu mənimçün həm anadır, həm atadır. Atamın səsi o dağlara, o meşələrə, Cəbrayılın divarlarına, daşlarına, tarlalarına, sularına, camaatının qəlbinə, ürəyinə hopub. Orda mənim uşaqlıq xatirələrim, mənə ilk dəfə “Vətən”, “Ana” sözlərini yazmağı öyrədən müəllimlərimin ruhu yaşayır.

Noyabrın 17-də hörmətli Prezidentimizin Cəbrayıla gedişini, ordakı çıxışını, qədim Xudafərin körpüsünə səfərini izləyəndə, yenə də əlimi göyə qaldırıb, dedim, Allah sənə çox şükür, doğulduğum rayona Prezidentimiz başı uca, qələbə çalan, qürurlu bir Azərbaycan oğlu, türk övladı kimi qədəm qoydu. Onun bu səfəri həm mənəvi, həm də siyasi baxımdan çox qiymətlidir. Mənəvi baxımdan xalqımızı bir daha əmin etdi ki, bu yerləri xalqımızla birlikdə yenə də cənnətə döndərəcək. Siyasi baxımdan, bu, dünyaya bir mesaj idi. Mən əminəm ki, cənab Prezident bütün azad olunan torpaqlarımızdan, şəhərlərimizdən bu mesajı verəcək. Ən böyük mesaj isə Qarabağın tacı olan gözəl Şuşadan olacaq. Prezidentimizin xalqımıza qələbə xəbəri, düşmənə isə sərt mesaj verən yumruğu bizim milli birliyimizin, güclü vəhdətimizin simvoluna çevrilib.  

- Mədəniyyətimizin beşiyi Qarabağ, Şuşa yenidən azadlıqdadır. Bir incəsənət nümayəndəsi kimi Azərbaycan mədəniyyətinin bundan sonrası barədə nə deyərdiniz?

- Xalqımızın aksiom kimi qəbul etdiyi danılmaz bir fakt var. Bilirik ki, Tanrı tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən töhfələrin böyük bir hissəsi, bəlkə də ən çox hissəsi  Qarabağdan olub. Məhz buna görə Qarabağın tacı olan Şuşanın 19-cu əsrdən başlayaraq “Qafqazın sənət məbədi”, “Kiçik Paris”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın Konservatoriyası” adlandırılması təsadüfi deyil. Nəinki Şuşa, Qarabağın bütün şəhər və kəndlərinin  Azərbaycan mədəniyyətinin zənginləşməsində xüsusi rolu var. Azərbaycanın milli musiqi janrlarından biri də muğamdır. Muğam ifa etmək üçün yüksək səs, uzun nəfəs, aydın diksiya tələb olunur. Bu üç elementin biri əskik olarsa, muğam öz möhtəşəmliyini itirər. Bu üç elementin ən böyük bazası Qarabağda, əsasən də Şuşada olub. Bunun əsas səbəbi Qarabağın təbiəti, havası və suyu idi. Ermənistanın Qarabağı 30 ilə yaxın bir müddətdə işğal altında saxlaması həm də mədəniyyətimizə böyük zərbələrlə özünü göstərib. Oradakı tarixi-mədəni, dini abidələrimizin məhv edilməsi, Vaqifin məqbərəsi, xalça muzeyi, Şərq musiqi alətləri fabriki, böyük şəxsiyyətlərin ev muzeylərinin dağıdılması mədəniyyətimizin inkişafına böyük əngəllər törətmişdi. Biz əminik ki, Prezidentimiz qeyd etdiyi kimi, Qarabağ yenə də cənnətə dönəcək, bülbül gülü, gül bülbülü oxşayacaq, Qarabağda yenə də itirilmiş səs bazası yaranacaq, incəsənətimizdə, musiqimizdə tükənməyən, dünyanı heyrətləndirən yeni səslər, böyük sənətkarlar yetişəcək.

Ondan öncə isə istərdim ki, Şuşanın hələ tam bərpa olunmasına qədər, elə bu dağıdılmış vəziyyətdə, yaz aylarında, “Azad Şuşa” adlı beynəlxalq musiqi festivalı keçirilsin. Bununla biz həm də dünya ictimaiyyətinə erməni vəhşiliklərini fakt kimi göstərə bilərik. Mən istərdim ki, Qarabağın bu vəziyyətində turist şirkətləri dünya vətəndaşlarını bu dağıdılmış torpaqlarımıza dəvət etsinlər, onlar öz gözləri ilə erməni vandalizmini görsünlər. Mən istərdim ki, dağıdılmış kənd və şəhərlərimizdən imkan dərəcəsi mümkün olanlarını bu vəziyyətə muzey kimi saxlayıb, yanında öz adı ilə yenisi inşa olunsun ki, gələn turistlər sola baxanda erməni vəhşiliyinin sübutlarını, sağa baxanda Azərbaycanın qüdrətini görsünlər. Mən də çox istərdim bu işlərin görülməsində öz bacarığımı, biliyimi sərf edim. Əgər mənə bu imkan verilərsə, şərait yaradılarsa, hələ açıqlamadığım yeni ideyalarla dövlətimə, millətimə sədaqətlə xidmət etməyə hazıram.

- Şəxsən Sizin yaradıcılığınıza necə təsir edəcək bu qələbəmiz?

- Mən şair olmasam da, qələbə sevincindən cuşa gəlib, bu münasibətlə şeir də yazmışam (gülür). Artıq özüm bəstələdiyim bir neçə musiqinin üzərində işləyirəm, demək olar ki, hazırdır. Əlbəttə, bu qələbə münasibətilə çalışacam ki, qələbənin möhtəşəmliyini özündə əks etdirən ifalarım olsun, xalqımıza, Prezidentimizə, Milli Ordumuza, Şəhidlərimizə sevgimi, sədaqətimi musiqi dilində bildirim. Bu, mənim sənətimin hər zaman olduğu kimi əsas qayəsidir.

- Təbii ki, bütün xalqımız sevindi bu tarixi hadisəyə. Amma sülhməramlıların gəlməsi insanlarda bir az narahatlıq, çaşqınlıq yaratdı. Sizin bu məsələylə bağlı fikirləriniz necədir?

- Millətimiz sevinməyə layiq millətdir. Uzun illər bu sevginin, bu qələbənin yolunu gözləyirdik. Prezidentimiz nə edirsə, millətimizin, dövlətimizin mənafeyini nəzərə alaraq edir. Çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycanın mənafeyindən kənar heç bir sənədə imza atmayacaq. Əlbəttə, bu, bir daha onun vətənə və millətinə olan sevgisinin sarsılmaz olduğunu ortaya qoyur. Rus hərbçilərindən ibarət sülhməramlıların bölgəyə gətirilməsinə, Prezident tərəfindən icazə verilməsi də Azərbaycanın mənafeyinə xidmət edəcək bir addım idi. Fərqli düşünə bilərik. Amma bu məqamda qərəzli mövqe bildirməyi vətənə, millətə, Prezidentin işinə ziyan vurmaq kimi dəyərləndirirəm. Sülhməramlılar 5 il ərzində iki millət arasında baş verə biləcək təxribatların qarşısını almaq üçün Qarabağa gətirilib. Əgər bu işi Ermənistan və Azərbaycan öz üzərinə götürsəydi, yenə də dayanaqlı sülhə nail olmaq mümkün olmayacaqdı. Bu sənəddən aydın oldu ki, Qarabağ tam azadlığına qovuşdu. Millətimiz əmin olsun ki, Qarabağın azadlığı sonsuz, geri dönməzdir. Qarabağın hər yerində Azərbaycan qanunları bərqərar olacaq, hər yerində, o cümlədən, Xankəndində də Azərbaycan bayrağı dalğalanacaq. Odur ki, indi tam inamla, sonsuz qürurla deyirəm: Yaşasın Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın millətimiz, qalib Ordumuz! Allah şəhidlərimizə rəhmət eləsin!

Şahanə MÜŞFİQ

 





24.11.2020    çap et  çap et