525.Az

Ürəyindən tikanlar çıxan Kəlbəcər - Türkan Hüseynlidən yeni yazı


 

Ürəyindən tikanlar çıxan Kəlbəcər - <b style="color:red">Türkan Hüseynlidən yeni yazı</b>

Səhər saat 6 radələri... Hava yenicə ağarır, sübh azanının səsi gəlirdi. Amma bu səhər o səhərlərdən deyildi.

Bu səhər alovlu, odlu, dərdli səhər idi. Havadan vahimə qoxusu gəlirdi. Kəndin mərkəzindəki evin alışan divarları, pəncərələrdən qalxan tüstü kəndi qaralan dərdə boğmuşdu. Pərən-pərən düşmüşdü camaat. Səhərin gözü açılmamış qara xəbərə oyanmışdı Kəlbəcər. Həmin gün Ağdabanda bir çox evlər, evlərin içərisində ailələr yanıb kül olmuşdu. Nənələr, babalar, qadınlar, uşaqlar, yarımçıq qalan həyatlar, ümidlər, xəyallar, arzular da yanmışdı. Kəlbəcər dabanından yandırılmışdı həmin günü. Odu göylərə, tüstüsü dağlara qarışmışdı. Dumanında nisgilə, dağlarında kədərə boyanmışdı dağlar gözəli Kəlbəcər. Gözəlliyindən əsər-əlamət qalmamışdı.

Hadisənin səbəbini başa düşə bilməyən kəlbəcərlilərin dərdlərini danışacaq, kömək istəyəcək bir pənaha, bir ümidə ehtiyacı vardı. Hara getsinlər, kimə danışsınlar dərdlərini? Ətrafda onları dinləyəcək bir kimsələr də qalmamışdı. Kömək ala bilməsələr belə, dərdlərini danışıb nisgillərini söyləməli, təskinlik tapmalı idilər. Qarabağın müdafiə qalası idi axı Kəlbəcər dağları. Kəlbəcərlilərin kədərli ayaq izlərini, qəm yüküylə naxış çəkən dərdli baxışlarını, ürək yaralayan hicran sözlərini eşitdi Camışdağ, Dəlidağ, Ağduzdağ, Qazanuçan dağı, Dəlihəsən dağı, Şişdağ, Qaraqaya dağı, Qonurdağ, Pişikli dağı, Məsim qalası dağı, Qumludağ, Qılışlıdağ... Dağlar nə deyə bilərdi, nə kömək edə bilərdi çarəsiz kəndlilərə? Xocalını görmüşdü dağlar. Şahidi olmuşdu yandırılan uşaqların, öldürülən qadınların, işgəncə verilən nənələrin fəryadını. “Getmə!” – deyə bilməzdi. Çünki tanıyırdı düşməni.

İkinci Xocalı faciəsini Kəlbəcərdə yaşamaq, şahidi olmaq, görmək istəmirdi. Eyni əziyyətlər, işgəncələr, günahsız məsumları əllərindən alınaraq, yaşamaqları burunlarından gətirilərək, zülm çəkərək gözləri önündə bir dağ boyda dağ çəkmişdi dağların qəlbinə. Həmin faciədən bir il ötmüşdü. Kəlbəcərlilər hələ də o faciənin təsirində idilər. Ad qoya bilmədikləri bu faciə, sanki cəhənnəm əzabının bu dünyada törədənlərin əməlləri silsiləsindən idi. Bu hadisənin ardınca düşmənlər kəndə silah-sursat daşımağa başlamışdılar. Əhali təşvişə düşmüşdü. Psixoloji “xox gəlmək” idi bu məkrin adı. Çünki məsum, dürüst xalqa başqa cür təzyiq göstərilsə idi, nəticəsiz qalacaqdı. Mərdliyimizi dəfələrlə görmüşdülər və qorxmuşdular. Buna görə də ikrah doğuran xəyanəti yol seçmişdilər özlərinə. Ömründə silah görməyən Kəlbəcər əhalisi də silahları həmin günü gördü elə. O gün ki həmin günü güclü qar yağdı Kəlbəcər dağlarına. Bəlkə düşmənin xəyanətinin qarşısını ala bilərdi bu qar. Yox, amma xeyri olmadı. Xəyanətin rəngi yoxdur. Elə xəyanətdir. Bu qar Kəlbəcərə yağan xoşbəxtlik yox, bədbəxtlik qarı oldu. Maşın-maşın yığışıb evindən-eşiyindən didərgin düşdü əhali. 1993-cü il aprelin 2-si düşmən ayaq basdı Kəlbəcərin müqəddəs torpağına. Çinarlı kəndi ilə başlamışdı işğal. Aprelin 2-də isə Kəlbəcər keçdi düşmən əlinə. Hərbi operator Vahid Mustafayevin videokadrlarında kəlbəcərlilərin son gedişlərini, narahatçılıqla yeridiyi Vətən torpaqlarının son cığırlarını, el-obadan didərgin simalarını hər dəfə görəndə qeyri-ixtiyari bir sual yaranırdı: Görəsən, nə vaxtsa bu videokadrların əksini izləyəcəyikmi? Onları nə vaxtsa öz doğma torpaqlarımızdan qova biləcəyikmi? Görəsən, tarix təkrarlanacaqmı?

44 günlük İkinci Qarabağ müharibəsi mübarizə ilə işğaldan azad etdiyimiz Vətən torpaqlarının, Azərbaycanın haqq qələbəsi ilə başa çatdı. Noyabr ayının 11-dən yayımlanan videogörüntülərin bir çoxu Kəlbəcərdən gəlir. 27 il sonra tarix təkrarlanır. Gedənsə ermənilərdir. Maşınlarına minərək yumruq gücünə tərk edirlər doğma torpaqlarımızı. Yanan evlər də var videogörüntülərdə. İllər sonra Kəlbəcər dağları yenə yanan evlərə şahidlik edir. Amma bu dəfə dağlar gözəlim Kəlbəcər elin dərdinə üzülsə də, kədərli deyil. Sanki ürəyindən tikan çıxır. Qoynunu açır sevinc göz yaşları ilə. Çünki yaradan düşmənə öz əlləri ilə yaşadıqları evlərini, yuvalarını yandırmağı nəsib edib. Qələbəmizin bir gözəlliyi də bundadır!

 





24.11.2020    çap et  çap et