525.Az

"İlham Əliyev yalnız Azərbaycanı yox..." - Sosial şəbəkədə yazılanlar


 

"İlham Əliyev yalnız Azərbaycanı yox..." - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Şahbaz Xuduoğlu, naşir:

- Prezidentin çıxışına maraqla qulaq asdım. Aşağıdakı nəticəyə gəldim:

1. O, yalnız zəfərdən yox, həm də xalq və iqtidar birliyindən zövq alır, buna görə fərəhlənir. Bu, birlikdə öz rolunu çox dəqiq bilir.

2. O, yalnız Azərbaycanı yox, həm də bütün regionu düşünür. Özünü regionun problemlərinin həllində məsul şəxs hesab edir.

3. İnkişafı əməkdaşlıqda, ümumi və regional layihələrin icrasında görür. "Bizim başqa yerimiz yoxdur". Buranı inkişaf etdirməli, buradakı insana önəm verməliyik.

4. Tarixi bayrağa çevirməklə inkişaf etmək olmur, situasiya gələcəyə ayıq baxmağı tərcih edir. "Tarixdə çox hadisələr olub". Onunla yaşamaqla inkişaf etmək olmaz.

5. Qonşu düşmən də olsa, mehriban olmaq lazımdır, birlikdə iş görülməlidir. Ona görə ki, keyfiyyətli həyat üçün bu, hər kəsə lazımdır.

6. O, quruculuq işində çox əmindir. Yalnız yerli yox, həm də xarici şirkətlərin sayəsində daha tez və səliqəli, müasir şəhərlər saldıracaq. Ermənilərin dağıdıcılığını qeyd etsə də, onun üstündə dayanmır, özünün içindəki yaratmaq gücünə, əzminə, təcrübəsinə inanır.

7. Tez-tez ordunun gücünü vurğulamaqla insanlarımızda illər boyu böyüyən Vətən həsrətini mübariz ruha döndərməyi bacardığına əminliyini ifadə edir. Şəhid ailələrinin ağrısını çəkir, yaralılara daha diqqətli münasibət istəyir.

"Əsgər payına göz tikən generallar" ifadəsini birmənalı işlətmədi. O, bundan gələcəkdə tez-tez istifadə edəcək. Sanki o sahədə demək istədiklərini gələcəyə saxladı.

8. Qonşularla münasibətdə "hörmət" və "əməkdaşlıq" ifadələrindən daha çox istifadə edir. Hər bir qonşunun yerini bilir və hörmət edir. "İran dost ölkədir", "Putin hadisələrə real qiymət verdi", deyir.

Avropaya qəzəblidir. Əgər əvvəllər bu qəzəbdə bir qərəz var idisə, indi bu, əsla belə görünmür, əksinə, xalq arasındakı reytinqinə əmin olaraq onları danlayır: "Dərs verməyi buraxın, ikili standartları buraxın, gəlin işləyək".

9. “Diktator” sözünü sevmir, sevsəydi, Paşinyanı bu sözlə tənbeh etməzdi.

10. Lider olaraq öz gücünü çox dəqiq bilir. Və onu da bilir ki, hər bir güc ağılla idarə olunmazsa, o, bitər. "Biz Şuşadan Xankəndini bir günə dağıdardıq, amma etmədik". Yəni bizim müharibəmiz qaydalıdır, çünki gücümüzü idarə etməyə ağlımız var. 

Yusif Mirzə, rəssam:

- “Joker” filminə baxdım və heyran oldum. Bu, əsl müasir filmdir. Mənim müasir dövr filmləri haqqındakı fikrimi dəyişdi. Böyük sənət yaradıblar, olduqca maraqlı simvollar, kodlar var. Aktyorun oyunu, səhnələr. Hər şey möhtəşəmdir. İngilis dilində də baxmağı düşünürəm. Bu il baxdığım ikinci filmdir. Birincisi “Eyes wide shut” filmi də xoşuma gəlmişdi. Amma “Joker” filmi fəlsəfi, psixoloji baxımdan daha maraqlı gəldi. Kinoya əyləncə kimi baxanlara məsləhət görmürəm. Bu film hamı üçün deyil.

Yaqut Bahadurqızı, jurnalist:

- Gözəl Ağdamım, qayıdışın mübarək! Tezliklə gözü kor olmuş bulaqların qaynamazmı, qurumuş bağların bar verməzmi, solmuş çiçəklərin açmazmı, uça-uça beli bükülmüş dağların dikəlməzmi, sızlayan çayların daşmazmı, qırılmış meşələrin göyərməzmi, sovulmuş zəmilərin dənlənməzmi, iti dırnaqlı, uzun ayaqlı yüyrək köhlənlərin kişnəməzmi, küsmüş ruhların dönməzmi, ölmüş oğulların dirilməzmi?

Günəşə göz vuran, aydan nur alan ağ banlı evləri viran olan, ağlar gözlü, ağ kəfənli, köksü qubar bağlayan, oğul-qız nisgilli, toy-büsat həsrətli, Ağdamım, heyy! Yırt kəfəni, sil gözünü, qalx ayağa, qurd ağızlı, şir ürəkli, polad biləkli, qara gözlü alp ərənlərin, igid oğulların gəldi, axı! 

Sahib Məmmədov, hüquq müdafiəçisi:

- Ağdam işğaldan azad edilib. Ağdam geri qaytarılmayıb, məhz azad edilib. Əgər Ermənilər BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsini könüllü icra etsəydi, onda qaytarmaq demək mümkün idi. Ağdam ona görə bu gün bizdədir ki, Ermənistan ordusu tam darmadağın edilib. Məğlub olub və Ermənistan dövləti məhz kapitulyasiya aktına imza etməsi ilə ordumuz tərəfindən azad edilib. Müharibələr tarixinə baxsaq görərik ki, böyük ərazilər, şəhərlər bir güllə atılmadan azad edilib. Qoşunlar mühasirəyə düşməmək üçün, məğlubiyyətin qaçılmaz olduğunu gördükləri üçün özləri çıxıblar. 

Asif Nərimanlı, jurnalist:

- Putin Qarabağda Rusiyanın sülh əməliyyatı üzrə müşavirə keçirib:

- Rusiyadan Bakı və İrəvana nümayəndə heyəti gəlir, məqsəd üçtərəfli razılaşmanın ən vacib suallarının müzakirəsidir.

1. Ağdam təhvil verildi, Kəlbəcər və Laçının təhvil verilməsi gecikdirilməməlidir;

2. İrəvanda xaos davam edir, Paşinyan demək olar ki, idarəetməni itirib, bu vəziyyətdə razılaşmanın pozulması riski var: erməni qoşunlarının çıxmaq istəməməsi, Putinin bundan öncə “razılaşmaya əməl etməmək Ermənistan üçün intihar olar” deməsi də bunu göstərir;

- “Ermənilər və azərbaycanlılar münaqişə edən tərəflərdir, amma münaqişə bitibdir”, - Putin deyir.

Azərbaycan təkcə müharibəni qazanmadı, həm də münaqişəni bitirdi: sülhməramlıların gəlişinin məqsədi də bu idi;

- Qarabağda abidələrin və ziyarətgahların müdafiəsi əhəmiyyətlidir, UNESCO və UNİCEF-i prosesə qoşmaq lazımdır,  Prezident İlham Əliyev maneəsiz girişin təmin ediləcəyi sözünü verib.

İlham Əliyev deyibsə, bu, belə də olacaq, beynəlxalq təşkilatların bölgəyə gəlişi həm də Azərbaycanın maddi-mədəni irsinin ermənilər tərəfindən necə məhv edildiyinin nümayişi üçün lazımdır;

- Türkiyə ilə birgə monitorinq mərkəzinin yaradılması tamamlanmaq üzrədir.

- Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi tamamilə başa çatıb.

İndi növbə Türkiyə hərbçilərinin bölgəyə gəlməsindədir, birgə monitorinq mərkəzinin yaradılması və türk əsgərinin bölgədə olması Azərbaycanın maraqlarının qarant altında olması deməkdir; 

Xaqani Cəfərli, politoloq:

- Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Hadrut və Şuşadan sonra Ağdam rayonun da erməni işğalındn azad olunması sevincimizə sevinc qatdı.

Ağdamın işağldan azad olunması ilə Xudu Məmmədovun, Bayram Bayramovun, Şahmar Əkbərzadənin, Ağdam müdafiəsi zamanı həyatını qurban verən minlərlə şəhidimizin ruhları da rahatlığa qovuşdu.

Vətən, doğma yurd həsrəti ilə dünyadan köçən minlərlə ağdamlının ruhları da nəhayət dinclik tapdı.

Ağdamın işğaldan azad olunmasının sevincini yaşadığımız bu günlərdə bir şəxsin, Famil Mehdinin adını xüsusi qeyd etməyə ehtiyac duydum. Ağdamın işğalını Famil Mehdi qədər sarsıntı ilə qarşılayan, işğaldan sonra yurd-yuvalarından didərgin düşən 120 mindən artıq ağdamlının acılarını öz acısı kimi hiss edən ikinci bir şəxs görmədim.

Ruhun şad olsun Famil müəllim!

Azadlığın simvolu olan Ağdam artıq azaddır, rahat uyu!

P.S. Ağdamda görəcəyimiz ilk işlərdən biri Famil Mehdinin adının əbədiləşdirilməsi olmalıdır. 

Sevinc Nuruqızı, yazıçı:

- Bu gün bayrağımız Ağdamın Şelli kəndində dalğalandı...

Şelli haqqında danışım. Dağların qoynuna sığınmış kənd idi. Poladlı, Qaradağlı, Qasımlı, Şelli və Qurdlar kəndləri Şelli sovetliyində birləşmişdi...

Xocalı faciəsi zamanı faciədən can götürüb qaçanlar Qarqar çayının dəli sularından keçib, Şelli yaxınlığındakı Qaraqaya altında pusquya düşmüşdülər... Güllələnmiş, yaralanmış, donmuş Xocalı sakinlərini Qaraqayanın ətəklərindən Şelli igidləri çıxartdı. 60 nəfər yaralandı. Üç nəfər – Firdovsi, Xoşrov və Bəylər şəhid oldu... Bizim kənddən - Qaradağlıdan Xocalıya gəlin köçmüş Sara itkin düşdü... Çox axtarılandan sonra Qaraqaya altından meyiti tapıldı...

Şelli hazarı, kal üzüm, dərbəndi, quşürəyi üzümlərinin və narın vətəni idi... Şelli narının dadı və rəngi möcüzə idi... Şelli təpəsindən Qurdlara - Qaraqayanın altına kimi nar bağları idi... Ən məhşur nar növləri məhz bu kənddə yetişirdi...

Xəqani Səfəroğlu, jurnalist:

- Qardaşımın hərbçi yoldaşı döyüşlərdə şəhid olub. Deyir, çox cəsur və qorxmaz oğlan idi. Yaralansa da, hospitala göndərə bilmədik. Getmədi.

Şəhidin 3 uşağı qalıb. Kirayədə yaşayırdı. Kirayədə qaldığı evin sahibi indi onun ailəsini heç yerə buraxmır. Yoldaşına deyib ki, "bu qaldığın evi sənə verirəm. Uşaqlarını böyüt, sən mənim övladım, uşaqlar nəvələrim oldu".

İbrətlidir. Ordumuz Baş tacımızdır. Şəhidlər və onların yadigarları ən yaxşılara layiqdirlər... Onlara ömürlük borcluyuq.

 





24.11.2020    çap et  çap et