525.Az

Tarzən Həmid Vəkilov dünyasını dəyişib


 

Tarzən Həmid Vəkilov dünyasını dəyişib<b style="color:red"></b>

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. İfaçılıq sənətinin istedadlı nümayəndəsi, novator tarzən, Əməkdar artist, Beynəlxalq müsabiqə laureatı, Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının professoru Həmid Şamil oğlu Vəkilov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 72-ci ilində vəfat edib.

Həmid Vəkilov 1949-cu il yanvarın 23-də Bakının Binəqədi kəndində müəllim ailəsində anadan olub. O, erkən yaşlarından tar çalmağa həvəs göstərmiş, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində unudulmaz sənətkarlar Əhsən Dadaşovun və Sərvər İbrahimovun sinifində oxuyub, 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bitirərək xalq çalğı alətləri orkestrinin dirijoru, solist konsert ifaçısı və müəllim ixtisasları üzrə ali musiqi təhsili alıb... 

Gənc tarzənin fitri istedadını, ifaçılıq tərzini, virtuozluğunu və dərin musiqi duyumunu yüksək qiymətləndirən xalq artisti, professor Səid Rüstəmovun dəvəti ilə o, Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinə qəbul olunub və bu kollektivdə peşəkar fəaliyyəti ilə yanaşı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Koservatoriyasında tar müəllimi kimi ixtisas fənnindən uzun illər dərs deyib, neçə-neçə tarzənin yetişməsində müstəsna xidmət göstərib.  

Sənətkar ömrünü Azərbaycan Musiqi-Estrada Birliyində xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru kimi davam etdirən Həmid Vəkilov respublikamızı el-el, oba-oba dolaşaraq milli musiqimizin ürəklərə yol açmasında, gənc nəslin estetik tərbiyəsində diqqətəlayiq rol oynayıb. Onun sənəti ölkəmizdən kənarda da geniş şöhrət tapıb. O, Azərbaycan milli ifaçılıq sənətini Almaniya Fedarativ Respublikasında, Əfqanıstanda, Fransada, Avstriyada, Əlcazairdə, Yuqoslaviyada, Tunisdə və digər xarici ölkələrdə ləyaqətlə təmsil edib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının dosenti Həmid Vəkilov 1992-ci ildə Türkiyə Respublikasının Kültür Bakanlığının dəvəti ilə “Güzel sanatlar” genel müdirliyində 17 il solist tarzən və pedaqoq kimi çalışmış, milli xalq çalğı ifaçılığı tariximizdə ilk dəfə olaraq postsovet məkanından kənarda - Ankarada simfonik orkestrin müşayiəti ilə konsert verib.

Həmid Vəkilovun fədakar əməyi, musiqi-ifaçılıq sənətinin inkişafındakı xidmətləri 1987-ci ildə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ona “Azərbaycan SSR-in Əməkdar artisti” fəxri adı verilib, Beynəlxalq mükafatlara və bir sıra fəxri fərmanlara layiq görülüb.

Həmişə musiqi ilə yaşayan, daim axtarışlar edən novator sənətkar Həmid Vəkilov ustad müəllimi Mirzə Sadıq Əsədoğlunun tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi daha da zənginləşdirib. O, ifaçılıq aləminə, tar sənətinə yeniliklər gətirdiyi kimi, tarı həmişə ayaq üstə çalıb, ənənəvi qaydalara təzəlik gətirib.

Ömrünün son on ilini Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğul olan unudulmaz sənətkarımız gənc tarzənlərə həssaslıqla yanaşan, onların gələcəyi ilə maraqlanan gözəl bir müəllim idi. 

Azərbaycan tar sənətinin mahir bilicisi və ən layiqli ifaçılarından biri, milli musiqimizin ilhamlı təbliğatçısı, mahir pedaqoq, novator tarzən  Həmid Şamil oğlu Vəkilovun işıqlı xatirəsi onun istedadının çoxlu pərəstişkarlarının və xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Yoldaşlarının bir qrupu adından

Rafiq HACIYEV

 





24.11.2020    çap et  çap et