525.Az

Bəhram xan Naxçıvanski: görkəmli ictimai-siyasi xadim, diplomat və maarifçi


 

Bəhram xan Naxçıvanski: <b style="color:red">görkəmli ictimai-siyasi xadim, diplomat və maarifçi </b>

(Əvvəli 19 noyabr sayımızda)

Arxiv sənədləri içərisində Naxçıvan şəhər müvəkkillərinin 1907-1910-cu illərdə Bəhram xan Naxçıvanskinin sədirliyi ilə keçirilmiş iclas protokollarında yuxarıda qeyd olunduğu kimi vətəndaşlardan daxil olan ərizə və xahişnamələrdə göstərilən məsələlərin baxılıb müzakirə edilərək, qəbul edilmiş qərarlar da tarixi baxımdan çox maraqlıdır.

Bəhram xan Naxçıvanski 14 fevral 1910-cu il tarixdə imperatorun Qafqazdakı canişinin 2 nömrəli əmri ilə Tiflisdə, Canişinin yanında xüsusi tapşırıqlar üçün VII dərəcəli məmur təyin edilir. Bu işdə ona  atasının əmisi oğlu, general Hüseyn xan Naxşıvanski köməklik edib. Tam süvari generalı Hüseyn xan Naxçıvanskinin  canişin dəftərxanasının rəisinə yazdığı məktub da Gürcüstan Milli Arxivində saxlanılır. Vətəndaş idarəsi üzrə 23 dekabr 1911-ci il tarixli 92 nömrəli əmrlə Bəhram xana kollej assesoru adı verilmişdir.

Qafqaz canişinin 16 noyabr 1912-ci il tarixli 344 nömrəli əmrlə Bəhram xan Naxçıvanski Naxçıvan qəzasının 2-ci şöbəsinə Barışdırıcı Münsif təyin edilir.

İrəvan qubernatoru 21 noyabr 1912-ci il tarixli 604 nömrəli Naxçıvan qəzasının 2-ci şöbəsi üzrə Barışdırıcı Münsif  Bəhram xan Naxçıvanskiyə məktub göndərib. Məktubda deyilir: "İmperator həzrətlərinin Qafqazdakı Canişinin 16 noyabr 344 nömrəli əmri ilə Siz Naxçıvan qəzasının 2-ci şöbəsinin Barışdırıcı Münsifi təyin olunursunuz. Buna görə də Sizə təklif olunur ki, dərhal iş yeriniz olan Naxçıvan şəhərinə gedəsiniz və oraya çatdıqda Barışdırıcı Münsif Ricukeviçdən bütün kitab, kağız və əmlakı təhvil alasınız, sonra isə vəzifənizin icrasına başlayasınız". Qubernator: (imza).

Bəhram xan Naxçıvanski 2 il Tiflisdə yaşamış və Qafqaz Canişinin sarayında işləmişdir. Bəhram xan Naxçıvanski 14 may 1914-cü ildə (əmr №4663) Romanovlar sülaləsi çarlığının 300 illiyi şərəfinə təsis edilmiş açıq rəngli bürünc medalla təltif edilmişdir. Ona Vətəndaş İdarəçiliyin 22 avqust 1914-cü il tarixli 59 nömrəli əmri ilə saray müşaviri rütbəsi verilmiş və bunun 14 fevral 1914-cü il tarixdən qəbul edilməsi əmrdə qeyd olunmuşdur.

Bəhram xan Naxçıvanskinin fəaliyyətini araşdırarkən onun 11 avqust 1914-cü il tarixdə yazdığı raport da maraq doğurur. Onun Kənd işləri üzrə İrəvan quberniya idarəsinə göndərdiyi raportda deyilir: "Quberniya idarəsindən xahiş edirəm mənə çatan aylıq 3%-li krediti Daxili İşlər Nazirliyinin 8-ci paraqrafına əsasən müharibə qurtaranadək yaralı əsgərlərin hesabına keçirəsiniz".

8 sentyabr 1915-ci il tarixdə İrəvan quberniya Ədliyyə Nazirliyinin 63 nömrəli əmri ilə Bəhram xan Naxçıvanski 1 iyun 1915-ci ildən İrəvan Dairə Məhkəməsində fəxri Barışdırıcı hakim təyin edilir. 20 iyun 1918-ci il tarixdə İrəvan quberniya idarəsi ona tabe olan idarələrin bağlanması haqda əmr verilir. Daxili işlər şöbəsi müdirinin  (14 iyun 1918-ci il tarixli 9 №-li əmr) sonra İrəvan Dairə məhkəməsində işləyən bütün işçilər azad edildiyi kimi, Bəhram xan da tutduğu vəzifədən azad edilib.



Müvəqqəti hökumətin 29 iyun 1917-ci il tarixli qərarı ilə Bəhram xan Naxçıvanskiyə 6 aylıq 979 manat 98 qəpik və Zaqafqaziya Komissarlığının 3 mart 1918-ci il tarixli qərarı ilə 1733 manat məvacib verilmişdir.

Bəhram xan Naxçıvanski 1898-ci ildə Abbasqulu xan İrəvanskinin qızı Gövhərtac xanımla ailə qurmuşdur. 1899-cu ilin 12 aprel tarixində onların bu nikahından oğulları dünyaya gəlmişdir. Bəhram xanın formulyar siyahısında onun oğlunun adı Süleyman xan yazılıb. Amma bəzi sənədlərdə Əziz xan kimi qeyd olunub. Hətta Cəmşid xan Naxçıvanskiyə məxsus foto-albomda da bir fotonun arxasında o özü "xalası oğlu Əziz" olduğunu yazıb. 1920-ci ildən sonra Əziz (Süleyman xan) xan da atası ilə birgə İrana mühacirət edib. Gimnaziya təhsili aldığından Səlmas şəhərində işləməsi haqqında məlumat vardır. Bəhram xanın həyat yoldaşı Göhərtac xanım vəfat etdikdən sonra o, ikinci dəfə leytenant  Əlibəy Novruzovun qızı Sevər xanımla ailə qurub. İkinci nikahından 3 qızı dünyaya gəlib. Bunlardan Fatiməbikə xanım 1906-cı il tarixdə, Gövhərtac xanım 1908-ci ildə, İşrət xanım 1914-cü ildə Naxçıvanda anadan olmuşlar. Onlar da 1920-ci ildə ataları ilə birgə İrana mühacirətə getmişlər.

Qayıdaq mətləbə. Bəhram xan 1918-ci ildə Naxçıvana qayıdır və ermənilərin təcavüzündən Naxçıvanı qorumaq üçün təşkil olunan taborun komandiri təyin edilir. Bəhram xan 1918-ci ildən 1919-cu ilin sonuna kimi Naxçıvanın müdafiəsində qəhrəmancasına iştirak edib. Erməni daşnaklarına qarşı mərdliklə vuruşub. Onun taboru Andronik Ozanyanın, Nijdenin, Dronun, Gibbonun, Doluxanovun və başqalarının başçılıq etdiyi erməni quldur dəstələrinin basqınlarının qarşısını almaqda digər döyüşən taborlarla birgə uğurlu döyüş əməliyyatları keçirmişlər. Bəhram xan Naxçıvanski Araz Türk Cümhuriyyətini quranlardan biri olmuş və hökumətin Xarici İşlər Komissarı olmuş və diplomatik danışıqlar üçün Tiflisə və Bakıya gedən nümayəndə heyətinə başçılıq etmişdir.

Qeyd edək ki, Bəhram xan 1919-cu il 28 fevralda Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Naxçıvanın general-qubernatoru təyin edilib. Naxçıvan general-qubernatorluğunda Bəhram xana Kərim xan İrəvanski hərbi işlər üzrə müavin, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə müavin təyin edilir. Amma hələlikdə bizə məlum olmayan səbəblərə görə Bəhram xan mart ayının 16-da general-qubernatorluqdan istefa verir. 1919-cu ilin avqustunda Naxçıvan general-qubernatoru Səməd bəy Cəmillinskiyə köməkçi təyin olunub. Bu illərdə hansı vəzifədə olmasından asılı olmayaraq Bəhram xan Naxçıvanski erməni quldurlarının Naxçıvana amansızcasına təcavüzlərinin qarşısının alınmasında və daşnak ermənilərə qarşı döyüşlərdə Kəngərli igidləri kimi mərdliklə vuruşmuş və naxçıvanlıları dəfələrlə xilas etmişdir. Tarixi sənədlərdən məlumdur ki, Bəhram xanın başçılıq etdiyi xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya ezam olunur. Görkəmli Azərbaycan mütəfəkkiri Hüseyn Cavid də bu nümayəndə heyətinin tərkibində idi. Naxçıvandan gələn nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr, o cümlədən, Naxçıvan məsələsinin Paris sülh konfrasında müzakirə olunmasının mümkünlüyü haqqında danışıqlar aparmış və böyük ümidlərlə Naxçıvana qayıtmışdı.

Bəhram xan Naxçıvanski Bakıya gələrkən, yolüstü Tiflisdə Gürcüstan hökumətinin üzvləri ilə, həmçinin, Gəncədə "müsavat"çılarla görüşərək, Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparmışdı.



Bəhram xandan Araz-Türk Cümhuriyyətinin vəziyyəti haqqında ətraflı məlumat alan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Naxçıvan, Şərur, Sürməli, Vedibasar və Milistan bölgələrinə bir nümayəndə heyəti göndərdi. Həmin nümayəndə heyəti 3 nəfərdən (Teymur bəy Makinski Rəşid bəy İsmayılov və doktor Qənizadə) ibarət idi. Naxçıvan bölgəsinin nümayəndələri də - Bağır Rzayev, Məhərrəm Əliyev, Ələşrəf Kazımov, Hüseyn Cavid, Əsəd Manafov, Bəhram xan və oğlu Əziz xan Naxçıvanskilər də hökumətin göndərdiyi nümayəndə heyətinə qatıldılar.

Hökumət tərəfindən ayrılmış bir milyon manat pul verilmişdi ki, erməni təcavüzündən ziyan çəkmiş yerli azərbaycanlı əhalinin ehtiyacları üçün istifadə edilsin. Pulu gətirən Paşa Bayramov və Yusif bəy Qazıyev müvəqqəti olaraq Tiflisdə ləngimişdilər. Araşdırmalar göstərir ki, bu pul Naxçıvana çatdırılmayıb. Bəhram xan Naxçıvanski 1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Daxili İşlər Nazirliyinin Lənkəranda səlahiyyətli nümayəndəsi təyin olunur. Bəhram xanın Lənkəranda əhali arasında böyük nüfuzu olub. 1920-ci ilin aprelində bolşevik qoşunları Azərbaycanı işğal etdikdən sonra Bəhram xan Naxçıvanski İrana mühacirətə gedir. Qardaşı Əkbər xanın istintaq materiallarından məlum olur ki, Bəhram xan Təbrizdə yaşayırmış və Culfa-Təbriz qatarında bələdçi işləyirmiş. O, Təbrizdə "Müstəqil Qafqaz" təşkilatı yaradır. Demək olar ki, İranda olan naxçıvanlılar bu təşkilatın üzvləri olmuşlar. Həmin illərdə Bəhram xan, Nəzərəli xan (Böyük xan) və Parisdə yaşayan Əlimərdan bəy Topçubaşov yorulmadan bolşevizmə qarşı mübarizə aparıblar. Bunu aşağıdakı məktub sübut edir:

"Azərbaycan Sülh nümayəndəliyinin Sədri cənablarına.

Cənab Sədr, Sizə bildirirəm ki, İran Azərbaycanında yaradılmış Azərbaycan Milli partiyası, xaricdəki Azərbaycan Sülh nümayəndəliyini rəsmi təşkilat kimi tanıyıb və tanıyır. Azərbaycan Respublikası adından biz hesab edirik ki, nümayəndəlikdən başqa, digər qrup və məsuliyyətsiz şəxslərin çıxışları tənqidəlayiqdir.

Buna görə də, cənab Sədr, biz hesab edirik ki, həmin məsuliyyətsiz şəxslərin çıxışlarına məhəl qoymadan doğma Azərbaycanımızın azad edilməsi üçün məhsuldar işinizi davam etdirəsiniz. Bizim qrup Sizə tamamilə etibar edir və sizin yorulmadan bizim doğma vətənimizin qəsbkarların zülmündən azad edilməsi işinizi hər zaman dəstəkləyəcəkdir.

Bəhram xan və Böyük xan (Nəzərəli xan) Naxçıvanskilər".

Bəhram xanın sovet çekistlərinin əlinə keçmiş bu məktubunu həyəcansız oxumaq olmur. Ulu babaları kimi içdiyi anda həmişə sadiq qalıb! Təəssüflər olsun ki, onun mühacirət illəri ilə bağlı ciddi axtarışlar aparmaq mümkün olmadığından, qətiyyətli eloğlumuzun - Bəhram xan Naxçıvanskinin və varislərinin son taleləri haqqında söhbət aça bilmirik. Amma axtarışlarımıza son nöqtəni də qoymamışıq. Çünki Bəhram xan Naxçıvanskinin həyatı və fəaliyyəti doğma Azərbaycanımızın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanımızın azadlığına həsr olunub. Belə şəxsiyyətlər heç vaxt unudulmur.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





24.11.2020    çap et  çap et