525.Az

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanıldı


 

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanıldı <b style="color:red"></b>

Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılmış, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

525.az "Report"a istinadən xəbər verir ki, ki, bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.

"Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb. Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları”nın müvafiq strukturları mənfur düşmənin dəmir yollarına vurduğu ziyanı hesablayır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.

O cümlədən ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir. Digər aidiyyatı qurumlar ərazidəki zəruri işləri tamamlandıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq", - deyə açıqlamada qeyd olunub.

 





25.11.2020    çap et  çap et