525.Az

Senat Azərbaycan-Fransa münasibətlərini sınağa çəkir - Şərh


 

FRANSIZ SENATORLAR ƏLCƏZAİR SOYQIRIMINI UNUDUBLAR

Senat Azərbaycan-Fransa münasibətlərini sınağa çəkir - <b style="color:red">Şərh</b>

Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı Konstitusiyanın 34.1-ci maddəsinin tətbiq edilməsinə dair səsvermə noyabrın 25-də keçiriləcək.

Hüquqi qüvvəsi olmayan, tövsiyə xarakteri daşıyan bu bədnam qətnamə layihəsi ilə bağlı Senatda müzakirələr noyabrın 18-də aparılmışdı. Senatın bu bədnam addımından əvvəl də Fransada qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı çağırışlar edilirdi. Halbuki "əzabkeş" erməni xalqının "əsas müdafiəçisi" donuna girmiş Fransanın bu addımı beynəlxalq hüquqa tamamilə ziddir. Digər tərəfdən də, Azərbaycanı ittiham etmək üçün fransızların heç bir mənəvi haqqı yoxdur. Fransanın tarixindəki qara ləkələr fransızların "ədalət carçısı" olmasını tamamilə istisna edir. Bu qənaət isə tarixi gerçəkliklərə dayanır.

Əlcəzairli alim Əhməd Əzimi yazır ki, dünyada Əlcəzair xalqı qədər fransızların müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş ikinci bir xalq yoxdur. Bəşəriyyət may ayının 8-də faşizm üzərində qələbənin 75 illiyini qeyd edəndə Əlcəzair xalqı da fransızların törətdikləri soyqırımın 75 illiyini qeyd etdilər. Əlcəzair xalqı 75 il öncə, mayın 8-də küçə və meydanlara çıxaraq bir yandan bütün bəşəriyyətlə bir yerdə faşizm üzərində qələbəni qutlamaq, o biri yandan da fransızlara yerli əlcəzairlilərin haqlarına hörmət göstərilməsini tələb etmək istədilər. Buna cavab olaraq fransızlar qanlı qırğın törədərək 45 min insanı qətlə yetirdilər. Bu, öz haqlarını tələb edən xalqın müstəmləkəçi Fransa tərəfindən soyqırıma məruz qoyulması aktı idi. Ancaq ilk hadisə də deyildi. Fransanın 1830-cu ildən Əlcəzairdə başlayan müstəmləkə üsul-idarəsi dəfələrlə belə qanlı qətllər törədib. Əlcəzair xalqının məruz qaldığı soyqırım hadisəsinin ən bədnam tərəfi isə ondan ibarət olub ki, fransızlar bu haqda danışmağı əlcəzairlilərə uzun müddət qadağan ediblər. Əlcəzairdə indi də ümid bəsləyirlər ki, Fransanın törətdiyi soyqırım gec-tez öz hüquqi qiymətini alacaq və fransızlar buna görə bəşəriyyət qarşısında cavab verəcəklər.

Fransanın ədalət məhkəməsi rolunda çıxış etməyə mənəvi haqqı olmadığı kimi, Parisin bu addımı həm də beynəlxalq hüququ ayaqlar altına atmaqdır. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn təməlini təşkil edir. Məhz buna görə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi başda BMT olmaqla ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO və Avropa Parlamenti kimi beynəlxalq qurumlar tərəfindən tanınıb. Burada yalnız Fransanın üzvü və rəhbərlərindən olduğu beynəlxalq təşkilatların adlarını sadalamaqla Parisin qondarma "DQR"in müstəqilliyini tanımaq yolu ilə həm də üzvü olduğu bu təşkilatların təməl prinsiplərini tapdalayacağına diqqət çəkmək istəyirik. Fransa və yaxud başqa bir ölkə müstəsna hüquq və səlahiyyətlərə malik deyil ki, müstəqil bir dövlətin ərazi bütövlüyünü şübhə altına almaqla üzvü olduğu təşkilatlardan fərqli mövqe tutmaq hüququna sahiblənsin. Qondarma "DQR"in tanınmasına çalışan fransız deputatlar son dörd il ərzində Avropa İttifaqının bütün institutları (Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti) müntəzəm olaraq əsas sənədlərində Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Avropa İttifaqı qondarma "DQR"də keçirilən heç bir "parlament", "prezident seçkisi"ni tanımayıb. Ən son olaraq bu ilin iyulunda Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayaraq bu ərazilərin Azərbaycan ərazisi olduğu və işğal edildiyi faktını təsdiqlədilər.  Həmin bəyanatda Ermənistanın bu qanunsuz fəaliyyətinin Azərbaycan tərəfi ilə razılaşdırılmadığı qeyd olunmaqla Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ifadə edilib. Xatırlatmaq istərdik ki, həmin bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü əsasında həllinin mümkünlüyü vurğulanmışdı.

İndi isə fransız senatorlar bütün bu sağlam mövqelərinin ziddinə gedərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazilərinin parçalanması hesabına həll oluna biləcəyini düşünürlər. Amma onlar bu düşüncənin Cənubi Qafqazda nələrə səbəb ola biləcəyini, Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişəyə rəvac verəcəyi ehtimalını nəzərə almırlar.

Erməni xalqının artıq bir dəfə öz müqəddəratını müəyyən edərək Ermənistan dövləti yaratmasına baxmayaraq, ikinci dəfə də öz müqəddəratını təyin edə biləcəyini düşünən fransız senatorlar illərdir bask xalqının öz müqəddəratını təyinetmə istəyini dinləmək belə istəmirlər. Halbuki Fransanın Aşağı Navarra, Laburdan və Suberoa əyalətlərində sayca Dağlıq Qarabağdakı ermənilərdən ən azı iki dəfə çox bask yaşayır. Təxminən  60 min nəfərlik bir icmaya müstəqillik tələb edən fransız senatorlar ilk öncə 300 minlik basklara müstəqillik vermək haqqında düşünməlidirlər. Ən əhəmiyyətlisi isə ermənilərdən fərqli olaraq basklar öz müqədaratını təyin etmək hüququndan istifadə etməyiblər. Onların bu hüquqdan istifadə etməsinə ilk öncə fransızlar və Fransa dövləti imkan vermir. Əgər Fransa Senatı qondarma "DQR"in tanınması ilə bağlı Qətnamə qəbul edərsə, Azərbaycan Milli Məclisi də Parisin baskların öz müqəddəratını təyinetmə hüququnu tanınması ilə bağlı müzakirə keçirə bilər.

Qondarma "DQR"in müstəqilliyinin tanınması Bakı ilə Paris arasında diplomatik, siyasi və iqtisadi münasibətlərin qırılmasına yol aça bilər. Fransa Senatının qondarma "DQR"i tanıması Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqi və inzibati statusunda heç bir dəyişikliyə səbəb olmayacaq. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, "DQR"in müstəqilliyini tanıyacaq ölkə ilə diplomatik əlaqələr bir saatın içərisində tamamilə kəsilə bilər. Bundan başqa, Senatın arzuolunmaz qərar qəbul edəcəyi halda Fransa Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanla əlaqələrini itirməklə bölgədəki mövcudluğunu ciddi şəkildə zədələyəcək.

Məlum olduğu kimi, Fransanın "Total", "Thales" və "Suez" kimi iri şirkətləri ölkəmizdə dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin mühüm tərəfdaşlarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Fransa Senatı qondarma "DQR"i tanıyacağı halda bu şirkətlərin Azərbaycanda fəaliyyəti də sual altına düşəcək. Bundan əlavə, Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 60 faizindən çoxu Azərbaycanla həyata keçirilir. Senat özünün qanunsuz və məntiqsiz addımı ilə bu layihələrin də üstündən xətt çəkə bilər. Qeyd edək ki, Azərbaycanın Fransaya yatırdığı investisayının həcmi Cənubi Qafqazın digər iki respublikasının Fransaya yatırdığı sərmayədən dəfələrlə çoxdur. Bütün bunların gələcək taleyi isə Fransa Senatının və digər strukturlarının Qarabağla bağlı tutacaqları mövqedən asılı olacaq. Ancaq bir məsələ tam aydındır -  Azərbaycan hakimiyyəti heç bir təzyiq qarşısında dövlət və milli maraqların müdafiəsindən bir addım da geri çəkilməyəcək.

Xaqani CƏFƏRLİ

 





25.11.2020    çap et  çap et