525.Az

Mənim "taclı" günlərim - Məhsəti Musadan yeni yazı


 

Mənim "taclı" günlərim - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Həmin gün yaxşı əhval-ruhiyyə ilə  rayon qəzetinin  Böyük qələbəmizə  həsr olunmuş nömrəsini hazırlayırdıq. Son səhifəni  bitirirdik ki, telefonuma  zəng gəldi. Salamın ardıyca dərhal  COVİD-19-la bağlı vermiş olduğum  analizin cavabının  pozitiv olduğu bildirildi (işdə hər həftə analiz veririk).

Qulaqlarıma inanmadım:

- Necə yəni? Axı  mən heç bir narahatçılıq hiss etmirəm.

- Yox, bunun aidiyyatı yoxdur. Nəticə pozitivdir.

Və ürküdücü səslə  davam etdi:

- Dərhal iş yerinizi tərk edin, evdə heç kimlə ünsiyyətdə olmayın, ayrıca otaqda müalicə alın. Ailə üzvləriniz təcili analiz versin.  Tezliklə iş yeriniz, eviniz dezinfeksiya olunacaq...  Tez tərk edin oranı...

Canıma istilik gəldi. Şələ-küləmi yığıb həyəcandan maşın  da çağırmadan piyada evə yollandım. Yolboyu mənə elə gəldi ki, hamı məndən qaçır, ehtiyat edir. Özümü terrorçu kimi hiss edirdim. Evdə də  vəziyyəti izah edib ayrıca otağa keçdim.  Xəbər ildırım sürəti ilə dost-tanışa çatdı. Zəng edənlərin həyəcanlı  səsləri olan-qalan ümidimi də əlimdən aldı. Əslində, ümid verən, adi hal olduğunu söyləyən,  öz təcrübəsinə əsasən lazımi məsləhətlərini əsirgəməyən  saysız-hesabsız  dost-tanış zənglərinin özü  elə bir müalicə sayılmalı idi. Amma nədənsə bu qədər  səmimi, dostcasına zənglərin içində iki-üç mərdimazarın qandonduran "fəryadı"  daha çox ilişib qalmışdı yaddaşımda. Bu adamlar sanki məqam güdürlərmiş.  Həyatın çox maddi və mənəvi sınaqlarından  gülə-gülə keçən məni bir günün içində özümə qapandırdılar. Həyatım boyu belə ruh düşkünlüyü yaşamamışdım. Növbəti  gün  mısmırıqlı həkimin  canından can verirmiş kimi əzablı  şəkildə  resept yazmağından sonra mənə elə gəldi ki, başım, gözüm, bütün sümüklərim ağrıyır. Evə döndükdən sonra  sızıldamağa, zarımağa başladım. Zəng vuranlarla danışanda  da hiss etdim ki, səsim qeyri-ixtiyari olaraq boğuq çıxır.  Bundan əvvəlki müalicəmdən qalanlar da əlavə olunmaqla  masanın üstündə  qalaqlanmış dava-dərmanlar... Otağa girməyə can atan uşaqlara edilən qadağa... Bir az nasazlayan kimi başımın üstünü alan qohumların indi ürək edib bizə gələ  bilməməsi...    Elə bilirdim son günlərimi yaşayıram. Bununla bağlı sosial  şəbəkədə də qəmli (sonra buna çox güləcəkdim) bir status paylaşdım. Uşaqlara vəsiyyət etməyi  də düşünürdüm. Qızımı qardaşına tapşıracaqdım, onu incitməməsini xahiş edəcəkdim. Məndən sonra övladlarıma bir az babat analıq edə  biləcək bir neçə xanımı da xəyalımdan keçirmişdim  və   bu haqda bir kağızda qeyd etməyi planlaşdırırdım. 13 yaşında  "eşq"ə düşüb 15 yaşında sevgilisindən ayrılan yeniyetmələr  kimi "həsrət dolu",  nisgilli mahnılar dinləməyə başlamışdım. Artıq "Ölməkdə olan qu quşunun sonuncu nəğməsi" adlı  səfeh və ənənəvi şeir yazmaq məqamı çatanda sanki yuxudan oyandım. Düşdüyüm əcaib,  miskin duruma  nəzər salınca xəcalət çəkdim. Özümə sual verdim:

- Ay  adam, sənin haran ağrıyır?

Sonra cavab axtarmağa başladım. Tapmadım. Anladım ki, əslində, heç bir ağrım yoxdur. Kiçik bir sızıltı da hiss etmirdim özümdə. Əlimlə yüngülcə başıma bir qapaz endirib güldüm.

Bundan sonra tanışlardan gələn  zənglərə  aydın səslə cavab verdim. Çox incə və aydın  səslə. Sən demə, səsimdə də problem yox imiş.  Sadəcə,  özümdə yaratdığım  xofdan səsim də boğulurmuş.

Daha bir xəstəxanadakı  müəyyən müayinədən sonra aldığım xoş xəbər,  oradakı həkimin mənimlə etdiyi zarafatyana söhbət,  xəstəliyimin  çox yüngül  və qorxusuz olmasını söyləməsi   əhvalımı  tamamilə yaxşılaşdırdı.  Və mən bir şeyi dəqiq anladım. Ruh düşkünlüyü bu  bəlanın ən yaxın dostudur. Buna  ətrafdakıların  düşünülməmiş davranışı,  virusa yoluxmuş insana ötürdüyü mənfi enerji də daxildir. Qeyd olunanlar  koronavirusun  öz simptomlarından daha qorxulu və öldürücüdür.  Məni  xəstəlik  yox, əvvəldə qeyd etdiyim o bir-iki nəfərin  hay-küyü, vahiməli danışıqları öldürəcəkdi. Nə yaxşı ki, özümə tez gəldim. Nə yaxşı ki, hər zamankı  pozitiv əhvala  köklənə bildim. Zəng vuranları, sosial şəbəkədə yazanları  zarafatlarımla, xoş ovqatla  cavablandırmağı bacardım. "Elnən gələn bəla toy-bayramdır" deyərək  məni yıxa bilməyən xəstəliyi özüm yıxmağı qarşıya məqsəd qoydum və məhz ruh yüksəkliyimlə,  xəstəliyi küçümsəməklə bunu bacardım (Təbii ki, təcrid olunmuş şəkildə müalicə də öz yerində).

Bütün bu yazdıqlarım koronavirus pandemiyasının qorxusuz olması anlamına gəlmir. Bu bəla var, sürətlə yayılır və bəzi hallarda  ölümcül təhlükəsi də qaçılmazdır. Qorunmaq, qaydalara əməl etmək mütləqdir. Əlini yelləyib "əşi, koronavirus nəəəzir?" deyə  qəhrəmanlıq edirmiş kimi qabaqlayıcı tədbir görməkdən imtina etmək öz sağlamlığına qarşı məsuliyyətsizlikdən başqa bir şey deyil. Təhlükə bütün evlərin qapısının ağzında dayanıb  içəri təpilməyə məqam axtarır.  Bu günlər ərzində xəstəxanalarda gördüklərim, o cümlədən, müxtəlif bölgələrdən olan tanışlar arasında yoluxanların sayının sürətlə artması  bunu əminliklə yazmağıma əsas verir. Amma  həkimlərdən və  bu virusa yoluxmuş  insanların yaxınlarından, dostlarından dönə-dönə xahiş edirəm ki, dilinizi şirin edin, xəstəni ruhdan salacaq sözlər işlətməyin, artıq yoluxmuş olan  bir insana koronavirusun törədə biləcəyi fəsadlarla  bağlı izahat  vermək lazım deyil axı.  Əgər  xəstəliyin ciddiliyini anlayıbsa, müalicə alırsa, ona yalnız ümid vermək, xoş ovqat yaratmaq, sağalacağına inandırmaq,  ölən insanları yox, sağalan insanları misal çəkmək gərəkdir.

Bir də, neçə  gündür işə qayıdacağım günü təsəvvürümə gətirirəm. Kabus görmüş kimi gözünü bərəldib uzaq qaçan adamları görürəm xəyalən. Doğrusu,  xəstəliyin "tacı" başıma qoyulmazdan öncə mən də koronavirus  sözünü işlətməkdən belə ehtiyat edirdim. Sanki sözün özündən də yoluxmaq olarmış kimi...  Bu adla bağlı o qədər vahimə yaradılıb ki, istər-istəməz  yoluxmuş insanın  adı gələndə  gözə görünməməyə çalışırsan. Və bu dəfə yoluxan mən olduğum üçün özümü psixoloji olaraq bu "qaçmalara" hazırlamışam. Anlayıram ki, bu, normaldır, hər kəs özünü qorumalıdır. Sağalmış olsam belə, bir müddət  insanların məndən ehtiyatlanmasına alışmalıyam. Belə deyək, onların yerinə mən də olsam, eyni addımı atardım.  Amma buna hazırlana bilməyənlər də var və ətrafdakıların diqqətçəkən şəkildə  gen gəzməsi   onlarda müəyyən sarsıntılar, özünə- qapanmalar yarada bilər. Ona görə, arzu edərdim ki,  həmin insanların yanında him-cimlə, qaş-gözlə danışmayasınız, ehtiyat etdiyinizi qabartmayasınız.

Hə, bir də yadıma düşmüşkən, COVİD-19-a yoluxmuş insanlardan ricam var. Gizlətməyin bunu. Lap yüngül keçirsəniz belə, xəstəliyinizi açıqlayın. Özünüzü təcrid edin. Ətrafdakıları yoluxmaqdan qoruyun. Siz bununla digər insanları da vadar  edəcəksiniz ki, koronavirusa yoluxduğu zaman bunu gizli saxlamasın. Gizlətdiyimiz xəbər əlavə onlarla insanın yoluxmasına səbəb olur  və  bu da hamıda yüngül keçmir. Boğulmalar, ağırlaşmalar və nəhayət, ölümlə nəticələnə bilir ki, burada birbaşa biz günahkar sayıla bilərik. Odur ki, təkəbbürümüzü kənara qoymalı və başqa insanların həyatını təhlükəyə atmamalıyıq. Mən sosial şəbəkədə  koronavirusa yoluxmağımla bağlı bir az zarafatyana da olsa paylaşımlar etdikdən sonra bəzi qohumlar məni qınadı ki, niyə elan edirsən? Amma bundan sonra  daha bir neçə paylaşım etdim. Bilərəkdən etdim. Kiminsə ordan-burdan eşidib məni görəndə xısın-xısın danışmağındansa, qoy açıq şəkildə özümdən öyrənsin... Bundan sonra mənə o qədər etiraflar gəldi ki, xəstəlik dövründə keçirdiyi hissləri bölüşənlər oldu ki...  Hansı ki, bugünə qədər susmuşdular...

Özünüzə yaxşı baxın! Qaydalara riayət edin!  Amma buna arxayın olmayıb arada analiz də verin!

Arzu edirəm ki, analiz nəticələriniz neqativ, əhvalınız isə pozitiv olsun!

 





25.11.2020    çap et  çap et