525.Az

Payızın günahı - Aytac Sahədin yazısı


 

Payızın günahı - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Payızın son günlərini yaşayırıq. Getdikcə daha çox soyuyan havalar qışın gəlişinin xəbərçisidir. Bu dövrlərdə diqqətimi bir məqam çəkir  - tanıdığım insanların çoxunun payızı sevməməsi.

Əslində, çox adamın payız sindromundan xəbərdar olsam da, həmişə bunu hava dəyişkənliyi, yaxud isti hava aşiqlərinin kaprizi kimi dəyərləndirirdim. Ancaq bu yaxınlarda bir neçə dəfə eşitdiyim "bircə qış gəlsəydi, payız bitsəydi" kəlmələri tək səbəbin hava şəraiti ilə bağlı olmadığının göstərirdi. Axı qışda havalar daha soyuq keçir. Deməli, insanları payızdan soyudan təkcə soyuq havalar deyil. Bəs onda belə gözəl fəslin sevənləri niyə bu qədər azdır?

Bu suala cavab axtarmazdan öncə payız depressiyası haqqında danışmaq istəyirəm. Payız depressiyası mövsümü xarakter daşıyaraq əsasən, payızın ilk günlərindən özünü göstərməyə başlayır. Əsas əlamətləri bunlardır: Bədbəxt, istəksiz və ümidsiz olma halı, yuxu pozğunluqları, yuxusuzluq və ya həddən artıq yuxulu olmaq,  dəyərsizlik hissi, diqqət əskiklikləri, fokuslanmama, həddən artıq çəki almaq və ya çəki itirmək, gərginlik, daimi üzgünlük halı, yorğunluq, ölüm və intihar düşüncələri, intihara yönəlmə və s.

Əgər siz də sadaladıqlarımdan bir çoxunu özünüzdə müşahidə edirsinizsə, payız depressiyasında ola bilərsiniz. Mütəxəssislər bu depresiya növünün iki amillə bağlı olduğunu deyirlər - bioloji və psixoloji. Bioloji amil birbaşa təbiətdəki dəyişkənliklə əlaqədardır. Payız aylarında serotonin və melatonin hormonlarının səviyyələrində dəyişikliklər baş verir. Bu hormonlar əhvala və yuxu rejiminə təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə depressiyanı meydana çıxarır. Payızda havaların soyuması ilə baş qaldıran xəstəliklərin də müəyyən rolu var. Psixoloji səbəblər dedikdə isə payızın ümumi ab-havasının əhvala göstərdiyi təsir nəzərdə tutulur. Havaların tez-tez dəyişməsi insanlarda çaşqınlıq yaradır. Məsələn, yayda havaların bir qayda olaraq isti, qışda isə soyuq keçməsi insanların müvafiq şəkildə davranmasına yol açır. Yəni qışda soyuqdan qorunmaq, qalın geyinmək kimi zəruri şeylərə həm də psixoloji olaraq hazırlıqlı olurlar. Payızda isə gah isti yay gününü xatırladan günəşin gülümsəməsi, gah da qışın soyuğunu xatırladan hava insanlarda çaşqınlıq yaradır. Digər tərəfdən, saralan yarpaqlar, parklarda azalan insanlar, romantikanın qarışmış olduğu melanxoliya insana psixoloji baxımdan təsir edir. Bu arada bu təsir həmişə mənfi olmur, əksinə, bir qisim insanlarda xoş təəssürat yaradır. Xüsusilə də yaradıcı insanlarda. Deyilənə görə, yaradıcı insanlar payızı çox sevirlər. Rəngarəng paltarlarını geyinən təbiətdən, sarı, qırmızı narıncı kimi al-əlvan rəngli yarpaqlarla bəzənən ağaclardan gözəl rəssam üçün nə ola bilər ki? Təbiət sanki bütün rəng palitrası ilə insanların görüşünə gəlir. Hələ payızdakı melanxoliyanın şair ruhuna göstərdiyi təsirdən doğulan şeirlər. İncəsənətin hansı sahəsinə baxsaq, orda payızın izlərinə rast gələrik. Ən gözəl şeirlər, ən gözəl mahnılar, ən gözəl əsərlər bu fəsildə doğulur. Verdiyi yaradıcılıq eşqinə qarşılıq olaraq payızı mədh edən sənətçilər və sənət nümunələri də kifayət qədərdir.

1979-cu ildə rejissor Yuri Kuşnerevin çəkdiyi "Payız marafonu" filmi, Norveç yazıçısı Knut Hamsunun "Payız ulduzları altında" əsəri, Şopenin "Payız" sonatası kimi əsərlər payız gözəlliyinin ən layiqli əksidir. Bir də bizlər üçün payızın himninə çevrilmiş bu sətirlər:

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.

Əgər sizin də payızla aranızda bir soyuqluq varsa, sonuncu akkordlarını eşitdiyimiz bu günlərdə bu fəslə bir şans verə bilərsiniz. Axı payız gözəl fəsildir...

 





25.11.2020    çap et  çap et