525.Az

"Mütaliəsizlik cəmiyyəti cahilliyə aparır" - Ruslan Sabirli ilə müsahibə


 

"AD XATİRİNƏ "BEYNƏLXALQ FESTİVAL RƏHBƏRİDİR" DEYƏ TƏQDİM OLUNMAQ KİMİ BİR DƏRDİM YOXDUR"

"Mütaliəsizlik cəmiyyəti cahilliyə aparır" - <b style="color:red">Ruslan Sabirli ilə müsahibə </b>

Müsahibimiz aktyor, prodüser, Buktreyler Festivalının təsisçisi və direktoru Ruslan Sabirlidir. Onunla bu il beşincisi keçirilən festival haqda söhbət etdik:

- Ruslan bəy, "Buktreyler" layihəsinin ideyası necə yarandı?

- Əslində, bu ideyanın maraqlı yaranma tarixçəsi var. 2014-cü ildə aktyorluq və rejissorluq üzrə təkmilləşdirmə kursları üçün Almaniyaya yola düşdüm və bir müddət orada yaşadım. Bir gün axşam təsadüfən TV-də "300 spartalı", "Qladiator"  üslubunda maraqlı bir tarixi film treyleri izlədim, filmin adı maraqlı gəldi, çünki bu janrda olan filmləri sevirəm və diqqətimi çəkdiyi üçün filmi izləmək marağı oyandı. Sonadək baxdım və sonda bir kitabın üz qabığı göstərildi. Demə, bayaqdan baxdıqlarım hamısı hansısa yeni çıxmış kitabın içindəkiləri göstərirmiş, daha doğrusu, baxdığım hansısa film treyleri deyil, buktreyler imiş. Buradan da artıq Buktreyler Festivalının ideyası yarandı.

Düzdür, Festival olaraq 2016-cı ildə keçirdim, çünki Almaniyadan sonra bizneslə əlaqədar Tiflisə köçməli oldum, bir neçə il orada yaşadım. Amma həmişə elə buktreyler ideyasını düşünürdüm, onun konspektini, keçirilmə qaydalarını, münsiflər heyətinin formalaşdırılması qaydasını, qaliblərin seçilməsi və onların mükafatlandırılması prosedurunu işləyirdim. Çünki cəmiyyətimizdə kitaba, mütaliəyə marağın az olmasını müşahidə edirdim və bu, məni məyus edirdi. Düşünürəm ki, mütaliəsizlik cəmiyyəti cahilliyə aparır. Mütaliə insanın mədəniyyətindən tutmuş, dünyagörüşünə qədər təsir edir. Mən də cəmiyyətimizə Buktreyler Festivalı vasitəsilə töhfə vermək istəyirdim.

- Hər il keçirilən müsabiqədə ildən-ilə nəyi müşahidə etmisiniz? Həm təşkilatçılar olaraq sizdə, həm də iştirakçılarda hansı fərqlər var?

- Festivalı ilk dəfə keçirəndə çox çətin idi, heç kim - nə yazıçılar, nə nəşriyyatlar, nə də ki, kinematoqraf bilmirdi buktreyler nədir, necə olan bir şeydir, nə üçün lazımdır və sair.  Biz güclü PR aparırdıq bu istiqamətdə, reklam paylaşımları edirdik, hətta hər kəsə bu sözün mənasını izah edirdik. Bu gün isə artıq nəhayət, arzuladığım nəticələri əldə edə bilmişəm. Belə ki, yazıçılar belə özləri yazdığı əsərlərə, nəşr etdikləri kitablara buktreyler çəkdirib Festivala yollayırlar, öz kitablarının təqdimatlarında istifadə edirlər. Gənc kinematoqraflar isə artıq daha yaxşı, daha kreativ buktreylerlər çəkməyə can atırlar, düzgün və maraqlı rəqabət müşahidə edirik. Hər il müraciət edənlərin sayı artır. Faktiki "Buktreyler" sözünü termin olaraq Azərbaycana mən gətirdim. Bunu ətrafımdakı insanlar da deyirlər ki, "buktreyler" sözünü eşidəndə ağlımıza Ruslan Sabirli gəlir (gülür).

Buktreyler dünyanın hər yerində mövcud olan bir şeydir, kitab marketinqinin, biznesinin bir hissəsidir. Bu yolla kitabın satışı stimullaşdırılır, kitab və mütaliə təbliğ edilir.

- Bir müsahibənizdə deyirsiniz ki, bədii ədəbiyyat oxumağı vaxt itkisi hesab edirsiniz. Amma bədii ədəbiyyat üzərinə layihə təsis etmisiniz. Bu təzad maraqlıdır.

- Çox maraqlı bir məqamı tutmusunuz (gülür). Əslində, bədii ədəbiyyat əyləncə forması (entertainment) kimi yaranıb. Necə ki, sonradan teatr, tamaşa, kino yaranıb və bunların hər birinin əsasını, özülünü, fundamentini bədii ədəbiyyat, bədii əsər təşkil edir. Siz dediyiniz "vaxt itkisi" məsələsini də məhz həmin periodda asudə vaxtımı əyləncəyə xərcləməyim barəsində demişdim. Bu, həmçinin, kinoya baxmağa və sairə də aiddir. Ümumiyyətlə, mən daha çox elmi və ixtisas-peşə kitabları oxumağa meylliyəm. Bu, hər zaman öyrənmək, bilik əldə etmək, təkmilləşmək xüsusiyyətimlə bağlıdır. Zamanımın da çox hissəsini buna ayırdığım üçün əyləncə hissəyə daha az yer qalır. Bu o demək deyil ki, bədii ədəbiyyatı sevmirəm, oxumuram. Amma bir məqamı vurğulamaq çox önəmlidir ki, bədii ədəbiyyat oxumaq hər bir insanın həyatında önəmli yer tutmalıdır və hər kəs bunu period olaraq da olsa, yaşamalıdır. Buktreyler Festivalını təsis etməkdə məqsədlərimdən ən başlıcası da insanları mütaliəyə, kitaba yönəltmək idi. Bədii ədəbiyyat oxuyan, mütaliəsi olan bir nəfər də tapa bilməzsiniz ki, tanımadığı adama "sən" deyə müraciət etsin. Əfsus ki, daha gənc nəsildə bu mədəniyyət itmək üzrədir. Bunu hər yerdə görür və şahidi oluruq. Mən bu gün də hətta özümdən yaşca kiçik tanımadığım insanlara "siz" deyə müraciət edirəm, bu, çox vacib məsələdir, mədəniyyət buradan başlayır.

- Bu il layihə koronavirus zamanına təsadüf elədi. Nə kimi çətinliklərlə qarşılaşdınız?



- Təbii ki, pandemiyanın vurduğu zərbə bu festivaldan da yan keçmədi. Festival hər il 2 fevral - "Gənclər Günü"ndən start götürür, 23 aprel - "Dünya Kitab və Müəllif Hüquqları Günü"ndə başa çatır. Bu il isə Buktreyler Festivalı üçün xüsusi, əlamətdar il idi, belə ki, bu il festivalın mini yubileyi - 5 yaşı, 5 illiyidir. Ənənəvi olaraq Festivala start versək də, mart ayında mövcud şəraitin pisləşməsi ilə əlaqədar proses yarımçıq qaldı. Hətta tərəfdaşımız "Azercell" şirkəti belə bundan imtina etdi, "Ən yaxşı mobil buktreyler" nominasiyamızı təxirə salmalı oldum. Bu hal məyusedici olsa da, qəbul edilmiş peşəkar (mobil olmayan) buktreylerləri qiymətləndirmək, qalibləri seçmək və mükafatlandırmaqda ümidliydim. Çox sağ olsunlar, Mədəniyyət Nazirliyi bu festivalı uzunmüddətli tərəfdaş olaraq gördü, çəkilmiş əziyyətin boşa çıxmaması, müraciət etmiş gənclərin ümidlərinin puç olmaması üçün təşkilati dəstəyini əsirgəmədi və biz qalibləri müəyyən edə bildik. Yeri gəlmişkən, bu işdə əməyi keçən dəyərli münsiflər heyətinə də minnətdarlığımı bildirirəm. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Xalq artisti Xalidə Quliyeva, jurnalist, aparıcı İlhamiyyə Rza, aktyor, Əməkdar artist Qurban Məsimov münsif olaraq gənclərimizə dəstək nümayiş etdiriblər.

Bu il dünya olaraq pandemiyanın zərərlərini görsək də, bir azərbaycanlı kimi onu qeyd etməliyəm ki, 30 ilə yaxındır işğalda olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə - 44 gündə azad edə bildik, milli həmrəyliyimizin şahidi olduq. Əsas xoşbəxtliyimiz, qürurumuz budur! Milli ləyaqətimizi, şərəfimizi ucaltdıq! Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm! Bu müharibədə canlarını, qanlarını qurban vermiş igid oğullarımızın-şəhidlərimizin ailəsinə başsağlığı verirəm, analarının əllərindən öpürəm. Şəhid vermək acısının nə olduğunu yaxşı bilir və anlayıram. 1-ci Qarabağ müharibəsində kiçik dayım və böyük dayımın oğlu şəhid olublar. O proseslər hamısı gözümün qabağındadır və heç zaman yaddaşımdan silinməyəcək izlər salıb.

- Gələcəkdə layihəni genişləndirmək, ölkə xaricinə çıxarmaq kimi planlarınız da ola bilərmi?

- Bunu məndən çox adam soruşur, təklif edir, elə ilk gündən. Azərbaycanda qəribə şöhrətpərəstlikmi deyim, pafosluluqmu deyim, bilmirəm, amma "beynəlxalq olsun" və sair kimi düşüncələr var. Bunu bir prodüser kimi tamamilə yanlış hesab edirəm, doğru deyil. Sən ölkəndə beynəlxalq tədbir keçirmək üçün buna hazır olmalısan. İlk növbədə potensial olaraq, sonra isə maddi və texniki cəhətdən. 2016-cı ildə buktreyler nədir - bilən yox idi və təsəvvür edin, beynəlxalq miqyas veririk bu festivala. Niyə? Xaricdən buktreyler qəbul etsək, bütün mükafatları xaricə vermiş olsaq, yerli kinematoqrafı, istedadlı, potensiallı gənclərimizi həvəsdən salmazmı bu?! Və ya deyə bilərsiniz ki, yerli işlər üçün ayrıca nominasiya yaradın. Bunun prodüser olaraq qəti əleyhinəyəm. Ayrı-seçkilik salaraq yerli gənclərimizi utandırmaq, bundan biabırçı nə ola bilər? Bundan başqa, yoldaşlar inandırmağa çalışırlar ki, beynəlxalq festival yerli gənclər üçün yaxşıdır, xaricdən gələnlər master-klass, işlərin nümayişi, baxıb görəcəklər, öyrənəcəklər... Boş şeydir. Bu, geridə qalmış fikirdir, bu gün onlayn dövrdür, öyrənmək istəyən internetə girib müxtəlif resurslardan faydalana, istədiyi məlumatı əldə edə bilər. Bunun üçün kifayət qədər istər ödənişli, istər ödənişsiz resurslar mövcuddur. Bu gün müasir texnoloji dövrdə kimisə xaricdən gətirməyə qətiyyən ehtiyac yoxdur. Mənim yalnız ad xatirinə "beynəlxalq festival rəhbəridir" deyə təqdim olunmaq kimi bir dərdim, problemim yoxdur. Mən sadəcə cəmiyyətimizə faydalı olmaq istəyirəm.

Təbii ki, mən indi, festivalın 5-ci ilində deyə bilərəm ki, artıq bu sahədə gənclərimiz xeyli inkişaf ediblər, potensial da var, düzdür, ümumi götürəndə sayları azdır, amma olsun, dama-dama göl olar. Gələcəkdə beynəlxalq festivalın cəmiyyətimizə verəcəyi faydanı görə bilsəm, o məqam yetişsə və bunu dəstəkləyəcək maddi-texniki baza yarada biləndə keçirmək olar. Bir daha təkrar edim ki, mənim üçün önəmli olan mənim statusum deyil, cəmiyyətimizə faydalı ola bilməkdir və faydalı olan nə varsa, o addımları atmağa hazıram.

Şahanə MÜŞFİQ

 





25.11.2020    çap et  çap et