525.Az

Qələbəmizi tərənnüm edən əsərlər - Yazı


 

Qələbəmizi tərənnüm edən əsərlər - <b style="color:red">Yazı</b>

Azərbaycan mədəni məkanında yaratdığı "Qarabağnamə - tarixin səhifələri" qrafik əsərlər toplusu (2013-2019) ilə rəğbət qazanmış Xalq rəssamı, professor Arif Hüseynov Qarabağ savaşında qazanılan böyük qələbənin şərəfinə bu əhatəli silsiləni daha səkkiz plakatla genişləndirib.

50 əsərdən ibarət qrafik silsilədə Qarabağ probleminin yaranma tarixini özündə əhatə edən başlanğıcla Aprel döyüşlərinə qədər davam edən sonluqla bir-neçə əsrlik düşmən xislətinin görünən və görünməyən tərəflərinə təsirli-düşündürücü bədii görkəm verib. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən "I Pyotrun məktubu", "Türkmənçay müqaviləsi", "Gəncəsər monastırı", "Alban abidələrinin erməniləşdirilməsi", "Daşnakların "Böyük Ermənistan" xülyası", "Güllələnmiş heykəllər", "Qarabağ müharibələri", "Pənahəli xan", "Xalq musiqiçiləri", "Kəlbəcər qadınları", "Qarabağ atları", "İgidliyin Mübariz İbrahimov zirvəsi" və s. lövhələrdə tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır.

Rəssamın bu günlərdə tamamladığı plakatlar silsiləsi isə "Qalibiyyət" adlanır. Adından da göründüyü kimi, bu qrafik sənt nümunələrində xalqımızın Qarabağ savaşında əldə etdiyi tarixi qələbə bədii-estetik görkəm alıb. 44 günlük müharibənin gedişində xalqımızın və Müzəffər Ordumuzun ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birliyinin uğurlu nəticələrindən ilhamlanan rəssam, ərsəyə gətirdiyi nikbin ruhlu plakatlarda vurğulanan vəhdəti gözoxşayan bədii tutumda əbədiləşdirə bilib. "Yaşasın Ali Baş Komandan!", "Qarabağ Azərbaycandır!", "Zəfər sənindir, Azərbaycan əsgəri!", "Biz qalibik!", "İrəli", "Azərbaycan ordusu", "Şuşa, Biz qayıtdıq!" və "Bir millət - iki dövlət" adlanan bu plakatlarda müəllif yığcam bədii vasitələrlə, mövzunun cəlbedici və qürurverici həllinə nail olub. Odur ki, qələbə ruhlu bu əsərlərin yaddaqalanlığı birmənalıdır.

 





25.11.2020    çap et  çap et